Mən yenə dönəcəm Azərbaycana
Burda havam çatmır... hava istərəm,
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam,
səma istərəm
-
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.
Qırın zəncirləri
biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb
soyuq yorğana,
Yatmıram, dalıram
Azərbaycana!
Yalnız anam-bacım,
qardaşım deyil,
Vətənim - əbədi səadətimdir.
Min-min övladının
biridir Xəlil
Vətənsiz iki qat, üç qat yetimdir,
Vətənim - əbədi səadətimdir.
Hər çayı
- çeşməsi səsim,
nəfəsim,
Hər daşı
bənzəyir lələ,
mərcana,
Doğrayın, kəsin
də lap kəsim-kəsim
Təki qovuşdurun
Azərbaycana!
Hər daşı bənzəyir
lələ, mərcana.
Mütləq dönməliyəm doğma
məkana.
Bir az da qüdrətli,
bir az da
mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Canıyam, bağrıyam bu məmləkətin.
Bir az da güclüyəm,
bir az da
mətin.
Sökün zindanları,
barmaqlıqları,
Hər gün qayıdıram Azərbaycana.
Kəhkəşan oluram bu gecə yarı
Üzümdən nur düşür Milə, Muğana.
Hər gün qayıdıram Azərbaycana.
Saqqalım ağsa
da gənc anamdır o,
Ana uşağına dönürəm
hər gün.
Ayna Göy gölümdə, Maral gölümdə
Bir ay işığına dönürəm
hər gün.
Ana uşağına dönürəm
hər gün.
Əgər gələ
bilsəm Azərbaycana,
Mənim gəlişimlə
o yüksələcək
Ordular gələcək
haqq nəfəsimdə,
Əzəmət, ləyaqət,
qüdrət gələcək
Mənim gəlişimlə o yüksələcək.
Zümrüd yağışına,
ağ dumanına
Bürünə-bürünə gələsiyəm mən.
İşdir ayaq üstə gələ bilməsəm,
Sürünə-sürünə gələsiyəm mən.
Nəfəsim kəsilsə...
sürtüb üzümü,
Dağından-daşından qüvvət alacam.
Üzülsə qollarım,
dişimlə tutub
Uğrunda bir daha qılınc
çalacam.
Dağından-daşından qüvvət alacam.
Yoluma neçə
min Əzrayıl çıxa,
Ömrü məzar ilə bölə bilmərəm.
Anla ey imansız, Azərbaycansız
Yaşaya bilmərəm, ölə
bilmərəm.
Mən yenə
gələcəm Azərbaycana,
Şəninə, şərqilər deyəcəyəm
mən.
Acı tüstüsünü
bal kimi udub
Odunu qaymaq tək yeyəcəyəm mən.
Şəninə şərqilər deyəcəyəm
mən.
Qanadı yaralı bir qartalammı?
Tay qanadımla da uçaram, inan.
Dərbənddən, Salyana,
Zəncana qədər
Onu yetmiş
qolla qucaram, inan!
Tay qanadımla da uçaram, inan.
Qaldırın bu ağır daşı üstümdən,
Göy göldən
su səpin bu yanar cana.
Bəlkə eraların
başı üstündən
Mən bir də gələcəm Azərbaycana!
Göy göldən
su səpin bu yanar cana.
Haray, ey nəfəsim, ey qardaşlarım,
Məlul-məlul baxan arkadaşlarım.
Yandırır aləmi
bu göz yaşlarım,
Siz məni
qaytarın Azərbaycana!
O qızıl
günəşə and içirəm
ki,
Dünənəm, bugünəm, gələcəyəm
mən.
Baxmayın şairin
yolu bağlanıb
Tullayın çiynimdən
dəmir dağları
Özüm Vətənimə
gələcəyəm mən!
Dünənəm, bugünəm, gələcəyəm
mən.
Səni qucasıyam,
ey doğma elim,
Məni vüsal günü - o gün yaşadır.
Gözümdən bir damla yaş axsa, bilin:
Məni vüsal günü - o gün yaşadır.
Moskva, Lefortovo
zindanı,
9 iyun
1990
Azadlıq
Azadlığı istəmirəm
zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri
qıram gərək,
Qı-ram!
Qı-ram!
Azadlığı istəmirəm
bir həb kimi,
dərman kimi, -
İstəyirəm səma
kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil!
Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm;
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
Xəlil Rza Ulutürk
Ədəbiyyat qəzeti.-
2010.- 22 oktyabr.- S.6.