Trilogiyanın birincisi

  

  Böyük yaradıcılıq ənənələrinə malik olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı üçün 2010-cu il çox əlamətdar bir il olmuşdur. Bütün Azərbaycan xalqı, Yaxin Şərqdə və bir sıra Avropa ölkələrində isə Üzeyir Hacıbəyli irsini sevənlər kimi bu teatr da dahi bəstəkarın 125 illik yubileyini bayram etmiş, elə həmin ovqatla da özünün 101-ci mövsümünə qədəm qoymuşdur. Yaradıcı heyət bu əlamətdar tarixləri yeni sənət uğuru ilə qarşılayaraq bu günlərdə Üzeyir bəyin "Ər və arvad" operettasını təzə quruluşda tamaşaçılara göstərmişdir.

"Ər və arvad" ilk dəfə 100 il öncə, yəni, elə yazılmış olduğu 1910-cu ildə - may ayının 24-də Bakıda, Nikitin qardaşlarına məxsus sirkin səhnəsində tamaşaya qoyulmuşdu. Bəstəkarın gənc, istedadlı dostu, tragik rolların tanınmış ifaçısı və görkəmli rejissor Hüseyn Ərəblinski tamaşaya quruluş vermiş, Mərcan bəy rolunda Məcnun rolunun məşhur ifaçısı Hüseynqulu Sarabski, Minnət xanım rolunda Leyli rolunun məşhur ifaçısı Əhməd Ağdamski, Kərbəlayi Qubad rolunda məşhur komik Mirzağa Əliyev, Səfi rolunda isə Nofəl rolunun tanınmış ifaçısı Hənəfi Terequlov oynamışdılar. O zaman Bakıda çıxan "Kaspi" və "Tərəqqi" qəzetlərində tamaşanın uğurla keçdiyi qeyd olunmuşdur. 26 may 1910-cu il tarixli "Kaspi" qəzetində göstərilirdi ki, həmin tamaşanın ikinci pərdəsi bitdikdən sonra Üzeyir bəy səhnəyə dəvət olunmuş, "Nicat" cəmiyyətinin rəhbərliyi tərəfindən təbrik edilmiş, ona adres və hədiyyə verilmişdir. Beləliklə də "Ər və arvad" operettasının ilk dəfə tamşaya qoyulduğu gün Azərbaycanda musiqili komediya teatrının təməlinin qoyulduğu gündür.

Sözü gedən əsər, "O olmasın, bu olsun" və "Arşın mal alan" da buraya daxil olmaqla Üzeyir bəyin operettalar trilogiyasının birinci nümunəsi olub təkcə onun yaradıcılığında deyil, Azərbaycan musiqili teatrının tarixində də əlamətdar hadisələrdən biri kimi şərəfləndirilir.

Ü.Hacıbəylinin bəstə yaradıcılığında opera yüksək mövqe tutsa da, bir dramaturq olaraq o, daha çox komediyaları ilə məşhurdur. "Ər və arvad", özəlliklə də "O olmasın, bu olsun" və "Arşın mal alan" Avropa dramaturgiyası və milli ədəbi ənənələrimiz, xalq yumorumuz zəminində, həm də çox böyük istedadla yazıldıqları üçün ədəbi-ictimai firkin qiymətli nümunələri kimi ədəbiyyatımızın tarixinə daxil oldular. Üzeyir bəyin şuxluq və məlahəti ilə seçilən tamamilə təzə, misilsiz komediyaları olmadan keçən əsrin əvvəllərindəki Azərbaycan ədəbi-ictimai şüuru, bədii obrazlı təfəkkürü, milli-mənəvi mentaliteti xeyli natamam görünərdi. Adı çəkilən əsərlər indi artıq sanballı tarixə malik olan Azərbaycan komediyasında yeni bir mərhələnin başlanğıcı oldu.

 

***

 

"Ər və arvad"ın fabulası keçən əsrin əvvəllərində burjualaşma meyllərinin qüvvətləndiyi Azərbaycan şəhərləri üçün səciyyəvi olan qalmaqallı bir əhvalat üzərində qurulub. Ortabab bəylərdən Mərcan arvadından narazıdır və onu boşamaq, yenidən evlənmək, həm də bu işdə maddi zərər çəkməmək, əksinə, uğurlu, varlı-karlı namizəd tapsa, hətta qazanmaq niyyətindədir. Lakin qarşısına çıxan bir problem bu sövdanı həyata keçirməkdə ona ciddi surətdə mane olur: evlənəndə kəbin pulu kimi yazdırdığı beş min manatı Minnətə nəqd ödəməsə, boşanmaq məsələsi baş tuta bilməz. Bəyin isə əvvəlki imkanları yoxdur. O, xərclədiyini xərcləyib, uduzduğunu uduzub və indi müflisləşmək ərəfəsindədir. Buna görə də əlində olan məhdud imkanlarından bu qədər pulu Minnətə verməmək üçün yollar axtarır. Bəy çox istəyir ki, arvadı öz xoşu ilə "kəbinim halal, canım azad" deyib evdən getsin və o da təzədən evlənmək qayğıları ilə məşğul olsun. Bu işdə Kəblə Qubad Mərcan bəyə kömək etməyə, yəni Minnətlə evlənməyə söz verir; bu şərtlə ki, sözü gedən məbləğin yarısı ona çatsın.

Lakin el arasında deyildiyi kimi, "daş qayaya rast gəlir". Ərinin bəd niyyətini başa düşən Minnət xanım elə məharətlə kələk qurur ki, bir tərəfdən guya ərindən boşanır, digər tərəfdən də onu yenidən Mərcan bəyə… gəlin gətirirlər. Bəylə Kəblə Qubad zəlil və xar olub peşman-peşman başlarına döyürlər.

Mərcan bəy öz təhsili, tərbiyəsi ilə o qədər fərqlənməsə də, orta səviyyədə savadı var, hərdən qəzetə də baxır. Bir çox bəy ailələrinə qənim kəsilmiş iki böyük qəbahətin ikisi də onda var. O, qumarbazdır. Tez-tez iri məbləğdə pul uduzur. Hərdən qumarbazlar "tükünü yolub" onu bir günə qoyurlar ki, qəzet almağa belə pulu qalmır. Mərcan bəyin ikinci çox ciddi qəbahəti isə şorgözlüyüdür. Evində Minnət xanım kimi gözəl-göyçək, ağıllı arvadı ola-ola gözü orda-burdadır, yenidən evlənmək üçün dəridən-qabıqdan çıxır. Buna görə də "yalançının tamahkarı aldatması" məsəlində olduğu kimi möhkəmcə adlanır. Özündən xeyli yaşlı dostu Kərbəlayi Qubad da Mərcan bəylə bir bezin qırağıdır və elə onun kimi də tamahkardır. Təklif olunan "al-ver"də bir-iki min manat "irəli düşəcəyinə" inanan Kərbəlayi Qubada elə bu kifayət edir ki, Mərcan bəyin boşamaq niyyətində olduğu arvadına evlənməyə razılıq versin və axırda özünü pis günə qoyan macəralar girdabında batıb biabır olsun. Guya artıq taleyi həll olunmuş 2500 manat pulun əlinə gəlməsini sürətləndirmək üçün "qoca köpək" bərk aldanır. Paltarını dəyişib xanımının bahalı çarşafına bürünmüş qulluqçu Gülpərinin Minnət xanım olduğunu güman edərək, gah "dəvə kimi nərildəyə-nərildəyə", gah "xoruz kimi banlaya-banlaya", gah da "qoç kimi mələyə-mələyə" "sevgilisinin" başına dolanır və etiraf edək ki, bununla da çox şiddətli istehza və gülüş obyektinə çevrilir.

Minnət xanım əri ilə müqayisədə ağıllı, ayıq-sayıq, fəal bir qadındır. Mərcan bəylə davranışlarında bəzən çılğınlığa, kobud ifadələrə yol verdiyinə baxmayaraq, o öz fərasəti, tədbirli olması ilə tamaşaçıda rəğbət oyadır. Ərinin tamahkarlığı ucbatından ailəsinin fəlakətə sürükləndiyini başa düşən Minnət xanım buna yol verməmək üçün öz nökər və qulluqçularını da konfliktə cəlb edərək, özəlliklə də Gülpəri və Səfinin yaxından köməyi ilə Mərcan bəyin müdhiş niyyətini puça çıxarır. Minnət xanım belə hesab edir ki, qurduğu kələk nəticəsində Mərcan bəyin başı daşdan-daşa dəyəcək və o, öz pis əməllərindən əl çəkib yaxşı ər olacaqdır. Bir oxucu və tamaşaçı kimi fikirləşirəm ki, ailə ocağını sönməyə qoymamaq, yolunu azmağa meyllənən ərini vaxtında düz yola qaytarmaq üçün səy göstərmək hər bir ləyaqətli qadının borcu və övlad tərbiyəsi kimi ən vacib vəzifəsidir.

Bu münaqişədə Minnət xanımın qələbəsinin kökündə ilk növbədə onun öz intellektual keyfiyyətləri və Mərcan bəyin xasiyyətinin mühüm cəhətlərini yaxşı bilməsi durur. Minnət xanım bilir ki, onun əri gecə-gündüz öz var-dövlətini artırmaq haqqında fikirləşir və tamahı güclü olduğundan nə yolla varlanmağın onun üçün bir o qədər də böyük fərqi yoxdur. Belə olduğu üçün də ərinin həmin zəif damarına təsir göstərmək məqsədi ilə varlı bir qadının adından yazdığı bu uydurma məktub öz taleyüklü rolunu oynayır: "Ey mənin ruhi-rəvanım Mərcan bəy! Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əgər sən iltifat edib məni almasan və məni özünə arvad etməsən, dəli-divanə olub çöllərə düşəcəyəm, ah-naləm səni tutacaq… Mən 23 yaşında bir nazəninəm ki, dərdimdən ölənlər çoxdur; amma mən də sənin dərdindən ölürəm. Əgər məni alsan, 200 min manatlıq malımı da sənə qurban edərəm".

Məhz bu 200 min manatlıq var-dövlətə sahib olmaq Mərcan bəyi daha da cəsarətləndirir və o, çoxdan bəri əlindən cilov gəmirdiyi arvadını çağırıb onu boşamaq qərarına gəldiyini elan edir. Varlanmaq ehtirasının şiddəti Mərcan bəyin gözünü elə tutub, beynini elə iflic edib ki, qurama məktubdakı saxta üslubun, şit və bayağı "sevgi" etiraflarının mahiyyətinə vara bilmir.

 

* * *

 

Üzeyir bəyin komediyaları üçün səciyyəvi olan bir cəhət - komik və dramatik ünsürlərin tənasübü, üzvi qarşılıqlı əlaqəsi məsələsi "Ər və arvad"dan başlayaraq trilogiyanın bütün nümunələrində özünün ardıcıl uğurlu həllini tapmışdır. Birinci komediyasında müəllif haqlı olaraq hadisələrin inkişafında komizm məqamlarına üstünlük verir və bunun hesabına əsərə olan tamaşaçı marağını qüvvətləndirir. Elə ilk səhnələrdən lirik əhval-ruhiyyə öz yerini komik ovqata tərk edir, səhnə içində səhnə, çarşab altında özgənin roluna girmək kimi vasitələr süjetdə məzhəkə ahəngini xeyli qüvvətləndirir.

Əsərdəki komik ovqatı təmin edən vasitələrdən biri də ifa olunan mahnıların (xor da buraya daxildir) mətnidir. Məlum olduğu kimi, "Koroğlu"dan və "Şeyx Sənan"dan savayı bütün səhnə əsərlərinin librettosunu, o cümlədən də mahnı mətnlərini Üzeyir bəy özü yazmışdır. "Ər və arvad"dakı mahnılar da təsdiq edir ki, bu mətnlər səriştə ilə tərtib edildiyindən tamaşanın əsas məqsədinə, obrazların xarakterinin açılmasına kömək edir, başlıcası isə, hadisələrin gülüş müstəvisində daha yaxşı qavranmasına səbəb olur. Üzeyir bəy özünün konkret melodiyasına yatımlılıq baxımından uyarlı ölçülər daxilində mətn hazırlamaqla yanaşı, həm də ona nail olurdu ki, hər bir konkret mətn həsr edildiyi bu və ya digər tipin portret cizgilərini tamamlasın. Birinci pərdənin sonunda Minnət xanım cəmiyyətə müraciətlə öz vəziyyətindən şikayətlənərkən xor ona təskinlik verir, Mərcan bəyin tezliklə peşman olacağını deyir və fürsətdən istifadə edərək bu çirkin oyunlarda özünə məxsus payı olan eybəcər Kərbəlayi Qubadın da payını verir:

 

Ağzı bir çuval, boynu şam piyi,

Başı gərmək, burnu yelpənək,

Əbləhin biri - Kəblə Qubad

İstəyir gələ xanıma kələk.

 

Burada Kəblə Qubadın başı gərməyə, boynu isə yanmaqda olan şamın piyinə bənzədilmişdir. Məlum olduğu kimi, gərmək bostan bitkisi olan yemişin dişləri tökülmüş yaşlı adamların yediyi yumşaq bir növüdür və vaxtında yeyilməsə çox tez xarab olur. Şam piyi də surətlə yanıb gödəlir və baxanların gözləri önündəcə tələf olur. Sübut etməyə ehtiyac yoxdur ki, ahıl vaxtında arvadının üstünə bir arvad da almaq istəyən, həm də bu işdə pul qazanmaq niyyətində olan əbləh Kəblə Qubadın portret cizgiləri bu dörd misrada aydınca görünür.

Beləliklə də "Ər və arvad" komediyası Üzeyir bəyin xəlqi musiqisi ilə vəhdətdə incəsənət tariximizdə özünəməxsus səhnə taleyini yaşayır. "O olmasın, bu olsun" və "Arşın mal alan"ın hələ mövcud olmadığı çağlarda bu əsər çox intensiv surətdə tamaşaçılara çatdırılmışdır. Teatr tarixinə dair mənbələrin də dönə-dönə qeyd etdiyi kimi, "Ər və arvad" uzun müddət Azərbaycan səhnəsindən düşməmiş, Naxçıvan, Ağdam, Ağdaş teatrlarında da tamaşaya qoyulmuş, keçən əsrin ortalarından etibarən bir növ diqqətdən kənarda qalmışdır.

 

* * *

 

İlk tamaşasından 100 il keçdikdən sonra Musiqili Komediya Teatrımız məşhur trilogiyanın ilk nümunəsinə yenidən müraciət edib onun əsasında maraqlı bir tamaşa meydana qoymuş, dahi bəstəkarın və dramaturqun 125 illiyi geniş qeyd olunduğu günlərdə onun yaradıcılıq irsinə qədirşünas münasibətini bir daha nümayiş etdirmişdir.

Bəzi digər tamaşaları ilə haqlı nüfuz qazanmış Yusif Əkbərov "Ər və arvad"a maraqlı bir quruluş vermiş, orijinal hadisələr, bir-birindən maraqlı görüşlər, gözlənilməz dönüşlərlə cazibədar olan bir tamaşa yaratmağa nail olmuş, istisnasız olaraq bütün ifaçıları əsərin izlədiyi əsas əxlaqi-mənəvi mətləblərin açıqlanmasına yönəldə bilmişdir (Təsadüfi deyil ki, qardaş Türkiyədə rejissora yönətmən deyirlər).

Üzeyir bəy bu ilk Azərbaycan operettasını qələmə alarkən Bakıda peşəkar səhnə xadimlərinin azlığını, özəlliklə də qastrol səfərlərinin məlum mürəkkəbliklərini nəzərə alaraq əsərini cəmisi altı əsas obraz üzərində qurmuşdu. Y.Əkbərov isə səhnəyə ən azı 40 nəfər aktyor çıxarmışdır (hələ mən orkestrantları nəzərə almıram). Bir möcüzə baş versəydi, böyük bəstəkar və dramaturqumuz canlanıb bu tamaşanı seyr etsəydi, yüz il ərzində teatr sənətimizin həm kəmiyyət, həm də keyfiyyət baxımından necə inkişaf etdiyini görər və xalq arasında deyildiyi kimi, onun "ürəyindən tikan çıxardı." Quruluşçu rejissor dramaturqun iştirakçılar sırasında qeyd etdiyi "qeyri nökərlər" arasından üç nəfəri önə çıxarmış, onları aşbaz, süpürgəçi, suçu kimi fərqləndirib tamaşanın dinamikasını daha da canlandırmışdır. Əlməmməd Novruzov, Ağaxan Şərifov, xüsusilə də Hüseyn Əlili bu üçlükdə öz rollarını çox fərasətlə oynayırlar. Lakin tamaşadakı təlxək (ifaçının öz işinin öhdəsindən bacarıqla gəldiyinə baxmayaraq) tamamilə artıq təsir bağışlayır. Üzeyir bəy haqlı idi. Axı təlxək Avropada da, yaxın Şərqdə də adətən kralların, şahların saraylarında olardı və onlar da XX əsrin əvvəllərində artıq ömürlərini başa vurmaqda idilər. 1910-cu illərin Bakı şəraitində, müflisləşmiş Mərcan bəyin evində təlxəyin nə işi vardı? Bu da maraqlıdır ki, təlxək, onun ifaçısının adı tamaşanın çap olunub paylanmış proqramında da yoxdur. Çox güman ki, Yusif müəllim heç bir səhnədə heç bir obrazla ünsiyyət saxlayıb kəlmə kəsməyən təlxəyi bir eksperiment kimi tamaşaya salıb ki, özünü doğrultmasa, asanlıqla ixtisar edə bilsin…

Ən istedadlı və təcrübəli rejissorlar da etiraf edirlər ki, tamaşanın əsas ağırlığı bir qayda olaraq aktyorların çiyninə düşür və yönətmənin bütün yaradıcılıq təşəbbüsləri, novatorluğu ancaq o zaman səmərə verir ki, tamaşada öz işinin həqiqi ustası olan sənətkar aktyorlar oynayırlar. Bu cəhətdən "Ər və arvad"ın yubiley tamaşasının bəxti gətirmişdir. Dediyimə inanmaq üçün aşağıdakı siyahıya bir nəzər salmaq kifayətdir:

 

Mərcan bəy - İlham Namiq Kamal

Kərbəlayi Qubad - Yaşar Nuri

Minnət xanım - Afaq Bəşir qızı

Səfi - Arif Quliyev

Arvad - Fatma Mahmudova

Gülpəri - Gülcahan Salmanova…

 

Bir tamaşada altı aparıcı obrazın beşini respublikamızın xalq artistləri koqortasının ən görkəmli təmsilçiləri ifa edir və istedadlı, peşəkar aktrisa Gülcahan xanım da öz böyük həmkarlarından geri qalmır.

Ömrünün və sənətinin yeni çiçəklənmə mərhələsinə qədəm qoyan Yaşar Nuri həmişə olduğu kimi, bu tamaşada da yüksək sənətkarlıq nümunəsi nümayiş etdirir. Musiqi təcrübəsində mütəxəssislər kamerton deyilən kiçik bir cihazdan istifadə edirlər. Hər hansı bir alət kökdən düşdükdə onu lazımi notda kamertonun çıxardığı səsə müvafiq olaraq kökləməklə işi yoluna qoyurlar. Bu tamaşadakı demək olar ki, bütün aktyorlar, bəlkə də heç bir-biri ilə məşvərət-məsləhət etmədən özlərini Yaşar Nurinin oyununa kökləmişdilər. Tamaşaçıların sevimlisi olmaq əlbəttə, şərəfli işdir, lakin bu işin bəzi mürəkkəblikləri də var. Yaşarın səhnədə görünməsi, əsas dialoqları, hətta ilk baxışda adi görünən replikaları da davamlı gülüş və alqışlarla qarşılanır. Bu, əlbəttə, böyük aktyorun halalca haqqıdır. Amma bəzən sürətli alqışlar tamaşanın ritminə müəyyən dərəcədə təsir göstərir, onu bir qədər ləngidir. Ustad sənətkarımız özünün tapdığı bir jesti, mimikası, yaxud həyəcanlı nidası ilə bu vəziyyətdən çıxır, səhnə-tamaşaçı münasibətlərini tənzim edərək oyununu davam etdirir, beləliklə də dərhal hər şey yoluna qoyulur.

"Ər və arvad" operettasındakı bütün hadisələr Mərcan bəylə Minnət xanım arasındakı konfliktin ətrafında cərəyan edir və onları çox mürəkkəb psixoloji məqamlarda qarşılaşdırır. Müasir Azərbaycan səhnəsinin, özəlliklə komediya tamaşalarımızın iftixar mənbəyi olan Afaq Bəşir qızı və İlham Namiq Kamal bu mürəkkəb qarşılaşma səhnələrini istedadla oynayır, şarja yol vermirlər. Var-dövlətini artırmaq üçün halal-hazır arvadını boşayıb təzə arvad almaq eşqinə düşmüş hərdəmxəyal Mərcan bəyin və öz düşünülmüş hərəkətləri ilə bu ədalətsiz sövdanın qarşısını alan ağıllı-tədbirli Minnət xanımın daxili aləmi bu sayılıb-seçilən məşhur aktyor və aktrisanın ifasında böyük uğurla çözələnir. Onların hər biri öz qiyamət ifası ilə tamaşaçıları valeh edir. Afaq Bəşir qızı xanımın dərzisi qismində Kəblə Qubadla üz-üzə gəlib ona iynə batırdığı səhnədə, eləcə də yad qadın və təzə gəlin qiyafələrində Mərcan bəylə qarşılaşdığı səhnədə sarsıdıcı oyun nümayiş etdirərək tamaşaçılar tərəfindən böyük hərarət və məhəbbətlə qarşılanır. İlham Namiq Kamal isə bir-birinə zidd olan psixoloji durumları, özəlliklə "yad qadından" aldığı məktubun məzmunundan havalandığı məqamları çox təsirli oynayır, obrazın davranışındakı qrotesk məqamlarını xüsusi bacarıqla tamaşaçılara çatdırır.

Arif Quliyev bu tamaşada da özünəxas oyun üslubuna sadiq qalır, lakin rejissorun incəliklə tapdığı ayrı-ayrı məqamlarda populyar sənətkarımız bu üslubu yeni çalarlarla daha da zənginləşdirir. Eyni xoş təəssüratı biz Arvad rolunda bütün tamaşa boyu bircə kiçik epizodda səhnəyə çıxan fatma xanım Mahmudovanın da oyunundan aldıq.

Musiqili Komediya Teatrı rəhbərliyinin müraciətinə əsasən Üzeyir Hacıbəyli ev muzeyinin direktoru, bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcov partiturası qalmamış, klavirləri də tam halda əldə olmayan "Ər və arvad" operettası üzərində bərpa işi aparmış, birsəsli xor nümunələrinin ikisəsli və dördsəsli variantlarını da işləyib yazmışdır. O, əsərin klavirində olmayan bir neçə musiqi parçasını tapıb bərpa etmiş, bütünlükdə onun musiqisini yenidən orkestrləşdirmişdir.

Beləliklə də quruluşçu rejissor Yusif Əkbərovun, dirijor Nazim Hacıəlibəyovun, əməkdar rəssam Eldar Qurbanovun, baletmeyster Zakir Ağayevin, xormeyster Vaqif Məstanovun, konsertmeyster Lətifə Qasımovanın, tamaşaya dəxli olan digər yaradıcı qüvvələrin, orkestr ifaçılarının birgə səyi, gərgin əməyi nəticəsində "Ər və arvad" tamaşası müvəfəqiyyətlə özünün səhnə həyatının ikinci mərhələsinə qədəm qoymuşdur

 

P.S. Sənətşünaslıq doktoru, professor Məryəm xanım Əlizadə tamaşadan əvvəl söylədiyi müfəssəl sözdə "Ər və arvad"ın yazılması və ilk tamaşası tarixinə işıq salmaqla yanaşı, onda qaldırılan bəzi əxlaqi-mənəvi problemləri də açıqlamış, yaradıcı heyəti tamaşaçılara təqdim etmişdir. Belə hesab edirəm ki, gələcəkdə də klassiklərin əsərlərinin tamaşasından öncə Məryəm xanım, İnqilab Kərimov, İsrafil İsrafilov kimi peşəkar teatrşünasların səriştəli "ön söz"lə çıxış etməsi teatr həyatımızda gərəkli və maraqlı ənənəyə çevrilə bilər.

 

 

Bəkir Nəbiyev

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.1, 2.