Görkəmli şərqşünas
Aida İmanquliyevanın "Məqalələr
və tərcümələr" kitabının təqdimatı
keçirildi
Oktyabrın 15-də AMEA akademik Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən
görkəmli şərqşünas alim Aida
İmanquliyevanın "Məqalələr və tərcümələr"
adlı kitabının təqdimatı keçirildi. AMEA Rəyasət
Heyətinin binasında təşkil olunmuş tədbiri
giriş sözü ilə millət vəkili, Şərqşünaslıq
İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva
açdı. O, yaxın günlərdə Şərqşünaslıq
İnstitutunun dünya şöhrətli alimin elmi fəaliyyəti
dövründə çap etdirdiyi məqalələri və ərəb
ədəbiyyatından tərcümələri bir araya
toplayaraq, kitab şəklində nəşr etdirdiyini bildirdi.
Kitabı Şərqşünaslıq İnstitutunun "Ərəb
filologiyası" şöbəsinin müdiri, filologiya elmləri
doktoru Vilayət Cəfərovun tərtib edərək nəşrə
hazırladığını söyləyən G.Baxşəliyeva,
ön söz və şərhlərin də Vilayət müəllimə
aid olduğunu nəzərə çatdırdı.
Aida İmanquliyevanın
elmi fəaliyyətindən söz açan Gövhər
xanım dedi: "Aida xanım tək əsas tədqiqatçısı
sayıldığı məhcər ədəbiyyatı ilə
məşğul olmayıb, eyni zamanda ərəb ədəbiyyatının
müxtəlif problemlərini araşdırıb və
bütün bunlar da təqdim olunan kitabda öz əksini
tapıb. Aida İmanquliyeva həm də Azərbaycan-ərəb,
ərəb-rus ədəbi əlaqələrinə dair bir
sıra məqalələrin müəllifidir. O, rus ədəbiyyatının
çox gözəl bilicisi idi. Xüsusən 19 və 20-ci əsrlər
rus ədəbiyyatının ərəb ədəbiyyatına
təsiri Aida xanımın yaradıcılığında
böyük yer tutur".
Gövhər Baxşəliyeva Qərb ədəiyyatının ərəb ədəbiyyatına təsiri ilə də bağlı Aida xanımın bir sıra məqalələr yazdığını söylədi, eyni zamanda onun Mixail Nuaymə, Süheyl İdris və digər ərəb yazıçılarından etdiyi yüksək səviyyəli tərcümələrdən də söz açdı.
Daha sonra söz "Məqalələr və tərcümələr" kitabının tərtibçisi Vilayət Cəfərova verildi. Aida İmanquliyeva ilə 25 il bir şöbədə işlədiyini söyləyən Vilayət müəllim bu illər ərzində həmkarının bütün yaradıcılığına bələd olduğunu qeyd etdi. Aida xanımın ölkəmizin sərhədlərindən kənarda da ərəb məhcər ədəbiyyatının və ümumilikdə ərəb ədəbiyyatının aparıcı mütəxəssislərindən biri kimi tanındığını deyən V.Cəfərov, tanınmış şərqşünas alimlərin onun haqqında söylədikləri maraqlı fikirləri xatırlatdı. Kitabın hazırlanması prosesindən də qısa bəhs edən Vilayət müəllim onun ərsəyə gəlməsində əməyi olanları da qeyd etməyi unutmadı.
Vilayət Cəfərov kitaba Aida xanımın 1963-ci ildən ömrünün sonunadək yazıb çap etdirdiyi bütün məqalələrin toplandığını bildirdi və yeni nəşrdə görkəmli alimin 53 məqalə və tərcüməsinin dərc olunduğunu qeyd etdi: "Aida xanım Qərbdə Əndəlus torpaqlarından tutmuş Şərqdə Dəclə və Fərat sahillərinə kimi müxtəlif ərəb ölkələrinin ədəbiyyatını əsl tədqiqatçı müdrikliyi ilə araşdırıb. Yazıçılar İttifaqının üzvü olmuş Aida xanımın tərcümələrinə baxanda onun xalq dilinə necə gözəl bələd olması görünür. Ömür vəfa etsəydi, Aida xanım ərəbşünaslıq elminə daha böyük töhfələr verərdi. İndi bu işi layiqincə davam etdirmək onun ardıcıllarının borcudur".
V.Cəfərov müəllim Aida İmanquliyevnın adına ərəb filologiyası sahəsində mükafatın təsis olunması təklifi ilə də çıxış etdi.
Şərqşünaslıq İnstitutunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Aida İmanquliyevanın anadan olmasının 71-ci ildönümü münasibəti ilə keçirdiyi "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" adlı müsabiqənin qalibi, filologiya elmləri namizədi Ruhəngiz Cümşüdlü öz çıxışında görkəmli alimin Azərbaycan şərqşünaslığında önəmli yer tutmasının danılmaz fakt oludğunu qeyd etdi.
Şərqşünaslıq İnstitutunun
direktoru, professor
Gövhər Baxşəliyeva tədbiri yekunlaşdıraraq ərəbşünaslıq
sahəsində bir məktəb
yaratmış Aida xanımın elmi yaradıcılığının gələcək
nəslə bir örnək olduğunu söylədi və görkəmli alimin xatirəsinin xalqımızın
hafizəsində daim
yaşayacağını dedi. Gövhər
xanım təqdim olunan kitabın tərtibçisinə
və onun hazırlanmasında əməyi
olan hər bir kəsə
öz təşəkkürünü bildirdi.
Vüqar MƏMMƏDOV
Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.1.