Naxçıvanşünaslığa və mətbuatşünaslığa töhfə

  

  Azərbaycan milli müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, müasir milli jurnalistikanın formalaşmasında da yeni mərhələ başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə söz, mətbuat azadlığının bərqərar olması, kütləvi informasiya vasitələrinin sürətli kəmiyyət və keyfiyyət artımı, jurnalist kadrların yetişməsi istiqamətində mühüm addımlar atıldı. Xüsusilə də, Milli mətbuatımızın 125, 130, 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması qədim və zəngin ənənələrə malik Azərbaycan mətbuatına yüksək qiymət verməklə yanaşı, milli mətbuat tarixinin tədqiqi və təbliği istiqamətində mətbuatşünasların da üzərinə mühüm məsul vəzifələr qoydu. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Surə Seyidin "Elm və təhsil" nəşriyyatında yenicə işıq üzü görmüş "Şərq qapısı" qəzeti və ədəbi mühit" adlı monoqrafiyası mətbuatşünaslıq tarixində regional mətbuatın tədqiqinə həsr olunmuş ilk tədqiqat əsəri kimi dəyərlidir. Nəfis tərtibatla nəşr olunan, öz elmi yenilikləri ilə seçilən kitabda nadir tarixi sənədlər və fotoşəkillər də öz əksini tapmışdır.

Akademik İsa Həbibbəyli "Ön söz"də yazır: "Təqdim olunan monoqrafiya həm də mətbuatşünaslıq elmimizdə regionda fəaliyyət göstərən Azərbaycan mətbuatının inkişaf yolu, xidmətləri və ənənələrinin araşdırılıb öyrənilməsinə həsr olunmuş birinci elmi tədqiqat əsəri kimimühüm əhəmiyyət kəsb edir. Bu tədqiqt əsəri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda böyük mətbuat ənənələrinin və zəngin ədəbi mühitin mövcudluğunu bir daha təsdiq edir"...

Monoqrafiyada ilk dəfə olaraq 90 illik böyük bir mərhələni əhatə edən Naxçıvan mətbuatının yaranma tarixiinkişaf yolundan bəhs olunur. 1921-ci ildə nəşrə başlayan, "Cavanlar həyatı", "Füqəra səsi" adları ilə, daha sonra "Şərq qapısı" kimi çıxan qəzetin 90 illik tarixi müxtəlif mərhələlər üzrə, tarixi müqayisələr və paralellər aparılmaqla araşdırılır.

Tədqiqatçı-alim qəzetin bolşevik mətbuatı kimi sovet ideologiyasının diqtəsi ilə, siyasi təzyiqlərə, repressiyalara məruz qalaraq, lakin mümkün qədər azərbaycançılıq ideologiyasını yaşadaraq çıxmasından, Böyük Vətən müharibəsi illərində önarxa cəbhə arasında qırılmaz tellər olmasından, xalqımızın əmək rəşadətini və hərbi şücaətlərini əks etdirməsindən, barıt qoxulu, sətirləri od-alov saçan qəzetin əməkdaşlarının hünərpərvərliyindən bəhs edir.

Maraqlı faktlardan biribudur ki, müəllif akademik İsa Həbibbəylinin fikirlərinə söykənərək qəzetin 1979-1989-cu illərdə "Sovet Naxçıvanı" adı ilə çıxmasının səbəbinin Azərbaycanın Şərq ölkələri, türk-müsəlman dünyası ilə əlaqələndirməsindən ehtiyatlanmaq olduğunu aşkara çıxarır.

Tədqiqatçı "Şərq qapısı" qəzetinin Azərbaycanın müstəqilliyi dövründə nəşri mərhələsini araşdırmaqla tarixi bir daha vərəqləyərək ümümmilli lider, dahi öndər Heydər Əliyevə olan böyük xalq sevgisini, onun tarixi qayıdış zəruriyyətini bir daha təsdiqləyir. Doğma yurda dönüş... Nəinki "Şərq qapısı"nda, Azərbaycan mətbuatında dərc olunan ilk orijinal müsahibə... 1993-cü ildən yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin milli jurnalistikanın inkişafına göstərdiyi qayğı, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevi kütləvi informasiya vasitələrinin inkişafına misilsiz dəstəyi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə region mətbuatının tərəqqisinə yönəldilmiş irimiqyaslı tədbirlər... Bütün bunlar bu gün gündəlik ictimai-siyasi qəzet kimi nəşr olunan "Şərq qapısı"nın kəmiyyət və keyfiyyət göstəriciləri, curnalistlərin hər birinin əməyinin layiqincə qiymətləndirilməsi ilə bağlı zəngin faktlarla monoqrafiyada öz inikasını tapır. Monoqrafiyanın elmiliyi ilə yanaşı, siyasi çəki daşıması Seyid Surənin qəzetçilik təcrübəsinə malik peşəkar tədqiqatçı-jurnalist olmaqla yanaşı, Azərbaycançılıq ideologiyasına, dövlətçiliyə sadiq vətəndaş ziyalı olmasından soraq verir.

Əsərdə 90 il ərzində qəzetin nəşr olunmasında əməyi keçən, ilk baş redaktoru Həmid Mahmudovdan bu günə kimi regionda qəzetçilik işi ilə bağlı hər bir kəs haqqında yeni elmi, tarixi faktlar toplanmışdır.

Monoqrafiyada Naxçıvan mətbuatı və ədəbi mühit qarşılıqlı şəkildə öyrənilir. Naxçıvan Yazıçılar Birliyinin yaranması və inkişafı mərhələləri "Şərq qapısı" qəzeti səhifələrində, qəzetin ədəbi prosesə, ədəbi mühitin formalaşmasına təsiri, müstəqillik illərində ədəbi inkişaf, yaradıcı qüvvələrin pərvəriş tapmasında qəzetdəki ədəbi birliklərin rolu, qəzetin ədəbi tənqid və ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafına təsiri kimi elmi problemlər bütövlükdə həllini tapmışdır.

Əsərdə akademiklərdən M.Cəfər və İ.Həbibbəyli, Ə.Şərif, Q.Məmmədli, xalq yazıçıları M.İbrahimov və Ə.Vəliyev kimi görkəmli ədəbiyyatşünasların, tənqidçilərin "Şərq qapısı"na verdiyi elmi qiymətdən ayrıca danışılır. Müəllif isə köklü araşdırmaları nəticəsində bu elmi qənaətə gəlir ki, "...iki əsrin güzgüsü sayılan "Şərq qapısı" qəzeti Naxçıvanın ictimai-siyasi həyatında özünəməxsus yer tutmaqdadır. Naxçıvanda maarifin, mədəniyyətin inkişafında, eləcə də insanlarda dünyagörüşü və düşüncə tərzinin formalaşmasında "Şərq qapısı"nın təsir gücü və fəaliyyəti danılmazdır.

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan, çoxsaylı elmi mənbələrə və internet səhifələrindəki materiallar əsasında yazılmış monoqrafiya hələ əlyazma hüququnda ikən böyük elmi-ictimai rəy doğurmuşdur. Müəllifin tədqiqatçı səriştəsi ilə kitabın sonunda çap etdirdiyi "Rəylər" monoqrafiyanın elmi dəyərini bir daha isbatlayır. Tanınmış rusiyalı tarixçi, jurnalist, qafqazşünas, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, professor Rudolf İvanovun yazdıqlarından:

"Təqdim olunan monoqrafiya dərin elmi tədqiqat əsəri olub, Naxçıvan ədəbiyyatının, Naxçıvan Muxtar Respublikasının və bütünlükdə Azərbaycanın ictimai inkişafına müsbət təsir mexanizmini açır. İnamla deyə bilərik ki, bu elmi tədqiqat işi həm də böyük təcrübi əhəmiyyətə malikdir".

İnanırıq ki, mətbuatşünaslar, tarixçilər, ədəbiyyatşünaslar üçün qiymətli elmi mənbə, tədris vəsaiti olan bu monoqrafiya regional mətbuatın gələcək tədqiqinə elmi marağı daha da artıracaq.

 

 

Mehriban SULTAN

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.2.