Anım

  

Oktyabrın 21-i azadlıq şairi Xəlil Rza Ulutürkün anım günüdür. O Xəlil Rzanın ki, şərəfli, mübariz həyatı boyu "Dənizdən-dənizə..." - deyən alçağı boğmağa ildırım, ümman olmalı" amalıyla yaşayıb-yaratdı. Azadlıq, istiqlaliyyət, mənsub olduğu xalqın milli-mənəvi dəyərləri yolunda dönə-dönə öldürülsə belə, yenidən özündə güc tapıb, qalxıb, dikəlib mübarizə aparmağı şərəf sayanların taleyi Xəlil Rzanın timsalında yenidən görk oldu. Tərəqqipərvər bəşəriyyət onun 1990-cı ildə Moskvanın Lefortovo zindanında ötdüyü azadlıq nəğmələrini heyranlıqla yaddaşına köçürdü:

 

Yalnız Ulu Türkə, Xəlil Rzaya,

Yalnız öz ruhuna inamın olsun.

Ey arslan ürəklim, dönmə quzuya,

Qələbə ən böyük məramın olsun,

Yalnız öz ruhuna inamın olsun!

 

Xəlil Rza canından da əziz bildiyi vətəninə, xalqına "İnanma millətbaz dələduzlara, rutbədən-rütbəyə sürünənlərə" tapşırmasını əmanət qoyub köçdü haqq dünyasına. Xəlil Rza Vətən yolunda şəhid gedən doğma oğul cənazəsi önündə toxtaq durmağın, ağlayıb-sızlamamağın, "Başın sağ olsun, Vətən!" - deyə təsəlli tapmağın ucalığını yenidən yaşatdı bu ulu millətə! Şərəfli ömrünün 78-ci pilləsinə yetməmişdən 16 il öncə əbədiyyat zirvəsinə qədəm qoydu. İnanırıq ki, indi o zirvədən boylandıqca unudulmaz ruhu təskinlik tapır: "Yurdum özü boyda intiqam doğur".

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.6.