Yarımçıq əsər - bütöv ömür

           

 Doxsan doqquz il bundan əvvəl - oktyabrın 28-də xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mirzə İbrahimov anadan olmuşdur. Ədəbi-elmi ictimaiyyətimiz gələn il böyük ədib və görkəmli ictimai-xadimin 100 illiyini qeyd edəcək.

 

 Böyük şəxsiyyətlər həmişə ədəbiyyatın - sənətin əsas mövzularından olmuşilham sahibləri xalqın, tarixin yaddaşında əbədi yaşayan belə simaları qələmə almağa ayrıca həvəs göstərmişlər. Ancaq bu təbii həvəsin dəhşətli yaradıcı zəhmətə söykənməyəndə necə məyus nəticə ilə bitdiyi də yaxşı məlumdur. Böyük mövzu - böyük də zəhmət tələb edir.

Bu barədə düşünəndə mən, adətən, çox ağır yüklər qaldıran bahadırları xatırlayıram: onlar, necə deyərlər, dağdan ağır yükü qaldırmazdan əvvəl, tələskənlərdən fərqli olaraq, ağır-ağır yanaşıb daxilən özlərini toplayır, var qüvvələrini səfərbərliyə alır və inamla da… qaldırırlar. Haysız-küysüz, sakit və əzəmətli.

Böyük mövzuya böyük məsuliyyət hissi ilə yanaşmaq məktəbi bizə dahi Nizamidən, Füzulidən qalıb; doğma dilimizdə məşhur "Leyli-Məcnun" epopeyası yaradan Füzulidən: "Naçar tutub təriqi-namus; Rahətdən olub müdam məyus, - Əhdi-sözə istivar qıldım; Əşar demək şüar qıldım…"

Çox çətin, tarixi bir ədəbi vəzifənin öhdəsindən gəlməli olduğu üçün "namus yolu" tutan, rahatlığı həmişəlik unudan füzulinin özü haqqında sənət əsəri yaratmaq istəyən hər bir qələm sahibi də, heç şübhəsiz, gərək belə bir yol tutsun. Müqəddəs mövzulara tələm-tələsik münasibət ən azı günahdır.

Bizi həmişəlik tərk etmiş xalq yazıçısı Mirzə İbrahimovun yarımçıq qalmış "Əbədi həyat" ("Füzuli") povestinin əlyazmasını kəlmə-kəlmə oxuduqca bu kimi fikirlər məni bir an da olsa tərk etmirdi. Mən "kəlmə-kəlmə" dedim, ona görə ki, Mirzə müəllimin, adətən, ərəb əlifbası ilə yazdığı, yazıb-pozduğu səhifələri sözün həqiqi mənasında, tam diqqətlə oxumalı olurdum. Bu əziyyət mənim üçün çox xoş idi. Qoy onun ruhu şad olsun.

Əlyazmasının bir yerində povestin qələmə alınma tarixi "21-X-63" göstərilir. Sonralar həmin rəqəmin altında bu sözləri oxuyuruq: "Yenidən işləməyə başladım 8-20 avqust 1979-cu ildə".

Əsər ilk variantında bir yerdə "novella", başqa bir yerdə "hekayə" kimi nəzərdə tutulubmuş. Lakin mövzu üzərində gərgin getdikcə "Əbədi həyat" povest olaraq ətə-qana dolur. Povestdən parçanı "Ədəbiyyat və incəsənət" qəzeti özünün 1965-ci il 1 yanvar tarixli sayında dərc etmişdir. Redaksiya qeydində deyilir: "Xalq yazıçısı Mirzə İbrahimov böyük şairimiz Məhəmməd füzuliyə həsr olunmuş "Əbədi həyat" adlı povesti qurtarmaqdadır. Povestdən bir parça dərc edirik. Əsər bütünlüklə 1965-ci ildə "Azərbaycan" jurnalında çap olunacaqdır".

Lakin müəllifin əlyazması üzərindəki gərgin zəhmətindən asanlıqla yəqin etmək olur ki, Mirzə müəllim böyük şair haqqında povesti istədiyi kimi işləməyə lazımınca imkan tapmayıb. Bu sətirlərin müəllifinə onun bir dəfə gözləri yol çəkə-çəkə özünəxas səmimiyyətlə dediyi təəssüf dolu sözləri xatırlayıram: "Nə qədər iclas açıb, iclas bağladım… Bütün əsərlərimi yalnız istirahət günlərimin, saatlarımın hesabına yazmışam…"

Mirzə müəllim mürəkkəb və ziddiyyətli dövrünün çox vəzifələrində oldu, lakin qələmi bir an da olsa yerə qoymadı. Ancaq, özü demişkən, istirahəti, rahatlığı hesabına. İclasların birində ona vəzifəni xatırladanlara dedi: "Yazıçıdan vəzifəni almaq olar, ancaq qələmi almaq olmaz. Mənim belim masa arxasında bükülüb…"

Mirzə müəllimin "şumlanmış" əlyazmasını oxuduqca onun böyük və ağır sənət yolunda belinin anbaan necə büküldüyünü elə bil gözümlə görürdüm. Onun ayrı-ayrı elmi-tədqiqat əsərlərində, məqalələrində ədəbiyyat, sənət haqqında, sözə Nizami, Füzuli, Şekspir, Şəhriyar münasibəti barədə söylədiklərinə özünün işdə - yaradıcılıq prosesində necə səylə əməl etmək istədiyini aşkar görür və heyrətlənirdim. Fərhad külünglə dağ çapan kimi, qələmlə də nəhəng söz qalasından qəlpə-qəlpə qoparmaq olarmış!.. Ancaq anadilli ədəbiyyatda belə ən böyük ecazkar, Fərhaddan qat-qait artıq, dahi füzulidir:

 

Kuhikən künd eyləmiş min tişəni

bir dağ ilən,

Mən qoparıb salmışam min dağı

bir dırnaq ilən…

 

"Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl; - Edə hər saət səni ol uyğudan bidar söz" - deyən şairə sözdən abidə yaratmaq iddiası həqiqətən ağır və bir az da vahiməlidir. Mirzə müəllimin əlini yubandıran, başqa səbəblərlə yanaşı, mənə elə gəlir bir də həmin bu məlum məsuliyyət - "müqəddəs qorxu" olub. Əvvəl yazdığı səhifələrə sonralar "zəifdir, xoşuma gəlmədi" dediyi və təkrar-təkrar işlədiyi də bununla bağlıdır. Povestin əldə olan parçalarını oxuduqca məndə belə bir təəssürat yarandı: ilk variantlarda müəllif "Mən aşiqəm - həmişə sözüm aşiqanədir" deyən füzulinin məhəbbətini qəzəllərindəki təsvirlərə oxşadıb verməyə çalışır. Lakin bu, illər ötdükcə yazıçını razı salmır; belə məqamlar elə bil "ruhsuz bədən" təsiri bağışlayır. Ədibi ən çox böyük Füzulini qeyri-adi məhəbbəti və təfəkkür dünyası ilə vəhdətdə göstərmək istəyi narahat edirbu məqsədinə o, əzabla, ağır-ağır yaxınlaşır. Oxuculara təqdim eitdiyimiz parça Mirzə müəllimin hələlik əldə olan materiala görə, povestin axırıncı dəfə qələm çaldığı səhifələridir. Bu sətirlərdə biz iyirmi-iyirmi bir yaşlı Məhəmmədi müxtəlif dünyagörüşünə, əqidəyə malik tələbə yoldaşları arasında düşündüyünü müdafiə etməyə, müəlliminin hörmətini qazanmağa qadir bir şəxsiyyət kimi püxtələşən görürük. Bu sətirlərdə Füzuli mövzusunun siqləti daha aşkar hiss edilməyə başlayır. Sonralar - "Leyli-Məcnun"u yazarkən "Mən əqldən istərəm dəlalət, - Əqlim mənə göstərər zəlalət!.." - deyə həyata, yaradılışa dair çox suallara cavab tapmağa çalışan və bu ağır idrak yolunda "zəlalət" çəkən füzulinin nəfəsi duyulur.

Mənə elə gəlir ki, bu mövzu, Mirzə müəllimə, belə demək mümkünsə, ən çox yaraşan mövzu idi.

Mirzə müəllimin qələminə böyük hörmət bəsləyən minlərlə oxucu kimi, mən də əsərin yarımçıq qalmasına təəssüf edirəm. Ancaq bununla belə bu yarımçıq halında da "Əbədi həyat" qüdrətli bir ədibin və alimin xalqın nadir simalarına necə məhəbbət və məsuliyyətlə yanaşması baxımından yaxşı bir nümunədir.

Əlyazmaları toplanmış qovluğun üstündə Mirzə müəllimin mənə çox yaxşı tanış olan, ömrünün son günlərində titrək əllə yazdığı xəttini görürəm: "Əbədi həyat" ("Füzuli"). Povest". 63-cü ildə qələmə aldığı sətirləri ilə - qətiyyətlə yazılmış xətti ilə qeyri-ixtiyari müqayisə edirəm… İlk sətirlə son sətir arasında düz otuz illik bir zaman məsafəsi var. Bütöv bir insan ömrü.

Onun əli titrəyirdi, lakin sözü titrəmirdi. Nədənsə, mənə elə gəlir "Əbədi həyat", "Füzuli" kəlmələri Mirzə müəllimin yaza bildiyi axırıncı sözü olub.

O, Füzulini son nəfəsinə qədər sevib və bizə də sevdirməyə çalışıb.

Yarımçıq qalmış bir əsər bütöv bir ömrü bizə beləcə tanıdır.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.1.