Əbdül Hüseynov
- 85
Hörmətli Əbdül müəllim!
Sizi - istedadlı yazıçımızı 85 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz Bakının Əmircan qəsəbəsində anadan olmusunuz, orta məktəbi başa vurmamış könüllü olaraq müharibəyə getmisiniz. Müharibədən sonra bir müddət Ukraynada, Türkmənistanda işləmiş, "Krasnovodsk fəhləsi" qəzetinin baş redaktor müavini vəzifəsində işləmisiniz. 1956-cı ildə Aşqabad Dövlət Universitetinin hüquq-tarix fakültəsini bitirmisiniz. 1958-ci ilə qədər Türkmənistan mədəniyyət nazirinin müavini olmusunuz. 1960-cı ildə Moskvaya köçmüş, 1971-ci ildən diplomatik fəaliyyət göstərmisiniz. Uzun illər Türkiyədə, İranda, Monqolustanda işləmiş, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı araşdırmalar aparmısınız. Geniş oxucu auditoriyası qazanmış "Mustafa xanın xəzinəsi", "Arzamaslı qadın", "İslam dünyasının cəngavəri", "Taxta çıxan əkinçi", "Qan qardaşları", "Cənuba yürüş", "Bəhramgurun məhəbbəti və kədəri", "Müdrik adamın arzuları", "Məhəbbət haqqında üç dastan", "Üsyankar Xaqani", "Xocalı fəryadı", "Müharibənin sədası" kimi roman və povestləriniz xalqımızın şərəfli keçmişini, müharibənin törətdiyi faciələri əks etdirir. Ssenariləriniz əsasında yeddi film çəkilmişdir. Mədəniyyətimizi, incəsənətimizi beynəlxalq aləmdə təbliğ edən çoxlu sayda elmi-publisistik məqalələrin müəllifisiniz.
Siz ölkəmizdən kənarda yaşasanız da, ölkəmizin, xalqımızın təəssübkeşi, layiqli təmsilçisi kimi çıxış edirsiniz.
Hörmətli Əbdül müəllim!
Sizi bir daha
yubileyiniz münasibətilə təbrik edir, sizə cansağlığı, uğurlar arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsi
Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.4.