Yazıçı Əbdülün üsyankar Xaqanisi

 

Qədim keçmişimizi, tariximizi yalnız tarixi faktlarla yox, gizli keçmişin qaranlıq sirlərini tarixi əsərlər - romanlar vasitəsilə də öyrənmək mümkündür. Belə ki, maraqlı təsvirlərlə verilən tarixi romanlar hər zaman oxucu rəğbəti qazanır. Belə kitabları oxumaqla hər bir oxucu tarixi bilgilərini zənginləşdirir. Ədəbiyyat tariximizdə maraqlı tarixi romanları ilə yaddaşlarda əbədi yaşayan, özünə əbədi yer tutan yazıçılarımız çoxdur. Və həmin yazıçılarımızdan biriMoskvada yaşayan görkəmli yazıçımız Əbdül Hüseynovdur.

Romanlarında və hekayələrində yaratdığı, neçə-neçə yadda qalan canlı obrazlarıyla ədəbi fikir tariximizi zənginləşdirmişdi. Əbdül Hüseynovun qəhrəmanları olduqca müxtəlifdir, ədəbi qəhrəmanları şəxsiyyətlərinə görə bir-birindən fərqlidirlər. Bu qəhrəmanlar - hökmdarlar, şahlar, sultanlar, dövlət xadimləri, şairlər, alimlər, filosoflaradi insanlardı…

Əbdül Hüseynovun başqalarından seçilən nikbin və təbii bir üslubu, özünəməxsus yazı manerası vardır. Yazıçının əsas məqsədi tarixi romanlarında həqiqətin gözünə düz baxmaq, heç nəyi saxtalaşdırmamaq, həyatın şirinliyini və acılarını qəlbinin süzgəcindən keçirərək yazmaqdan ibarətdir.

Bu əsərlər özünün keçdiyi üzüntülü həyat yolunu, onun maddi-mənəvi, psixoloji aləmini uydurmalara calamadan real əks etdirmək baxımından olduqca güclüdür.

Əbdül Hüseynov tarixi romanlarıyla bizə sübut edir ki, tarixə düzgün gözlə baxmaq, diqqətlə baxmaq, həmin tarixi yaradan şəxslərin və şəxsiyyətlərin həyatına, onların həyatda tarixdə qoyub getdiyi əməllərə diqqətlə yanaşmaq lazımdır. Belə olduğu halda yazıçı öz əsərində həqiqətin müəyyən mənada bərqərar olmasına nail ola bilər. Hər halda Əbdül Hüseynovun çəkinmədən tarixi mövzulara müraciət etməsi bizi sevindirir. Tarixi təhrif etmədən, onu başdan-ayağa, yazıçı təxəyyülünün gücü çatdığı qədər zənginləşdirməyə çalışan yazıçı, əksər hallarda öz istəyinə nail olur.

Bu günlərdə Moskvada həmin romanı "Üsyankar Xaqani" adıyla oxucularımıza təqdim etdik. Bu əsər yazıçının Azərbaycan dilinə şair Sultan Mərzilinin tərcüməsində təqdim olunan ilk tarixi əsərlərindəndir. Əbdül Hüseynov bu əsəri XII əsrin görkəmli şairifilosofu Xaqani Şirvaniyə həsr edib. Yazıçının Xaqaniyə, onun həyatına müraciət etməsi heç də təsadüfi deyildir.

Görüşlərimizin birində Əbdül müəllim maraqla danışmağa başladı: "1979-cu ildə qismət məni İrana gətirmişdi. İşdən sonra boş vaxtlarımda kitabxanalara, muzeylərə gedib Azərbaycanla bağlı, tariximizlə bağlı kitabları oxuyur, özüm üçün qeydlər edirdim. Bələdçim məni olduqca maraqlı yerlərə aparır, maraqlandığım suallara dolğun və məharətlə cavab verir, tariximizin qaranlıq səhifələrinin açılmasında mənə yaxından yardım edirdi. Günlərin bir günü biz Təbrizin Surhab məhəlləsindəki "şairlər qəbiristanlığı"na gəldik. Təmtəraqlı qəbirlər arasında adi bir qəbirə rast gəldim. Bu sadə qəbir Şərqin böyük şairi və filosofı Xaqani Şirvaninin qəbri idi. Məni fikir götürmüşdü. Xəyal məni yüzilliklərin ortalarına - XII əsrə aparmışdı. Mənə elə gəlirdi ki, mən Xaqanilə danışıram və elə həmin anlarda ürəyimdən Xaqani haqqında bir əsər yazacağımı keçirirdim…"

"Üsyankar Xaqani" romanında Azərbaycanın XII əsr dövrünün xüsusi əhəmiyyət kəsb edən anlarını oxucuya təqdim edəndə müəllif tarixi faktları qorumağa çalışır, Şirvanşahların Azərbaycanın dövlətçilik tarixindəki rolunu, baş verən tarixi hadisələrin məna və mahiyyətini, bununla yanaşı saray çəkişmələrini, mülkədarların narazılıqlarını, məzlum camaatın kölə vəziyyətində yaşamasını canlı şəkildə qələmə alıb. Müəllifin yaratdığı obrazların əksəriyyəti tarixi şəxslərdir. Yazıçının məqsədi oxucunun diqqətini yüzilliklərin o başında qaranlıq qalan tarixi məqamlara yönəltməklə, eyni zamanda həmin dövrü yaratdığı obrazların timsalında təqdim etməkdir.

Əbdül Hüseynov bu əsərdə hörmətlə yanaşdığı oxucusuna sevgilə aşıladığı obraz Xaqani obrazıdır. Xaqani surəti öz hərəkətləri, cəmiyyətə, mövcud hakimiyyətə qarşı münasibəti, dövlətçilik haqqında olan düşüncələri, ideyası, başqalarından asanlıqla seçilir. O, özünü bir şair, bir filosof kimi təsdiq etməyə can atan, sevilən və cəzalanan, alçalaraq zindana salınan, vətənindən perik düşən, ömrünün sonuna qədər Şirvanın, doğma Məlhəmin nisgili ilə yaşayan bir şairdir. Müəllif hər şeydən əvvəl Xaqani obrazı vasitəsilə bir şairin faciəsini diqqət önünə çəkir. Xaqani sanki Azərbaycan tarixinin ən keşməkeşli, ağrı-acıyla dolu dövrünün canlı bir nümunəsidir.

Əbdül Hüseynov "Üsyankar Xaqani" romanında XII əsrdə baş vermiş tarixi hadisələri, Xaqaninin uşaqlıq və gənclik illərini, Şirvanşahlar dövlətinin hakimiyyət uğrundakı mübarizəsini, saray çəkişmələrini, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsini, böyük sənətkarlıqla qələmə almışdır. Romanda həmçinin Xaqaninin bir şair, bir filosofböyük bir sənətkar kimi yetişib formalaşdığı tarixi şərait çox aydın təsvir edilmişdir. Dahi şairin obrazıyla yanaşı Şirvanşah II Mənüçöhr, onun vəliəhdi Axsitan, Əbul-ula-Gəncəvi, Kafiyəddin Ömər, Fəriburz, Xizram kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazlarını yaratmışdır. İllərin gətirdiyi, ona bəxş etdiyi zəngin həyat təcrübəsi, yazıçılıq istedadı və məharəti, apardığı elmi araşdırmalara və tarixi xronoloji ardıcıllıqlarına əsaslanaraq yazıçı sanballı bir əsər ərsəyə gətirmişdir. Dahi şairimiz Xaqaninin həyat yolundan bəhs edən bu əsəri oxuyarkən o dövrlə bağlı daha geniş, daha dolğun məlumat əldə edə bilirik. Xəyal bizi yüzilliklərin o başına aparır, düşünürsən ki, zamanın pəncərəsinin yanavından Xaqani bizə baxır, o bizə olduqca yaxındır.

Bu gün, ədəbi dəyərlərin dəyişdiyi bir zamanda Əbdül Hüseynov özünə məxsus ali vətəndaşlıq əqidəsini ustün tutaraq "Üsyankar Xaqani" kimi bir əsəri ortaya qoymuşdur. Mən öz xeyirxahlığı ilə çoxlarına nümunə ola bilən bu qələm adamıyla dostluğumdan qürur duymuşam. Mənə elə gəlir ki, onun nurlu simasından yağan, işıqlı cöhrəsindən süzülən bir enerji var. Əbdül Hüseynov yazdıqlarını sadəcə olaraq, təkrarlamır, araşdırdığı tarixi materiallara əsaslanaraq baş verən hadisələri öz yazıçı təxəyyülüylə zənginləşdirir. "Üsyankar Xaqani" romanını oxuyanda biz istər-istəməz özümüzü XII əsrdə, bu hadisələrin baş verdiyi bir zamanda hiss edirik. Yazıçı öz qeydlərinə aludə olmur, əksinə, hadisələrin məzmun və mahiyyətini açmağa cəhd göstərir. Əsərdə Mənüçöhrün idarəçilik siyasəti, vergilərin yığılması, sənətkarlara münasibət, mülkədarların haqsız narazılıqları, tacirlərin və başqa peşə adamlarının vəziyyəti, tarixi hadisələr fonunda çox maraqla təsvir olunur.

Yazıçının yaratdığı Mənüçöhr obrazı olduqca maraqlıdır. Şirvan dövləti böyük təhlükə - müharibə qarşısındadır. Yadellilər Azərbaycan torpaqlarını çalıb-talayırlar. Mənüçöhr müharibəyə hazırlaşır. Bütün hamı bir nəfər kimi döyüşə getməyə hazırdır. Başda hökmdar olmaqla hamı döyüşə gedir. Bu döyüşə gedənləri küçələrdən yığmırlar, heç kəsi məcbur etmirlər ki, döyüşə getsin. Döyüşə hamı könüllü olaraq gedir. Hamı böyük ruh yüksəkliyi ilə öz ana torpaqlarını, ailələrini, uşaqlarını mənfur işğalçılardan, yadellilərdən qorumağa tələsir. Döyüşə şahın qoşunuyla birgə adi adamlar da gedir, onlar ağac və dəmir parçalarıyla silahlanaraq düşmənlərinin üstünə yeriyirlər. Bütövlüklə bunlar vətənə məhəbbətdən, doğma yurda sevgidən və öz hökmdarlarına olan inam və rəğbətdən irəli gəlir. Bu döyüşə könüllü gedən adamlardan biri də Bədil Xaqanidir. O, heç kimə xəbər etmədən, doğulduğu, boya-başa çatdığı torpağın müdafiəsinə gedir. Bundan şahın xəbəri yoxdur. Şah bundan yalnız döyüşdən sonra xəbər tutur. Döyüşdən yaralanaraq qayıdan Xaqaninin bu hərəkətindən şah olduqca məmnun qalır. Əlbəttə, şah əvvəlcədən bilsəydi, Xaqaninin döyüşə getməsinə razılıq verməzdi. Şairin ölümü xalqa baha başa gələ bilərdi. Xaqaninin vuruşduğunu bilən şah bir il şairin bütün maliyyə xərclərinin dövlətin xəzinəsindən ödənilməsinə əmr verir.

Müəllif istər müxtəlif görüşləri, baş verən mühüm hadisələri istərsə də şairin üzləşdiyi məqamları kifayət qədər canlı, obrazlı təsvir edərək fikirlərini dərin məzmunlu, ibrətamiz fəlsəfi kəlamlarla zənginləşdirir. Əsərdən götürülən kiçik bir təsvir nümunəsində bunu aydın görmək mümkündür:

"Çarpışma ani oldu. Bədilin keşməkeşli səyahətlərdə sərtləşmiş əli ilanı boynundan bir çərək gerisindən yapışaraq döşəməyə sıxdı. İlan quyruğunu şallaq kimi qoluna çırpır, gah da dolayıb sıxaraq canını qurtarmaq istəyirdi. Bədil həmişə belində olan bıçağını siyirib sol əli ilə döşəməyə sıxdığı ilanın təpəsinin ortasından yerə sancdı. İlan çabalayıb açılaraq yerə sərildi.

Xaqani onunla danışırmış kimi, acıqla pıçıldadı:

- Ey Allahın heyvanı, sənin mənim evimdə nə işin vardı ki, aqibətin də belə olaydı? Kim səni göndərib, göylərmi? Doğrudanmı məni Şirvanda gözləyən təhlükələr dağlarda gördüklərimdən betər olacaq. Seyid mənə şan-şöhrətə can atmağı tapşırmışdı, amma rahat ömürdemişdi. Rahatlığın düşməni isə, başqalarının paxıllığıdır. Onlar min-min ilanlar kimi sürünüb gələcəklər, məgər hamısının öhdəsindən gəlməkmi olar?

Əbdül Hüseynovun "Üsyankar Xaqani" romanı ümumilikdə Azərbaycanın keçmişinə yeni baxış nöqteyi-nəzərindən dəyərli və layiqli bir əsər kimi Azərbaycan xalqına, bütün Xaqani sevənlərə qiymətli hədiyyədir. Bu əsər xalqımıza mənsub əsərdir, xalqımıza, onun düşüncə tərzinə, milli varlığına xidmət edən bu əsər, əbədi yaşayacaq. Ümidvaram ki, müəllif bundan sonrakı əsərlərində də daha təkmil olacaqöz yeni əsərlərilə də oxucularını sevindirəcəkdir. Oxucularımız da belə gözəl əsərlərdən yararlana biləcəklər. Mən "Üsyankar Xaqani" tarixi romanı haqqında düşündüklərimi ola bilsin ki, istənilən şəkildə ifadə edə bilmədim. Bəri başdan deyim ki, ədəbi tənqidimizin bu əsərə bir daha diqqətlə yanaşması pis olmazdı. Oxucularımıza da Əbdül Hüseynovun əsərlərini tapıb oxumağı məsləhət görərdim.

 

 

Nəsib NƏBİOĞLU

Moskva, oktyabr – 2010

 

Ədəbiyyat  qəzeti.- 2010.- 29 oktyabr.- S.4.