"Cəlil Məmmədquluzadə"
kitabı Ukraynada nəşr olunub
Naxçıvan
Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəyli
görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
həyatı və
yaradıcılığının tədqiqi və təbliği,
böyük demokrat ədibin
əsərlərinin nəşri sahəsində
ardıcıl və səmərəli iş aparır. Onun
tədqiqatlarının əhatə dairəsi genişlənməkdə
davam edir. Akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə
haqqında Azərbaycanla yanaşı Fransada,
Rusiyada, Türkiyədə, Misir Ərəb Respublikasında,
Bolqarıstanda, Pakistanda, İranda
çap olunmuş
kitabları və məqalələri qüdrətli sənətkarın
beynəlxalq aləmdə tanıdılması
baxımından əhəmiyyətli olmuşdur.
Bu yaxınlarda akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi əsərlərinin coğrafiyasına daha bir ölkə də əlavə olunmuşdur. Ukraynanın Sevastopol şəhərindəki "Delta" nəşriyyatında rus dilində çapdan buraxılmış "Cəlil Məmmədquluzadə" adlı tanıtma kitabı ilə müəllif Azərbaycan ədəbiyyatının görkəmli klassikini bu ölkənin ədəbi ictimaiyyətinə və oxucularına təqdim etmişdir. Min nüsxə tirajla çap olunan "Cəlil Məmmədquluzadə" kitabındakı böyük ədibin həyatının və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən qiymətli fotoşəkillər əsərin əyanilik imkanlarını daha da artırmışdır.
İnanırıq ki, yeni nəşr ukraynalı ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılanacaq, görkəmli dramaturq, publisist Cəlil Məmmədquluzadə haqqında rus dilində aparılacaq gələcək elmi tədqiqatlar üçün qiymətli mənbə olacaq.
Mehriban SULTAN
Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.6.