"Məqsədimiz milli dəyərlərə söykənən gənclər yetişdirməkdir"

     

  Müsahibimiz Nərimanov rayonundakı 177 nömrəli orta məktəbin direktoru Həqiqə xanım Məmmədovadır.

- Həqiqə xanım, bu günlərdə dövlətimizin başçısı İlham Əliyev cənablarının sərəncamı ilə siz əməkdar müəllim fəxri adına layiq görülmüsünüz. "Ədəbiyyat qəzeti"nin kollektivi adından sizi səmim-qəlbdən təbrik edirik.

- Diqqətinizə görə minnətdaram. Bilirsiniz, bu gün Azərbaycan dövləti, şəxsən dövlət başçısı İlham Əliyev cənabları ölkə təhsilinə, onun getdikcə daha da inkişaf etdirilməsinə böyük diqqət yetirir. Məlumdur ki, təhsilə qayğı millətimizin gələcəyinin təminatı deməkdir. Şəxsən mən təcrübəli bir təhsil işçisi kimi təhsilimizə dövlətin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririrəm. Əlbəttə, bu barədə saatlarla danışmaq olar. Rəhbərlik etdiyim məktəbə gəldikdə isə qeyd etmək istəyirəm ki, 2009-2010-cu təhsil ilində bizim məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsi üzrə keçirilən yarışda 50 məktəbdən biri, bir qədər də dəqiq desəm, dördüncüsü oldu. Bu qiymət məktəb kollektivinin gərgin əməyinin bəhrəsi idi və həqiqətən də müəllim və şagirdlərin zəhmətinin dövlət tərəfindən bir daha dəyərləndirilməsəydi. Bütün bunlar bizi daha əzmlə çalışmağa və daha məsuliyyətli olmağa vadar edir. Ötən ilin yekunlarına görə 32 şagirdimiz ali məktəblərə, 7 nəfər orta ixtisas məktəblərinə, 1 şagirdimiz isə Kanada Universitetinin politologiya fakültəsinə daxil olmuşdur. 2 şagirdimiz 600-dən çox, 11 şagirdimiz 500-dən yuxarı bal toplayıb, iki şagirdimiz yüksək bal topladığına görə Prezident təqaüdünə layiq görülüb.

Əməkdar müəllim fəxri adı mənim bu günədək təhsilimizin inkişafı sahəsindəki fəaliyyətimə verilən bir qiymətdir. Əlbəttə, bu məni daha da həvəsləndirir və əminliklə deyirəm ki, bundan sonra da bütün əməyimi, ağlımı, zəkamı yeni nəslin yetişdirilməsinə sərf edəcəyəm.

Mən bir təhsil işçisi kimi həm də milli təhsilimizi ölkəmizdən kənarda da təmsil edirəm. 2001-ci ildən Məktəb Şuralarına Dəstək Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, 2010-cu ilin aprel ayından etibarən həmin beynəlxalq qurumun Bakı şəhəri üzrə Milli bölməsinin prezidentiyəm. Müşahidə etmişəm ki indi Rusiya kimi nəhəng bir dövlətin qabaqcıl təhsil işçiləri Azərbaycan dövlətinin təhsilə qayğısına və ölkəmizdə təhsilin inkişafına valeh olurlar. Aydındır ki, ölkəmizdə təhsilin inkişafı göz qabağındadır və bu inkişafı görməmək mümkün deyil.

- "Təhsil millətin gələcəyidir" - deyib ulu öndərimiz Heydər Əliyev. Bu sahədə hər hansı bir nailiyyətə nail olmaq insandan böyük zəhmət, böyük əmək sərf etməyi tələb etməsi şəksizdir.

- Şübhəsiz ki, belədir. Kollektivimiz 8 ilə yaxındır ki, hansısa uğura nail olmaq üçün əzmlə çalışır. Biz xüsusilə daxili münasibətlərin tənzimlənməsi, məktəbin düzgün strategiyasının müəyyənləşdirilməsi və şagird-müəllim-valideyn birliyinin yaradılması sayəsində, həm də illərlə sərf etdiyimiz əmək sayəsində qeyd olunan uğurlara nail ola bilmişik. Uğurların əldə edilməsində kollektivimizin hər bir üzvünün əməyi vardır. Bu uğurlarımız şagirdlərimizin, valideynlərimizin dəstəyi sayəsində mümkün olmuşdur.

Bir təhsil işçisi, bir vətəndaş və nəhayət, Azərbaycan qadını kimi demək istəyirəm ki, təhsilimiz inkişafdadır. Bu sahədə əldə olunan nailiyyətlər göz önündədir. Ölkəmizdə təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması kimi son dərəcə mühüm bir vəzifə dövlətimizin prioritet hesab etdiyi məsələlər sırasındadır. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 6 dəfəyədək artaraq 2008-ci ildə 1,1 milyard manat, 2009-2010-cu təhsil ilində isə 1,3 milyard manat təşkil etmişdir. Burada onu da qeyd etməliyəm ki, Heydər Əliyev fondunun, xüsusilə onun prezidenti Mehriban xanım Əliyevanın təhsilimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir və bu fond tərəfindən müvafiq sahədə görülən işlərin misli bərabəri yoxdur.

- Fəxri ad almaq həm də böyük məsuliyyət deməkdir.

- Əlbəttə, tamamilə sizinlə razıyam.

Ümumiyyətlə, kollektivimizin hər bir üzvü öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Yəni vətəndaşlıq borcumuzu yerinə yetirməliyik və bu böyük bir işin təməlidir.

- Həqiqə xanım, siz uzun müddətdir ki, idarəetmə sahəsində çalışırsınız. Aydındır ki, rəhbərlik etmək çox ağır bir işdir və həm də insanın bu vəzifəni yerinə yetirməyə mənəvi haqqı olmalıdır.

- Ümumiyyətlə, o insanın rəhbərlik etməyə haqqı var ki, rəhbərlik etdiyi insanlarla münasibətini düzgün tənzimləyə bilsin, onları başa düşsün. Rəhbər həm kifayət qədər savadlı, həm səmimi, həm vətənpərvər, həm də dürüst adam olmalıdır. Onun sözü ilə əməlləri üst-üstə düşməlidir. Bu cür rəhbəri kollektiv də, cəmiyyət də qəbul edir. İnsanları başa düşmək, onlara mənəvi dayaq olmaq hər bir rəhbər üçün son dərəcə vacibdir.

Bu gün bizim cəmiyyətdə açığını deyim ki, ən əsas məsələ insanlar arasındakı səmimiyyət və ünsiyyət qıtlığıdır. İndi bizdə səmimiyyətə daha böyük ehtiyac var, rəhbər öz kollektivində belə bir şəraitin yaradılmasına nail olmalıdır.

Rəhbərin bir siması, bir sifəti, bir sözü olmalıdır. Aydındır ki, kollektiv belə bir rəhbərin ardınca gedəcəkdir.

Mən bir insan kimi nikbin adamam Azərbaycan təhsilinin bugünkü vəziyyəti gələcəyi barədə ancaq xoş sözlər söyləyə bilərəm. Milli təhsilimiz getdikcə daha da inkişaf edir mən əvvəlki sualları cavablandırarkən kifayət qədər faktlar gətirdim ki, bunlar da dediklərimizi təsdiq edir. Bu gün Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya etməklə yanaşı, bütün dünya miqyasında mövcud olan yenilikləri konservativ yolla mənimsəyərək öz yolunu seçmişdir. Biz öz yolumuzla gedirik, biz tuneldə deyilik, açıq səma altındayıq. Gündən-günə daha da irəli gedirik, inkişaf edirik. Bizi beynəlxalq aləmdə tanıyırlar biz öz sözümüzü deyə bilirik.

Zaman dəyişir buna uyğun olaraq təhsilimizdə dəyişikliklər aparılmalıdır. Ümumiyyətlə, bütün dünyada ən çox islahatların aparıldığı sahə məhz təhsil sahəsidir. Zaman dəyişir, mühit dəyişir, cəmiyyət dəyişir təbii olaraq cəmiyyətdə bu dəyişikliklərə ilk reaksiya verən təhsildir.

Deyim ki, 1972-ci ildən pedaqoji fəaliyyətə başlamışam. Təhsil müəssisələrimizin hələ indiyədək bu səviyyədə yüksək maddi-texniki bazaya malik olduğunun şahidi olmamışam. Bu gün məktəblərimizin dünya standartları səviyyəsinə çatdırılması, onların yüz faiz milli dərsliklərlə təmin olunması, informasiya texnologiyaları ilə təchiz edilməsi göz önündədir. Müasir məktəb, necə deyərlər, bizim gözlərimiz qarşısındadır, şagirdlərimiz fasiləsiz İnternet xidmətindən bəhrələnə, dünyanın istənilən ölkəsindəki həmyaşıdları ilə təmasda ola bilirlər.

Məncə, Azərbaycan təhsilinin əldə etdiyi böyük nailiyyətləri görüb qiymətləndirməmək, zənnimcə, haqsızlıqdır.

Bugünkü təhsilimiz milli dəyərlərə üstünlük verən, onları dəyərləndirən vətəndaşlar hazırlamalıdır. Bu sahədə görəcəyimiz işlər gördüklərimizdən qat-qat çoxdur. Biz tarixi mədəni irsimizi şagirdlərə çatdırmalıyıq, klassik çağdaş ədəbiyyatımızı onlara mənimsətməliyik, ənənələrimizi onlara yetirməliyik. Bugünkü şagird artıq dünənki şagird deyil onun dünyagörüşü, onun informasiyası daha artıqdır. Bu da bir növ inkişaf deməkdir. Amma bütün bu yeniliklər milli dəyərlərə, soy-kökə əsaslanmadan heç bir əhəmiyyət kəsb etmir.

Bu baxımdan heç şübhəsiz ki, müstəqilliyimizin çətin dövrlərini şərəflə keçən "Ədəbiyyat qəzeti"nin üzərinə bu gün böyük yük düşür. Mən bu qəzetin baş redaktoru Ayaz Vəfalını kollektivinizin hər bir üzvünü qəzetinizin 75 illik yubileyi münasibətilə təbrik edir sizə cəmiyyətimiz üçün gərəkli olan sağlam, milli dəyərlərə söykənən yeni nəslin yetişdirilməsi istiqamətində böyük əzmkarlıq fədakarlıq arzulayıram.

-          Sağ olun.

 

 

Söhbətləşdi: Ələsgər Behbudlu

 

Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.5.