Cavidin doğum günü münasibətilə

  

  Bu günlər Hüseyn Cavidin ev muzeyinin və Yasamal rayon İcra hakimiyyətinin birgə təşəbbüsü ilə görkəmli dramaturqun adını daşıyan bağda onun anadan olmasının 128 illiyi qeyd edilmişdir.

Tədbirdə Yasamal rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ev muzeyin direktoru Gülbəniz Babaxanlı, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Bakı Metropolitenin rəisi Tağı Əhmədov, tanınmış alimlər - Cəlal Qasımov, Kamran Əliyev, Nizaməddin Şəmsizadə və b. çıxış edərək böyük sənətkarın keşməkeşli həyat və sənət yolundan söhbət açmışlar. Onlar Cavidin tarixi əsərlərinin Şərqə, türkçülüyə bağlılığından, onun bəşəri fəlsəfəsindən, müasirliyindən söhbət açmış, onun əsərlərini Esxil, Şekspir kimi sənətkarların pyeslərilə müqayisə etmiş, əruz vəzninə gətirdiyi yeniliyi diqqətə çatdırmış, dramaturqun pyeslərinin səhnə təcəssümünü və onların aktuallığını nakam ömrün davamı kimi dəyərləndirmişlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Ənvər Vəliyev, Məleykə Məmmədova Cavidin şeirlərini oxumuş, əsərlərindən parçalar ifa etmişlər. Tanınmış müğənnilərin ifasında Cavidin sözlərinə yazılmış mahnılar dinlənilmiş, şair Əbülfəz Naxçıvanlı böyük sənətkara həsr etdiyi şeri toplaşanların diqqətinə çatdırmışdır.

 

 

A.İsmayıloğlu 

 

Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.6.