Akademik Məmməd Cəfər Cəfərovun "Ədəbiyyat qəzeti" dünyası

 

Artıq mətbuatda xəbər verildiyi kimi, görkəmli elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr" memuarı alimin şəxsi arxivindən əldə edilərək çapa hazırlanmaqdadır. Azərbaycan ictimaiyyətinin ciddi, mükəmməl, kamil və mütəfəkkir bir alim kimi qəbul etdiyi Məmməd Cəfər müəllimin "Xatirələr"i onun fəaliyyətində müəyyən yer tutan bədii yaradıcılığın davamından və inkişafından ibarətdir. Akademik Məmməd Cəfər Cəfərov 1981-ci ildə "Gənclik" nəşriyyatında çap etdirdiyi "Əntiqə adamlar" kitabında yazdığı "Müəllifdən bir neçə söz" adlı müqəddimədə "fikrin, düşüncənin müxtəlif janrlarda ifadəsi mədəniyyətin söz sənəti üçün yaratdığı gözəl imkanlardan biridir" kimi düşündürücü bir nəzəri xarakterli tezisi ilə ədəbiyyat yönlü elm adamının həm də bədii yaradıcılıqla məşğul olmasının, ayrı-ayrı formalarda ədəbi əsərlər yazmasının mümkünlüyünü əsaslandırmışdır. "Əntiqə adamlar" kitabında toplanan hekayələr görkəmli alimin nəsr sahəsindəki böyük imkanlarını meydana qoymuşdur. Son illərdə böyük elm xadiminin arxivindən əldə edilərək nəşr etdirilmiş Cəlil Məmmədquluzadənin həyatı, mühiti, müasirləri və mübarizəsindən bəhs edən iri həcmli "İnsanlar və talelər" kinodramı (2009) onun dramaturgiya istiqamətində də geniş yaradıcılıq imkanlarına malik olduğunu nümayiş etdirir. Artıq bəzi parçaları dövri mətbuatda çap edilərək oxuculara təqdim edilmiş "Xatirələr" memuarı qüdrətli elm xadiminin fəaliyyətinin bütün dövrlərində həm də bədii yaradıcılıqla məşğul olduğunu və dəyərli əsərlər yazdığını demyə əsas verir. Tərcümeyi-hal faktları və ictimai proseslər əsasında yazılmış "Xatirələr"dəki bədiilik amili bir çox məqamlarda bu əsər haqqında epik janrda qələmə alınmış povest, yaxud roman səviyyəsi təəssüratı yaradır. "Xatirələr" akademik Məmməd Cəfər Cəfərovun tərcümeyi-hal görüntüləri, ömür-gün notları olmaqdan qat-qat çox tale romanıdır. Bu dəyərli memuar bir şəxsin həyat hekayəsinin fonunda bir əsrin keşməkeşli mahiyyətini açan, həyatın dibindən XX əsrin böyük bir dövrünün ədəbi-ictimai mühitə qədərki dolaylarını təmsil edən insanların talelərinin əsəridir. Bu, mütəfəkkir alim Məmməd Cəfər Cəfərovun yaşadığı epoxa haqqında müşahidələri, təəssüratları və düşüncələrinin romanıdır. Elmiliklə bədiiliyin vəhdəti "Xatirələr" memuarını Azərbaycan xatirə ədəbiyyatının tarixinə yeni əlavə kimi dəyərləndirməyə əsas verir. Bu, həm də bədiilik istedadına malik olan əsl alim təfəkkürünün romanı kimi də diqqəti cəlb edir. Daha çox həyati müşahidələrin hekayətindən yoğrulan yazıçı xatirələrindən fərqli olaraq, Məmməd Cəfər Cəfərovun xatirələrində elmdən gələn təhlil, dəyərləndirmə, müqayisə, şərh, münasibət kimi amillərin də özünəməxsus yeri və rolu müşahidə olunur. Bu, akademik Məmməd Cəfər Cəfərovun yüksək alimlik qədər də mükəmməl yazıçılıq qabiliyyətinə malik olduğunu bəyan edən nümunədir. Əsərlə tanışlıq onu göstərir ki, əgər Məmməd Cəfər müəllim yalnız yazıçılıq yolunu tutmuş olsaydı, ustad, görkəmli bir ədib səviyyəsində özünü təsdiq edə bilərmiş. Ədəbiyyatşünaslıq sahəsində elmi məktəb yaratmış Məmməd Cəfər Cəfərov "Xatirələr" əsəri ilə bənzərsiz, fərqli və çox səviyyəli yaradıcı şəxsiyyət olduğunu da nümayiş etdirmişdir. Bu, milli memuar ədəbiyyatı tarixində Azərbaycan ədəbiyyatını alim xatirələri ilə zənginləşdirən əsər kimimühüm əhəmiyyətə malikdir.

"Xatirələr" memuarında Məmməd Cəfər Cəfərovun uşaqlıq gənclik illərinin çətin məşəqqətli hadisələrindən tutmuş XX əsrin əllinci illərinin sonlarına qədərki hadisələr öz əksini tapmışdır. Çoxplanlı kompozisiyası olan bu əsərdə ailə-məhəllə, bazar-dükan mühitindən məktəb-ali təhsil, elmi-ictimai və ədəbi-mədəni həyat səviyyəsinə qədər bir çox mühüm hadisələr və mətləblər özünə yer tapmışdır. Eyni zamanda, "Xatirələr"də XX əsrin 30-50-ci illərinin elmi-ədəbi prosesləri də işıqlandırılır. fikrimizcə, müəllif bilərəkdən məlum 37-ci ilin hadisələrinin üzərindən yan keçməyə çalışmışdır. Bu, həm də "Xatirələr"in yazıldığı dövrün, XX əsrin 70-ci illərinin tələblərindən irəli gələn məsələ idi. Bundan başqa, 37-ci il hadisələrindən bəhs etmək "Xatirələr"in çapına da mane ola bilərdi. Buna baxmayaraq, Məmməd Cəfər Cəfərov dövrün ədəbi-maarifçi proseslərinə zamanın siyasi-ictimai müstəvisində yanaşmaqla toxunduğu məsələlər barəsində tam təsəvvür yarada bilmişdir. "Xatirələr"də Azərbaycanın XX əsrin 20-50-ci illərindəki ictimai və elmi-ədəbi mühitinin bütöv mənzərəsi canlandırılmışdır. Bu fonda "Xatirələr" Azərbaycan Yazıçılar İttifaqının o zamankı mühitini, dövrün Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Süleyman Rəhimov, Heydər Hüseynov, Mikayıl Rəfili və başqaları kimi görkəmli simalarının həyatının ciddi və gərgin, görünən və görünməyən məqamlarını təzədən öyrənib dəyərləndirmək üçün zəngin material verir. Bu mənada "Xatirələr" bədiilik imkanları ilə bir sırada əhatə etdiyi konkret dövrün ictimai-ədəbi mühitinə dair dəyərli mənbədir. "Xatirələr" memuarı akademik Məmməd Cəfər Cəfərovun özünün də tərcümeyi-halını, mühiti və müasirlərini, həyata və ədəbiyyata baxışlarını elmi dəqiqliklə yenidən öyrənmək baxımından da zəngin məxəzdir.

Akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr" əsərindəki "Ədəbiyyat qəzeti" ilə əlaqədar mətləblər ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan bu mətbuat orqanının fəaliyyətinin çətin və məsuliyyətli bir mərhələsinə işıq salır. Görkəmli elm xadimi xatirə materiallarının təhlili əsasında "Ədəbiyyat qəzeti"nin milli mətbuat tariximizdəki yerinə və mövqeyinə özünəməxsus şəkildə yüksək qiymət vermişdir. "Ədəbiyyat qəzeti"ni məktəb səviyyəsində dəyərləndirən Məmməd Cəfər müəllim bu məktəbin prinsiplərini də elmi tezislər şəklində müəyyən etmişdir: "Qəzet də bir məktəbdir. Qəzetçi yalnız öyrətmir, yalnız tərbiyə etmir, eyni zamanda tərbiyələnir. Məndən soruşsaydılar ki, "haranı qurtarmısan?" Bitirdiyim məktəbləri sayandan sonra deyərdim: - Bir də "Ədəbiyyat qəzeti" məktəbini qurtarmışam.

... Qəzet bir çox istedadı, səyləri, bir-birini oyadan, tamamlayan fikirləri vahid bir məqsəd ətrafında birləşdirir".

Məmməd Cəfər Cəfərovun "Ədəbiyyat qəzeti" ətrafındakı mülahizələri bütövlükdə Azərbaycan mətbuatının dərsləri, prinsipləri səviyyəsində ümumiləşir. Bu mülahizələr qəzetçilik ənənəsinin, mətbuat işinin nəzəriyyəsi kimi səslənir. "Xatirələr"dəki "Ədəbiyyat qəzeti" düşüncələri ilə Məmməd Cəfər Cəfərov görkəmli ədəbiyyat nəzəriyyəçisi olduğu kimi, həm də mükəmməl bir mətbuat işi nəzəriyyəçisi olduğunu isbat edir. Təqdim edilən xatirələr, eyni zamanda, "Ədəbiyyat qəzeti"nin XX əsrin qırxıncı illərindəki tarixini öyrənmək üçün də qiymətli faktlar və hadisələrlə zəngindir. "Xatirələr"də "Ədəbiyyat qəzeti"nin makinaçısından, korrektorundan baş redaktoruna, redaksiya əməkdaşlarından müəlliflər heyətinə qədər böyük bir qəzetçilər və yazıçılar nəslinin həyatının və fəaliyyətinin konkret məqamları nəzərə çarpdırılır. Bu mənada "Xatirələr" həm də Azərbaycan ədəbi mətbuatının sütunu olan "Ədəbiyyat qəzeti"nin tarixini öyrənənlər üçün də qiymətli qaynaq sayıla bilər.

Akademik Məmməd Cəfər Cəfərovun "Ədəbiyyat qəzeti" dünyası həm də onun özünün ədəbiyyatçı dünyasının güzgüsüdür. Cavan bir ədəbiyyatçı olaraq Məmməd Cəfər Cəfərovun ədəbiyyat sahəsindəki elmi və bədii axtarışlarının bir çoxu "Ədəbiyyat qəzeti"nin zəminində meydana çıxmışdır. Keçən əsrin qırxıncı illərində "Ədəbiyyat qəzeti"ndə çap olunan məqalələri və hekayələri onu ədəbiyyat aləmində və mətbuat sahəsində geniş mənada Azərbaycan ictimaiyyətinə təqdim etmişdir. Bu mənada keçən əsrin 40-cı illərində baş redaktoru olduğu "Ədəbiyyat qəzeti" Məmməd Cəfər Cəfərov üçün həm ədəbi məktəb, həm də həyat məktəbi olmuşdur. Məmməd Cəfər müəllim kimi romantik meylli ədəbiyyat adamının cavan yaşlarında böyük həyata hazırlanmasında "Ədəbiyyat qəzeti" məktəbinin ibrətamiz dərslərinin böyük rolu və təsiri var idi. Müəllim kimi ali məktəb auditoriyalarından kənara çıxmayan, yaxşı mənada fanatikcəsinə elmi məşğuliyyətə könül verən Məmməd Cəfər müəllim üçün "Ədəbiyyat qəzeti" həyatla ədəbiyyat arasında möhkəm və etibarlı körpü funksiyasını həyata keçirmişdir. Məmməd Cəfər Cəfərov həyatdan ədəbiyyata və ədəbiyyatdan həyata "Ədəbiyyat qəzeti" körpüsündən keçərək gəlmişdir. İctimai həyatda və elmdə böyük şöhrət zirvəsini fəth etdikdən sonra yazılan "Xatirələr"də bütün bunları geniş ürəklə etiraf etməsi yalnız mütəfəkkir şəxsiyyətin ucalığının, böyüklüyünün ifadəsidir. Bütövlükdə isə "Ədəbiyyat qəzeti" Azərbaycanda ədəbiyyat mühitinin salnaməsidir, hər bir ədəbiyyat adamının ədəbi və elmi taleyinin əsas hərəkətverici qüvvəsidir. Çoxillik davamlı ənənələrə, zəngin təcrübəyə malik olan "Ədəbiyyat qəzeti" ədəbi məktəb yaratmış, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq elmimizin bir neçə nəslinin taleyində mühüm rol oynamış əsas mətbuat orqanı kimi Azərbaycan cəmiyyətində böyük tarixi missiyanı yerinə yetirmişdir. Məmməd Cəfər Cəfərov kimi görkəmli elm xadiminin "Xatirələr" memuarındakı "Ədəbiyyat qəzeti"nə dair mülahizələrdən çıxarılan bu ümumiləşmiş nəticələri mötəbər qəzetimiz indi də şərəflə həyata keçirməkdə davam edir.

"Xatirələr" memuarından bir çox parçalar "Azərbaycan", "Ədəbiyyat qəzeti", "525-ci qəzet" vasitəsilə Azərbaycan oxucularına çatdırılmışdır. Bundan əvvəl "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyimiz "Qəzet də bir məktəbdir" adlı parça akademik Məmməd Cəfər Cəfərovun çətin və mənalı həyatının, çoxillik elmi fəaliyyət yolunun da əsl məktəb olduğunu bəyan etməyə əsas verir.

Məmməd Cəfər Cəfərovun "Xatirələr" memuarından "Ədəbiyyat qəzeti"ndə çalışdığı illərdən tanıdığı iki görkəmli şəxsiyyət - xalq şairi Səməd Vurğun və görkəmli filosof Heydər Hüseynov haqqında parçaları oxuculara təqdim edirəm. Təəssüf ki, Məmməd Cəfər Cəfərovun böyük filosof haqqındakı qeydləri tamamlanmamışdır. Bununla belə, xalq şairi Səməd Vurğunprofessor Heydər Hüseynov haqqındakı xatirələr adları çəkilən görkəmli şəxsiyyətlərin dövrünə və həyatına dair məlum təsəvvürləri daha da genişləndirmək imkanlarına malikdir.

 

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 sentyabr.- S.3.