Xəzan
tanımayan həyat
"Nurlan" nəşriyyatının oxuculara təqdim etdiyi şeir topluları arasında "Mən bu ömrü yaşadım" adlı bir kitab da vardır. Kitabda Azərbaycan milli-demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mədinə Gülgünün şeirləri toplanmışdır. Kitabın nəzəri cəlb edən ümdə məziyyətlərindən biri oxucularını bir sıra qələm sahiblərinin şairin yaradıcılığı barədə rəyləri ilə tanış etməsidir.
Toplunun ilk səhifələri professor Qulamrza Səbri Təbrizinin "Həsrət poeziyası" adlı məqaləsi ilə açılır. Təbii ki, müəllif həyatda və sənətdə Mədinə xanımla eyni taleyi yaşadığından şairin yaradıcılığına baxışının sətirləri bu doğmalığı əks etdirməyə biganə qalmır. Professor çox səmimi səslənən bir ahənglə yazır: "Şairənin yaradıcılığı ilə tanış olduqca belə qənaətə gəlirsən ki, onun şeirləri həyat və mübarizə yolunun ayrılmaz bir parçasıdır".
Kitaba daxil edilən "Həsrət, ümid, inam nəğmələri" adlı məqaləsində Azərbaycanın xalq şairi Rəsul Rza vətənə və ona həsr edilən poetik nümunələrin şəninə gözəl bir abidə ucaldıb: "Vətənimizin şair qızı Mədinə xanımın kövrək qəlbinin yeni, həzin nəğmələri məni xatirə yolları ilə ana Təbrizin qoynuna qaytardı. O günlərdən on illər keçib. Bəlkə də bütün bunlar dünən olub. Xatirələr o qədər canlı, o qədər göynəklidir ki, sanki zaman heç onların rəngini soldurmayıb… Dodaqlarımda iki kəlmə titrədi: "Təbrizim - mənsizim. Sən bu şeirlərində unudulmaz xatirə səhifələrini yenidən açdın. Sağ ol, bacım. Sağ ol. Vətənimin şair qızı…"
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadə Mədinə xanımın yaradıcılığını həmişə ustad və qələm dostu kimi qiymətləndirmişdir. Yaradıcılığının başlıca qayəsi vətənin və xalqın mənafeyi keşiyində bir mücahid əzmi ilə döyüşə hazır olduğunu mərd-mərdanə elan edən Mədinə Gülgünün yaradıcılığına Bəxtiyar Vahabzadə də bir fədai qətiyyəti ilə cavab verir: "Mən məhəbbət dediyim zaman Mədinə Gülgünün yalnız bu mövzuda yazdığı şeirlərini və qəzəllərini nəzərdə tuturam… Şairin tutduğu yolu, məsləki, əqidəsi, andı, sənət eşqi də bu böyük duyğu ilə yaşayır…"
Xalq yazıçısı Elçinin "Əbədi gün sorağında" adlı yazısı da kitaba daxil edilib. Müəllif son dərəcə nikbin bir əhval-ruhiyyə ilə yazır: "Haçansa yenə yaz gələcək… O yaz həqiqiliyi, mütləqliyi şairi ruhdan düşməyə qoymur, ümid yaradır, inam yaradır, arzular misralara çevrilir, eyni zamanda nisgil də, həsrət də, həyəcan da şairin bütün varlığını ələ alır və beləliklə də poeziya yaranır… Mədinə Gülgünün poeziyasının diqqəti cəlb edən cəhətlərindən biri də budur ki, bu poeziyada Cənuba bağlılıq, Cənub məhəbbəti, Cənub təəssübü özünün Şimal qardaşları ilə tamam müştərəkdir. Bu poeziya təkcə Cənub poeziyası deyil, necə ki, bizim şimallı şairlərimizin poeziyası yanız şimal poeziyası deyil. Bizim bir poeziyamız var: Azərbaycan poeziyası:
Bir torpaq üstündə doğulmuşuq biz,
Bir qolum
Bakıdır, bir qolum Təbriz.
Cəsarətlə
demək olar ki, akademik Bəkir Nəbiyev Ümumazərbaycan
miqyasında Güneydə gedən ədəbi hərəkata
yaxından bələd olan mütəxəssisdir. Onun Mədinə
xanımın kitabına yazdığı
"Gülgünün gözləri ilə" adlı məqaləsi
bu iddianı yetərincə təsdiq edən bir ərməğandır.
O yazır:
"Şairin şeirlərini
oxuyarkən hiss edirsən ki, o ömrünün müdrik
dövrünü yaşayır… 17-18 yaşlı Mədinənin
bir əlində qələm, bir əlində silah azadlıq
mücahidləri ilə çiyin-çiyinə
vuruşduğu, döyüşlərarası fasilədən
səngər təkiyəgahını xitabət
kürsüsünə çevirib öz əsgər
qardaşlarına mübariz ruhlu şeirlər oxuduğu
dünən deyildimi?.."
Əgər desəm
ki, zamanın tələblərinə cavab vermək
sınağından Mədinə Gülgünün qələminin
məhsulları başıuca çıxmışdır,
mübaliğə olmazdı. Həmin sınaq
çağlarında Gülgünün fədai tüfənginin
açdığı atəş onun şair qələminin
ötdüyü mübarizə və döyüş ruhlu nəğmələri
ilə həmahəng səslənmişdir. Bu baxış Azərbaycanın xalq şairi
Balaş Azəroğlunun misralarında həqiqətin ifadəçiləri
kimi əksini tapmışdır. O, yazır:
Qəzəbin, nifrətin
şimşək kimidir,
Sal daşı
parçalar, qayadan keçər.
Qəlbin deməyəni deməz
dilin də -
Səni
boğazından assalar əgər.
Sən bu ilhamınla, təxəyyülünlə
Bir il də
yaşasan, yüz il də qalsan,
Sönməz hərarətin,
sönməz atəşin -
Səni
şair doğmuş əzəldən anan.
Burası da
ağsaçlı tarixin qələmi ilə bəşəriyyətin
həyat salnaməsinə həkk olunmuş bir həqiqətdir:
zamanın yazdıqlarını pozmaq işində tarix güzəşt
tanımır. Bu iddiaya da Gülgünün qələm
məhsulları etibarlı təsdiq möhürü
vurmağı əsirgəməmişdir. O, keçdiyi
ağır sınaqlarla dolu yaradıcılıq
yollarının bircə ilini həsrət, fəraq və
ayrılığın yaxıb-yandırdığı nəfəsindən
amanda keçirmişdir. Şair bu həqiqəti
etiraf etməkdən, qələminə ilham və qüdrət
verən qüvvənin ünvanını dəqiq tərənnümdən
xüsusi qürur duyur:
İndi mənə ilham verən
Bir müqəddəs
vətənim var.
Azad dilim, azad sözüm,
Gül-çiçəkli
çəmənim var.
Bir nəğməkar
bülbül kimi
Azad oldum qəfəsdən
mən.
Dövrün poetik
lirasında səslənən nəğmələr aləmində
Mədinə Gülgünün ötdüyü mahnılar
özlərinin inam və qətiyyətləri, sabaha
ümidli baxışları ilə aparıcı motiv təşkil
etdilər:
Mən nə güləm, nə
çiçəyəm,
Nə də əsən
bir küləyəm.
Ötsən bizim ellərə
də,
Mən yenə
də gələcəyəm.
Lakin vətəndən,
doğma torpaqdan, hətta uzun illərdən bəri
görüşünə sevindiyi küçələrdən,
məhəllələrdən uzaqlıq,
düşdüyü yeni mühit sinəsində şair
ürəyi döyünən sənətkarda təzə-təzə
mahnılar doğurmaya bilməzdi. Əlbəttə,
bunlar elə mətləblər deyildi ki, onların yanından
laqeyd, bir qədər yumşaq desək, fərqinə varmadan
ötüb keçmək mümkün olsun. Məşhur bir filosofun dediyi kimi, mühacirətdə
yaşamalı olan qələm sahibi iki qələsəməyə
malik olmalıdır. Birilə ayrıla
bilmədiyi doğma yerlərin ab-havası ilə tənəffüs
etməli, digərilə isə düşdüyü
ayrılıq və firqət mühitindən bəhrələnməyin
öhdəsindən gəlməyi bacarmalıdır. Mən deyərdim ustad sənətkarın qabiliyyəti
məhz bu mühitin tələblərinə cavab verə bilməsi
ilə müəyyənləşir.
Bu problemin
izahında və həllində Mədinə xanım "Qələmim
və körpəm" adlı şerində əsl söz
ustasına layiq bir sənətkar mövqeyi tutmuşdur. O,
qarşılaşdığı çətinliklərin həllinin
öhdəsindən körpəsi ilə qələmi
arasındakı münasibətin tərənnümü
simasında bir qalib kimi gəlir:
Bir əlimdə qələmim,
bir əlimdə körpəm,
Masamın
arxasında əyləşirəm təzədən.
Körpəm baxır
üzümə gülümsəyir arabir,
Onun bu
gülüşləri artıq şeirə çervilir.
Mədinə
Gülgün milli-demokratik poeziyanın görkəmli nümayəndəsi
kimi şöhrət tapmışdır. Bu
poeziyanın nümayəndələri döyüş
meydanlarındakı səngərlərini xalqın onlara bəxş
etdiyi ən qiymətli və etibarlı dayaq nöqtəsi
hesab etmişlər. Bu mühitdə
keçirdikləri səksəkəli gecələr bir an səngimək
bilməyən düşmən atəşləri altında
keçən gündüzlər onlar üçün əsl
sınaq meydanı olmuşdur. Xalqın fədai
oğul və qızları bu mücadilədən
başı uca çıxmışlar. Onların
zəfərini təmin edən amillər sırasında xalq
adlı tükənməz qüdrətli bir arxa aparıcı
rol oynamışdır. Şairin sənətdə
çox məqbul səslənən baxışı ondan ibarət
olmuşdur ki, azadlıq yolu mücahidləri və onların
etibarlı silahdaşı olan sənət hadisələrə
nikbin baxışı həmişə müqəddəs
hesab etməlidir. Şairin qələmindən
süzülüb gələn misraları bu həqiqəti
dönə-dönə təsdiq etmişdir:
Şair, ağ
günlərin eşqilə yarat,
Hünər
meydanıdır anamız - həyat.
Şerin pərvazlanıb
açmazdı qanad
Onda xalqın səsi,
bil, olmasaydı.
Haqqında
söhbət açdığım kitabda şairin "Bir
ovuc qar" şeri də verilib. Şeirdə söhbət
ondan gedir ki, həkim şairi müayinə edərkən onun
qəlbinin döyüntüsünün bir qədər
artdığını üzə çıxardır. Müalicə üçün ona yazdığı
nüsxədə bir neçə dərman içməyi məsləhət
bilir. Şair isə başqa fikirdədir.
Müəllif yazır ki, vətəni darda qalan
bir elin xəstəsiyəm. Ona görə
də adi dərmanlar onu sağalda bilməz. Bəs şair nə fikirdədir? Sözü
misralara verək:
Nüsxə yazma nahaqdan,
Mənə bir çiçək
gətir
Doğulduğum
torpaqdan.
Savalanın qarından -
Bircə ovuc tap həkim…
Qoyum sinəmin üstə -
Sanım ki, vətəndəyəm
Unudum ağrıları…
Zəmanəsinin
"şair anası" kimi şöhrət tapan Mədinə
Gülgünü təkcə öz xalqının, öz
ölkəsinin deyil, ünvanı bəşəriyyət,
insanlıq sözləri ilə ifadə edilən cəmiyyətin
taleyi düşündürürdü. Onun bəsirət
gözü, ərəb şərqində, Afrika səhralarında,
Avropanın müxtəlif nöqtələrində öz mənafeləri
xatirinə zor və odlu silah sahiblərinin
axıtdıqları nahaq qanlara biganə qala bilməzdi.
Şair bu fikirdə olmuşdur ki,
"Yaşıl planet" hesab edilən bir diyarı insanlar
üçün dinc yaşamaq diyarına çevirmək
mümkün olduğu halda onun hər bucağında bir
nigarançılıq ocağı alışdırmaq kimə
və nəyə lazımdır? Şairin bu rəyi də
nəzərdən yayınmır ki, Planeti dinclik, əmin-amanlıq
məskəninə çevirməkdə zorakılıq və
qəraətə uzanan əlləri buxovlamaqda Yer
üzünün ən qadir məxluqu olan insanlar çox
iş görə bilərlər. Poeziyanın
qüdrətli sələfləri də, müasir
yolçuları da bu əqidəyə şərik
olmuşlar.
Mədinə
Gülgünün bəşərə məhəbbət
çeşməsindən su içən misraları
hayqırır ki:
Qoruyun bu dünyanı
İnsanlar, ay
insanlar.
İnsan silah
götürüb
Heç qırarmı
insanı?..
Mədinə
xanımın haqqında söhbət açdığım
"Mən bu ömrü yaşadım" adlı
kitabının səhifələri onun sənətkar
ömrünün uzun bir dövrünü əhatə edir. Nəzərdən
yayınmayan ümdə cəhət ondan ibarətdir ki, o,
ciddi qabarma və çəkişmələrlə dolu olan həyatının
bütün mərhələlərində sənətinin
baş qayəsinə sadiq qalmışdır. Onun yaradıcılığının məhək
daşını isə vətənin taleyini, bu torpaqda
yaşayan insanların həyat və mübarizələrini,
ümid və arzularını, bəşəri
duyğularını, sevinc və sarsıntılarını tərənnüm
təşkil etmişdir. Şair həyatın
dolanbac yollarında insana, onun bəşəri ləyaqətinə,
yerlərin, göylərin pərəstiş etməsindən
sarsılmaz bir inamla söz açmışdır. Onun bu sənətkar qənaəti "Tənhalıq"
adlandırdığı cəmi 12 misradan ibarət olan
şerində heyrət doğuracaq bir ustalıqla poetik həllini
tapmışdır. Günəşin əl-ayağı
qüruba çəkilən çağında qəflətən
yağan şıdırğı yağış sahili kimsəsiz
qoyur. Tənha qalmaq bütün əzəmətinə
baxmayaraq dənizi sarsıdır. O, yeganə təsəllini
insana müraciət edib, onu tənha qoyub getməməyi təmənnada
görür.
Ləpələr əl
açıb bir körpə təki
Elə bil
arxadan məni çağırdı.
Səslər
qayalara dəydi töküldü.
Dənizsə
ağladı ümman, ümman.
Qulağıma sınıq
bir səda gəldi:
Məni tənha qoyub getmə,
ey insan!
Bu təkcə
Mədinə Gülgünün deyil, başdan-binədən
Bakıya övlad məhəbbəti güneyli qələm
sahiblərinin yaradıcılığına xas olan bir
münasibətdir. Mədinə xanımın Bakıya məhəbbətinin
özül daşları çox etibarlı hadisələrin
əli ilə qoyulmuşdur. Həyatının
bütün çağlarında - istər döyüş və
mübarizə illərində, istər mühacirət və
fərağ çağlarında şair özünü
Bakının isti ana qucağında hiss etmişdir:
Mənim gözlərimlə
baxın Bakıya,
Çırpınan
qəlbimin ahəngidir o.
Eşitsin səsimi qoy
bütün dünya,
Qəşəng
şəhərlərin qəşəngidir o.
Mədinə
Gülgünün sənət aləmində hakim olan bir
baxışın yanından sükutla keçmək söz
yox ki, doğru olmazdı. O, səmimi misralarıyla minlərin
könül dünyasını fəth etməyə nail
olduğu halda dünyadan heç bir təmənnası
olmamışdır. Təbii ki, bu onun sənətkar
dünyasının öz təbiətindən nəşət
etmişdir.
Şair həyatdan
istəklərinin sərhədlərini bir zərgər dəqiqliyi
ilə müəyyənləşdirir. Əgər
desəm ki, şairin həyatdan istəyinin çərçivəsini,
sərhədini müəyyənləşdirən onun
şair təbiətidir - həqiqəti ifadə etmiş
olaram. Şairin həyatdan istəkləri barədə
diləklərini onun misralarının öz dilindən
eşidək:
Bircə içimlik su, bir
ovuc torpaq,
Bir çinar
kölgəsi bəs edər mənə.
Bir lətif bənövşə,
bir yaşıl yarpaq,
Həzin bir ney
səsi bəs edər mənə.
Həyat və
hadisələrin gedişi Mədinə Gülgünün
ömür yoluna həsrət və fəraq qismət etməkdə
sanki gücünü, qüdrətini əsirgəməmişdir. Amma nahaq deməmişlər
- insan yaranışın ən qüdrətli və
dözümlü-davamlı məxluqudur. Dövrün,
zamanın qaladıqları həsrət və fəraq alovuna
dözüb davam gətirməkdə Gülgün poeziyası
xalqının poetik salnaməsinə məmnunluq hissləri
doğuran səhifələr yazmışdır.
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.- 2010.- 9 sentyabr.- S.4-5.