İki şairin acı taleyi
XX əsrin əvvəllərində yazıb-yaradan iki gözəl şair. İki acı taleli şair. Əlbəttə, hər bir böyük sənətkar taleyində də, yaradıcılığında da fərdidir, ancaq bu iki şairi birləşdirməyə imkan verən bir sıra məqamlar mövcuddur.
Sovet terminologiyasına görə, millətçilik mənfi çalarlı anlayış hesab edilirdi, "millətçi" sözünün qarşısında isə həmişə "burjua", "mürtəce", "qatı" epitetləri işlənərdi. Ən yaxşı halda bu, "vətənpərvər" evfemizmi ilə əvəzlənərdi.
Həm Məhəmməd Hadi, həm də Əhməd Cavad bu sözün ən yaxşı və ən nəcib mənasında milliyyətçi, belə demək olarsa, öz vətənlərinin və millətlərinin vətənpərvərləri idilər. Poetik şəxsiyyət, üslub və dil özəlliklərindəki bütün fərqlərə baxmayaraq onları hər şeydən qabaq bu cəhət birləşdirirdi. Hər ikisi Türkiyənin, türk poeziyasının vurğunu idilər, hər ikisi müəyyən mənada aşağıda adları çəkilən türk şairlərinin təsiri altında yazıb-yaradırdılar: Məhəmməd Hadi Namiq Kamalın, xüsusən Tofiq fikrətin, Əhməd Cavad isə Məmməd Əmin Yurdaqulun və Rza Tofiqin. Keçən əsrin əvvəllərində Azərbaycanda millətçilik istisnasız olaraq Türkiyəyə sevgi ilə yanaşı idi, bütün hallarda onunla qovuşurdu - bunun, şübhəsiz ki, dəqiq səbəbi var idi. Bütün türkdilli xalqlar yad imperiyaların, deyək ki, Rusiyanın əsarətində idilər, yalnız Türkiyə, daha dəqiqi, Osmanlı imperiyası heç bir ölkədən asılı deyildi, ana dilindən sərbəst istifadə imkanlarına malik idi, baxmayaraq ki, o dövrdə osmanlı dili ərəb və fars sözləri ilə aşıb-daşırdı, bu dili təmiz türk dili hesab etmək çətin idi. Doğrudur, Osmanlı imperiyasının tərkibində də istər xristian, istərsə də müsəlman məzhəbli milli azlıqlar var idi, elə onlar da osmanlıların hakimiyyətini zülm sayırdılar.
Bu iki şairi birləşdirən başqa bir ortaq cəhət onların talelərində çətin, mübhəm və gözlənilməyən bədbəxt hadisələrin bol olmasıdır.
Ömrün gənclik çağında, xüsusən gələcək həyat yoldaşı Şükriyə xanıma aşiq olduğu romantik çağlarda Əhməd Cavad bir neçə xoşbəxt il yaşamışdı və bu, ona həsr etdiyi şeirlərə tam şəkildə, son damlasına qədər hopub.
Məndən bəxtəvəri varmı dünyada?
- yazırdı, ancaq taleyin ona nələr hazırladığından xəbərsiz idi.
Nəhayət, Cavada Azərbaycanın müstəqilliyinin şairə qol-qanad verən sevincini tam dadmaq nəsib oldu. 1918-1920-ci illər Ə.Cavadın ilhamının aşıb-daşdığı zirvə idi. Məhz bu dövrdə o, Azərbaycana, onun üç rəngli bayrağına, Bakını azad edən türk ordusuna həsr edilən şeirlərin daxil olduğu vətənpərvər əsərlərini yazır. Bu əsərlər arasında öz dövründə Azərbaycanın himni olan və ikinci müstəqilliyimiz dönəmində də dövlət himni kimi bərpa edilən şeirlər var idi (musiqisini Üzeyir Hacıbəyov bəstələmişdi. Üzeyir bəy Cavadın sözlərinə Türkiyənin az qala ikinci himni səviyyəsinə qalxan "Çırpınırdı Qara dəniz" türküsünü də bəstələmişdi).
Cavaddan fərqli olaraq, Məhəmməd Hadi başdan-başa bədbəxt idi, bədbəxtlik alnına yazılmışdı. Gənclik illərində mükəmməl təhsil almaq arzusu ürəyində qalmışdısa da, sonradan gecə-gündüz yorulmadan çalışması sayəsində dövrünün ən erudusiyalı şəxsiyyətlərindən biri kimi yetişmişdi. Elmə, təhsilə və maarifə qarşısıalınmaz şövqü ....kar divara dəyib yerə düşürdü. Bu isə onun aşağıdakı kədərli misralarında əksini tapıb:
Varmı bundan yuxarı uçmağa istedadım?
Qabiliyyət pərimə zəxt vurub ustadım.
Oxumaqçün nə qədər dadü-fəqan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersəm eşidir,
sonra verir əksi-səda,
Daşa
dönmüşlərə əks eyləmədi fəryadım.
Təkcə
yaradıcılıqda deyil, həm də həyatda romantik olan
Hadi Türkiyədə baş verən inqilabi hadisələrdən
ruhlanaraq 1908-ci ildə İstanbula gedir, ancaq burada onu həbs
edir və "rus casusu" kimi Salonikiyə sürürlər. Ancaq
1914-cü ildə sürgündən qurtula bilir, vətənə
qayıtmaq üçün gəmiyə minir. Ancaq gəmi yunanların əlinə keçir və
bu dəfə onu türk casusu hesab edirlər. Hadi güclə qurtula bilir.
Şairin məlum şerinin ən
məşhur beytlərindən biri belədir:
İmzasını qoymuş
miləl övraqi-həyatə,
Yox millətimin
xətti bu imzalar içində.
"İstibdaddan
qurtuluş" şerində Hadi yazırdı:
Qaldıq əlində bir
sürü ərbabi-vəhşətin,
Olduq əsiri pəmceyi-qəhrü
müsibətin!
Hər səmtdən
atılmadadır tiri-cangüdaz,
Yoxdur önün alan bu xədəngi-fəlakətin.
"Layəs'əl"in məalına
meydan olub vətən,
Keyfi idarələrdə nə
karı ədalətin?!
Hər yerdə eyləyir sitəm
icra hökmünü,
İştə budur nizami
kibabi-dənaətin!
Hər kəs nə bilsə
etsin, əvət... kimsə dinməsin,
Məmnu'dur
denilməsi sidqin, həqiqətin.
Ehraq olundu zülm ilə nazəndə
şərlər,
Yaxmaqdadır cahanları ahi
cəmaətin...
Hər kimsə öz mənafeyi
- şəxsiyyətin arar
Əshabi-fəqr
olmaqda qurbanı zillətin.
Hadinin taleyindəki dəhşətli
paradoks bundan ibarət idi ki, nəhayət elə bil ki, arzusu
çin olanda, Azərbaycan öz müstəqilliyini bəyan
edib, "imzasını həyat kitabına atanda",
yaşı qırxı haqlayan Hadi 26 yaşlı Cavaddan fərqli
olaraq bu sevinci sona qədər dada bilmir. Həyatının
ağla gəlməyən məşəqqətləri onu
alkoqola sürükləyir. Müasiri olan Hüseyn Cavid
belə bir kədərli epizodun şahidi olmuşdu - günlərin
birində ya bir tikə çörək, ya da içki almaq
üçün küçədə şeirlərini satan sərxoş şairə rast gəlir...
Tarixdə tez-tez baş verən hadisə bir də təkrarlanır:
Azadlığa həsrət olanların arzusu çin olanda
onların özləri bu təmiz havanı ciyərlərinə
çəkməyə macal tapmadan yanıb kül olurlar.
Qəbri uzun
müddət tapılmadı. Ancaq Hadinin bədbəxtliyi
bununla da bitmir. Şairin həyatda deyil, ədəbi
taleyində başqa bir talesizliyi. Məsələ belədir
ki, Hadinin əsərləri ərəb və fars
söz və ibarələri ilə dolu elə çətin
bir dildə qələmə alınıb ki, müasirləri
belə onları anlamaqda çətinlik çəkirdilər,
bu gün isə mütəxəssislərdən başqa
bunları anlayan yoxdur. Görünür,
çıxış yolu var - onun misralarını müasir
ahəngə uyğunlaşdırmaq, sadələşdirmək,
bunları müasir oxucunun anlaq səviyyəsinə gətirmək.
Ancaq burada da Hadinin qəliz ədəbi taleyinin
başqa bir özəlliyi gizlənib. Bunu
incə fəhmi ilə görkəmli şairimiz Ramiz
Rövşən dərk edib. Hadinin
şeirləri sadələşdiriləndə onlar təkcə
bətnindəki sirləri deyil, qeyri-müəyyənliyin
cazibəsi, sirlər də itir və hansı dərəcədə
isə adi, çeynənmiş fikirlərə çevrilirlər.
"Hadinin
qeyri-adi dərəcədə mürəkkəb misralarının
arxasında dərin və qutsal mətnaltı yoxdur, - Ramiz
Rövşən yazır. - Onun poeziyasındakı ərəb
və fars sözlərini müasir dilimizə
çevirsək, bu sözləri hər bir məktəbli
anlayar. Açıq danışsaq, mən
özüm də 80-ci illərin əvvəllərində bu
işi görməyə cəhd göstərmişdim. Hadinin bir neçə şerinin üzərində
bu əməliyyatı aparmaqla qəribə mənzərənin
şahidi olmuşdum - bu şeirlər sadələşdikcə,
daha da dayazlaşırdılar. Və bununla əlaqədar
olaraq belə bir sual meydana çıxır: doğrudanmı
Hadinin şeir dilinin mürəkkəbliyi onun ən
ağrılı tərəfidir? Bu sualın
birmənalı cavabı yoxdur".
Bu sözlər
Ramiz Rövşənin "Tanrı casusu" essesindən
götürülüb. Hadinin gah rus, gah də türk casusu kimi həbs edilməsi
hadisəsini xatırlayaq, müəllif onu "Tanrı
casusu" adlandırır və essesini belə bir inamla
başa vurur ki, Hadi elə bir dildə yazıb ki, Tanrı
özü onu dərhal anlaya bilsin...
Talesiz şairə
münasibətdə bu da bir növ təsəllidir.
Hadidən fərqli
olaraq Cavadın dili təmiz və sadədir. Bu, bulaq suyu qədər
şəffaf Azərbaycan - türk dilidir. Bu
həm də onunla bağlıdır ki, Hadi şeirlərinin əksəriyyətini
əruzda, Cavad isə hecada qələmə alıb.
Əhməd
Cavadın yaradıcılığındakı sevincə Azərbaycanda
sovet hakimiyyətinin qurulduğu 1920-ci ilin 28 aprel tarixində
nöqtə qoyuldu. Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini
düz 23 ay öncə - 1918-ci ilin 28 may tarixində elan
etmişdi.
Mən hər ildə bir
mayısa
Lap çox
ümidlər bağlaram.
Hər gələcək
mayıs üçün
Nisan ağlar,
mən ağlaram.
Düşdüm şorluq
biyabana,
Sığınamam
bir insana.
Gözəl mayıs,
ümid -
Hər yan
ağlar, mən ağlaram.
Açmazmı gül
sağda, solda
Görünməzmi
bəyaz alda?!
Sənsiz böylə
yarı yolda!
Qalan ağlar,
mən ağlaram.
Xoş hər mayıs batmaz
yasa,
Hər
zamanın mənə taza?!
O gün də bir gün
olmasa,
Vicdan ağlar, mən
ağlaram!
Sovet hakimiyyətinin ilk illərində
Ə.Cavad hələ ürəyinin
çığırtısını ifadə edə bilirdi:
Soranlara mən buyurdum
Anlatayım nəçiyəm:
Mən çeynənən
bir ölkənin
Haqq! - bağıran
səsiyəm.
Ancaq tezliklə
"ağrıdan fəryad edən bu səsi" boğdular. Cavad nə qədər
desə də, 25-ci ildən sonra heç bir siyasi təmayüllü
şeir yazmayıb, nə qədər and içsə də
"Oktyabr" adlı monumental poema və Moskva haqqında
şeirlər üzərində işləyir, əslində
hirsi ürəyini sökürdü.
Ədəbi məhkəmələrə
dair stenoqramlarda hansısa qrafomanın "nəzmə çəkdiyi"
sətirlər da qorunur, burada o, şeir formasında Cavadın
həbs edilməsini tələb edirdi və bununla da cəza
orqanlarının hərəkətlərini
qabaqlayırdı. Cavadın yadına təkcə
müstəqil Azərbaycanın bayrağına
yazdığı şeirləri, yaxud türk ordusunun şəninə
həsr etidyi şeri salmadılar, həm də onun tam
günahsız yazısını, Türkiyədə
müsavat dərgisində basılan "Göy göl"
şerini xatırladırdılar.
- Bu tam lirik bir şeirdir, onu
müxtəlif şəkildə izah etmək olar, - Cavad
şerinə bəraət qazandırmaq istəyirdi,
özüm də bilmirəm necə olub Türkiyə mətbuatına
düşüb.
Ancaq bütün bunlardan bir
şey çıxmadı, maraqlıdır ki, çox tezliklə
özləri də repressiyanın qurbanına çevriləcək,
tənqid etdikləri Cavid, Yusif Vəzir və Müşfiqin
düşdüyü günə düşəcək ədəbiyyatşünas
və tənqidçilər Cavadın müsavat keçmişinə,
onun poeziyasında ifadə edilən millətçi və
türkçülüklə aşılanan ruha qarşı ən
qəzəbli və aqressiv mövqe tuturdular. Belə
bir əlamətdar istisnanı nəzərə almaqla,
Cavadın ən kəskin opponentlərindən biri, hətta
onun Yazıçılar İttifaqından
çıxarılmasına nail olmuş birisi qocalıb əldən
düşənə kimi yaşadı. Gənc tənqidçi
onun haqqında uydurmuşdu ki, gəncliyində yaxşı adam olmasa da, o qədər uzun
yaşamışdı ki, qocalıqda yaxşı insana
çevrilmişdi. Bu insana bəraət kimi, əgər
onu doğrudan da bağışlamaq olarsa, - Cavad bəraət
aldıqdan sonra müxbirlər şair haqqında
anılarını bölüşmək məqsədi ilə
ona müraciət etmişdilər. Belə demişdi:
"Vaxtında onun haqqında o qədər ədalətsiz
şeylər dedim, yazdım və etdim ki, indi yaxşı nəyi
xatırlayım?"
Cavad Hüseyn
Cavid və Mikayıl Müşfiqlə eyni iyul günüdə
həbs edildi.
Hüseyn Cavid ailəsi ilə ən son görüşlərinin
birində demişdi: "Cavad özünü əsl kişi
kimi apardı".
Bu sözlərin
arxasında nələrin dayana biləcəyini ancaq fəhm
etmək olar.
Rəsmi versiyaya görə, Əhməd Cavad
güllələnib, ancaq belə bir versiya da gəzir ki, o,
güllələnməyə qədər qeyri-insani işgəncələrdən
sonra həyatını dəyişib.
Bakıda Əhməd
Cavadın adına küçə var.
Ancaq xatirə lövhəsi yoxdur. Ona son dərəcə
doğma sayılan Gəncədə də yoxdur. Bizdə bir qayda olaraq şairlərə şam kimi
abidələr ucaldırlar, - onlar bir-birinə bənzəyən
fiqurlar kimi lal-dinməz, qımıldanmadan dayanır. Həmişə bu barədə yazıb təkliflər
irəli sürmüşəm ki, Cavadın xatirəsini
başqa formada əbədiləşdirmək olar.
Hacıkənddən Göy gölə gedən yolun
üstündə çoxlu bulaq var. Bu bulaqların birinə Əhməd
Cavadın təmiz adını vermək, sal daşın
üstündə onun ölməz "Göy göl"
şerinin misralarını həkk etmək olar:
Dumanlı dağların
yaşıl qoynunda
Bulmuş gözəlliklə
kamalı Göy göl
Yaşıl kəmənbəndi
gözəl boynunda
Əks etmiş dağların
camalı Göy göl...
Kəsin eyşi-nuşi, gələnlər,
susun!
Dumandan
yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var: bir az uyusun,
Uyusun dağların
maralı Göy göl...
Bir
sözün varmıdır əsən yellərə? -
Sifariş etməyə
uzaq ellərə.
Yayılmış
şöhrətin bütün dillərə,
Olursa, olsun qoy
haralı Göy göl.
ANAR
Ədəbiyyat qəzeti.- 2010.- 9
sentyabr.- S.4.