"Hər şey
gözəldir həyatda"
1995-ci ildən etibarən hər il 9 sentyabr yer üzündə Beynəlxalq Gözəllik günü kimi qeyd olunur. Həmin gün bir qayda olaraq gözəllik müsabiqələri keçirilir, dünya gözəlləri seçilir. Bu bir həqiqətdir ki, gözəllik anlamına o qədər amil daxildir ki, bəlkə də sayıb qurtarmaq mümkün deyil. Elə ona görə də "Nədir gözəllik?" sualına bir qayda olaraq cavab vermək çətin olur. Bu ilki gözəllik günü isə müsəlman aləmi üçün daha əlamətdardır. Çünki müqəddəs Ramazan bayramına təsadüf edir. Ramazanın özü isə büsbütün gözəllikdir - desək, yəqin ki, yanılmarıq. Mayasında da ilk növbədə nəfsin gözəlliyi, iradə gözəlliyi durur. Bu bayram həm də ünsiyyət gözəlliyidir. İlk növbədə də müsəlmanın Tanrısı ilə ünsiyyətidir.
"Qurani-Kərim"in "Nəhl" surəsinin 30-cu ayəsində oxuyuruq:
"Dünyada
gözəl iş yapanlara gözəllik vardır". Yəqin siz də mənimlə razılaşarsınız
ki, bu fikirdə
böyük bir həyati məntiq var. Məhz bu fikir
gözəllik anlamının
əsl məğzini
tam açır. Onun yalnız
zahir üçün
mahiyyət daşımadığını
sübuta yetirir.
Dilimizdə belə bir məsəl var. Deyir, gedər camal, qalar kamal. Əsl gözəllik də elə kamalın gözəlliyidir. Tanrı tərəfindən
bəxş olunan gözəllikləri qoruyub
saxlayan və hər gün yenisini yaradan da elə kamalın
gücüdür.
"Hər şey gözəldir həyatda, sən bu gözəlliyi
anlaya, duya bilsən".
Mərhum şair-publisist Arif Abdullazadənin şerindəndir
bu misralar. Bu məntiq də bilavasitə insan təfəkkürünə, ətraf
mühitin insan tərəfindən dərkinə
gətirib çıxarır.
Çünki gözəlliyi anlamaq
və duymaq yalnız insana xas bir xüsusiyyətdir.
İnsanın nəyə, necə
baxmasından irəli
gələn bir xüsusiyyətdir.
Müqəddəs "Qurani-Kərim"in
"Əl-Həcc" surəsinin
46-cı ayəsində oxuyuruq:
"Həqiqətən
gözlər kor olmaz. Lakin sinələrdəki
ürəklər (qəlb
gözü) kor olar." Burda Bəxtiyar Vahabzadənin
"İki kor" şeiri düşdü yadıma:
Bir kor tanıyıram, gözü
korsa da
özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü o yazır, oxuyur.
Ağlının gözüylə o görür,
o duyur.
Ancaq biri də var
...kor deyilsə də, gözü görməyir.
fikrini, hissini ucadan deməz,
Bəzən gördüyünü görmək
istəməz.
Gözləri görməyən
kor deyil hələ,
Görmək istəməyən kordur -
deyərdim.
Belə müqəvvaya,
belə cahilə
Həyatın özü də gordur - deyərdim.
Bu şeir parçası elə büsbütün
"Quran" məntiqinin poetik
ifadəsidir.
"Hər şey gözəldir həyatda".
Bəlkə bu fikirlə razılaşmayan da olar. Amma o kimdirsə ona
sadəcə hər gün dan yerinin
sökülməsini göstərmək
gərəkdir. Gecənin bağrını
dəlib üzümüzə
gülümsəyən səhəri
görmək gərəkdir.
Azərbaycanda həkim
Əlfəddin Abdullayevi
tanımayan az
tapılar. Bir dəfə ondan
müsahibə götürürdüm,
şükranlıqdan söhbət
düşdü. Bilirsiz,
nə dedi? Dedi ən azından
hər gün biz səhər yuxudan oyanıb səhərin gözəlliyini gördüyümüz
üçün şükr
etməliyik. Axı elə adam
var ki, ümumiyyətlə
bu gözəlliyi görə bilmir. Eləsi də var ki,
gecə yatır, səhərin açılmasına
kimi dünyasını
dəyişir. Əgər biz hər gün səhərin gözəlliyini
görürüksə, həm
də ondan zövq almağı bacarmalıyıq. Bizə bu
xoşbəxtliyi nəsib
etdiyi üçün
Tanrımıza dönə-dönə
şükr etməliyik.
"Hər şey gözəldir həyatda, sən bu gözəlliyi
anlaya, duya bilsən".
Bir zaman Akif İslamzadə
və Brilyant Dadaşova bu mahnını böyük
həyat sevgisi ilə oxuyardılar. Mahnını dinləyə - dinləyə
insanın gözləri
qarşısında sanki
hər şey gözəlləşərdi.
9 sentyabr Beynəlxalq Gözəllik günüdür. Düzdür, bu gün onun
mahiyyətində yalnız
zahiri gözəllik dayanır. Amma kim bilir,
bəlkə də zaman gələcək bu gün öz
əhatə dairəsini
genişləndirəcək. Axı belə bir deyim
də var ki, "Dünyanı gözəllik xilas edəcək". Dünyamız isə böyük təhlükə qarşısındadır.
Bir yandan təbii fəlakətlər, bir yandan da insan
övladının özünün
yaratdığı fəlakətlər,
qırğınlar. Ulu Tanrı
isə insanı xəlq eləyəndə
daha çox qurmaq, yaratmaq üçün xəlq eləyib. Bəşər övladı bu
gerçəyi unutmasa
yaxşıdır.
"Hər
şey gözəldir
həyatda" - dedi Arif Abdullazadə. Amma onu da
dedi ki, "Özün bir zərrə də gözəllik yarada bilsən". Doğrudan da özümüz kiçik ,
lap kiçik bir gözəllik yarada bilsək gözəl olmazmı? Məntiq etibarı ilə
hər bir insan gözəllik yaratmağa qadirdir. Allah-Təala bu
istedadı hər bir insana verib.
Amma hər kəsə də yalnız öz potensial imkanlarına görə verib. Alim elmi ilə gözəldir. Bağban bağçasıyla.
Təbib
şəfasıyla gözəldir,
həbib cəfasıyla,
sədaqətiylə. Adicə dibçəkdə bir gül becərən də öz əməliylə gözəldir.
Şair də insan qəlbini
riqqətə gətirən
sözləriylə gözəldir.
Çox zaman bəşər övladını həyat
imtahana çəkir. Keçdiyi
ömür yolunda çox şaxtalara , sazaqlara , boranlara
tuş gəlir. Olur ki, yayın qızmarında bir soyuq baxışdan donur, bir acı
sözdən boğulur.Amma
müvazinətini itirmir.
Həyatın üzünə
gülümsəyib, elə
Bəxtiyar Vahabzadənin
dediyi kimi " Həyat, acın da şirin" - deyir.
Çünki hər şey, hər şey gözəldir həyatda.
Tanrının bizə bəxş etdiyi min bir gözəlliyi isə sadəcə seyr etmək yox, dərk etmək gərəkdir.
Zərxanım ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2010.- 9 sentyabr.- S.5.