Üzeyir məktəbi

 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il 23 fevral tarixli Sərəncamına uyğun olaraq "Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş" Üzeyir Hacıbəylinin 125 illik yubileyi layiqincə qeyd edilməkdədir.

Dahi Üzeyiri böyük məhəbbətlə xatırlayan digər məşhur tələbələri kimi, Fikrət Əmirov da onun adını həmişə sonsuz sayğı ilə çəkirdi. "Koroğlu"nun uvertürasını dinləyəndə özü hiss etmədən necə biixtiyar ayağa qalxdığını heyrət və iftixarla etiraf edirdi.

"Füzuli şerinin bir bəstəkar qardaşı" olan böyük Üzeyir bəy təkcə musiqi xadimlərinin deyil, həm də ədəbiyyatımızın görkəmli nümayəndələrinin yüksək qiymətləndirdikləri dünya şöhrətli sənətkardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin məlum Sərəncamı ilə 75 illiyi qeyd olunan “Ədəbiyyat qəzeti”nin bu dövr ərzində neçə-neçə sayında ölməz sənətkar haqqında həm bəstəkarların, həm də yazıçıların məhəbbət və heyrət dolu ürək sözlərini dərc etmişdir.

Bu sayımızda həmin ürək sözlərindən bir sıra nümunələri dahi bəstəkarın yubiley günlərində onun pərəstişkarı olan əziz oxucularımıza təqdim edirik.

 

  İllər keçdikcə xalqımızın böyük bəstəkarı Üzeyir Hacıbəyovun həyat yaradıcılıq yoluna bir daha nəzər salır, dediklərini yazdıqlarını təkrar-təkrar xatırlayırıq. Belə ölməz şəxsiyyətlərin sənət irsinin əsl qiyməti məhz bu gün üçün dərəcədə müasir olmasında, gərəkli olmasındadır. Üzeyir Hacıbəyov irsinə bu baxımdan qiymət veriləndə böyük bəstəkarın musiqi əsərlərinin, sənət haqqında fikirlərinin, şəxsiyyətinin Azərbaycan musiqisinin Azərbaycan bəstəkarlarının inkişafındakı misilsiz təsiri bütün əzəməti ilə açıq-aşkar görünür.

Mən əvvəlcə Üzeyir Hacıbəyovun şəxsiyyəti haqqında bir-iki söz demək istərdim. Bu məsələdən başlamağı ona görə vacib bilirəm ki, əvvəla, mən bəstəkarı ilk dəfə görərkən hələ, necə deyərlər, uşaq idim onun sənəti haqqında lazımi məlumatım yox idi. İkincisi ki, elə güman edirəm, sənətkarın şəxsiyyəti ön planda durmalıdır. Əsər müəllifin bütün mənəvi aləmindən süzülüb gəlir; şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə, ləyaqəti sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdətdə olmalıdır. Yalnız bu halda əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu.

O, mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmışdır. Bu unudulmaz görüşün səbəbkarı böyük müğənnimiz Bülbül oldu. 1938-ci il idi. Bülbül məni konservatoriyaya - bəstəkarın otağına aparıb təqdim etdi: "Üzeyir, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir".

Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum. İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydumbütün varlığımla ona bağlandım. Ancaq bu bağlılıq bəstəkar kimi mənim heç də əl-qolumu bağlamadı, əksinə, qanadlarımı bərkitdi və mənə cəsarət verdi, sərbəstlik verdi.

Üzeyir Hacıbəyovun gənclərə münasibətində mən həmişə təmkinli bir qətiyyət, doğma bir tələbkarlıq duymuşam. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gəlir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı bu böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, onun unudulmaz məsləhətlərini eşitmişəm.

Şübhə etmirəm ki, başqa sənət yoldaşlarım da bu sözləri məmnuniyyətlə təkrar edərlər. Üzeyir Hacıbəyov sənətinin Azərbaycan bəstəkarlarına nə verdiyini tam ifadə etmək üçün mən yalnız belə deyə bilərəm: "Biz hamımız Üzeyir məktəbindən çıxmışıq".

Bu məktəbdə biz nə öyrənmişik?.. Bu çox ciddi, həm də çoz əhatəli cavab tələb edən bir sualdır. Burada mən ancaq müəyyən cəhətləri qeyd etməklə kifayətlənməli olacağam.

Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir. İlk operamızın, operettamızın, xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın… yaranışı onun adı ilə bağlıdır.

"Leyli və Məcnun"dan "Koroğlu"ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları və qiymətli sənət kəşfləri ilə zəngin bir yoldur. Burada onu qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının məhz Füzulinin "Leyli və Məcnun" poeması əsasında yazılması da mənalı faktdır. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürməkdədir. Bəstəkarın başqa əsərlərində də Füzuli şerinə sədaqəti aydın hiss olunur. Bədii dilimizin banisi Füzulinin ədəbiyyatımızda gördüyü vəzifəni, mənə elə gəlir ki, musiqimizdə böyük Üzeyir həyəta keçirmişdir. Səməd Vurğun çox doğru olaraq Üzeyirə "Ey Füzuli şerinin bir sənətkar qardaşı!" - deyə müraciət edir. Poeziya ilə musiqinin bu qardaşlıq ənənələrini biz həmişə diqqətlə qoruyub saxlamalıyıq.

Uzun illər apardığı axtarışların nəticəsi olaraq meydana çıxan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri Üzeyir Hacıbəyovu həmçinin qüdrətli musiqi nəzəriyyəçisi, tədqiqatçısı kimi də tanıtdı. Bəstəkarın musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir. Onu da qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyov bədii yaradıcılığı ilə nəzəri fikirləri arasında ziddiyyət olan sənətkarlardan deyil. Onun musiqisi sözünü, sözümusiqisini tamamlayır.

Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq musiqisinə münasibət məsələsidir. Bəstəkarın demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun. Onun bu məsələyə yetirdiyi çox böyük diqqət təsadüfi deyildi. Ü.Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabının 1945-ci ildəki ilk nəşrinə yazdığı ön sözdə həmin mövzunu necə işlədiyindən danışarkən qeyd edirdi ki, Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair bir ədəbiyyat və xüsusi elmi əsər olmadığına görə mən ancaq öz şəxsi müşahidələrimin, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum

Beləliklə, bu sətirlər də aydın təsdiq edir ki, ölməz sənətkar xalq musiqimizin elmi əsaslarını işləmək, ona layiq olduğu yüksək qiyməti vermək və lazımınca tanıtmaq, sevdirmək üçün nə qədər gərgin tədqiqat işi aparmış və vətəndaşlıq qeyrəti göstərmişdir. Üzeyir Hacıbəyov musiqi folklorumuzu toplamağın, xalq musiqimizi bütün incəliyi ilə araşdırmağın vacib olduğunu təkrar-təkrar xatırladarkən bu zəngin xəzinədən heçpassiv istifadəni, yerli-yersiz sitatlar gətirməklə istifadəni nəzərdə tutmurdu. Bəstəkarın qəti qənaəti belə idi ki, musiqi folklorundan xalqın arzu və düşüncələrini, həyata, dünyaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan yaradıcılıqla faydalanmaq lazımdır. Əks təqdirdə bəstəkar xalq musiqisinə heç nə əlavə edə bilməz, onu daha da zənginləşdirmək əvəzinə ancaq təkrar etməli olar ki, bunun da əsl sənətkarlıqla, əlbəttə, əlaqəsi yoxdur.

Xoşbəxtlikdən böyük Üzeyir bu məsələdə də Azərbaycan musiqisində nümunə göstərdi. Onun dühasının parlaq məhsulu olan "Koroğlu" yarandı. Mən belə hesab edirəm ki, "Koroğlu" klassik rus operalarından Qlinkanın "Ruslan və Lüdmila"sı, Borodinin "Knyaz İqor"u ilə yanaşı dura bilən sənət əsəridir. Musiqi həyatımızda çox ciddi hadisə olan həmin əsərin necə meydana gəldiyindən bəhs edən müəllif yazırdı: "Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım".

Bu, çox qiymətli etirafdır. Həqiqətən "Koroğlu" bizim üçün böyük sənət proqramı əhəmiyyətində olan bir məxəzdir. Bu opera bizdə hələ lazımi dərinliklə araşdırılıb tədqiq olunmamışdır. Halbuki Üzeyirin bədii irsi ilə nəzəri irsi arasındakı əlaqəni geniş, ətraflı öyrənmək baxımından "Koroğlu"nun diqqətlə, mövzuya yaxından bələdliklə təhlili çox zəruridir.

Ü.Hacıbəyov operanı yazarkın, özünün dediyi kimi, Azərbaycan xalq musiqisi sənətinin əsasını təşkil edən ciddi qanun-qaydalara riayət etmişdir. Bu ciddi "qanun-qaydalar" bəstəkarın yaradıcılıq fantaziyasına daha da qol-qanad vermiş, azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini daha aydın işıqlandırmışdır.

Böyük rus tənqidçisi V.Belinski dahi A.Puşkinin "Yevgeni Onegin", "Tunc atlı" və başqa bu səpkili əsərlərindən danışarkən onlaradkı xəlqiliyi xüsusilə yüksək qiymətləndirirdi və belə hesab edirdi ki, həmin poemalar mövzusu bilavasitə xalq yaradıcılığından alınmış əsrələrdən, məsələn, deyək "RuslanLüdmila"dan daha çox xəlqidir. Çünki "Həqiqi millilik sarafanı təsvir etmək deyil, xalq ruhunu təmsil etməkdədir" (N.Qoqol).

Bu mülahizələri eyni ilə Üzeyir Hacıbəyov yaradıcılığına da aid etmək mümkündür. "Koroğlu"nun bu qədər xəlqi əsər, milli əsər olması müəllifin yalnız mövzunu folklordan götürməsilə izah edilə bilməz. Həmin operada xarici işğalçılara qarşı azadlıq uğrunda aparılan qanlı vuruşmalarda babəklər, koroğlular yetirmiş xalqın misilsiz mübarizə əzmi, qəhrəmanlıq hünəri, vətənpərvərlik qüruru vardır. Üzeyir Hacıbəyovun dahiliyi ondadır ki, bütün bu mühüm keyfiyyətləri xalqın öz ruhuna uyğun, xalqın özünə doğma olan bir musiqi dili ilə ifadə edə bilmişdir. Belə çox ağır və eyni zamanda çox şərəfli yaradıcılıq zəhmətinə qatlaşan bəstəkar operanın ilk böyük müvəffəqiyyətindən sonra bu sözləri deməkdə haqlı idi: "Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, "Koroğlu" operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" operası xalqın doğma musiqi dilində yazılmışdır. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm".

Böyük müəllimimiz belə hesab edirdi ki, xalq ilə onun anladığı dildə danışmaq istedadından məhrum olan hər hansı bəstəkar dövrümüzə layiq, yüksək qiymətli əsərlər yaratmaqda da aciz qalacaqdır.

Üzeyir Hacıbəyov belə bir əqidəyə birdən-birə gəlməmişdi. Əvvələn, dediyimiz kimi, o uzun illər boyu xalq musiqimizi yorulmadan toplamış, öyrənmiş, saf-çürük etmiş, mühüm elmi nəticələr çıxarmışdır. İkincisi də, o təkcə xalq musiqimizi tədqiq etməklə kifayətlənmirdi, xüsusən rusdünya xalqlarının ən görkəmli bəstəkarlarının yaradıcılığını ardıcıl izləyir, müvafiq nəticələrə gəlirdi. Ü.Hacıbəyov dünya şöhrəti qazanmış bəstəkarların sənətkarlıq sirlərini, onların böyük müvəffəqiyyətlərinin səbəblərini daim arayıb-axtarır, dərindən-dərinə öyrənirdi. Yeri düşdükcə, ayrı-ayrı məqalə və çıxışlarında həmin məsələyə toxunmağı da vacib bilirdi. Bu mənada onun "Çaykovski və Azərbaycan musiqisi" adlı məqaləsi çox maraqlıdır. Həmin məqalənin bir yerində oxuyuruq: "Rus xalqının bu böyük bəstəkarının musiqi yaradıcılığının əsasını rus xalq musiqisi təşkil edir ki, bu səbəbdən də onun… əsərləri öz azad yaradıcılıq fantaziyasının bütün parlaqlığı ilə rus xalqı üçün doğma və yaxındır. Xalis milli rus bəstəkarları olan Çaykovski eyni zamanda hər cür etnoqrafizmdən və milli məhdudluqdan tamamilə uzaqdır… Mən Çaykovskinin yaradıcılığına coşqun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm".

Üzeyir Hacıbəyov rus musiqisinin təkcə klassik nümayəndələrinin deyil, həm də müasir nümayəndələrinin yaradıcılığına məhəbbətlə yanaşır, əsərlərini sevə-sevə təhlil edirdi. Hələ 30-cu illərin axırı və 40-cı illərin əvvəllərində yazdığı məqalələrdə həmin cəhətlər aydın görünməkdə idi. Bu isə Ü.Hacıbəyovun eyni zamanda ümumittifaq miqyasındakı nüfuzunu bir daha təsdiq edir.

Bu gün bizim hamımızın məktəb bildiyimiz ölməz bəstəkar həmişə başqa xalqların musiqi mədəniyyətindən ən yaxşı cəhətləri öyrənməyə, onlardan bəhrələnməyə çağırırdı. "Bir-birimizdən öyrənək!" Üzeyir Hacıbəyov bu çağırışı tez-tez təkrar etməkdən çəkinmirdi. Hətta həmin başlıq altında onun ayrıca məqaləsi də vardı. Bəstəkar Zaqafqaziya respublikalarının sovet musiqisi ongünlüyündən bəhs edərkən yazırdı: "Üç respublikanın hər birinin incəsənətində yeniliyə, sənətkarlığın zirvələrinə yiyələnməyə, orijinal ifadə vasitələri tapmağa cəsarətlə səy göstərildiyi hiss olunur. Bir-birimizdən öyrənək! (kursiv bizimdir - F.Ə.) İndi artıq çıxara biləcəyimiz birinci nəticə bundan ibarətdir".

Üzeyir Hacıbəyov təkcə başqalarından öyrənməyə çağırışla kifayətlənmir, həmçinin "özümüzü" layiqincə tanıyıb bilməyimizi vacib sayırdı. Bu mənada onun Qərb alimlərinin Şərq musiqisinə dair tədqiqləri ilə əlaqədar söylədiyi mülahizələri maraqlıdır. Bir sıra faktik müqayisələr apardıqdan sonra müəllif bu nəticəyə gəlir ki, Avropa alimləri qədim Şərq musiqisinimusiqi alimlərini bizdən daha gözəl bilir və həmin tarixdən bizdən daha tez xəbərdardırlar ("Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri"). İyirminci illərdə deyilmiş bu hökmdə bir az da özümüzü töhmətləndirmək təşəbbüsü vardır. Belə çox incə, eyni zamanda kəskin deyilmiş fikirlər bizim özümüzü səfərbər etmək, Şərq klassikasını daha dərindən öyrənməyə cəlb etmək məqsədi daşıyırdı.

Üzeyir Hacıbəyov elmi-nəzəri irsi içərisində el mahnılarımızın toplanması və işlənməsinə, aşıq sənətinin layiqincə qiymətləndirilməsinə, ifaçılığa və başqa mühüm yaradıcılıq məsələlərinə dair qiymətli mülahizələr vardır. Həmişə öyrənməyə can atanbizi də həmişə öyrənməyə çağıran böyük sənətkarın özünün elmi ədəbi və bədii irsi xüsusilə Yaxın Şərq və ərəb ölkələri musiqisinin inkişafı üçün çox əhəmiyyətlidir. Bəstəkarın əsərlərinin, o cümlədən daha çox "Arşın mal alan"ın ümumiyyətlə, xaricdəki, eləcə də Yaxın Şərqdəki geniş şöhrətini məhz bununla izah etmək lazımdır. Yeri gəlmişkən onu da deyək ki, Ü.Hacıbəyovu bəzən, ola bilsin, bugünkü musiqi texnikası baxımından təftiş etmək istəyənlər də tapılsın. Amma əslində hər bir sənətkarın xidmətini yazıb-yaratdığı dövrdən çıxış edərək qiymətləndirmək zəruridir. Belə olduqda, Üzeyir Hacıbəyovun bizim müdafiəmizə ehtiyacı qalmır. Çünki onun hər bir musiqi əsəri və hər bir musiqi fikri həyatiliyi, xəlqiliyi və dərin elmiliyi ilə özünü qeyri-elmi iradlardan asanlıqla qoruya bilir. Məşhur bir əfsanədə Anteyin qeyri-adi qüdrətini onun ayaqlarının torpağa dayanmasında, torpaqla bağlılığında görürlər. Üzeyir Hacıbəyov özübu müqayisəni sevirdi və bəstəkarın gücünü-qüvvətini onun xalq həyatına, xalq sənətinə bağlılığında görürdü. Biz böyük Üzeyir yaradıcılığındakı bu Antey qüdrətinin sirlərini hələ də öyrənməliyik.

 

1975

 

 

Fikrət Əmirov

 

Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.- S.1, 2.