Məhəmməd Biriyanın məhəbbəti və
faciəsi
Həyatın
qəribə qanunlarından biri də odur ki, fitri istedad sahiblərinin
parlayış dövrlərində, onların əxlaqi, mənəvi
aləmi, xasiyyəti, əməllərinin təzahür
formaları barədə cürbəcür uydurmalar düzəldir
və bunları əsl həqiqət kimi tam inamla yayırlar. Həyatda rast gəldiyim
bəxti belə yazılmış əsl istedadlardan biri Məhəmməd
Biriya idi.
Onunla ilk görüşüm maraqlı bir təsadüflə bağlı olmuşdur. Məlumdur ki, 1941-ci il iyunun 22-də dünyaya meydan oxuyan Hitlerin qoşunları İngiltərəyə, Fransaya hücumlardan sonra üzünü Şərqə çevirdi: təpədən-dırnağa qədər silahlanmış saysız-hesabsız müsəlləh qüvvə sovet ölkəsinə hücuma keçdi. O zaman Rza Şah Pəhləvi istibdadı İranın siyasətini və taleyini Hitler Almaniyası ilə bağlamışdı. İranda çoxlu alman hərbi, siyasi, diplomatik və iqtisadi qüvvələr fəaliyyət göstərirdi. Təbiidir ki, bunun dalında bircə məqsəd gizlənirdi: İranı sovet ölkəsinə qarşı hərbi cəbbəxanaya çevirmək və fürsət düşən kimi orada sərhədləri aşıb Bakının neft mənbələrini ələ keçirmək və beləliklə də Cənubda sovet ölkəsinə qarşı yeni cəbhə açmaq. Məhz hitlerçilərin bu riyakar qəsdinin qabağını almaq üçün sovetlər Rza şah istibdadından tələb etdi ki, İranı Hitler qəsbkarlarından təmizləsin. İran müstəbidi müharibə yolunu seçdikdə sovetlər qoşunlarını Arazın o tayına keçirməyə məcbur oldular. Çox tez bir müddətdə Rza şah məğlubiyyətə uğradı, taxt-tacdan əl çəkib İranı tərk edərək Cənubi Afrika dövlətinə pənah apardı. O zaman sovet qoşunları İran dövlətinin şimal hissələrində, ingilis qoşunları isə Cənubda yerləşdi. Tehran neytral zona elan olunaraq necə vardısa, elə də qaldı. Hakimiyyət başına atası Rza şahdan sonra onun oğlu Məhəmməd Rza Pəhləvi gəldi.
Rza şah istibdadının zülmündən, soyğunçu siyasətindən cana gəlmiş xalq kütlələri, o cümlədən Cənubi Azərbaycan əhalisi sovet qoşunlarını hörmətlə qarşıladı. Belə tarixi bir dövrdə cənublu bacı və qardaşlarımız elə ilk günlərdəncə bizim köməyimizə, xüsusən mədəniyyət, elm və ədəbiyyat sahəsində köməyimizə ehtiyac hiss etdiklərini bildirirdilər. Bunu nəzərə alaraq, sovet Azərbaycanının ziyalıları məmnuniyyətlə Cənuba gedib orada qarşılıqlı mədəni-maarif və iqtisadi əlaqələr yaratmağa hazır olduqlarını bildirdilər. İrana daxil olmuş sovet hərbi hissələrində də xeyli azərbaycanlı vardı və onlara da mədəni xidmət etmək ehtiyacı duyulurdu. Bunu nəzərə alaraq müəllimlərdən, yazıçılardan, jurnalistlərdən və sair ziyalılardan ibarət bir qrup hazırlıqlı yoldaşları Bakıdan Təbrizə göndərmək fikri oyandı. Onlar həm sovet əsgərləri, həm də yerli əhali arasında ictimai, elmi, ədəbi, estetik sahələrdə söhbətlər aparmalı, iş görməli idilər. Xalqa hər cür kömək etmək, kəndlərə getmək, Təbrizlə yanaşı, Cənubun Sərab, Ərdəbil, Urmiya kimi şəhərlərində maarifi, mədəniyyəti yaymaq əsas məqsəd kimi irəli çıxmışdı. Bütün bunlar təbii ehtiyac idi, çünki amansız, qanlı müharibə gedirdi, dünyada vəziyyət mürəkkəb və qeyri-sabit idi; cəbhələrdən hər gün, hər saat yeni bir xəbər gəlirdi. Yayılan xəbərlər içərisində insanları çaşdıran, onlarda təlaş, vahimə oyadan şayiələr də az deyildi. Aydındır ki, bütün bu şayiə və xəbərlər İran torpaqlarında, İran xalqları arasında da tez-tez yayılır və cürbəcür rənglər alırdı. Sovet Azərbaycanından müxtəlif ixtisas sahibi ziyalıların müvəqqəti olaraq Cənubi Azərbaycana ezam olunması bir də ona görə zəruri idi ki, həm əsgərlərlə, həm də cənublu qardaşlarla ünsiyyət yaratmaq, onlara bu və ya digər sahələrdə kömək etmək lazım idi. Ələ düşmüş tarixi fürsətdən istifadə etməmək bağışlanmaz səhv olardı.
Ədalətsiz müharibələr nəticəsində iki yerə parçalanmış Azərbaycan xalqının ictimai, iqtisadi, mədəni əlaqələri son iki əsrdə gah pozulmuş, alayarımçıq da olsa, gah bərpa edilmişdir. 1941-ci ildə bu əlaqələrin yeni bərpası və inkişafı üçün müəyyən şərait yaranmışdı. Mənəvi ünsiyyət, iqtisadi, mədəni əlaqələri az-çox nizama salmaq, genişləndirmək Arazın hər iki sahilində yaşayan xalq kütlələrinin, mütərəqqi ziyalı təbəqələrin mənəvi tələbi idi. Bu, iki yüz ilə yaxın bir-birindən ayrı düşmüş cənublu və şimallı qardaşların da, bacıların da ürəyindən idi. Bir sözlə, xalqın həyatında mədəni, mənəvi əlaqələrə meyli çox güclü idi. Bu yolda onlara hər cür kömək bizim vicdani, qardaşlıq borcumuz sayılmalıdır. Hamı bu fikirlə razılaşırdı ki, vaxtaşırı şimaldakı ziyalıların və xalq kütlələrinin nümayəndələri Cənuba, cənubdakılar Şimala getsinlər, həm Arazın o tayında, həm də bu tayında vəziyyətlə, uğurlar, arzular, niyyətlərlə tanış olub işgüzar əlaqələr yaratsınlar.
Bu məqsədlə də böyük yazıçı Süleyman Rəhimov, qeyri-adi istedad sahibi, aktyor və rejissor İsmayıl Hidayətzadə və bu sətirlərin sahibi, 1941-ci ildə təqribən noyabr ayının axırlarında yuxarıda dediyim məqsədlə Cənubi Azərbaycana ezam olundu. Heç vaxt unutmaram o günü, o gün ki, həyəcan içində, qeyri-adi ürək çırpıntıları ilə, hədsiz sevinclə Culfa körpüsündən o taya keçdik və çoxdan həsrətində olduğumuz müqəddəs Cənub torpağına ayaq basdıq. Bu hərarətli hisslərin təsirilə ixtiyarsız olaraq, rastımıza gələn adamlarla qucaqlaşıb öpüşdük. Bizi bürümüş hisslər sanki onların da ürəyini isindirmişdi, köhnə tanışlar və dostlar kimi bizi bağırlarına basırdılar...
- Yolunuz hayanadır? - deyib ortayaşlı, qarayanız, qara qalın bığlı biri soruşdu: - Təbrizə, ya Urmiyaya?
- Təbrizə! - deyib bir ağızdan cavab verdik. O adam sağ əlini qabağa uzatdı, şəstlə
ucadan dedi:
- Bax, qatar
bu yolla düz qabağa gedəcək, bir az sonra Mərəndə
çatacaqsınız, ordan üzü yuxarı qalxan yol sizi
birbaş Təbrizə aparacaq...
Gülərüzlü bir gənc
ona müraciət etdi:
- Dadaş, ağalar yol gəliblər,
bəlkə ürəkləri yanıb, bir az
dincəlmək, bir stəkan çay içmək meylləri
var///...
Qarabığ kişi
güldü:
- Nə deyirəm ki,
buyursunlar, gözümüz üstdə yerləri var, məxməri
çay da ki, odur, çayxanada...
Biz
üçümüz də bir ağızdan təşəkkür
etdik, hörmətlə, məhəbbətlə onlarla vidalaşıb
qatara oturduq, yola düşdük... yuxarıda dediklərimin
hamısı Təbrizdəki görüşlərimiz
zamanı öz təbii qiymətini aldı. Həm bizim əsgərlərlə,
həm də cənublu qardaş və bacılarla
görüşlərdə təqdir olundu. Təbriz bizi heyran etmişdi. Onun
qədim dövrlərin təravətini saxlamış gözəlliyi
hər küçədə, hər məhəllədə
hiss olunurdu. Gülüstan bağı, əvvəl
Şah İsmayıl, sonra Səttərxan, bir az sonra Pəhləvi
və nəhayət, yenə Səttərxan, indi isə Xomeyni
xiyabanı adlanan şimaldan cənuba uzanaraq şəhəri
iki yerə bölən enli və dümdüz küçəsi,
örtülü bazarı, Ərk qalası, Orta əsrlər
darülfünun binası və orta məktəbləri,
Xaqanini, Şəms Təbrizini qoynuna almış məşhur
Surxab qəbiristanı (onu şairlər qəbiristanı da
adlandırırlar). Şəhərin cənubundakı
"Şah gölü", əndərunlu-birunlu evləri,
meyvəsinin dadından doymaq mümkün olmayan meynə, ərik,
badam, alma, armud bağları, həyətlərindəki
hovuzlarda çimən rəngarəng göyərçinləri,
dünyada nə istəsən, tapmaq mümkün olan
dükanları, nəhayət, son dərəcə nəzakətli,
ədəb-ərkanlı kişiləri, cavan oğlanları,
qaragilə, şirindil qızları Təbrizin sonsuz gözəlliklərindən
nümunələrdir.
Məhəmməd Biriya ilə
mənim ilk görüşüm bax elə bu şəhərdə
oldu...
İndi mən
həyatımın ayrı bir münasibətlə təsvir
edəcəyim səhifələrini çevirir, bu
yazının başlığına çıxartdığım
mövzuya keçirəm.
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və balet Teatrının 1941-ci ilin axırlarında Təbrizdə başlanacaq qastrolu münasibətilə "Vətən yolunda" adlı qəzetimizin ilk nömrəsini çatdıra bilmədiyimizdən ərəb əlifbası ilə xüsusi səhifə buraxmalı olduq. Hər iki üzü təzəcə qurduğumuz mətbəədə çap olunmuş min nüsxəyə qədər bu yarım qəzeti Gülüstan bağından tutmuş örtülü bazara və şəhər bələdiyyə idarəsi qabağındakı meydana qədər uzanan Səttərxan xiyabanı boyu adamlara paylamağı əvvəlcədən qərarlaşdırmışdıq. Bu vərəqədə təbrizlilərə məhəbbətlə dolu olan ürək sözlərimiz və Opera Teatrımız barədə redaksiya işçilərimizin xırda yazıları çap olunmuşdu. İki səhifəlik bu vərəqəni (onu elə belə də adlandırmışdıq) təbrizlilər gözlədiyimizdən yüz qat artıq həvəslə qarşıladılar, yəni vərəqəni qapaqap düşdü. Camaat qəzet paylayanlarımızın üstünə cumub "Yoldaş, mənə də ver!" - deyə vərəqəni havada qapır, kənara çəkilir və həvəslə ucadan oxuyurdular. Axı bu, əhalinin Azərbaycan dilində küçədə paylanan gördüyü ilk mətbəə çaplı vərəqə idi.
Bu hadisə şəhərə səs salmış və bizi hədsiz dərəcədə sevindirib ruhlandırmışdı. Sabahısı redaksiya işçiləri İsrafil Nəzərov, Osman Sarıvəlli, Mehdixan Vəkilov, Qılman Musayev (İlkin) və başqaları redaktor otağına yığışıb öz sevinclərini bildirdiyi və söhbətimizin qızışdığı zamanda bir oğlan içəri girib əlindəki kağızı mənə uzatdı: - Sizə çatacaq! - deyərək dönüb getdi. Dərhal kağızı açıb çox aydın xətlə yazılmış sətirlərəgöz gəzdirdim. Başda yazılmışdı: "Yoldaş, mənə də ver!" altında: "Məhəmməd Biriya" imzası qoyulmuşdu. Məktub bizi o qədər ruhlandırdı ki, onu "Vətən yolunda" qəzetinin birinci nömərsində çap etməyi qərara aldıq. Bir müddət sonra ortaboylu, işıqlı qaragöz bir oğlan redaksiyaya gəlib özünü təqdim etdi. Gülə-gülə: Məhəmməd Biriya mənəm! - dedi. Mən tez ayağa durub onu qucaqladım: - Ay qardaş, nə yaxşı gəlmisən! fikirləşirdik səni necə tapaq…
O, şirin-şirin gülüb dedi: - Məni tapmaq çox da çətin deyil. Bələdiyyədə işləyirəm, bax, elə sizin idarədən çıxıb küçə boyu sol tərəfə getsən, "Saat altı" deyilən yerdədir... Mən Mehdixan Vəkilovu, İsrafil Nəzərovu, Osman Sarıvəllini, Qılman Musayevi çağırdım. "Yoldaş, mənə də ver"lə tanış olun, - deyib Biriyanı onlara, sonra da onları bir-bir Biriyaya təqdim etdim. Xeyli şirin söhbətimiz oldu, zarafatlaşdıq, dedik, güldük, öyrəndik ki, Biriya bələdiyyədə ayaqçı işləyir, kağız-kuğuzu adamlara, idarələrə çatdırır, lazım olan şəxsləri çağırır və sairə.
- Yəqin get-gəlin
çox olur, yorulursan? - deyib üzünə
baxdım. O, eyni şuxluqla gülüb cavab verdi:
- Duçərxəm var, onda gedib-gəlirəm. Demə İranda velosipedə duçərxə -
iki çarxlı deyirmişlər. Söhbət
zamanı məlum oldu ki, Biriya həvəsi gələndə
şeirlər də yazır.
- Xahiş edirəm bizim qəzetdə
də iştirak elə, şeirlər ver, məmnuniyyətlə
çap edərik...
O gündən başlayaraq
Biriya bizim "Vətən yolunda" qəzetimizin ən fəal
yazıçılarından biri oldu. O, demək olar ki, hər
gün öz duçərxəsinə oturub redaksiyaya gəlir,
qəzetin camaat arasında böyük hörmət
qazandığından danışır, bəzi məsləhətlər
verirdi. Ara-sıra şeirlər də gətirirdi.
Bu şeirlər əsasən satirik ruhda olur,
xalqın müxtəlif təbəqələrinin həyatını,
istəklərini əks edirdi.
Biriyanın ən çox
sevdiyi və bir sıra şeirlərini əzbər bildiyi iki
böyük şair - Mirzə Ələkbər Sabir və
Mirzə Əli Möcüz! Azərbaycanın
bu iki ölməz şairinin əsərləri Biriya
üçün yaradıcılıq məktəbi idi.
O, bir şeirdən o birinə böyüyür, sənətin
sirlərini öyrənir, ucalır, yüksəlirdi.
Bir dəfə
redaksiyada oturub növbəti nömrənin
materiallarını oxuyurdum. Onları qəzetimizin
məsul katibi, son dərəcə səliqəli,
işgüzar olan İsrafil Nəzərov
hazırlamışdı. Elə
materialları oxuyub təzəcə qurtarmışdım ki,
kimsə qapını taqqıldatdı. "Buyurun
içəri" - dedim. Bu, Biriya idi. Mərhum böyük şairimiz Süleyman Rüstəmlə
içəri gəldilər. Hərəsi
bir şeir gətirmişdi. Süleyman
Rüstəmin "Cənub şeirləri" yəqin
çoxlarının yadındadır. Onların
fikir dərinliyi, yüksək bədii kamilliyi məni həmişə
heyran edirdi. Bu dəfə gətirdiyi
şeir "Dilimə dəymə" idi. Süleyman oxuyub qurtaranda Biriya da, mən də
"gözəl şeirdir" deyib əlini sıxdıq.
Dedim: - Biriya, indi növbə sənindir, buyur, oxu!
Biriya şirincə gülərək
nəfəs aldı:
- Mən Süleyman Rüstəm
kimi ustad şairin qabağında şeir oxuya bilmərəm!
- deyib bir də Süleymanın əlini
sıxdı.
- Oxu, Biriya, - dedim. - Əsl
şair gərək əsərini ustad şairin
qabağında oxuya!
Süleyman özünəməxsus
aydın səslə cavab verdi:
- Biriya, mən bilirəm ki,
sən pis şeir yazmazsan. Oxu, görək bu dəfə
qələmin ucuna qoyduğun kimdir, yəqin satirik şeirdir,
eləmi?
Biriya:
- Elədir ki, var! - deyib cibindən dördqat
bükülmüş bir vərəq çıxardı. Bu dəfə əlahəzrət Rza şah barədə
Sabirsayağı bir həcv düzəltmişəm, qulaq
asın.
Oxudu,
özünəməxsus aydın və şən səslə
oxudu.
Şeir
Süleyman Rüstəmin də, mənim də xoşuma gəldi. Bir neçə səmimi
söz dedik, azca tərifləyəndə, Biriya açıq
ürəklə səsləndi:
- Baba, xahiş edirəm məni
çox tərifləməyin, xarab olaram...
- Sən əsl şairsən!
Xarab olmazsan, - deyib Süleyman Rüstəm mənə
baxdı: - Biriya bizi evlərinə aparmaq istəyir.
- Nə yaxşı fikirdir!
- deyib ayağa durdum, - getdik...
Yenə Səttarxan
xiyabanı ilə Cənuba doğru irəlilədik. Bələdiyyə
idarəsinin qabağından şəhərə, adamlarla
qaynaşan küçələrə, hörmətcil,
üzüaçıq təbrizlilərə baxa-baxa gedib
Biriyagilin həyətinə daxil olduq. Geniş
həyət idi. Onun başında
kiçik həyət qapısı ilə üzbəüzdə
birmərtəbəli bir bina vardı. Biriya səs verdi, dərhal qapıda bir qadın
göründü. - Buyurun, buyurun, qədəminiz mübarək,
xoş gəlmisiniz! - deyib bizi otağa dəvət
etdi. Həyətdən baxanda da, mənzilin
içərisindən də dərhal bilinirdi ki, bu kasıb
evidir. Amma üzügülər, qonaqpərvər,
ürəyitəmiz və iddiasız kasıb evi!
Oturduq,
çay gətirdilər. Biriya bizi evdəki
qadına təqdim etdi. O tərəf-bu tərəfdən
bəzi şirin səmimi söhbətdən sonra ayağa
durduq, təşəkkür edib çıxanda Biriya həyət
qapısından içəri girən kişini görüb
sevinclə dedi: "Ayaq saxlayın, dədəm də gəldi,
sizi tanış eləyim. Dədəm nəccardır
(xarrat)".
Əl verdik, tanış
olduq. Kişi uca boyu, şax duruşu, gülər
üzü ilə adama çox yaxşı təsir
bağışlayırdı. Bizə
yaxınlaşdı, əl verdi, xoşgəldiniz
elədi.
Bütün bu
görüş-tanışlıq zamanı Biriya
atasının hər hansı göstərişini yerinə
yetirməyə hazır vəziyyətdə duraraq mehriban
baxışlı gözünü ona dikmişdi. Kişi bizi
oturmağa, çay içməyə dəvət etdi.
- Təşəkkür
edirik, oturmuşuq da, çay da içmişik. İcazə verərsiniz gedərik.
- Ötürüm sizi, -
deyib qolumuzdan tutdu, həyətə çıxdıq,
söhbət edə-edə bir az gəzişdik...
...O illərdə Biriya
gözümüzün qabağında gündən-günə
fəallaşır, yeni şeirlər yazıb çap etdirir,
ictimai işlərdə fəaliyyət göstərirdi.
1941-1946-cı illər Cənubi Azərbaycanda və İranda
ictimai həyatın çox canlandığı illər idi:
köhnə şah getmişdi, onun oğlu yeni şah isə
özünü sakit aparırdı. Əlbəttə,
şahpərəst mürtəce dairələr var idi və həm
ölkədə, həm də cəbhələrdə baş
verən hadisələri böyük diqqətlə izləyirdilər.
Gələcək barədə, sabahkı
gün barədə qəti fikir demək çətin idi.
Ancaq hər ictimai təbəqə mənafeyinə
uyğun gələcək istəyir və o barədə sakit
də olsa öz aralarında danışırdılar. Bu fikirlər bəzən qəzet səhifələrində
çıxırdı. Bir sözlə, cəmiyyətdə
qütbləşmə prosesi aydın hiss olunurdu. O
dövürdə Biriya ilə söhbətlərimiz zamanı
hiss edirdim ki, Təbrizdə sovet məktəbinin, sovet xəstəxanasının
açalması onun ürəyindəndir. Ümumiyyətlə,
o, xalqın gələcəyini elmin, mədəniyyətin
yayılmasında, sənayenin inkişaf etdirilməsində
görürdü. Bir dəfə bu barədə söhbət
zamanı dedi:
Yəqin fikir
vermisiniz, Təbrizdə və bütün ölkədə nə
qədər işsizlər, nə qədər savadsızlar
var.
O, yalnız Azərbaycanın
deyil, bütün ölkələrin xoşbəxtliyini
azadlıqda, tərəqqidə, inkişafında görürdü.
Ölkənin hər tərəfini nura
boyanmış görmək istəyirdi. Axı o,
özü uşaqlıqdan həyatın çətinliklərini,
ehtiyacın ağırlığını, işsizliyin
acı meyvəsini dadmışdı...
Söhbətlərimizdən
birində bir insan şəxsiyyətinin ən alçaq vasitələrlə,
zülm, təzyiq, polis qüvvəsi və ehtiyac məngənəsində
boğulması barədə danışarkən Biriya dedi:
- İnanın ki, mən bu
barədə düşünəndə, həyatın bu
acı məngənəsində sıxılanda bədbinləşdiyim
və elə hallar keçirdiyim olub ki, az
qala bütün ümidimi itirməli olmuşam. Lakin fikirləşmişəm
ki, bədbinlik, ümidsizlik özü ağır bir məngənədir
ki, o ancaq acizləri, maymaqları sıxıb əzə bilər,
həqiqi, qeyrətli insan isə öz mübarizəsi və
iradəsi ilə o məngənəni əzib sındırar və
özünə, zəmanənin gərdişinə uyğun
yaşayış yolu seçər!..
Məlumdur ki, Biriya
bu yolda mübarizə etməli, müxtəlif sənədlərə
və vasitələrə əl atmalı olmuşdu. Hətta həkimlik
fikrinə də düşmüş, adamların nəbzini
tutmaqla ürəyinin sağlam və ya xəstə
olduğunu müəyyən etməyə
çalışmışdı. Bu
münasibətlə o, mənə çox qəribə bir əhvalat
da danışdı. Bir gün Mərəndə
gedir, çayxanada çay içir, sonra şeirlərindən
oxuyur. Dinləyicilərdən yaşlı bir adam deyir:
-Ay oğul, şairlik Allah
vergisidir.
Allah vergisi olan adamın
ürəyi həssas olar, dur gedək bizə, on beş yaşlı qızım neçə
gündür ki, ürəyindən şikayət edir, bir onun
nəbzini yoxla görək bu nə məsələdir.
Gedirlər,
Biriya kəndçi daxmasında rəngi ağappaq qıza
baxır və "əlini ver, nəbzini yoxlayım",
deyir. Bunu eşidən ana doğrudan da Biriyanı həkim
bilib yalvarır.
-Ay təbib, sən Allah, məni
günaha batırma, hələ bu vaxtacan onun əlinə,
atasından başqa bir kişi əli dəyməyib.
Qoy bir kəndiri bağlayım biləyinə, nəbzinin
üstünə, ipin bir ucundan tutub çıx həyətə,
yoxla nəbzini.
Biriya gülür: - Neynək,
qoy sən deyən olsun, astanada ipi gözləyirəm, - deyib
çıxır həyətə. Arvad ipin bir
ucunu qızın sol qoluna, nəbzinin üstünə
bağlayır, o biri ucunu aparıb verir Biriyaya. - Buyur, həkim
ağa! "Həkim ağa" - yəni Biriya ipin ucunu xeyli
ovcunda saxlayır, sonra qulağına aparır və bu əməliyyatdan
sonra onu ev yiyəsinə verir:
- Heç şeyi yoxdur,
saf-sadıqdır. Gündə iki saat həyətdə
açıq havada gəzsin, düzələr...
Böyük təşəkkürlə
Biriyanı Təbrizə yola salırlar. İki gün
sonra həmin çayxanada o qızın atasına rast gəlir.
Kişi görən kimi onu tanıyır: - Allah sənin
ömrünü uzun eləsin, qızımı
sağaltdın. Hər gün iki saat həyətdə gəzir,
yanaqları allanıb, özünü lap yaxşı hiss
edir...
Biriya bu əhvalatı
özünəməxsus yumor və qəhqəhə ilə mənə
nəql etdi.
Dedim:
- Ay Biriya, bu qabiliyyət ki,
səndə var, niyə həkimlik oxumursan, bu gözəl Təbriz
qızlarından birini seçib almırsan?
- Mənim üçün
şairlik həkimlikdən min qat artıqdır! - deyib, Biriya həmin o ürəkaçıqlığı
və şaqraq gülüşlərlə cavab verdi, - o ki
qaldı, Təbriz gözəlinə, barədə bəxtim gətirməyib.
Dediyin Təbriz gözəllərindən birinin neçə
ildir ki, vurğunuyam, o da məni istəyir, di gəl ki, vermirlər...
- Heç fikir eləmə
Biriya, inşallah, o da düzələr.
- Allah ağzından
eşitsin!
Biriyanın bu
istəyi, mənim də xeyir-duam ancaq 1945-ci ildə - milli
demokratik inqilab qalib gələndə yerinə yetdi, o Təbriz
gözəli ki, onun adını mən unutmuşam. Biriya ona
vurğunluqda Məcnunu ötmüşdü. 1945-ci ilin payızında onu Biriyaya verdilər.
Sonra ondan Biriyanın oğlu dünyaya gəldi, mən
görməmişəm, görənlər deyir ki, eynən
Biriya özüdür... Xoşbəxt olsun,
atası düşən faciələrin həyatda nə
olduğunu bilməsin. Anasını isə ikiqat
artıq istəsin, mən bilirəm atası Biriya necə
müqəddəs məhəbbətlə sevirdi o ismətli,
həyalı Təbriz gözəlini...
Cənubi Azərbaycanda
demokratik və milli azadlıq hərəkatı 1945 - ci ilin on
iki dekabrında qələbə çaldı, milli məclis
seçildi, məşhur inqilabçı, məşrutə
hərəkatının fəal
iştirakçılarından biri olan Şəbüstəri
milli məclisin sədri seçildi. Azərbaycan demokratik
firqəsi Mərkəzi Komitəsinin sədri Pişəvəri
isə Azərbaycan milli hökumətinin baş naziri təyin
olundu, nazirliklər müəyyən edildi və nazirlər təstiq
olundu. Məhəmməd Biriya Azərbaycan
maarif naziri vəzifəsinə layiq görüldü.
Biriyanın ürəyindən olan bu iş,
bu vəzifə nə qədər vaxt və mənəvi
qüvvə tələb etsə də, Biriya onu ləyaqətlə
yerinə yetirir, həm lirik, həm də satirik şeirlər
yazırdı.
Cənubda milli hökumət
bircə il davam etdi. Bu bir ildə Tehrandan Təbrizə
neçə dövlət işçisi gəlib-getdi,
demokratik hərəkata nə qədər böhtanlar
yağdırıldı: Guya Pişəvəri Cənubi Azərbaycanı
satıb Stalinə, guya Cənubi Azərbaycan hökuməti mərkəzi
tamamilə rədd edir, İranın ərazi
bütövlüyünü pozur və sair... Bu
dövürdə mürtəcelər din və dil məsələsində
də böhtanlara, yalanlara əl atırdılar. Onlar xalqın milli azadlığı, milli muxtariyyəti
yolunda mübarizə aparan demokratları damğalamağa cəhd
edirdilər. Mürtəcelər Azərbaycan
xalqının milli varlığını, ana dilini inkar etməkdən
də çəkinmirdilər. Bütün bunlara cavab
olaraq Pişəvəri yazırdı: "Bəzi Azərbaycan
şairlərinin farsca şeir yazdıqlarını bizim fars
olduğumuza dəlil gətirirlər. Bu
gülünc və eybəcər bir işdir. Əgər bu iddianı qəbul etmiş olsaq,
bütün iranlıların ərəb olduğunu da qəbul
etməliyik. Çünki ərəb
istilasından sonra minlərcə fars ədib, şair və
mütəfəkkirləri öz əsərlərini ərəb
dilində yazıb-intişar vermişlər".
O zaman mübahisələrə
səbəb olan məsələlərdən biri də mərkəzi
hakimiyyət və federasiya məsələsi idi. Bu barədə də Pişəvərinin fikirləri
çox əsaslıdır. O yazırdı:
"Puç fikir və iddiadır ki, deyirlər: məhəlli
ixtiyarat və federasyon üsuli mərkəziyyəti xələldar
edə bilər". Pişəvəri Tehran hakim dairələrinin
bütün yalanlarını, böhtanlarını rədd
edib deyirdi: "Mərkəziyyəti əgər diktaturluq və
xudsərlik (özbaşınalıq) və zorakılıqdan
ötəri saxlamaq istəmək başqa bir sözdür və
əgər istiyək onu məmləkətin mərkəziyyəti
və demokratı hökumətin başda duranı tanıyaq,
o vaxt məcburuq, o əyalət və vilayətlərin ki, qəvi
(güclü) milli və mədəni xüsusiyyətləri
vardır, onlara icazə verək öz daxili işlərində
azad və muxtar olsunlar ki, bu vəsilə ilə mərkəzlə
mənəvi rabitə qüvvətlənə bilsin".
İranın o
zamankı hakim dairələri bu fikirləri
ölçüb-biçmədən o saat rədd edirdilər. Milli
müxtariyyətin, heç olmasa bu muxtariyyət daxilində
Azərbaycanın sərbəst özünüidarəsi
fikirləri və tələbləri Tehranda kökündən
qeyri-məqbul sayılırdı. Azərbaycanda
isə həmin tələblər Seyid Cəfər Pişəvərinin
odlu, hərarətli çıxışlarında öz
geniş əksini tapırdı; xalq bu tələbləri
qanuni hesab edir və bu yolda Azərbaycan demokrat firqəsinə
hər cür kömək göstərirdi.
Tehranda vəziyyət
çox gərgin idi, tez-tez dövlət
başçısı dəyişilirdi. Bu da sabitliyi hədələyən
mübarizələrə səbəb olurdu. Belə bir vəziyyətdə mürtəce dairələr
məşhur siyasətçi Qəvamülsəltənəni
hakimiyyət başına gətirdi. Cənubda milli
hökumət cəmi bir il davam etdi (dekabr
1945 - dekabr 1946). Demokratiya, federasiya, milli muxtariyyət məsələləri
xalqın fikir və hisslərinə istiqamət verdiyi
dövrdən başlayaraq Məhəmməd Biriya
bütün varlığı ilə ictimai mübarizələrin
ön cərgəsində gedirdi: şeirlər yazır, mətbuatda
çıxışlar edir, iclaslarda, ictimai tədbirlərdə,
şairlər məclisində, məktəblərdə, zəhmətkeşlərin
içərisində olurdu. Zəhmətkeşlər
onu Azərbaycan həmkarlar ittifaqının sədri
seçmişdi. Və təsadüfi
deyildi. O, xalq adamı idi. Deməliyəm
ki, bu dövr onun həyatının ən parlaq dövrü
idi. Elə bu dövrdə də o, ilahi bir məhəbbətlə
sevdiyi Təbriz gözəli ilə evlənmişdi...
Təbiidir ki,
Biriya bütün varlığı ilə xalqına, vətəninə,
onun ədəbiyyatına, mədəniyyətinə ürəkdən
bağlı olan şair və ictimai xadim idi. Dini məsələlərdə
onun inam və əqidəsi möhkəm idi. Əlbəttə, onu istəməyənlər də
vardı, bədxahları da tapılırdı. Təbrizdə Səttərxan küçəsində
keçirilən bir mitinqdə ona güllə atan da
olmuşdu. Tribunadan aşağı baxan və
nə isə narahat bir şey hiss edən vəfalı
dostlarından biri onu bu qəfil güllədən xilas
etmişdi. Həmin mitinqdən
iki-üç gün sonra Biriya Süleyman Rüstəmlə
məni Gülüstan bağında gəzib təzə hava
udmağa dəvət etmişdi. Redaksiyada
görüşdük, Səttərxan xiyabanına
çıxdıq, Süleyman Rüstəm onu görən
kimi özünə məxsus şirin bir yumorla salamladı:
- Deməli, Təbrizin
gözəl lirik və satirik şairi bizi Gülüstan
bağına təmiz hava udmağa dəvət edib...
Biriya ucadan gülüb
qolumuzdan tutdu:
- Buyurun gedək, Süleyman
Rüstəm kimi şeir ustadı ilə Gülüstan
bağında gəzib söhbət eləməyin ləzzəti
hələ-hələ adama qismət olmur...
Biriya ortada,
Süleyman Rüstəm onun sağında, mən də solunda
bağa tərəf addımladıq. Nə isə
zarafatlaşır, ordan-burdan, gördüyümüz və
eşitdiyimiz əhvalatlardan danışa-danışa,
deyib-gülərək, asta-asta irəliləyirdik. Necə
oldusa , mən Biriyanın dirsəkdən
yuxarı sol qolundan yapışmışdım, əlimə
nə isə dəydi:
- Bu nədir, ay Biriya?
O, əvvəlcə bir qəhqəhə
çəkdi, sonra danışdı:
- Bu, müəddəs
kitabdan hadislər və ayələr olan çərəkədir.
Əlbəttə, bura zarafat eləməli yer deyil, amma
inamımı deməliyəm: - Məni o güllədən
qoruyan bu olub...
Pak ürəkli, təmiz və
əməksevər Biriya belə idi... Süleyman Rüstəm
söhbətə qarışdı:
- İnam müqəddəs
hissdir, qoy həmişə səninlə olsun, Biriya!..
Biriyanın həyatının
ən ağır, ən faciəli dövrləri o gün
başladı ki, onda İran silahlı qüvvələri Azərbaycanı
tutmaq, "yolundan çıxmışları yola gətirmək
əmri" verildi. Həm də bu əmri verənlər, aydındır
ki, əvvəlcədən hazırlanmış plan üzrə
hərəkət etmiş, düz dekabırın 12-də, yəni
Azərbaycan milli demokratik dövlətinin yarandığı
gündə silahlı qüvvələrin Təbrizə daxil
olub "qayda-qanun" yaratmasını
tapşırmışdılar. Bu
"qayda-qanun" ifadəsinin dalında nələr gizləndiyini,
nə qədər qabaqcıl, vətənpərvər
adamların, günahsız arvad - uşağın məhv
olduğunu o faciəni gözüylə görənlər
daha yaxşı bilər. O zaman minlərlə adamlar Araz
çayını, Culfa və Astara yolunu keçərək,
Naxçıvana, Lənkərana, Bakıya,
respublikamızın başqa şəhər və kəndlərinə
pənah gətirmişdilər. Biriya da
Arazın o sahilinə keçmişdi. Xalq
bütün qaçqınları böyük kədər və
məhəbbətlə qarşıladı. Kədərlə - ona görə ki, Cənubi Azərbaycanda
unudulmaz tarixi bir hərəkat qan dəryasında
boğulmuşdu. Məhəbbətlə
ona görə ki, illərlə görüş həsrətində
olduğu qeyrətli, namuslu qardaş və bacıları ilə
görüşürdü.
İlk zamanlar
Biriya təmkinli, qeyrətli davranaraq şeirlər yazır,
Yazıçılar İttifaqına gəlib-gedir, xalqın
faciəsinə mərdi-mərdanə dözür,
alovlanmağa qoymurdu. Rəhmətlik Süleyman Rüstəmgilə
və bizə gəlir, yeni şeirlərindən oxuyur,
yüksək qiymət alırdı. Məhz bu
görüşlər və söhbətlər zamanı hiss
edirdim ki, o, nədən ötrüsə darıxmağa
başlayır...
Bu
görüşlərdən birində Biriya Təbriz gözəlindən
söz saldı. Onda hiss etdim ki, Biriya indi əvvəlkilərdən
artıq bir məhəbbətlə onu sevir, onun vurğunudur.
- Niyə onu gətirməyibsən?
- deyib soruşdum:
- Mümkün olmadı,
axı uşağımız da var...
- Təbrik edirəm, ay
Biriya! Uşağına və onun anasına gözəl
günlər, xoşbəxt həyat arzulayıram!..
- Sağ olun, təşəkkür
edirəm...
- Bəlkə
çalışaq, onları bura gətirdək?
- Mümkün olan iş
deyil. Birtəhər məni ora göndərməyə
çalışın...
Mən elə o günü
belə işlərlə məşğul olan təşkilatın
rəhbərinə müraciət etdim: - Biriya nadir
istedaddır, - dedim, - özü də çox gözəl
şairdir.
Təşkilat müdiri mənim
gözümün içinə baxdı:
- Biriya haqqında
eşitmişəm, mənə deyiblər.
-
Yaxşılığına, ya pisliyinə?
- Əlbəttə,
yaxşılığına! Ancaq hazırda ora
getməsi məsləhət deyil.
- Axı niyə?! Vurulduğu, evləndiyi gözəl xanım da
uşağı ilə o tayda qalıb. Niyə
məsləhət deyil?!
- Ona görə ki, Biriyadan
bizim xalqın, dövlətin əleyhinə istifadə edəcəklər...
- O ölər, amma belə
yollara getməz...
- Məcbur edərlər!
Tutarlar yaxasından, əl çəkməzlər, tələb
edərlər: Bildiyin sirləri aç, tök
ortalığa!
- Axı bizim onda nə
sirrimiz var ki, açıb töksün?
- Təkrar deyirəm:
uydurmalara, böhtanlara məcbur edərlər!..
- Onu heç kəs,
heç şeyə məcbur edə bilməz. Zəmanət
verirəm.
- İş-işdən
keçəndən sonra kimə lazımdır sizin zəmanətiniz?!
Yazıçısınız, gedin
yazıçılığınıza. Belə
işlərə qarışmayın, məsləhət
görmürəm. Yaxşı da maarif
nazirisiniz. Belə işlərdən kənar
olun. Siz kəşfiyyatın işlərindən, işlətdiyi
metodlardan çox uzaqsınız, gedin Biriyanı
inandırın ki, yazsın, oxusun, tamaşalara baxsın, nə
sizə əziyyət versin, nə də siz məni
gözükölgəli edin...
Nə qədər
çalışdımsa, ağlabatan nə dedimsə, onu
sözündən döndərə bilmədim. Sabahısı Biriya ilə
İttifaqda görüşdüm, məsul yoldaşla söhbətimin
məzmununu ona danışdım:
- Biriya, dünya çox
qarışıqdır, bəlkə bir müddət səbr
edəsən, o tayda da, xüsusən Təbrizdə vəziyyət
bir az düzələ, ağzı yelli, qılıncı iti
ağalar sakitləşələr, sonra bu məsələyə
qayıdaq?..
Biriyanın rəngi
dəyişdi.
- Dözə bilmirəm! Məni
başa düşdün, ömür yoldaşım, körpə
balam o tayda qalıb!..
- O taydakı vəziyyəti
Biriya, sən məndən yaxşı bilirsən, xalqa nə
divan tutulduğunu öz gözünlə görmüsən....
(ardı
var)
Mirzə İbrahimov
Ədəbiyyat qəzeti.- 2010.-
17 sentyabr.- S.4.