Həm imtahan, həm dərs...
Ötən əsr
ədəbiyyatımızın klassiklərindən ədəbi
təşkilatımıza uzun
illər rəhbərlik
etmiş xalq yazıçısı Mirzə
İbrahimovun oxuculara təqdim olunan "Məhəmməd Biriyanın
məhəbbət və
faciəsi" məqaləsi
onun "Ədəbiyyat
qəzeti"ndə iri
həcmli son çıxışıdır.
Bu sətirləri
yazmalı olduğuma məni inandıran isə bizdən cismən
ayrı düşənləri mənən ayrı təsəvvür
etməmək borcudur.
Həmin məqalənin
yazılmasına təkan verən səbəbi ədəbi həyatımızda
işlədiyim illər ərzində heç unuda bilmədiyim
məqamlardan biri hesab edirəm. O məqam eyni zamanda mənim
üçün də, elə bilirəm, həm imtahan, həm
də dərs olmuşdur.
…90-cı illərin əvvəlləriydi.
Bir gün səhər iş otağımda telefonla
danışdığım vaxt baş redaktor mərhum Cabir
müəllim tələsik gəlib masamın üstünə
şeirlər qoydu, astadan tezliklə oxumağımı
xahiş etdi və tez də getdi.
Mən
danışıb qurtaran kimi materiala baxdım, Mirzə müəllimin
imzasını gördüm. Belə hiss etdim ki, yəqin fikir bilmək
üçün zəngləşər. Odur ki,
yazıları oxudum. Elə yenicə
qurtarmışdım ki, Mirzə müəllim zəng elədi.
Adəti üzrə salamlaşandan sonra özünə xas bir
səmimiyyətlə şeirlərlə tanış
olub-olmadığımı soruşdu.
Mənim üçün ən çətin məqam o an
oldu.
...Bir müddət əvvələ
qayıdıb təfərrüat
xarakterli bəzi nüansları xatırlamağa
ehtiyac duyuram. Məlum olduğu kimi, Mirzə müəllim yaradıcılığa başladığı
ilk illərdə də
arabir şeirlər yazmışdı, son vaxtlar
da elə "Ədəbiyyat qəzeti"
səhifələrində də
arabir şeirləri dərc olunurdu. Nəriman müəllim baş redaktor olduğu vaxtlar söhbətlərimiz
zamanı yeri düşəndə bu qüdrətli ədibdən,
ədəbiyyatımızın böyük tədqiqatçısı
olan alimdən təbii ki, şeirdə də bədii umacağımızın
çox olduğunu deyirdi. Mən də bu fikrə şərik idim.
Ancaq doğrusu, güman etmirdim ki, Mirzə
müəllim bir gün zəng edib birbaşa fikrimi soruşacaq. Məsələn, Nəriman müəllim yaxşı bilirdi ki, Mirzə müəllim qəzetə
verəcəyi, demək
olar, bütün məqalələrini əvvəlcə
mənə göndərir
və oxumağımı
istəyirdi. Fikrimi soruşurdu.
Əlbəttə, onun irili-xırdalı
hər yazısı mənim üçün sözün həqiqi mənasında çox maraqlı idi.
Mirzə müəllimin “Əzizim Ayaz, oxu, mənə
zəng elə” - sözləri yazılmış
çoxlu qeydlərindən
bəziləri hələ
də qalır.
O, Yazıçılar
İttifaqının sədri
olanda da belə idi, olmayanda da. Mən onun
haçan İttifaqın
sədri olduğunun, haçan olmadığının
fərqində olmamışam.
Nəriman müəllim bunu
yaxşı bilir.
Əsas olan onun vəzifəsi
yox, qələmi idi.
İndi mənə
zəng edib Cabir müəllimin bir az əvvəl verdiyi şeirləri haqqında fikrimi soruşurdu.
O məqamı
indi də sakit xatırlaya bilmirəm. Təqribən
belə dedim:
- Mirzə
müəllim, başqa
cür danışsam,
qeyri-səmimi olaram, bu şeirlər sizin ədəbi nüfuzunuza ancaq ziyan gətirə bilər. Nə bilim, belə
danışmağı bəlkə
elə siz özünüz mənə
öyrətmisiniz. Çünki mən hələ kənddə ibtidai məktəb şagirdiykən
“Həyat və ədəbiyyat” (1947) məqalələr
kitabınızı oxuyurdum
və indi də məndədir.
Sonra əlavə
etdim: Şəxsən
mən çox istərdim ki, siz məsələn, Üzeyir Hacıbəyov haqqında xatirələrinizi
yazasınız. Bilirsiniz necə
maraqlı olar? Yaxud Cənubi Azərbaycan ədəbiyyatının sizə
çox yaxşı məlum olan bütöv bir nəslinin taleyi haqqında yazasınız.
Bu sözləri deməyi özümə borc bilsəm də, elə bil heç
özümdə deyildim,
doğrusu, çox gərginlik keçirirdim.
Mirzə müəllimin
özünə xas səmimiyyət və təmkinlə dediyi
bu sözlər mənə təskinlik verdi:
“Oğlum, mən sənin vicdanına inanıram...”
Mən həmin
sözləri qarşımdakı vərəqə yazdım.
Bir müddət sonra böyük Üzeyir Hacıbəyli haqqında bir qəzet səhifəsi həcmində çox maraqlı, məzmunlu məqaləsini yazıb göndərdi. Çox mötəbər ziyalılarımız zəng edib razılıq bildirdilər. Bir az da keçəndən sonra bu gün təqdim etdiyimiz “Məhəmməd Biriyanın məhəbbət və faciəsi”ni yazdı.
Mirzə
müəllimlə o unudulmaz
telefon söhbətimiz həqiqətən
mənim üçün həm imtahan, həm dərs oldu...
Ayaz VƏfALI
16.09.2010
Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.- S.3.