Gəldi məktəb günləri...

  

  Sentyabrın 15-də ölkəmizin hər yerində olduğu kimi, paytaxtımızdakı Osman Mirzəyev adına 190 saylı orta məktəbin şagirdləri də yeni tədris ilinin əhval-ruhiyyəsini yaşadılar. Məktəbin direktoru Afət Bakıxanova məktəbliləri salamladı və onlara müvəffəqiyyətlər arzuladı. İbtidai sinif müəlliməsi Sevda İbrahimliöz birincilərini sevinclə qarşıladı.

Yəqin ki, ilk zəng onların yaddaşında əbədi olaraq qalacaq... Heç vaxt unutmayacaqları bu zənglə onlar biliklərə yiyələnməyə tələsəcəklər. Əzəmətli məktəb binasının vestibülündə bu gün onlara örnək ola biləcək məzunların fotoları ilə də qarşılaşırlar. Addımlarını atacaqları hər pilləkən özləri də bilmədən ömür, eyni zamanda uğur pillələrinə dönəcək...

Və ən ümdəsi burada onlar həyat məktəbi keçəcək, söz eşidəcəklər... Söz haqqında isə ucadan uca söz deyən klassiklərimizi tanıyacaq, onların dünyasına daxil olacaqlar. "Ver sözə ehya ki..."

Deyirlər, uşaq doğulan andan tərbiyəsinə başlamaq lazımdır. Gəlin, bu fikri sözə aid edək. Axı uşaq doğulan gündən söz eşidir. Elə isə gəlin böyük söz ustadlarımızın xatirəsini əziz tutaraq, bugünkü bilik bayramını balalarımızın təkcə maariflənmə günü kimi yox, həm söz, sənət bayramı kimi qəbul edək. Yolunuz açıq olsun...

 

 

Səadət

 

Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.-S.6.