"Başlamaq olarmı ömrü yenidən"

  

  Ədliyyə Nazirliyinin bu gözəl təşəbbüsünü ürəkdən alqışlayıram. Cəzaçəkmə yerlərində olan insanların yaradıcılığı ilə maraqlanmaq. Daha konkret desəm, onların poeziya yaradıcılığının yaxşı nümunələrini toplayıb almanax şəklində çap etdirir. Bu təşəbbüs həm siyasi, həm insani, mənəvi, əxlaqi cəhətdən tərifə, alıqışa layiqdir. Əlimdəki bu kitaba ön söz yazmazdan əvvəl daha öncə bu mövzuda çap olunmuş "Başlamaq olarmı ömrü yenidən" kitabını oxudum. Əlbət ki, orda babat, ortabab çox yaxşı şeir nümunələri var. Bunların hamısından daha yüksəkdə dayanan bu ideyanın özüdür, onun yaranmasıdır, həyata keçirilməsidir. Bu insanlar görəcəklər ki, cəmiyyət onları itirilmiş insan saymır. Həyatın qapısı onlar üçün açıqdır. Onların cəzasını çəkib ləyaqətlə qayıtmasını cəmiyyət gözləyir.

Ümumiyyətlə, bütün şairlərin ruhu öz bədənində özünü zindanda hiss edir. Ömrü boyu ruhu ürəyində, canında çapalayır, çırpınır, canının getmək imkanı olmayan yerlərə getmək istəyir. Qolunun gücü çatmayan adamı yıxmaq istəyir. Cibi boş, özü yaraşıqsız olsa da, dünyanın ən gözəl qızını sevmək istəyir. Güzgüyə də baxanda özünü olduğu kimi görmür, görmək istədiyi kimi görür. Şairlərin şeirləri elə öz içindən çölə, ətraf mühitə, insanlara, dünyaya məktublardı. Cəzaçəkmə yerlərindəki şairlər və şair ruhlu insanlar özlərini ikiqat təcrid olunmuş hiss edirlər. Onların şeirləri açıq məktublardı. Əlbət ki, birinci növbədə öz ailəsinə, doğmalarına, insanlara məktubdu. Siz onu işıq üzünə çıxardanda onların ruhu canında az da olsa rahatlıq tapacaq. Bu savab işdə zəhməti olan hər kəsə sağ ol deyirəm.

Ümumiyyətlə, yaradıcılıq, yaradıcı insanların təbiəti heç bir düsturan o zindana uyğun gəlmir. Heç bir çərçivəyə sığmır. Məsələn, tamam başqa cür şairlər də var. Nəsimi kimi: "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" -deyir. Bunlar təxəyyül insanıdır. Nəsimini zindana salsan, o zindanı öz içində təsəvvür edəcək və öz azadlığını özündə saxlayacaq. Özünü azad hiss edəcək. Bu yerdə hökmdarın yanmışdığından Nəsiminin dərisini soydurmaqdan başqa çarəsi qalmır. Pedant oxucu dünyanı özünə zindan bilən şairioxuyur, iki dünyanı özünə sığışdıran Nəsimini də. Deyir: "Nəsimi də o biri şairlərin astar üzüdü. Məgər mən dəftərxanəmlə birlikdə Nəsiminin içində yaşayıram?"

İnsan xəyalı, ilham dediyimiz o böyük hikmət qəlbimizdə olmasaydı biz indi kosmosda uçmazdıq, kainatı gəzməyə hazırlaşmazdıq. Əlbət ki, insan cinayətinə görə cəza almalıdır. Amma ilhamının qanadlarını qırmaq olmaz. O, Allahın vergisidir. Onu uçuşdan saxlamaq günahdır. O şeirlər işıq üzü görməli idi, sizin sayənizdə gördü.

Kitabın adında bir sual var. "Yenidən başlamaq olarmı?" Olar! Lazımdır! Yenidən başlamaq həmişə gec deyil. Lap ömrün son anlarında da tövbə edib yenidən başlamaq olar. O dünyada (bəlkə o dünya var, mən bunu inanmayanlar üçün deyirəm) gec olsa yenidən başladığına şükürlər deyib təsəlli tapacaqsan. Haqqa tapınmaq, doğru yola qayıtmaq həmişə gec deyil.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.- S.5.