"Yevgeni
Onegin"ə qayıdış
Hanı o dostlar ki, ilk bəndləri mən
Onlara deyərdim ilk görüş
vaxtı.
Çoxu küsüb
gedib - Sədi demişkən -
Yerdə qalanlar da bizdən uzaqdı…
Dahi rus şairi A.S.Puşkin bu sətirlərlə sona yetirirdi üzərində düz səkkiz il
ən ilhamlı anlarını yaşadığı
"Yevgeni Onegin"ini.
Daha səkkiz sətir və son. Heç vaxt öz şöhrətini, marağını
itirməyəcək alovlu
bir sevgi dastanının axırı.
İllər öncəsi ustad
xalq şairimiz Səməd Vurğun yanmayıb ömrünün
iki ilinə - Rusiya şerinin bu şah əsərini,
özünün yazdığı
kimi, çevirdi Vaqifin şirin dilinə. Səməd Vurğunun təqdimatında
bu çevirmə böyük ədəbi hadisə idi. Necə deyərlər, o, poemanı
sadəcə olaraq dilimizə çevirməmişdi,
bütün istedadı,
ilhamı və düşüncəsiylə bağrına
basmışdı. Bu,
bir tərcüməçilik
məktəbidi ki, ənənəsi hələ
də davam etməkdədi. Azərbaycan oxucusunda
"Yevgeni Onegin"ə
olan maraq həm də S.Vurğun dühasına olan maraqla səsləşir.
Tanınmış şair Eyvaz
Borçalı da bu marağın sehrini yaşayanlardandı.
O, N.Barataşvilinin, A.Blokun
"Şeirlər və
poemalar" kitablarını
dilimizə çevirəndə
də bu sehrli marağın cazibəsində olub, Mustay Kərimin "Dağlar da insan kimidir" və "Məhəbbətin
dörd fəsli" toplularını da. Bütün hallarda sevimli ustadı Səməd Vurğun ənənələrinə
sevgi və sayğısı üst qatda olub. Necə ki, A.S.Puşkinin "Yevgeni Onegin" əsərini istəkli oxucularına öz çevirməsində təqdim
edəndə də oxucu S.Vurğun ədəbi məktəbinə
olan sayğı və ehtiramı dönə-dönə görüb
hiss edir.
E.Borçalının çevirməsində bu məşhur poema "Adiloğlu" nəşriyyatı
tərəfindən nəfis
tərtibatla nəşr
olunub. Orijinala yaxınlığı qoruyub
saxlamaq məramını
önə çıxaran
çevirməçinin dilindən
oxuduqlarımız gündəlik
həyatda dönə-dönə
düşüncəmizdən keçirdiklərimizdi ki,
var:
Çalışıb birtəhər
hərə bir səylə
Nəyisə, necəsə öyrənmişik
biz.
Allaha şükür
ki, bu tərbiyəylə
Çox da çətin deyil seçilməyimiz.
Bizdə, eləcə də dünya ədəbiyyatında
hər hansı sevilən bir əsərin müxtəlif
sənətkarlar tərəfindən
tərcümə edilməsi
ənənəsi var. Tanışlıq
məqbuldu ki, eyni bir mətləb
müxtəlif, özünəməxsus
sənət təcrübəsi
və istedadı olan söz adamlarının
dilindən necə səslənir. Bu, olduqca
maraqlı və cəlbedici, ədəbiyyatımızın
inkişafına yönəli
bir istəkdi. Bütün hallarda Tatyananın aşağıdakı
yaşantıları ilə
E.Borçalının çevirməsində
Xəyalı uzaqda, gözləri çəndə
Onların ardınca boylandı xeyli.
Onlar uzaqlaşıb
gözdən itəndə
Özü təkcə qaldı, qəlbi gileyli.
…Səssiz
kölgə kimi dolandı, gəzdi,
Könlünü açmadı heç nə bu çağda.
Tənhalıq içində
titrədi, əsdi,
Ona boş göründü sevdiyi bağ da…
Duyaraq və yaşayaraq dilimizə çevrilənlərdi
bunlar. Oxuduqca dilimizin incəliyində
ifadə olunan genişlik, zənginlik, obrazlılıq bir daha vətəndaş duyğularımızı qanadlandırır,
qürurlanırıq.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.- S.5.