Tələbkarlıqla
xeyirxahlığın vəhdəti
Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında akademik, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Bəkir Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirildi.
Mərasimi AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov açaraq nəzərə çatdırdı ki, çağdaş ədəbiyyatşünaslıq elmimizin patriarxı Bəkir Nəbiyevin ən məhsuldar və uğurlu fəaliyyət dövrü ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi parlaq tarixi dövrlərə təsadüf edir: "1930-cu ildə Ağdaş rayonunda anadan olan Bəkir Əhməd oğlu Nəbiyev ADU-nun filologiya fakültəsini bitirib. O, əvvəlcə qəzet redaksiyalarında jurnalist kimi çalışmış, "Kommunist" qəzetinin şöbə müdiri olmuş, 1960-cı ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildə AMEA-nın müxbir, 1989-cu ildə həqiqi üzvü seçilmiş, uzun illər Nizami muzeyinin direktoru, AMEA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi vəzifələrində çalışmış, Azərbaycan Mədəniyyət fondunun, Ədəbiyyat fondunun sədri olmuşdur. 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, 2007-ci ildən AMEA-nın müşaviridir. Klassik və müasir Azərbaycan ədəbiyyatının, ədəbi əlaqələrin tədqiqinə həsr olunmuş əlli kitab və bir neçə dərsliyin müəllifi olan Bəkir Nəbiyev 40-dan çox elmlər doktoru və namizəd yetişdirmiş, yüzlərlə elmi və bədii kitabın redaktoru olmuşdur. O, otuz cildlik "Türk dünyası ədəbiyyatı"nın (Ankara) Azərbaycan üzrə əlaqələndiricisi və müəlliflərindən biri, altı cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin (Moskva) müəlliflərindən biri, altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. Bəkir müəllim on beş ildən artıqdır ki, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvüdür. Onun şərəfli əməyi Azərbaycan Respublikasının "İstiqlal" və "Şöhrət" ordenləri, ölkə Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir".
Çıxışçı əməkdar elm xadimi və iki dəfə Azərbaycanın Dövlət mükafatı laureatı kimi şərəfli ad daşıyan yubilyarı AMEA-nın çoxsaylı əməkdaşları, ümumən ziyalılar adından təbrik edərək "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu, Akademiyanın xüsusi fəxri fərmanını Bəkir müəllimə təqdim etdi, AMEA-nın prezidenti Mahmud Kərimovun ona ünvanladığı təbrik məktubunu oxudu.
Akademik, millət vəkili, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli yubilyarın çoxşaxəli fəaliyyəti barədə geniş məruzə edərək dedi:
- Bu gün Azərbaycan elmi
özünün ən mötəbər və tarixi günlərindən
biri ilə üz-üzədir. Müstəqil dövlətimiz
və elmi-ədəbi ictimaiyyətimiz Azərbaycan ədəbiyyatşünaslıq
elminin görkəmli yaradıcılarından biri, akademik Bəkir
Əhməd oğlu Nəbiyevin anadan olmasının 80, elmi fəaliyyətinin
60 illiyini yüksək səviyyədə qeyd edir. Bu, ilk
növbədə müstəqil Azərbaycan dövlətinin,
ölkəmizin Prezidenti Cənab İlham Əliyevin Azərbaycan
elminə, Milli Elmlər Akademiyasına, akademik Bəkir Nəbiyevin
çoxillik səmərəli elmi fəaliyyətinə
verdiyi böyük qiymətin, bəslədiyi yüksək
münasibətin konkret nümunəsi kimi mühüm əhəmiyyətə
malikdir. Yubiley tədbirləri ərəfəsində möhtərəm
Prezidentimizin demək olar ki, rəsmi mükafatların və təltiflərin
mütləq əksəriyyətinin sahibi,
"İstiqlal" və "Şöhrət" ordenlərinin
daşıyıcısı hörmətli Bəkir müəllimin
fəxri diplomla təltif və fərdi təqaüdlə təmin
edilməsi barəsində bir gündə iki sərəncam
imzalaması ustad alim və böyük ictimai xadimin
simasında ölkəmizdə elmə, alimə, ziyalıya
göstərilən ehtiramı çox dolğun və əyani
şəkildə ifadə edir. Bütün bunlara görə
Azərbaycan ziyalılarının bugünkü mötəbər
yığıncağında ilk növbədə elmi ictimaiyyətimiz
adından yaradıcı şəxsiyyətlərə, milli
ziyalılığa göstərdiyi böyük
qayğıya görə dövlətimizin
başçısı İlham Əliyevə dərin minnətdarlığımızı
ifadə etməyi özümə şərəfli mənəvi
borc hesab edirəm, eyni zamanda, hörmətli Prezidentimizə Azərbaycanın
inkişaf etdirilməsi yollarında daha böyük nailiyyətlər
arzulayıram.
Ümumiyyətlə,
dövlət və elm, siyasət və sənət akademik Bəkir
Nəbiyevin elmi-ictimai fəaliyyətində həmişə
diqqət mərkəzində saxlanılan məsələ
olmuşdur. Ciddi elmi-səriştə ilə yanaşı, həm
də siyasi hazırlığa malik olan Bəkir Nəbiyevin tədqiqatlarında
bu məsuliyyətli mövzu özünün mükəmməl
elmi həllini tapmışdır. Məhz həmin
çoxillik zəngin təcrübə zəminində
yaranmış "Heydər Əliyev haqqında etüdlər"
adlı elmi-ədəbi traktatında görkəmli dövlət
xadimi, ümummilli liderimiz Heydər Əliyevin ədəbiyyat
təlimi müstəqil Azərbaycan dövlətinin ədəbiyyat
siyasətinin əsasları səviyyəsində təqdim
olunur. Bu, ölkəmizdə ədəbiyyata dair dövlət
təliminin ədəbiyyatşünaslığını
yaratmaq istiqamətində meydana çıxan qiymətli əsərlərdən
biridir... "Heydər Əliyev haqqında
etüdlər" əsəri Azərbaycanın müstəqillik
dövrü ədəbiyyatşünaslıq siyasətinin də
əsas istiqamətlərini özündə əks etdirir.
Bütün bunlarla yanaşı, fikrimcə,
"Heydər Əliyev haqqında etüdlər" əsəri
bir çox digər görkəmli alimlər, yaradıcı
şəxsiyyətlər kimi akademik Bəkir Nəbiyevin də
Heydər Əliyev epoxasındakı tale və inkişaf
yollarının ana xətlərinə gur işıq
salır. Belə ki, uşaqlıq və gənclik
illərində taleyin çox ağır məşəqqətlərini
yaşamalı olan Bəkir Nəbiyev 1969-cu ilə qədər
çətin və sərt sınaqlardan keçib gəlmişdi.
Repressiya təqibləri ilə üzləşən ailənin
övladı kimi Ağdaş rayon yerli radio verilişləri
redaksiyasındakı kiçik diktorluq vəzifəsi onun həyatında
təkcə başsız qalan ailənin "çörək
ağacı" kimi yox, həm də nəslin digər
üzvlərinin növbəti təqiblərdən
yayındırılması mənasında mühüm əhəmiyyət
kəsb etmişdi. Bundan başqa, gənc Bəkir
Nəbiyev Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində əlaçı tələbə
olduğu halda siyasi səbəblər üzündən
"Stalin təqaüdü"ndən məhrum edilməyin
acısını yaşamalı olmuşdu. Böyük
zəhmətlə aspiranturanı bitirib, tədqiqat işini
tamamlamasa da, yalnız keçən əsrin əllinci illərinin
sonlarında vaxtilə "xalq düşməni" cəzasına
məhkum edilmiş atası Əhməd kişiyə siyasi bəraət
veriləndən sonra dissertasiya müdafiə edib filologiya elmləri
namizədi elmi dərəcəsini qazanmaq imkanı əldə
etmişdi. Bəkir Nəbiyev 1961-1969-cu illər arasında Azərbaycan
Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunda baş elmi işçi və
elmi katib vəzifəsinə qədər çata bilmişdi.
Tərcümeyi-hal
faktları təsdiq edir ki, XX əsrin yetmişinci illərindən
etibarən Bəkir Nəbiyev elmi və ictimai mühitdə
çox yaxından iştirak etməyə başlamış,
nəzərəçarpacaq böyük mövqe
qazanmışdır…
Akademik Bəkir Nəbiyev Azərbaycan elminin görkəmli ağsaqqallarından biri, ədəbiyyatşünas alimlərin böyük müəllimidir. Milli ədəbiyyatşünaslıq elminin inkişafının son yarım əsrdən artıq bir dövründə adı və imzası həmişə ön sırada olan akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ictimai fikrinin tədqiqi sahəsində ölkəmizdə ardıcıl və sanballı xidmətlər göstərən görkəmli elm xadimi kimi qəbul olunur. Əsas tədqiqat sahəsi XX əsr ədəbiyyatının öyrənilməsi məsələləri olsa da, ötən dövr ərzində o, milli ədəbiyyatımızın çoxəsrlik tarixi inkişaf yoluna, bu möhtəşəm ədəbiyyatın qüdrətli yaradıcılarının həyatı və yaradıcılığına, eyni zamanda, ədəbi-ictimai fikrimizin aktual problemlərinə həsr etdiyi qiymətli elmi əsərləri ilə dövr və zaman, şəxsiyyət və problem məhdudiyyətlərinin sədlərini aşaraq geniş elmi dünyagörüşlü alim olduğunu çoxdan isbat etmişdir. Dünya ədəbiyyatının da tanınmış şəxsiyyətləri və əhəmiyyətli problemləri akademik Bəkir Nəbiyevin sistemli elmi təqdimatında Azərbaycan elmi mühitinin dövriyyəsində layiqli yerini tuta bilmişdir. Keçən yarım əsrdən artıq dövrün təcrübəsi göstərir ki, Bəkir müəllim ədəbiyyatşünaslıq elminin demək olar ki, bütün sahələrində - ədəbi tənqid, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, folklorşünaslıq sahələrindən hər birində özünəməxsus professional elmi söz deməyi bacarıb. Çoxillik elmi fəaliyyətində ədəbi tənqid və ədəbiyyat tarixi məsələləri ağır gəlsə də, onun digər istiqamətlərdə də yazıb ərsəyə gətirdiyi əsərlər mötəbər elmi mənbə səviyyəsində nəzərə alınır.
Onun ayrı-ayrı illərdə yazdığı əsərləri mümkün olduqca yarandığı dövrün yüksək elmi səviyyəsində dayanmışdır. Bu mənada alimin əsərlərindən hər biri yarandığı tarixi mərhələnin elmi səviyyəsini də özündə əks etdirmək imkanlarına malikdir. fikrimizcə, "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafik tədqiqatı Bəkir Nəbiyevin geniş elmi imkanları ilə yanaşı, həm də XX əsrin yetmişinci illərinin ədəbiyyat elminin yüksək səviyyəsini nümayiş etdirir. Vaxtilə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş bu sanballı monoqrafiyada Böyük Vətən müharibəsi dövrü Azərbaycan ədəbiyyatının, habelə müharibədən sonrakı dövrlərdə ön və arxa cəbhə həyatından bəhs edən əsərlərin tam, bütöv mənzərəsi geniş və sistemli şəkildə canlandırılmışdır. Yazıldığı dövrdən qırx ilə yaxın bir vaxt keçməsinə və cəmiyyət həyatında ciddi dəyişikliklərin baş verməsinə baxmayaraq, özünün elmi əhəmiyyətini və aktuallığını qoruyub saxlaya bilmiş bu monumental əsərdə indinin, hətta bundan sonrakı dövrlərin də Azərbaycan ədəbiyyatında müharibə mövzusunun əsas inkişaf meylləri, aparıcı mövzuları və qəhrəmanları, ədəbiyyatda səfərbərlik və vətənpərvərlik ruhunun bədii təcəssümünün mahiyyətini ifadə edən ciddi elmi problemlər öz əksini tapmışdır. Bizə görə 1970-ci ildə doktorluq dissertasiyası kimi meydana çıxmış bu əsərdəki "ədəbiyyatımız imperialistlərin yeni torpaqlar, bazarlar, müstəmləkələr tutmaq üçün apardığı ədalətsiz müharibələrə kökündən zidd olub, ona qarşı çıxdığı halda, öz vətəni, səadəti, istiqlaliyyəti, ictimai azadlığı uğrunda vuruşanların ədalətli müharibəsinə həmişə tərəfdardır" - kimi mülahizələr özünün ərazi bütövlüyünü qorumaq, itirilmiş torpaqlarını qaytarmaq uğrunda çarpışan Azərbaycan xalqının yeni tarixi şəraitdəki mübarizəsindən yazılacaq elmi və bədii əsərlərinin möhkəm bünövrəsi, dərin mənalı proloqu kimi səslənir. "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyası ədəbiyyat tarixçiliyi ilə ədəbi tənqidin üzvi sintezi əsasında yazılmışdır. Məsələnin bu cəhəti Akademik Bəkir Nəbiyevin fərdi elmi üslubunu şərtləndirir. Görkəmli alimin əsərlərində hər iki qanadın yanaşı, yaxud vəhdətdə mövcud olduğu qabarıq nəzərə çarpır. fikrimizcə, "milləti ayağa qaldırmış" Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkə həsr olunmuş "İstiqlal şairi" monoqrafiyasında da Bəkir Nəbiyevin ədəbiyyat tarixçiliyi ilə tənqidçi təfəkkürünün yanaşı addımladığı aydın görünür. Hətta bu əsərdə xalq şairi Xəlil Rza yaradıcılığının "Sənətkarlıq məsələləri"nə həsr olunmuş xüsusi fəslində tənqidçi dəyərləndirmələrinə ədəbiyyat nəzəriyyəçiliyi notları da əlavə olunmuşdur. Bütün bunlara baxmayaraq, 1970-ci ildə tamamlanmış "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasında olduğu kimi, 2001-ci ildə oxuculara çatdırılmış "İstiqlal şairi" monoqrafik tədqiqatında da akademik Bəkir Nəbiyevin tənqidçi ağırlığı üstünlük qazanmışdır. Bütövlükdə çoxillik elmi əsərləri Bəkir Nəbiyevin tənqidçi ağırlıqlı görkəmli ədəbiyyatşünas olduğunu təsdiq edir. Azərbaycan ədəbiyyatşünaslığında vətəndaşlıq hüququ qazanmış ədəbi-tənqidi məqalələr yazmaq ənənəsi ilə müqayisədə ədəbi tənqid axarında monoqrafiyaların meydana çıxması geniş yayılmamışdır. Akademik Bəkir Nəbiyev geniş həcmli monoqrafik əsər boyu tənqidçi ampulasında qalmağın nümunəsini göstərmişdir. Tənqid ağırlıqlı monoqrafiyaları ilə o, Azərbaycan ədəbi tənqidinin "romanını" yaratmışdır...
Bəkir Nəbiyevin qüdrətli ədəbiyyatşünas firidun bəy Köçərliyə həsr edilmiş monoqrafik tədqiqatında ədəbiyyat tarixçiliyinin üstünlüyü müşahidə olunur. Bu, bir tərəfdən seçilmiş "həyatı və yaradıcılığı" formatının tələbatından, digər tərəfdən isə Firidun bəy Köçərlinin elmi fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi məsələlərinin üstün yer tutmasından irəli gəlir. Müəllif bu əsəri yazarkən hətta müxtəlif arxivlərin fondlarına da baş vurmalı olmuşdur. Əsərdə Firidun bəy Köçərlinin tərcümeyi-halı və yaradıcılıq yolu aşkar edilmiş faktların və sənədlərin əsasında mükəmməl səviyyədə tədqiq edilib ümumiləşdirilmişdir…
Ümumiyyətlə, Bəkir Nəbiyev monoqrafik səciyyəli araşdırmalarla müqayisədə ədəbi tənqidin ən çevik xitabət kürsüsü sayılan məqalə yaradıcılığına daha çox müraciət etmişdir. Akademik Bəkir Nəbiyevin məqalələri haqqında bəhs edən sənətkarlar barəsində yığcam elmi əsərlər təəssüratı yaradır. Bu yığcam və əsaslandırılmış elmi məqalələrdən hər biri sistemli Azərbaycan ədəbiyyatı tarixinə ayrı-ayrı yazıçı və şairlər haqqında müstəqil portret-oçerklər kimi daxil edilə bilər. Bəkir müəllimin məqalələrində Qorqud atadan Yunis İmrəyə, Aşıq Ələsgərə, Nizami Gəncəvi, Nəsimi və Füzulidən "Molla Nəsrəddin" ədəbi məktəbinədək, Səməd Vurğundan, Rəsul Rzadan, Mir Cəlal Paşayevdən, İsmayıl Şıxlıdan, İlyas Əfəndiyevdən, Nigar Rəfibəylidən, Qabildən Anara, Elçinə, Məmməd Araza, Fikrət Qocaya, Sabir Rüstəmxanlıya, Zəlimxan Yaquba, Hüseynbala Mirələmova qədər Azərbaycan ədəbiyyatının bütün tarixi epoxalarının nümayəndələrinin ədəbi xidmətləri, yaradıcılıq özünəməxsusluqları layiqli elmi həllini tapmışdır.
Cəmiyyətşünas alim olan Bəkir Nəbiyevin yaradıcılığında şeir-sənətlə yanaşı, zamanın da nəbzi duyulur. Akademik Bəkir Nəbiyevin cəmiyyətşünaslıq baxışları geniş mənada ədəbiyyatşünaslıq elminin Azərbaycannaməsindən ibarətdir, dövlətimizə və xalqımıza xidmətin elmi ifadəsidir. Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmış Əhməd Cavad, Almaz İldırım, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz və başqaları kimi qüdrətli sənətkarların yaradıcılığının öyrənilməsini ön mövqeyə çəkən Bəkir Nəbiyev Azərbaycan istiqlal ədəbiyyatının sistemli, masştablı, miqyaslı tədqiqinin möhkəm elmi bünövrəsini formalaşdırmışdır.
Çoxillik Azərbaycan ədəbiyyatı tarixinin və Azərbaycan Milli Ensiklopediyasının əsas yaradıcıları sırasında akademik Bəkir Nəbiyevin adı ən mötəbər yerdə dayanır. İllərdən bəri səriştə ilə başçılıq etdiyi doktorluq və namizədlik dissertasiyaları şurasındakı səmərəli elmi və təşkilatçılıq işi sayəsində, habelə elmi rəhbərliyi ilə Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli böyük elmə vəsiqə almışdır.
Akademik Bəkir Nəbiyev ölkəmizdə olduğu kimi, beynəlxalq aləmdə də elmimizi həmişə yüksək ləyaqətlə təmsil etməyin nümunəsini göstərmişdir. Görkəmli alimin rus, ingilis, ərəb, fars, hətta Çin dillərində çap olunmuş elmi əsərləri ədəbiyyatımızı və mədəniyyətimizi dünya ictimaiyyətinə elmi şəkildə təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, akademik Bəkir Nəbiyevin altmış il ərzində yaradılmış elmi əsərlərini yazılma tarixindən, janrından və ya həcmindən asılı olmayaraq vahid elmi sistem birləşdirir. Bu əsərlərin problemləri, təhlil üsulları, yanaşma və müqayisə metodları, yazı tərzi yalnız və yalnız Bəkir Nəbiyevə məxsusdur. Bu mənada Bəkir Nəbiyevin elmi əsərlərini Azərbaycan ədəbiyyatşünaslığının Bəkirnaməsi adlandırmaq olar...
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubilyarı rəhbərlik etdiyi qurumun adından təbrik edərək dedi: "Bəkir müəllim həm də Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvüdür. Yazıçılar Birliyində onun qədrini yaxşı bilirlər. Bəkir müəllimin bir evi də Yazıçılar Birliyidir. Mən onun yetmiş illik yubileyində də çıxış edərək xoş ürək sözlərimi demişəm. O çıxışı yaxın günlərdə dərc edilən kitabıma da daxil etmişəm. Həmin kitaba Bəkir müəllim üçün yazdığım avtoqrafda deyilir: "Maşallah, göz dəyməsin, həmişə belə qalasan - ömrün doxsanında da, yüzündə də!"
Sonra Anar müəllim AYB-nin xüsusi mükafatını yubilyara təqdim etdi.
Yubilyarı təbrik edən şeyxülislam Hacı Allahşükür Paşazadə vurğuladı ki, Bəkir müəllim müsəlmanların bütün dövrlərdə ehtiyacı olduğu böyük elm xadimlərindən biridir: "Onun yetişdirdiyi alimlər millətimizin inkişaf yolunu işıqlandırmağa xidmət edirlər, biz onun mənalı ömür yolundan bəhrələnirik. Müqəddəs Peyğəmbərimizin kəlamlarında alim qələminin mürəkkəbi şəhid qanına bərabər tutulub. Bu mənada Bəkir müəllimin qələmi həmişə xalqın inkişafı, həqiqəti dərk etməsi yolunda işləyib. O, həzrəti Əlinin məşhur "Bəhcətül-bəlağət" kitabını redaktə edib ki, bu, çox şərəfli bir işdir. Mən Bəkir müəllimlə bir çox tarixi səfərlərdə yol yoldaşı olmuşam və mən bu səfərlərimiz zamanı da onu həmişə inamlı bir müsəlman, elm xadimi kimi görmüşəm".
Rəhbərlik etdiyi qurumun xüsusi mükafatını yubilyara təqdim edən A.Paşazadə ona uzun ömür, cansağlığı arzuladı.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov yubiley gününü Azərbaycan elminin, Azərbaycan ziyalılığının bayramı kimi dəyərləndirdi: "Rəhbərlik etdiyim universitetin kollektivi Bəkir müəllimi çox sevir. Milli-mənəvi dəyərlərimizin formalaşması, Azərbaycanda tolerantlığın oturuşmasında Bəkir müəllimin böyük xidmətləri var. Onun fəaliyyəti sistemli şəkildə həm ulu öndər Heydər Əliyev, həm də ölkəmizin başçısı İlham Əliyev tərəfindən qiymətləndirilib. Bəkir müəllim Bakı Dövlət Universitetinin məzunudur. Bu universitetin çox şöhrətli məzunları olub ki, onlardan biri də Bəkir müəllimdir. Onun kimi məzunların Azərbaycan milli ideologiyasının formalaşmasında böyük rolu olub. Bəkir müəllimə çox görkəmli elm xadimləri dərs deyib və o, öz müəllimlərinin hər birinin ən yaxşı xüsusiyyətlərini mənimsəyib. O, incə qələm sahibidir. Hətta o dərəcədə incə qələm sahibi ki, adamı tənqid edəndə belə ondan incimək olmur. Çünki bu tənqid ədalətli, obyektiv olur. Bəkir müəllim elə bir məktəbdir ki, bu məktəbin özünəməxsus qolları formalaşır, inkişaf edir, biz bununla fəxr edirik. Bəkir müəllimi Bakı Dövlət Universitetinə bağlayan bir şəxs də var. O, hörmətli akademikin nəvəsi və adaşı Bəkir Nəbiyevdir. Nəvə Bəkir bizim universitetin tələbəsidir…"
Akademik Akif Hacıyev çıxışında vurğuladı ki, Bəkir müəllim görkəmli alim, söz ustası, böyük şəxsiyyətdir: "Mən onu yaşından çox cavan görürəm. Bu onun gördüyü yaxşı işlərin şövqüdü. Bəkir müəllim atam Cəfər Xəndanın aspirantı olub. Bu səbəbdən onun uğurları mənə əzizdi. Bu görkəmli insanın şirin söhbətləri həmişə xoş enerji, aura yaradır".
Sonra xalq şairi Nəriman Həsənzadə yubilyara həsr etdiyi şerini oxudu.
Akademik, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov çıxışında vurğuladı ki, Bəkir Nəbiyev bizim bölmədə sağlığında 80 illiyini qeyd edən ilk alimdi. Bu birincilik onun ömründə, fəaliyyətində çox olub.
Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev dedi: "Burada çox şirin ürək sözləri səsləndirildi. Ona görə ki, Bəkir müəllimin özü çox şirin adamdı. Sədi yazır ki, əsl ətir o ətirdi ki, özü ətir saçır, onu satanı tərifləmir. Bəkir müəllim əsl ətir saçan insanlardandı. O, Azərbaycan ədəbiyyatşünaslığının tələbkar və xeyirxah ağsaqqalıdır. Onun simasında tələbkarlıqla ağsaqqallıq üzvi surətdə birləşir. Təsəvvür etmək mümkün deyil ki, Bəkir müəllim kiməsə pislik etmiş olsun. O, adamın nöqsanını da deyəndə elə deyir ki, cana sarı yağ kimi yayılır. Bu, Bəkir müəllimin kamilliyindən irəli gəlir. Bəkir müəllim həyat eşqilə, gözəllik zəkatıyla dolu insandı. İstərdim ki, həmişə belə qalsın".
Doktor Cavad Heyət çıxışında vurğuladı ki, Bəkir Nəbiyev ölümsüzlüyün sirrinə lap erkən yaşlarından vaqif olanlardandır: "Bəkir müəllimin timsalında bar verdikcə başını aşağı əyən möhtəşəm bir ağacı görürəm. Torpağı sanı yaşasın, akademik Yaşar Qarayevin yoxluğu mənim düşüncəmdə Bəkir müəllimin varlığı ilə ovunur. Bəkir müəllim həm Şərq, həm də Qərb dəyərlərini özündə ehtiva edir. Onunla ünsiyyət məktəbdi. Şərt yaşda deyil, necə yaşamaqdadı. Bəkir müəllim kimi yaşamaq nadir, seçilmiş insanlara nəsib olur".
Ağdaş rayon İH başçısının humanitar məsələlər üzrə müavini Qalib müəllim yubilyarı ağdaşlılar adından təbrik edərək ona ünvanlanmış təbrik məktubunu oxudu, şair Gülağa Tənha vurğuladı ki, Bəkir müəllimlə tanışlıq insanı zənginləşdirir: "Mən ona həsr etdiyim poemanı ayrıca kitab şəklində dərc etdirmişəm, ürək sözlərim "Azərbaycan" qəzetinin yaxın saylarında dərc edilib. Bütün hallarda ona xoşbəxtlik arzulayıram".
Akademik Arif İsmayılzadə Bəkir müəllimdən müasir Azərbaycan ziyalılığının ən nurlu simalarından biri kimi söz açdı: "İxtisasımız fərqli olsa da, qəlbimiz eyni milli-mənəvi dəyərlərlə, yaşamaq-yaratmaq eşqilə döyünür" - dedi.
Tədbirdə çıxış edən akademik İsmayıl İbrahimov dedi: "Mən sizi tez-tez eşidirəm, çıxışlarınızı izləyirəm. Siz həqiqətən böyük bir alim, dəyərli şəxsiyyət kimi xalqımızın inkişafına, intelelktimizin yüksəlişinə xidmət edirsiniz. Sizin daha çox yaşamaq haqqınız var. Bu haqqı xalqa xidmətinizlə qazanıbsınız…"
Rusiya azərbaycanlılarının "Ocaq" cəmiyyətinin rəhbəri Tofiq Məliklinin adından yubilyarı salamlayan Azər Səfərov, professor Asəf Zamanov, DAK-ın sədr müavini Abuzər Bağırov da Bəkir müəllimin unikal təbiətindən, bənzərsiz şəxsiyyətindən söz açaraq yubileyi münasibətilə ən xoş arzularını çatdırdılar.
AMEA-nın müxbir üzvü Teymur Kərimli birgə çalışdıqları kollektiv adından yubilyarı təbrik edərək dedi: "Bəkir müəllim yeddi ildir ki, Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik edir. "Yeddi" rəqəmi simvolik, müqəddəs rəqəmdi. Xarakterindəki səmimiyyət və ürəyiaçıqlığın gücü ilə hamını da özü kimi hesab edən, hər kəsi özünün dümdüz arşını ilə ölçən və sir-sözünü paylaşmağı sevən Bəkir müəllimin hər kəsə xas olmayan çox unikal xasiyyəti məndə həmişə qarşılıqlı səmimi duyğular, bu böyük insana qarşı dərin hörmət hissi yaradıb".
"Elm" nəşriyyatının direktoru, tanınmış alim Şirindil Alışanlı çıxışında yubilyarı mənəviyyat və elm məktəbi kimi xarakterizə etdi: "Mən onu ilk dəfə 1966-cı ildə evimizdə bir dissertasiya müdafiəsi münasibətilə düzənlənmiş mərasimdə görmüşəm. Həmin o 1966-cı ildə evimizdə mənə əziz olan insanlarla bir oturub deyib-gülən, çevik Bəkir müəllimlə bugünkü 80 yaşlı insan arasında cismani cəhətcə heç bir fərq görmürəm. Rəhbərlik etdiyim "Elm" nəşriyyatında Bəkir müəllimin bir neçə kitabı çap olunub. Bu kitabların araya-ərsəyə gəlməsi məqamlarında, eləcə də bütün mənalı ömür yolu boyunca Bəkir müəllimin əldə etdiyi uğurların hasilə yetməsi yolunda onun ömür-gün yoldaşı Ədalət xanımın dərin hörmətə layiq cəfakeşliyi, diqqəti dayanır. Bəkir müəllim "bütün keçilməzləri bu mərd qadınla keçib". Buna görə mən əlimdəki gül dəstəsini Ədalət xanıma təqdim edir və onun əllərini öpməkdən qürur duyuram.
Şirindil Alışanlı axırda dünyanın bir çox ölkələrindən, eləcə də ölkəmizdəki universitet və institut kollektivlərindən görkəmli elm və mədəniyyət xadimləririnin yubilyara ünvanlanan təbrik teleqramlarını məclis iştirakçılarının diqqətinə çatdırdı, Heydər Əliyev fondunun prezidenti, millət vəkili, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təbrikini oxudu.
Sonda söz alan yubilyar dedi: - Bu əlamətdar gündə əvvəlcə ulu Tanrıya intəhasız şükranlığımı bildirirəm ki, məni xoş saatında yaratmış və dünyanın hər cür isti-soyuğundan, həyatın bir çox keşməkeşlərindən keçirərək ömrümün artıq 81-ci pilləsinə gətirib çıxarmışdır.
Bundan sonra isə Ağdaş bölgəsinin Üçqovaq kəndinin vaxtilə çox sayılıb-seçilən sakinləri, keçən əsrin 37-ci ilində isə Stalin repressiyasının qurbanı olmuş atam Əhməd Molla Nəbi oğlunun itkin ruhuna və cəfakeş anam Seyid Zəhra Mir Sadıq qızının əziz xatirəsinə minnətdaram ki, mənim ərsəyə gəlməyim üçün o çətin zamanlarda əllərindən gələn hər şeyi etmişdilər.
Mən birinci sinfə gedəndə atamı bəhs etdilər və bir daha onu görmək mənə nəsib olmadı. Lakin atamın və ümumən Molla Nəbi ocağının bütün əsas mənəvi-əxlaqi keyfiyyətlərini möcüzəli bir akkumulyator kimi özündə toplayan anam öz övladlarını, o cümlədən də məni, məhz bu keyfiyyətlər müstəvisində və atası Mir Sadıq əfəndinin əxlaq məcəlləsi əsasında tərbiyə etmişdi. Atamın türkcə, ərəbcə və rusca savadlı, işgüzar, qeyrətli, alicənab və əliaçıq bir insan kimi munis obrazını mən məhz anamın təlqini əsasında sevmişəm. Bir azərbaycanlı, vətəndaş və müsəlman olaraq mənəviyyatım onun, məhz anamdan eşitdiyim tövsiyələri əsasında təşəkkül tapmışdır. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin!
Mən bu gün böyüklərimin sonuncusu kimi mərhum qardaşımın, şərqşünas-müəllim, vaxtilə Ağdaş Ağsaqqallar Şurasının sədri olmuş Mahmud müəllimin əziz ruhuna minnətdaram.
Burada bir
kiçik açıqlama verməyə ehtiyac var. Biz uşaq
ikən qardaşım məndən iki sinif yuxarıda
oxuyardı. Bir xasiyyəti vardı. Azərbaycan və rus
dili dərslərindən ev
tapşırıqlarını həmişə hündürdən
oxuyar, belə hazırlaşar, şeirləri də bu cür əzbərləyərdi.
Mən də bu zaman, nə iş gördüyümdən
asılı olmayaraq, çox vaxt qeyri-ixtiyari, amma həmişə
məmnuniyyətlə onu dinləyərdim. Bir-iki il sonra, özüm növbəti siniflərdə
təhsil alanda görürdüm ki, həm Azərbaycan dilində,
həm də rus dilində dərsliklərimdə olub öyrənilməsi
məcburi sayılan şeir və hekayələrin
böyük əksəriyyətini mən artıq bilirəm.
Belə olan surətdə sinif yoldaşlarıma nisbətən
boş vaxtım çox qalar, mən də bu fürsətdən
istifadə edərək əlimə düşən digər
maraqlı kitabları oxuyardım…
İndi bu, bir
qədər qəribə səslənsə də mən məktəbə
gedəndə həm Azərbaycan, həm də rus əlifbasını
bilirdim. Bunları mənə mərhum əczaçı
bacım (aptekdə dərman hazırlayan) Münəvvər
öyrətmişdi. Yəni mən məktəbə
bir növ hazır şagird kimi qəbul olunmuşdum. Bununla belə, fürsətdən istifadə edib
birinci sinifdə müəllimim olmuş Barikə xanım Əfəndiyevaya
da rəhmətlər oxumağı özümə borc bilirəm.
Nizam-intizamlı, söz eşidən, məsuliyyət
duyğusu aşılanmış bir şagird kimi yetişməyimdə
Barikə xanımın nəcib təsiri şəksizdir.
Orta məktəbdə ədəbiyyat müəllimim olmuş
Böyük Vətən müharibəsinin
iştirakçısı və əlili, nadir din xadimlərimizdən
Şeyx Cəfərin oğlu, rus, ərəb və fars dillərini
də yaxşı bilən İdris Əliyevi həmişə
əziz-əziz xatırlayıram.
Mənə Ağdaşda
uzun illər rus dilindən dərs demiş, məşhur Qori
seminariyasının məzunu, əməkdar müəllim,
Lenin ordenli Həsən bəy Əfəndiyevin də qəbri
nurla dolsun!
Azərbaycan Dövlət
Universitetində dərs aldığım böyük müəllimlərimi
bu gün xüsusi minnətdarlıq duyğusu ilə yad edirəm:
akademiklər Feyzulla Qasımzadə, Məmməd Arif
Dadaşzadə, Həmid Araslı, Məmməd Cəfər Cəfərov,
akademiyanın müxbir üzvləri Cəfər Cəfərov
və Abbas Zamanov, diplom işimi yazanda mənə yaxşı
istiqamət vermiş görkəmli ədibimiz, prof. Mir Cəlal
Paşayev, namizədlik işimi yazanda elmi rəhbərim
olmuş professor Cəfər Xəndan Hacıyev, aspirantura illərimdə
mənə ərəb dilindən bəzi çox vacib məqamları
öyrətmiş ağdaşlı alim Muxtar Əfəndizadə,
eləcə də prof. Mikayıl Rəfili, Məmmədhüseyn
Təhmasib və Əli Sultanlı kimi çox böyük
müəllim və alimlərin boynumda sanballı
haqqı-sayı var.
Hələ universitetdə ikən
sıralarına qəbul edildiyim Azərbaycan
Yazıçılar Birliyinə, 50 ildən bəri
divarları arasında ən müxtəlif vəzifələrdə
çalışdığım Azərbaycan Milli Elmlər
Akademiyasına, xüsusən onun Nizami adına Ədəbiyyat
İnstitutuna və 16 il direktoru olduğum Nizami muzeyinə,
onların hər ikisinin nəcib, xeyirxah alimlərinə dərin
minnətdarlığımı bildirirəm.
Əziz dostlar! Hələ on
il bundan əvvəl ədəbiyyatşünaslıq sahəsində
mütəvaze əməyimi yüksək qiymətləndirib
məni "Şöhrət" ordeni ilə təltif
etmiş, öz nümayəndə heyətinin tərkibində,
öz təyyarəsində məni Səudiyyə Ərəbistanına,
müqəddəs Məkkəyə, Mədinəyə
aparmış ümummilli liderimiz Heydər Əliyevin əziz
xatirəsi qarşısında artıq tam ağarmış
başımı xüsusi ehtiram duyğusu ilə əyirəm…
14 dekabr 2005-ci ildə məni "İstiqlal" ordeni ilə
təltif edib, elə həmin gün də Azərbaycan
Dövlət filarmoniyasındakı təntənəli
yığıncaqda müstəqil dövlətimizin bu
çox yüksək mükafatının yaşıl lentini
öz mübarək əlləri ilə boynuma salmış
Prezidentimiz cənab İlham Əliyevə, bir qrup əməkdaşımla
məni Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görən, 80 yaşım tamam olan
gündə isə məni öz fəxri diplomu ilə təltif
edən, nəhayət, mənə Prezident təqaüdü təyin
edən möhtərəm ölkə
başçımıza dərin minnətdarlığımı
bildirir, Azərbaycanımızın daha böyük tərəqqisi
naminə ona uzun ömür, möhkəm
cansağlığı, yeni, daha əzəmətli uğurlar
arzulayıram!
Bir alim və ictimai xadim kimi
etimad göstərib öz məlum sərəncamı ilə
məni Azərbaycan Milli Ensiklopediyası sədrinin, yəni
şəxsən özünün bu sahədə müavini təyin
etmiş möhtərəm Prezidentimizə
razılığımı və təşəkkürlərimi
bildirirəm!
Səksən illiyim
münasibətilə mənə 2 gün öncə London
şəhərindən təbriknamə və xatirə hədiyyəsi
göndərmiş Heydər Əliyev fondunun prezidenti,
xalqımızın sevimlisi Mehriban xanım Əliyevaya ölkədə
maarif, mədəniyyət və səhiyyənin daha da
çiçəklənməsi üçün yeni
uğurlar və böyük səadət diləyirəm!
Əziz dostlar! Mənim 80
yaşımı dədə-baba yurdum Ağdaşın
İcra Hakimiyyəti, Nizami adına Ədəbiyyat
İnstitutunun Elmi Şurası, Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti, üzvü
olduğum Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini
Şurası, Azərbaycanın Dövlət Televiziyası,
bir sıra jurnal və qəzetlər lütfən qeyd
etmişlər. Onların hamısının məsullarına
barəmdə böyük diqqət, qayğı və qədirşünaslıq
göstərdikləri üçün ürəkdən təşəkkür
edirəm!
Bugünkü yığıncağımızda zəhmət çəkib yüksək elmi səviyyəli, müfəssəl məruzə və çıxış edənlərə, bu salonu əlvan güllərə-çiçəklərə qərq etmiş dostlara, qohumlara, uzaq-yaxın ellərdən, o cümlədən xarici ölkələrdən çoxsaylı səmimi teleqram, məktub və faks göndərmiş həmkarlarıma, indi məni dinləyənlərin hamısına çox sağ olun, var olun, - deyirəm, ömrünüz uzun, canınız salamat, işiniz avand, qulağınız dinc olsun, inşallah!
Həmkarlarım, qohumlarım, əməkdaşlarım,
yaxın tanışlar, tələbələrim adətən
məni sözünə sadiq, dəqiq, xoşxasiyyət, bir
az da səliqə-sahmanlı adam kimi tanıyır və hərdən
məndən bunun sirrini soruşurlar. Nə
deyim? Əhval-ruhiyyəmin
yüksək olması, özəlliklə, səliqə-səhmanım,
yəqin ki, ilk növbədə məni əhatə edənlərin,
hamıdan çox isə, əlbəttə,
xanımımın, övladlarımın və nəvələrimin
qayğıları sayəsindədir. Mən AMEA-nın
Botanika İnstitutunun baş elmi işçisi, biologiya elmləri
namizədi Ədalət xanıma bir də ona görə minnətdaram
ki, uşaqlarımıza yaxşı tərbiyə verib,
onların həm orta məktəbdə, həm də ali məktəbdə
əla oxumasında, layiqli insanlar, əsl Azərbaycan vətəndaşları
kimi yetişməsində, nəvələrimizin
böyüyüb ərsəyə çatmasında xüsusi
xidmətləri var.
Hörmətli tədbir
iştirakçıları, əziz həmkarlarım! Qiymətli
vaxtınızı sərf edib bu məclisə təşrif gətirdiyiniz
üçün sizə bol-bol təşəkkürlərimi
bildirir, hamınıza böyük səadət, gözlərimin
bəbəyi qədər mənə əziz olan müstəqil
Azərbaycanımıza firavanlıq arzu edirəm!
Diqqətiniz
üçün sağ olun!
Sərvaz
Ədəbiyyat qəzeti.-
2010.- 24 sentyabr.- S.1, 2.