Hər
il sentyabr ayının 19-da görkəmli şərqşünas
alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida
İmanquliyevanın xatirə gününü dərin
hörmətlə qeyd edirik.
Aida xanım “Ədəbiyyat qəzeti”nin
mötəbər müəlliflərindən olmuşdur. Xüsusən ədəbi əlaqələrimizin tədqiqi
ilə bağlı neçə-neçə məqaləsi
hörmətli oxucularımıza yaxşı məlumdur.
Təqdim etdiyimiz məqalə müəllifin
həmin mövzuda yazdığı və bu gün də
aktual olan tədqiqatlarındandır.
Mütərəqqi Livan şairi Mişel
Süleymanın "Yerdən doğan
günəş" kitabı Azərbaycan dilində
Sovet yazıçılarının bir sıra əsərlərinin ərəb dilinə tərcümə olunub ərəb ölkələrində nəşr edilməsi, yayılması, eləcə də mütərəqqi ərəb şair və nasirlərinin əsərlərinin SSRİ xalqlarının dillərində nəşri sovet-ərəb ədəbi-mədəni əlaqələrinin genişlənməsinə kömək edən mühüm amillərdəndir.
Mütərəqqi ərəb yazıçıları da dünyanın sülhsevər, azadlıq, milli istiqlaliyyət tələb edən xalqları kimi imperialist ağalığına, hər cür zorakılığa, asılılığa, təcavüzkarlığa, zülmə və ədalətsizliyə qarşı çıxır, mübarizə aparırlar. Onlar yeni cəmiyyət qurmaq uğrunda, geriliyə və ətalətə qarşı, müstəmləkəçilik və irqi ayrı-seçkiliyə qarşı aparılan mübarizədə iştirak edir, səslərini ucaldırlar.
Ərəb yazıçıları yeni cəmiyyət quruculuğu uğrunda ümumxalq mübarizəsində öz üzərlərinə düşən sosial vəzifəni və məsuliyyəti yaxşı dərk edirlər. Bu hiss və məsuliyyət isə onlara ictimai məna kəsb edən qiymətli əsərlər yaratmağa kömək edir. Hazırda ərəb yazıçıları mütərəqqi bəşəriyyətlə birlikdə imperializmin sionist təcavüzünə qarşı, İsrailin zəbt etdiyi ərəb ərazilərini azad etmək uğrunda, fələstin ərəblərinin qanuni milli hüquqlarını bərpa etmək uğrunda mübarizə aparırlar. Ərəb yazıçıları, həmçinin, xalqın rifah halını yaxşılaşdırmaq, şəxsiyyət hüququnu təkmilləşdirmək, millətin mədəni səviyyəsini yüksəltmək üçün də səylə çalışırlar.
Sovet İttifaqı və digər sosialist ölkələri ilə əməkdaşlıq ərəblərin mübarizə əzmini artırır, ərəb ölkələrinin dünya sosializm cəbhəsi ilə əlaqəsini daha da möhkəmləndirir. Sovet yazıçılarının əsərlərinin bu ölkələrdə tərcümə edilib nəşr olunması ərəb ədəbiyyatının da müasir inkişafına, onun mövzuca zənginləşməsinə mütərəqqi təsir göstərir.
Sovet ədəbiyyatının tərkib hissəsi olan Azərbaycan sovet ədəbiyyatı nümunələrinin, habelə mütərəqqi ərəb yazıçılarının əsərlərinin tərcümə edilib nəşr olunması da çox mühüm əhəmiyyətə malikdir. Məlum olduğu kimi, Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrinin kökləri çox-çox qədimlərə gedib çıxır. Lakin Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ərəb ölkələri ilə mədəni əlaqələrimiz xüsusilə genişlənmiş, yeni məzmun, yeni ideya keyfiyyəti kəsb etmişdir. Bədii ədəbiyyatımızda ərəb xalqlarının istək və arzularını, mübarizələrini, həyat tərzini təsvir və tərənnüm edən nümunələr az deyildir. Belə əsərlər hər şeydən əvvəl, ərəb xalqlarının milli istiqlaliyyət və demokratik azadlıq uğrundakı mübarizələrinə yardım göstərmək, onlara mənəvi ilham vermək cəhətdən çox əhəmiyyətlidir.
İraqın, Suriyanın və bir sıra başqa ərəb ölkələrinin mətbuat səhifələrində, eləcə də ərəb nəşriyyatlarında Azərbaycan nasirləri və şairlərinin əsərləri ərəb dilində nəşr olunur. Məsələn, İraqın "Bağdad" nəşriyyatında Azərbaycan yazıçılarının şeir və poemalarından barət məcmuə nəşr olunmuşdur. Məcmuəyə respublikamızın şairlərindən Süleyman Rüstəmin, Rəsul Rzanın, Məmməd Rahimin, Mirvarid Dilbazinin, Osman Sarıvəllinin, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin və Tofiq Bayramın şeirlərindən nümunələr daxil edilmişdir. Məcmuədə adları çəkilən şairlərin həyatı və yaradıcılığı haqqında qısa məlumat da verilmişdir. Azərbaycan yazıçılarının əsərlərinin ərəb dilinə tərcümə olunması və nəşr edilməsi ərəb ölkələrində ədəbiyyatımıza olan marağın təzahürüdür.
Qarşılıqlı mədəni, ədəbi əlaqələr nöqteyi-nəzərindən ərəb ölkələrinin istər qocaman, tanınmış yazıçılarının, istərsə də ədəbiyyata yeni gələn istedadlı gənclərin əsərlərinin Azərbaycan dilinə tərcümə edilib nəşr olunması da böyük əhəmiyyətə malikdir. "Yazıçı" nəşriyyatı tərəfindən bu yaxınlarda buraxılmış "Yerdən doğan günəş" şeirlər kitabı da bu cəhətdən səciyyəvidir. O, Livanın mütərəqqi şairi, müasir ərəb poeziyasının tanınmış nümayəndələrindən biri Mişel Süleymanın çoxcəhətli yaradıcılığı ilə azərbaycanlı oxucularını tanış edir.
Mişel Süleyman, bədii yaradıcılığı və ictimai fəaliyyəti ilə öz vətəni Livanla sıx bağlı olan, ərəb xalqlarının azadlıq mübarizəsində fəal mövqe tutan şairlərdəndir. O, vətəni haqqında belə deyir: "Livan qəlp pul kəsənlər kimi həqiqəti saxtalaşdıran bəzi əllaməçi təbliğçilərin təsvir etdiyi cənnət deyildir. Orada yoxsullar bir tikə çörək üstündə, suvarma kanalından bir sısqa su götürmək üstündə bir-birini qırırlar. Orada ağalar özlərini əcnəbi süngüsü ilə qoruyub müdafiə edirlər".
Mişel Süleyman yüksək vətənpərvərlik ruhunda yazılmış şeirlərində Livanı varlı turistlərin istirahət və kef məkanı, işbazların saziş və görüş yeri, rəngli reklam lövhələrində təsvir olunan sakit və cəzbedici, bir guşə kimi qələmə almır, əksinə, o, vətəninin dərdlərini hiss edir, xalqının ağır həyatı üçün iztirab keçirir, onu tərəqqidə görmək istəyir.
Mişel Süleyman hər cür irticanın, xalqla zidd, milli mənafeyə qarşı olan qüvvələrin əleyhinədir. Şair əmindir ki, xalqın inamını, iradəsini və gücünü heç bir qüvvə qıra bilməz, xalq məğlubedilməzdir, yenilməzdir:
Köpürəndə dalğalar dənizi,
görmüsənmi?
Bozaranda suların bənizi,
görmüsənmi?
Təlatümdə fırtına quşunu,
görmüsənmi?
Çırpanda dalğalara döşünü,
görmürsənmi?
Bəli, xalq da belədir!
…Siz ey zalımlar, bilin, xalq
yenilməz Allahdır.
Səcdə edin Allaha!
("Xalqın qüdrəti")
Təsadüfi deyil ki, Mişel Süleyman insanın qüdrətinə, insanın əzəmətinə və hünərinə həsr etdiyi "Mübtəda da siz oldunuz, xəbər də siz" adlı şeri üçün Nazim Hikmətin "Planetimiz öküzün buynuzları üzərində deyil, sizin qollarınız üzərində durur" ifadəsini epiqraf seçmişdir. Bu şeir bütün bəşəriyyətə, Yer kürəsinin bütün insanlarına müraciətlə yazılsa da, onun hər misrasında uzun mübarizə yolu keçmiş, milli istiqlaliyyət, azadlıq əldə etmək uğrunda "vaxtsız ölüm ilə gülə-gülə üzləşən", "yolunda göz yaşından okeanlar" əmələ gələn ərəb oğlunun mərd siması canlanır, onun adı səslənir. Şair bütün insanları "qalalardan, istehkamlardan, kilyotinlərdən" əsla qorxmamağa, "zülmətləri işıqlandırmağa", cinayətlərə son qoymağa səsləyir:
Siz ey xalqlar,
Ey insanlar.
Ey sabaha yol açanlar!
Siz oyadın bütün ərzi!
Tarixlərə ibrət dərsi
Siz oldunuz,
Hünər də siz!
Qəhrəmanlıq
dastanında
Mübtəda da siz oldunuz,
Xəbər də siz!
İnsan zəkasının
qüdrətinə, insanın qəhrəmanlığına
həsr olunmuş şeirlər içərisində
dünyanın ilk kosmonavtı Sovet İttifaqı Qəhrəmanı
Yuri Qaqarinə ithaf edilmiş şeir diqqəti cəlb edir. "Əsrin adamı"
adlanan və böyük səmimiyyətlə
yazılmış bu əsərdə müəllif Yuri
Qaqarini "fədakarlıq rəmzi", "ölümdən
qorxmayan əsgər" adlandırır:
O, iliyə, qana qədər
fədakarlıq rəmzi idi.
Ölümdən qorxmayan əsgər
Od selinin özü idi
Onun odu, hərarəti
Vulkan idi, lava idi
O, göylərin şeriyyəti,
Nəğmə
idi, hava idi.
Kitabda
toplanmış şeirlərin bir qismi azadlıq uğrunda
mübarizədə həlak olmuş şəhidlərə həsr
olunmuşdur ("Üsyankar hüzn", "Şəhidlər"
və başqaları). Öz vətəninin, xalqının milli
azadlıq mübarizəsinin fəal
iştirakçısı olan üsyankar qəlbli şair təqiblərə
məruz qalmış, tutduğu mütərəqqi siyasi
mövqelərə görə dəfələrlə həbs
olunmuşdur. Sağ ekstremistlər onun evini
yandırmış, zəngin kitabxanasını və əlyazmalarını
məhv etmişlər.
Bütün bu
vəhşi hərəkətlərə qarşı Mişel
Süleyman üsyankar səsini qaldırmış, siyasi
şeirləri ilə cavab vermişdir. Şair
düşünürdü ki, əgər qəsbkarlar evini
dağıtmaq, kitablarını, əlyazmalarını məhv
etməklə ondan intiqam alırlarsa, deməli onun ifşaedici
şeirləri hədəfə dəymişdir və elə zəhmli
həqiqətdir ki, mürtəce qüvvələri qorxudur,
onları lərzəyə salır.
Mişel
Süleyman heç vaxt bədbinləşib ümidsizliyə
qapılmır. Onun şeirlərində işıqlı
gələcəyə inam vardır. Şairin
lirik qəhrəmanları qəti döyüşlərlə,
mübarizələrlə qarşı-qarşıya durmaq
iqtidarındadırlar. faciələr,
ələm və kədərlə dolu olan "Odlu xatirələri"ni
Mişel Süleyman ümid və inam dolu misralarla
tamamlayır:
Çağırıram var
səsimlə:
Qalxıb
dururam bu dəm.
Zülmət xərabəlikdən
Mən şəfəqi
görürəm.
Mişel
Süleyman xoşbəxt gələcəyə,
xeyirxahlığa, azadlıq və istiqlaliyyətə olan qəti
inamını öz oxucularına da aşılamağı
bacırır.
"Yerdən
doğan günəş" kitabına livanlı şairin
bir neçə incə, məlahətli lirik şeirləri də
daxil edilmişdir. Bu şeirlərdə müəllif öz
məhəbbətini və sevgisini vəsf edir. "Dəniz və yelkən",
"Üzük", "Cənnət quşu" və
başqaları belə şeirlərdəndir. Mişel
Süleymanın məhəbbət mövzusunda
yazdığı şeirlərində də vətənpərvərlik
motivləri hiss olunur. Şair üçün
ana, vətən, sevgili məfhumları eyni dərəcədə
əzizdir, doğmadır. Bu cəhətdən
"Ürəkdə bitən bir sünbül" şeri
daha maraqlıdır. Görkəmli ərəb
filosofu və ədibi Əbü-l-Üla əl-Məərrinin
"Vətən torpağına yağış
yağdırmayan faydasız bulud başım üstə
sıxlaşmasın" fikrindən epiqraf kimi istifadə
etmiş şair həmin kiçik bədii əsərinə
vətənin vəsfi ilə başlayır. Vətən torpağından şair bir sirr əxz
etmişdir, elə bir sirr ki, daim onun ömür müsafiri
olacaq. Bu sirr "məhəbbət
adlı atəşdir". Lakin
düşmənlər onu sevgisindən, məhəbbətindən
uzaq salmışlar, "boşbeyinlilər" şairdən
sevmək üçün də icazə vərəqəsi tələb
edirlər.
Bu şeirdə
də müəllifin üsyankar səsi eşidilir. O, məhəbbətinə
müraciətlə deyir:
Ey əzəli, ey əbədi
məhəbbətim,
Kirpiyini titrət, titrət!
Tök üstümə
gözlərinin incisini,
Quşlar vüsal sevincinə
qata bilsin
Öz səsini,
Yer göstərsin al günəşə
sərvətini
Sini-sini,
Mənə rəhm et!
Kitabda Mişel
Süleymanın "Nəğmə, ölüm və son gecə"
adlı birpərdəli mənzum pyesi və bir neçə
didaktik şeri də daxil edilmişdir. Ərəb xalqının qəhrəman
mübarizə tarixinin kiçik bir səhifəsi təsvir
edilmiş "Nəğmə, ölüm və son gecə"
pyesində mübarizlərin cəsədləri ətrafına
toplaşmış və şərti olaraq Ölüm, Zabit,
Sələmçi, Tacir və Kahin adlandırılmış
şəxslərin yeritdikləri siyasət onların iç
üzünü açıb ifşa edir: Ölüm ətrafa
səpələnmiş cəsədləri görüb
sevinir, şadlanır, bu onun "qələbəsidir". Sələmçi ona borcu olan adamın ölməsinə
heyifsilənir. Tacir "varlığın
sirrini yalnız alış-verişdə" görür.
Zabit öz silahına, belinə
bağladığı tapançasına arxalanır; Kahin isə
"ər ruhlardan hifz" olunmaq üçün insanları
yalnız dua etməyə çağırır. Lakin bütün bu təkəbbürlü ağalar
və eləcə də Ölüm, əlində şeypur
tutmuş bir cəsədin dikəlib oturduğunu, sonra isə
ayağa durduğunu görərək lərzəyə
düşürlər. Səhnədə
divara intibahnamələr yapışdıran bir uşaq
görünür. O, intibahnamələri
yapışdırıb məğrurcasına addımlayan
şeypurçunun arxasınca gedir. Bu zaman
bütün cəsədlər hərəkətə gəlib
qalxır. Sələmçi, Tacir, Zabit və Kahin surətlərində
təcəssüm olunmuş şər qüvvələr
hücum çəkib qalib gəlirlər. Müəllif pyesi
aşağıdakı sözlərlə bitirir:
Uçurun,
qəsrlər qalmasın yerdə,
Zülmkar nəslini
tamam qırın siz.
O pak minbərdəki risalələrdə
Adı çəkilənlər
elə sizsiniz.
Sizin əlinizdə
qayıtsın bir də
Əzəli
hökmünüz, hakimliyiniz.
Kitabda təbiət
təsvirinə həsr olunmuş bir şeir vardır. Bu şeirlərdə
müəllif təbiət lövhələri yaratmaqla bərabər
təbiətdə baş verən hadisələri, dəyişiklikləri
insan həyatı ilə, insan taleyi və əhval-ruhiyyəsi
ilə bağlayır.
Kitabda
toplanmış şeirlərin Azərbaycan dilinə tərcüməsini
görkəmli şairlərimizdən SSRİ Dövlət
mükafatı laureatı Nəbi Xəzri və Əlağa
Kürçaylı etmişlər. Ərəb dilindən
sətri tərcümənin müəllifi isə
tanınmış ərəbşünas, filologiya elmləri
doktoru Vasim Məmmədəliyevdir. Əsərin
istər bədii-estetik, istərsə də ideya-məzmun
baxımından orijinala xeyli yaxın, müvəffəqiyyətli
tərcüməsi azərbaycanlı oxuculara təqdim
edilmişdir.
Mişel
Süleymanın yaradıcılığına yaxından bələd
olan Nəbi Xəzri kitabın əvvəlində şairin həyat
və yaradıcılığı haqqında qısa məlumat
verir.
Yazıçı və şairlərimizin yaradıcılığına ərəb ölkələrində maraq, eləcə də ərəb ədəbiyyatının mütərəqqi nümayəndələrindən olan Mişel Süleymanın şeir nümunələrinin toplu halında Azərbaycan dilində nəşri Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrini, dostluq münasibətlərini, sovet və ərəb xalqları arasında qarşılıqlı rəğbət və məhəbbəti əks etdirən gözəl misaldır. Tarixin təcrübəsi göstərir və ərəb xalqlarını inandırır ki, Sovet İttifaqı ilə, digər sosialist ölkələri ilə dostluq və əməkdaşlıq çox mühüm əhəmiyyətə malikdir. Bu dostluq imperializm fitnə-fəsadlarına qarşı ərəb xalqlarının birliyi üçün, ərəb ölkələrinin iqtisadi və mədəni tərəqqisinə nail olmaq üçün ən gözəl və real təminatdır.
Aida İmanquliyeva
Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.3.