İlyas dayı
Ucalıqda düşüncələr
Bu yazını təyyarədə
başladım.
Bu ucalıq
Sənə yaxın bir yerdir...
Hərçənd, uçaqla
sənin
heç vaxt aran olmayıb.
İlyas müəllim,
Bəllidir ki, biz Sizinlə qohumuq.
Amma Sizdən ömrü boyu çəkindim.
Söz şumlamaqda,
söz əkinində
o ağır
çəkiniz çəkindirdi
məni.
Əkildim çox zaman Sizi görəndə.
Həsəd çəkirdim,
düzü, qibtə edirdim,
o arı şirəyə daraşan
kimi
Sizə qəmiş olan üzlü kəslərə.
Qorxacaq yerimdiz mənim sevimli.
Mən sizin xəfifcə o əsən
əlləriniz tək
dünyada ikinci bir əl görmədim,
-
bu qədər
yanımcıl, bu qədər isti,
bu qədər
yumuşaq, həm də sərt olsun...
Bəli, İlyas
dayı, bax hələm indi
mən cürət
duyuram nəsə deməyə.
Əslində, Siz kökü, gövdəsi
yerdə,
başı buludlarda
nəhəng çinardız,
mən Sizi həmişə belə görürdüm.
Yeniyetmə çağım,
cavan vaxtımda
Siz evdən
bir yerə çıxıb gedəndə
xoşlardım o Sizin kabinetdəki
masa arxasında
oturmağı mən...
Bunu qorxu-ürkü...
ərklə edərdim!
Ah, necə
qəribə səslər
alardım
O zaman naməlum, sirli fəzadan...
Qorxmazdım belə vaxt heç bir cəzadan.
Heç cəza
verən də deyildiz axı!
Bu zaman eləcə yarızarafat,
Gözünüzü, yarı
da ciddi,
Adama ağartmağınız vardı.
Sən elə yanımcıl, diqqətli
idin,
adi bir iş kimi qayğı,
diqqəti
elə sözarası,
sakit edərdin...
Uşaqdıq, cavandıq,
-
İşdi, Timuşla
nə isə bir qələt qarışdırsaydıq,
qınaqlı nəzərlə
süzüb bizləri
sonra kabinetə
çıxıb gedərdin.
Orda özbək
taxtı, yazı masası
bir də ki, "en" qədər
kitablar vardı.
Masanın üstündə
o yaşıl lampa
Dirigöz açardı
gələn sabahı...
***
Rəhmətlik ananız
Bilqeyis xanım
Bayram bəy qızı,
mənim əziz
nənəm,
mənim gül nənəm
dünyanın ən gözəl təamlarını
bişirib-düşürmək ustası
idi.
(Sizin çox dostunuz, həmkarlarınız
nənəmin şüyüdlü,
turşu-qovurma,
Tər-çilov, səbzi-qovurma,
şilə, paxla, cücə... plovlarının
üzlü qonaqları,
xəstəsi idi...)
Nənə menyusunun
zərbəçi aşı
ətirli borş
idi, ləziz kotletdi.
Dünyanın ən dadlı,
gözəl borşunun
sümüklü, ətli
iri tikələri
süfrəyə ayrıca
qabda gələrdi.
Nənəmdən sonra mən bir də
heç zaman
o dadda, o tamda dadammadığım
məcun kotletlərsə
başqa boşqabda
qızarmış böyrülə
üzə gülərdi.
Hə, dayı,
Sən özün öz əllərinlə
ən iri, doyumlu parça-tikəni
bizim boşqablara
bir-bir çəkərdin.
Sonra da şuxluqla:
- Hə,
di yeyin! - deyib,
özün də iştahla yeməyə başlar,
nümunə göstərərdin
iştahsızlara.
Qonşular, rəhmətlik
Bəxtiyar müəllim,
Əliağa, Qabil...
qapıbir qonşunuz
Zeynal Xəlil
də gələndə
hərdən,
süfrədə "Gişi",
"Novruzlu"...
şərab şüşəsi,
"Naxvintrest"
konyakı da olardı...
(Bilqeyis nənəmin cavan çağları
Qaryagin-Qarabulaqdakı
O dövrün
sarayı
dədə-baba evimizdə,
Əmralı adlı nökəri vardı.
Nənəm aş çəkəndə
aşın altından
quzu budundan iri parçanı
ona çəkərmiş.
Əmralı gözünə
döndüyümün aşı
elə çox
soytmaqla arası yoxmuş.
Camaat bismillah
edənə qədər
dostum boşqabından
plovu
beş-üç pəncəyə
tezcənə süpürləyərmiş.
Nənəm də tək ona məxsus
gülüşlə:
- Ə, Əmralı,
zırpı sümüyü
gəmirib tıxdınmı,
di yeri qıvrıl, yat! - deyərmiş...)
***
Bazara gedəndə
həmişə özünlə
məni də aparardın, dayı.
Pasajın üst qatı piştaxtaları
Masallı, Lənkəran,
Astara malı
növbənöv düyüylə
dolu olardı.
"Ənbərbu",
"əkulə", "sədri", "ağqılçaq",
"çiyli", "əsgəri",
"xan"... düyüsünə
baxdıqca adamın
gözləri nurla dolardı.
Arvadlı-kişili düyü
satanlar
az qala hamısı Sizi tanıyardı.
Öz malını
tərifləyən kim,
bazar adamına
uyğun gəlməyən
nəzakət-ədəblə Sizi səsləyən,
- A məllim,
gəl apar! - qışqıranlar kim.
(Qəribə,
təəccüblü, sirli
bir işdir:
o vaxtlar, sən deyən, bir elə
televizor-filan da da yox idi,
balam,
Dədə Süleymanı,
Səməd Vurğunu,
Əlağa Vahidi, İlyas dayımı...
Küçədə-bayırda tapmazdın
tanımaz adam.
Burda biz saatlarnan
namxuda ekrandan heç düşməsək
də
çox çətin
tapılar tanıyan-filan...)
Mal-qara cəmdəyi, qoyun-quzu əti
satılan sırada
qapı ağzında
həmişə dayanan bir qara kişi
Sizi görcək
ağara-ağara dişi,
irəli durub:
- Sizə
layiq, əntiqə mal
var! - deyərdi,
-
əlində tutduğu
həsir zənbildə
Xəzər nemətləri
gözə dəyərdi...
Sonra göy-göyərti,
sonra mer-meyvə,
hamısı, hamısı
lap əlasından!
Heç qiymət
danışmaz, o malsatanın
dediyi haqqı
da eşitməzdiz heç. -
Eləcə xoşunuza
gələn bir şeydən
-Çək
görək! - deyərdiz,
bir azca ötkəm, bir az amiranə,
bir az da yumuşaq, mehriban səslə...
(Bir dəfə, bir on beş-iyirmi il
qabaq,
Pasajdan bazarlıq
edib çıxanda
Böyük dayımın böyük
gəliniylə rastlaşdıq
qəfil.
Nüşabə xanım,
təəccüblə:
- Çingiz,
sən belə bazarlıq
edirsən?! - dedi.
Əlimdə zənbilim beşdi, ya üçdü.
Ta heç
nə demədim,
güldüm eləcə.
Yadıma o zaman, dayı, sən düşdün...)
***
Pal-paltar
verərdin əyin-başıma,
Bəzən lap qət
təzə aldığın
vardı.
Qaryagində, camaatın
ellikcə
satin "talistovka",
"bumajnı trikotaj"
geyinən vaxtı
Sən mənə bir "bukle" pencək almışdın.
Brüssel, Belçika malıydı əsil.
Əynimdə o pencək
çəkdirdiyim şəkil
Fizulidə, raykom küçəsində
erməni Yuranın
atelyesində
böyüdülüb vitrindən
asılı qaldı
düz iyirmi il...
Zövq ilə, çox qəşəng geyinərdiniz.
Ağyaxa, qət
təzə pambıq köynəklər,
qabardin, koverkot,
boston kostyumlar,
beli toqqalı
drap paltolar,
"Tiklas"
plaşlar...
Par-par parıldayan
qara çəkmələr,
(ən pis halda bu "Tsebo" olardı!)
cürbəcür qalstuk, kaşnelər, şərflər...
(Elçin
bir dəfə söyləmişdi ki,
vəzifə həmkarı,
bir tanışıyla
söhbət əsnasında
necə olubsa
bəndeyi-həqirdən söhbət
düşübdür.
Biləndə ki, mən Elçin müəllimin
bibisi oğluyam,
şeirlə-sənətlə işi olmayan
bu adam qayıdıb bu yandan:
- Hə,
o həmişə zövqlə
geyinən oğlan...)
Mən sənə
bənzəmək istədim,
dayı,
heç zaman da sənə oxşayammadım.
Məni sərt,
bir qədər zalım böyüdüb
dövranın iqlimi, çevrəmin halı.
Hərçənd, Sən
də elə, çox xoşbəxt
olmadın, dayı!
Düzdür, övladlar
böyütdün adına layiq.
Hər biri adıyla sayılan oldu,
Elçinin şöhrəti,
Timuçinin şanı
Sənin şöhrətinə
tay olan
oldu,
Amma ki, Qarabağ yanğısı,
Yurd harayı
Bağrını dağlayan damğa, hay oldu.
Cismin də kiçilib, çökmüşdü sanki.
Şpartı bozqırı,
Haramı düzü,
Ərgünəş, Ziyarat,
Kirs dağlarının
əzəmətli övladı,
cəngavər oğlu
od qarsmış,
sazaq vurmuş
sünbül tək kiçilib, bükülmüşdü
sanki.
Belə xatırlamıram
ancaq mən səni,
Olsa da qismətin, payın çox zaman
əjdaha pəncəsi,
divlər dişində,
yadıma gözünün
işığı düşür,
Nigarın, Günay,
Humayın
Bir də o
nakam cavan
Yalçın balanın
xeyir işində...
... Budur,
təyyarə pilotu elan edir ki,
enişə hazırlaşır
artıq təyyarə.
Hava da işıqlaşır, bir
azdan çatarıq, yəqin
inşallah, Bakıya,
doğma şəhərə.
Bu yazı
deyildi, mən Sizin haqda
sadəcə düşündüm
Siz... Sən deyə.
Bəlkə də bu mətni çap
elətdirmədim,
atdım sandığa...
Orada Siz haqda çox yazılar var,
amma, nədənsə
yazdığım heç
vaxt
ürəyimcə olmur.
Səndən yazmaq üçün sən ucalığa
cəhd edib, bacarıb qalxmaq gərəkdir.
Mənimsə, olan-qalan,
bütün imkanım
Səni sevən, sədaqətli yorğun ürəkdir.
Nə bilim... bəlkə də hələ qarşıda
havalana biləcəyim
az-çox uçuş
var.
Bəlkə o görüşlərdən
birində
Sizlə söhbətim
ürəyimcə olar...
Çingiz Əlioğlu
Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.4.