Mənə bəxş edildi…
Mənə bəxş edildi
Qurani-Kərim, -
Qərq oldu işığa
yorğun gözlərim!..
Qayğılar içində
təngnəfəsdim, -
Dedim bir göz açım,
bir nəfəs dərim...
Gördüm bu işıqda
ötən illəri, -
Yaşayan illəri, itən illəri.
Sanki üşüyürdüm,
gəzdi saçımda
İlahi qüdrətin isti əlləri.
Dünya həm sevincdi,
həm də iztirab, -
İnsandır gətirir
hər əzaba tab;
Yer üzündən şəri bəşər siləcək, -
Bir əlində qələm,
birində Kitab!..
Ayaz VƏFALI
8.09.2010
Ədəbiyyat
qəzeti.- 2010.- 8 oktyabr.- S.1.