Sara Selcana xoş
gəlmisən deyirəm
Bu Saranı
da sel aparır,
Axan Arpa çayı deyil.
Fələyin verdiyi açar
Heyif, bəxt açarı deyil.
Və yaxud başqa bir kiçik şerində oxuyuram:
Yenə solmağa
başladım,
Hayandasa payız gəlir.
Sən al qanınla
yazırsan,
Mənə qara kağız gəlir.
Gənc oxucularımız üçün
"qara kağız"
sözünü izah etmək istəyirəm. İkinci Dünya
müharibəsində həlak
olmuş əsgərlərin
ailəsinə ölüm
xəbərini verən
məktublara deyilirdi.
Yuxarıda sizə təqdim etdiyim misralar "Azərbaycan" jurnalının
yeni çapdan çıxmış doqquzuncu
sayındandır. Jurnal ənənəsinə sadiq qalaraq bizim
ağsaqqal, ağbirçək
sənətkarlarımızla yanaşı gəncləri,
hətta bəzi gənclərin ilk şeirlərini
oxuculara təqdim edir. Təki yeni nəfəs
olsun, misralarda istedad işığı
duyulsun. Jurnal bu
işi yarandığı
gündən bu günə kimi davam etdirir. Bizim nəslin də, bizdən əvvəlki nəslin də bu jurnalın arxivimizdən saralmış
səhifələrində gənc
qəlbimizin çırpıntılarından
yaranmış misralarımız
yaşayır. Uzun illərdən
sonra bu jurnalın qəzet bolluğunda, ədəbiyyat
aləmində öz sanballı yerini qoruyub saxlaya bilməsinin də səbəbi peşəkarlarla
yanaşı, o biri əli ilə gənclərin əlindən
yapışmasıdır. Sovetlər dağılandan, poeziya məkanından sərhədlər
götürüləndən sonra bədii sözlə, bənzətmə,
tapıntı ilə oxucu təəccübləndirmək
çətindir. Çox şükür
ki, belələri tapılır. "Azərbaycan"ın 9-cu sayında
imzasına ilk dəfə
rast gəldiyim Sara Selcan bu gənclərdəndir
(Bəlkə gənc deyil, çox çap olunub. Mən boynuma alıram ki, şeirlərini ilk dəfə oxuyuram). Amma oxuduğum bu şeirlərdən deməyə
sözü olan, istedadlı, mütaliəli
bir insan görürəm. Çox vaxt,
hətta mavi ekrandan bəzi gənclər istedada mütaliənin gərəksiz
olduğunu deyirlər.
Mütaliə lazımdır,
vacibdir! Heç olmasa ona görə
ki, kəşf olunmuşları, yazılmışları
bilmədən yenidən
"kəşf edib",
öz kəşfin bilib, zəif təkrarı ilə öyünüb gülünc
vəziyyətə düşməmək
üçün. Bu misralar
arxasında alovlu və ağrılı bir ürək çırpınır, sözü
tükənməyəcək bir ürək:
Hər doğulan
insanla,
Ölən insanla
Tanrı dünyaya
Bir kəlmə
pıçıldayır:
Ardı var…
Sara Selcan
başqa bir şerində deyir:
Könlüm saz nəşəsidir,
Söz saflar peşəsidi.
Daha nə düşəsidi
Bəxtimə bundan gözəl?!
Görmədiyin, tanımadığın, danışmadığın
və danışdırmadığın
insan haqqında belə böyük inamla danışmaq hünəri məndə hardan qaynaqlanır, heç özüm də bilmirəm.
Bu Sara Selcan, bu da
onun şeirləri, oxuyun, qarşıda uzun bir yol
var, uğur olsun.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.7.