Anamın əlləri

 

Hər şey qurtardı artıq,

Nəyim varsa yığmışam.

Vida üçün bir qədər əyləşək, əziz anam.

Mərhəmətli əllərin susur, ancaq bilirəm,

Onlar çox şey söyləmək istərlər mənə bu dəm.

 

Ah, anamın əlləri

Mən onları sevirəm hələ körpə çağımdan.

Yolum düşsə dünya, aranından, dağından,

Onlardan bir an belə ayrıla bilmirəm mən.

Yox, doymaram əllərin həlim, isti ətrindən.

 

Ah, anamın əlləri

Üstünüz qırış-qırış, xal-xal olar, ey əllər,

Siz nələr çəkmisiniz bilir obalar, ellər.

 

Bu əllərdə göz açıb mən gəzərkən vətəni,

Vətənimə bənzətdim, əziz anam,

Mən səni.

 

 

Bizdən sonra

 

A.Voznesenskiyə

 

Bizdən sonra hər var

Qalar, bizsə qalmarıq.

Dünya daha bəxtiyar

Olar, bizsə qalmarıq.

 

Alovun göz yaşın

Axıdıb, uçur ulduz.

Heç yaşatmaz onu

bir səda, bir iz.

 

Ölüm haqlar canı,

Qorxmuram. Pisdir ancaq,

Torpaq ilə səmanın

İttifaqını qırmaq.

 

Qoy nazik bir sap kimi,

Gözə görünməz olum.

Bir dərənin nəsimi,

Ya yalqız bir səs olum.

 

Olub keçənlərlə bil,

Ayrılmaq asan deyil.

Şirini, acısı da

Qəlbdə

Buzlaşan deyil.

 

Ancaq kimsə gülər, şən,

Çıxar yola bir gün ,

Dəmətdən yarpaq düşər

Pəncərəmiz önündə.

 

Bizdən sonra hər var,

Necə var, elə qalar.

 

 

Sevilməyən qadın yoxdur

 

Sevilməyən qadın yoxdur, yox, inan,

Görüşməyən deyirsənsə var ancaq.

Kimsə ötüb keçir onun yanından,

Oturmaq lazımkən bir an oturmaq.

 

Sevilməyən qadın yoxdur. Çox qəşəng,

Hər qadının ülvi eşqə haqqı var.

Balıqqulağı içində incitək,

O, qəlbində məhəbbəti yaşadar.

 

Düzəlməyən nədir ki, bu dünyada,

Bir çətini gərək hamı həll edə.

Sevilməyən qadın yoxdu dünyada,

Sevilməyən kişilər var hələ .

 

 

Ancaq qəlbimdə mənim

 

Bu gün

Məktublarını

Yandırdım

Cırdım, atdım.

Baxdıqca onlara mən ürəyim yandı yenə.

Yadıma düşdü birdən -

Vərəqləri mən necə öpmüşəm dönə-dönə,

Sənin məhəbbətindən ayrılarkən əbədən.

 

Kədərli həyəcanla

Sənin məktubların ah,

Ocaqda yanıb-yanıb, külə dönüb uçdular.

Mənim qəlbimdə ancaq

Bir məhəbbətli güşə

Daim sənin adının üstünə işıq salar.

 

 

Sən burda bəxtiyar idin

 

Sənin yaşadığın mənzilə gəldim,

Bura başdan-başa sənlə doludur.

Sənin gülüşüntək

Mənzil gözəldi.

Səpsərin çiçəklər -

Əlin, qolundur.

 

Ətrin rənglərinə bürünüb otaq,

Bu görüş yerində niyə çaşmışam?

Keçmiş itkiləri yada salaraq,

İzn ver yandırım otaqda bir şam.

 

Sanki burda hər şey tanışdır mənə,

Telefon - qovuşduq onun teliylə.

Kürsü itəlinib otaq küncünə,

Açıq pəncərədən meşəni dinlə.

 

Otaq salamımı yetirər sənə,

Baxıb-boylanaram qəmli kandardan.

Bir qədər yubanmaq istərəm yenə

Sənin yanında,

Halbuki, burada sən əsla yoxsan.

 

 

İllər keçəndən sonra

 

Ötüb keçdi neçə il

Yenə həmin küçədə

Biz qəflətən görüşdük,

Bir izdiham içində.

Allandı yanaqların sən utandın necə ,

Haqqında düşünməyə bir macal tapdım mən .

 

Sən ətrafa boylandın həyəcanlı idin çox,

"Aman Allah…" - deyib mən

Pıçıldadım uzaqda.

 

Bəlkə bizə qayıtmaq lazım idi, amma yox,

Tapmazdıq bir-birini biz geri qayıtsaq da.

 

 

Məhəbbət gedən zaman

 

Məhəbbət əbədi çıxıb gedərkən,

Ona mərhəmətli, qayğıkeş ol sən.

Olmuşlar könlündən düşsə uzaq,

Xatirələr səndə yaşayır ancaq.

 

Bir xahişim var ki,

Mərd, nəcib ol sən.

Könlün fitnələrdən kaş uzaq ola.

Məhəbbət əbədi çıxıb gedərkən,

Onu öz adına layiq sal yola.

 

Keçmiş taleyindən ol daim razı,

İnciklik, etiraf çıxmasın yaddan.

Bu gün keçmiş üçün borclarımızı

Biz qaytarmalıyıq ürəklə, inan.

 

Çalış öz eşqinə layiq ol, layiq,

Gəldi, yoxsa çıxıb getdi məhəbbət.

Səadət üçün biz

Bir cərgədəyik,

Bədbəxtlik qiyməti

Növ-növdü fəqət.

 

 

Andrey Dementyev

 

Tərcümə edəni: Yusif HƏSƏNBƏY

 

 Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.7.