Poetik istedadla həyat həqiqətinin
nadir vəhdəti
Əfzələddin Xaqani Şirvani təkcə Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi məqamları etibarilə birincisidir. Müasirləri arasında elə bir sənətkar tanımırıq ki, əsərlərində bu regionun təbiəti, milli-mənəvi dəyərləri, görkəmli ədəbi, elmi simaları, din xadimləri, özəlliklə də dövlət adamları şairimizin irsində olduğu kimi əzəmi dərəcədə öz bədii inikasını tapa bilsin. Tədqiqatçılar haqlı olaraq onu Azərbaycan ədəbiyyatında fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəl və rübailərin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.
Xaqani o zamankı müsəlman aləmində geniş yayılmış ərəb, fars, türk dillərini mükəmməl bilmişdir. Şairin bu dillərin hər üçündə şeir yazdığı da heç bir şübhə doğurmur. Lakin o dövrün görkəmli Azərbaycan sənətkarlarının bir çoxu üçün səciyyəvi olan məlum səbəblər üzündən onun da ana dilində əsərləri bizə gəlib çatmamışdır. Bununla belə, qədim türk (oğuz) yurdu Azərbaycanın Şamaxı diyarının Məlhəm kəndində dünyaya göz açan, sonralar böyük səxavətlə tərənnüm etdiyi qollu-budaqlı ziyalı ailəsində böyüyən, təkcə qolu-biləyi deyil, fikri, duyğusu, mənəviyyatı da burada formalaşan şair doğma dilini də yaxşı bilmiş, indicə deyildiyi kimi, bu dildə də nələrsə yazmışdır. Lakin onun ərəb, özəlliklə də fars dilində yazdığı və xoşbəxtlikdən zəmanəmizə qədər gəlib çıxan əsərləri də şairin dünya poeziyasının parlaq simaları sırasına çıxması üçün kifayət etmişdir.
Xaqaninin farsca əsərlərində də Azərbaycan ruhu, türk ahəngi həmişə özünü göstərmişdir. Ədəbiyyat tarixçiliyimizin atası firidun bəy Köçərli məşhur "Azərbaycan ədəbiyyatı" tədqiqatının Məliküşşüəra Bahar Şirvaniyə həsr olunmuş oçerkində yazır ki, farslar özləri Xaqaninin şeirlərini oxuduqda iqrari-etiraf edib deyirlər: "Buye-tork miayəd". Yəni ki, bu əsərlərdən "türk ətri gəlir". (Göstərilən əsər, 2-ci cild, səh. 11). Akademik Həmid Araslı isə şairin əsərlərinin dilindəki ətmək (çörək), su, tanqrı, yalavac, ağ, sunqur, qara, sən, axca, daş, xan, atabəy, xatun, qazğan (qazan), vuşaq (uşaq) və digər Azərbaycan sözlərinin mükəmməl bir siyahısını vermiş, bununla da Xaqaninin məlum əsərlərindəki ana dili ruhunun yaşarılığını bir daha təsdiq etmişdir.
Xaqani irsinin şəxsən tanıdığım ən məşhur və cəfakeş tədqiqatçısı, öz alim ömrünün 30 ilini onun əsərlərinin öyrənilməsinə və şərhinə həsr etmiş professor Qafar Kəndli bu böyük sənətkarı XII əsrdə bütün region ölkələrində Azərbaycanın mötəbər şeriyyət bayrağını qaldırmış nəhəng istedad kimi şərəfləndirməkdə tamamilə haqlı idi. Həqiqətən də Şərq intibahının, özəlliklə də klassik Azərbaycan poeziyasının dünya şöhrətindən söz düşəndə munis simaları xəyalımızda canlanan ilk iki böyük və qüdrətli dühanın biri Nizami Gəncəvi, digəri isə onun ağsaqqal müasiri Xaqani Şirvani olur. Şairin dərin bəşəri məzmunlu, çoxjanrlı yaradıcılığı, başdan-başa şərin, zülmün, bədxahlığın qətiyyətli tənqid və ifşasına, xeyirxahlığın, nəcibliyin, gözəlliyin, məhəbbətin ehtiraslı tərənnümünə və təbliğinə həsr olunmuş əsərləri çox tez məşhurlaşmışdır. Gənclik çağlarından dağ çeşməsi kimi çağlayan nadir poetik istedadı, yeri gələndə bədahətən, özü də nizamlı və mənalı şeir demək hünəri onu hələ 18 yaşında ikən o zamanın yaxın-uzaq ölkələrdə sayılan dövlətlərindən olan Şirvanşahlar səltənətinə gətirmişdir. Bu parlaq istedad Məniçöhrün xüsusi fərmanı ilə dövrünün ədəbi-ictimai mühitində ən ali məqam sayılan "Xaqani" təxəllüsünə layiq görülmüşdü.
Akademik Həmid Araslı özünün "Xaqani Şirvani" kitabına böyük sənətkarın məhz bu qənaətini epiqraf vermişdi: Azadlıqdan gözəl nemət yoxdur (Bakı, 1982). Dövrünün bir çox elmlərini, klassik poeziyanı, fəlsəfi-ictimai fikir tarixini dərindən öyrənmiş Xaqaninin bütün zamanlarda və ictimai quruluşlarda aktual olan bu qənaətə gəlməsində təəccüblü və qeyri-adi bir şey yox idi. Axtarsan, onun sələfləri və müasirləri olan şair və filosofların bir çox əsərlərində (işraqilərdən üzü bəri) insan azadlığının fövqəladə bir nemət olduğunu təsdiq edən xeyli etiraflar və əsaslandırmalar tapmaq olar. Lakin azadlığın insan üçün heç şeylə müqayisəyə gəlməyən çox böyük bir nemət olduğunu Xaqani yalnız müdriklərin əsərlərindən öyrənməmişdi. Bu böyük həyat dərsini şair özünün şəxsi ömür kitabının hərdən ürək açan, çox vaxt isə qan qaraldan əlvan səhifələrindən oxumuş, ona görə də lap dərindən mənimsəyib, sarsılmaz şəxsi əqidəsinə çevirmişdi. Məşhur "Həbsiyyə" əsəri Xaqaninin dəfələrlə tale yazısı olmuş zindan həyatının ölməz poetik abidəsidir. Burada mətin, vüqarlı bir sənətkarın zindan əzabları, azadlıq yanğısı, onun böyük fiziki və mənəvi sıxıntılar içində başa vurduğu məhbus həyatının cəhənnəm zillətinə bərabər hadisələri ürəkləri yandıran qüvvətli poetik vasitələrlə əks olunmuşdur. Əsrinin ədalətsiz hökmdarlarına, rüşvətxorluğu özünə peşə etmiş saray məmurlarına, dindən gəlirini artırmaq üçün istifadə edən ikiüzlü ruhanilərə qarşı sonsuz qəzəb və nifrət Xaqani "Həbsiyyə"sinin hər bir səhifəsindən boy göstərməkdədir.
Şairin sanballı şeirlər divanı, dərin mənalar, müdrik qənaətlərlə zəngin olan "Töhfətül-İraqeyn" poeması, müxtəlif ölkələrin dövlət başçılarına, alim və şairlərinə, dini liderlərinə yazdığı məktublardan ibarət möhtəşəm ədəbi irsi mövcuddur. Bu zəngin xəzinədə qəsidələr mühüm yer tutur. F.e.d., prof. Xəlil Yusifov yaxşı deyir ki, Firdovsi ilə Nizaminin poema janrında, Hafiz və Füzulinin qəzəldə, Ömər Xəyyamın rübaidə göstərdikləri möcüzəni Xaqani məhz qəsidə janrında nümayiş etdirməyə müvəffəq olmuşdur. Bəli, ən müxtəlif münasibətlərlə yazılmış mədhiyyə, Fəxriyyə və mərsiyyələrdən ibarət olan bu qəsidələr ibrətamiz məzmun, orijinal bədii təsvir və ifadə vasitələri ilə çox zəngin olduğu üçün öz ədəbi ictimai mahiyyətini bu gün də qoruyub saxlamaqdadır.
Sərhədsiz istedadı, həqsevərliyi, cəsarəti ilə saray tülkülərinin canına lərzə salan şair onların böhtanları əsasında dönə-dönə təqib olunmuş, dəfələrlə zindanlara atılmış, həbsdən sonra da uzun müddət Şirvanı tərk etmək ona yasaq edilmişdi… Bütün bu səbəblərə görə Xaqaninin azadlıq neməti haqqında dedikləri - bir sıra digər şeir-sənət xadimlərinin bu barədəki mülahizələrindən fərqlənən daha tutarlı qənaətlərdir.
Heç də təsadüfi deyil ki, ömrünün son - qocalıq çağlarında qəriblikdə yaşayıb maddi sıxıntılara məruz qaldığına baxmayaraq, Xaqani Qızıl Arslanın da dəvətindən imtina edərək saraya getmir, nisbi də olsa, öz azadlıq nemətini sarayın cəh-cəlallı həyatına dəyişmir.
Təqribən 25 il bundan öncə Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun başbilənləri 20 cilddən ibarət "Azərbaycan klassik ədəbiyyatı kitabxanası" adlı çox gərəkli bir layihə üzərində götür-qoy edəndə "VII-XII əsrlər Azərbaycan şeri" cildinin hazırlanmasına o zaman Orta əsrlər ədəbiyyatı şöbəsində çalışan gənc, lakin ümidverən, istedadlı ədəbiyyatşünas Teymur Kərimovu da cəlb etmişdilər. 20 cildliyin baş redaktoru, akademik Mirzə İbrahimov ikinci cildə müqəddimə yazmağı, orada gedəcək ədəbi mətnə izahlar və qeydlər hazırlamağı ona həvalə etmişdi. 400 səhifəlik bu cildin təqribən yarısı Əfzələddin Xaqaninin qiymətli irsindən seçmələri əhatə edir. Təbiidir ki, müqəddimənin, eləcə də izah və qeydlərin mərkəzində Xaqani və onun müxtəlif janrlarda yazılmış bir-birindən gözəl əsərləri dururdu.
Bu
yaxınlarda mən digər mənbələrlə
yanaşı həmin cilddə gedən Xaqani əsərlərini
və kitabın müqəddiməsini bir daha nəzərdən
keçirdim. AMEA-nın müxbir üzvü T.Kərimli
haqlı olaraq hələ 20 il öncə belə
düzgün qənaətdə olmuşdur ki, Xaqaninin
yaradıcılığı Azərbaycan ədəbi məktəblər
silsiləsinin iki möhtəşəm zirvəsindən
biridir. Onun əsərləri zəmanəsinin lirik fəlsəfi
poeziyasının nailiyyətlərinin çox uğurlu bir
yekunu olmaqla yanaşı, həm də Nizami
dühasının epik-romantik üfüqlərinə
keçid mərhələsidir. Doğrudan da Şirvan
dahisinin ədəbi irsi öz fikri vüsətinə, ictimai
motivlərinin təravətinə, həm də təkrarsız
bədii keyfiyyətlərinə görə Gəncə
dahisinə qədərki poeziyanın ən yüksək mərhələsidir.
Və çox təbiidir ki, Xaqaninin özündən
sonrakı Yaxın və Orta Şərq, özəlliklə
Azərbaycan şairlərinə böyük təsiri
olmuşdur. Onun dərin poetik qənaətləri,
orijinal bədii təsvir vasitələri, bir-birindən
gözəl təşbeh və istiarələri, abdar qafiyələri
yaradıcılıqdan-yaradıcılığa
köçmüş, neçə-neçə sənətkarın
yazı üslubunu büllurlaşdırmışdır.
Hətta Nizami kimi nəhəng, mütəfəkkir
şair belə Xaqani poeziyasının nüfuzedici təsirindən
kənarda qala bilməmişdir. Əlbəttə, Nizaminin
öz dahi müasirinin vəfatı münasibətilə mərsiyə
yazaraq onun narahat ruhuna ağı deyib rəhmətlər
oxuması da şəksiz, elə bununla izah olunmalıdır.
Töhfətül-İraqeyn"
Xaqani yaradıcılığının ən sanballı və
ən parlaq nümunəsidir. Bir sıra çox mühüm
keyfiyyətlərinə görə əsəri öz
dövrünün poetik ensiklopediyası adlandırmaq
mümkündür. Həqiqətən də "Töhfətül-İraqeyn"
əsəri Xaqaninin Kufə, Nəcəf, Məkkə, Mədinə,
Şam, Mosul və digər Yaxın Şərq şəhərlərinə
səfərlərini, həmin səfərlər çərçivəsindəki
görüşlərindən canlı təəssüratlarını
əks etdirən çox qiymətli, real tarixi-bədii təsvirlərlə
zəngindir. Nəzərə alsaq ki, adlarını çəkdiyimiz
və çəkmədiyimiz bu coğrafi məntəqələr
sadəcə əhalisi nisbətən çox olan
yaşayış məskənləri deyil, həm də Orta əsrlər
müsəlman aləminin ən çox tanınmış
dini, elmi, mədəni, ədəbi, sənətkarlıq mərkəzləri
idilər, onda Xaqaninin xarici səfərlərdə özü
və həmvətənləri üçün yeni və zəngin
olan necə mənəvi bir mühitlə
qaynayıb-qarışdığı bir daha aydın görünər.
Bu səfərnamədə
təravətli, təsvir və ifadə vıasitələri,
orijinal bədii obrazlar nəzəri cəlb edir. Məsələn,
maraqlıdır ki, Xaqani bütün kainata təmənnasız
işıq və hərarət yayan əzəmətli,
qüdrətli günəşi, bu müqayisəyə gəlməz
keyfiyyətlərinə baxmayaraq, sorğu-suala tutur, başqa
şairlərdə görmədiyimiz xəcil, üzüqara
bir vəziyyətdə təsvir edir. Günəşin
ölçüyə-hesaba gəlməyən nəhəng
imkanlarını qeyd edib onu yetərincə öydükdən
sonra şair aftaba müraciətlə onun özündən-özünə
çox tutarlı şikayətlər yağdırır, hətta
adına və ləyaqətinə xələl gətirən
bəzi nöqsanlarına görə onu ciddi surətdə
ittiham edir. Həm də Xaqani öz ittihamnaməsini çox
incə, lakin heç kəsin inkar edə bilməyəcəyi
danılmaz həyat faktı əsasında təqdim edir:
Günəş! Sən
hər şeyə nüfuz edirsən,
Çox böyük,
çox uca olsan da bəzən
Enirsən üstünə
qara torpağın,
Ayağı altına hər
bir alçağın.
Yalnız hüdudsuz
istedad və cəsarət sahibi olan sənətkarın belə
bir bədii ittihamı irəli sürməyə iradəsi
çata bilərdi. Məhz bu zəmində şair günəşi
obyektiv olmamaqda qınayır, ayrı-ayrı fərdlərə,
o cümlədən də bəzən Xaqaninin özünə
ögey münasibət bəslədiyi üçün onu
danlayırdı.
"Töhfətül-İraqeyn"
əsərində XII əsrin və ondan öncəki mərhələnin
bir sıra böyük tarixi və elmi-bədii həqiqətləri
öz parlaq inikasını tapmışdır. Lakin bu
günün ədəbiyyatşünasları sözü gedən
poemanın müəllifinin ruhuna bir də ona görə minnətdardılar
ki, şair burada şəxsən özünün həyatı,
nəsil-nəcabəti, ailəsi, doğmaları haqqında,
uzaq-yaxın səfərləri zamanı
görüşdüyü, məktublaşdığı ədəbi-tarixi
simalar haqqında da geniş məlumat vermişdir. Prof. Qafar Kəndliyə
bir daha qəni-qəni rəhmətlər olsun ki, o, digər məxəzlərlə
yanaşı, lakin onların hamısından çox məhz
Xaqaninin özünün şəhadət verdiyi qiymətli
fakt və hadisələr əsasında ilk dəfə bu
böyük şairin mötəbər və müfəssəl
elmi tərcümeyi-halını yazıb meydana qoymuşdur. Bu
rəhmət dualarından bir pay da böyük şairimizin
tanınmış və sanballı tədqiqatçısı,
onun əsərlərinin bir çoxunun tərcüməçisi
və naşiri, görkəmli əlyazmaçı alim Məmmədağa
Sultanovun əziz xatirəsinə düşür.
Onu da qeyd etmək
vacibdir ki, bəzi hökmdarların adına
ünvanladığı mədhnamələr
üçün Xaqani bu əsərində dərin
peşimanlıq duyğuları yaşadığını
acı-acı etiraf etmişdir.
Xaqaninin yaradıcılığında mədhiyyələr geniş yer tutur. Əlbəttə, mədhiyyə özünəməxsus tələbləri olan bir qəlibdir və bu qəlibin içində bir qayda olaraq məmduhlar, hökmdarların nəsli-nəcabəti, onların zərbi-dəsti, səxavəti və s. bol-bol təriflənir. Lakin diqqətlə baxanda görmək çətin deyil ki, şairin bu qəbildən olan əsərləri də başdan-başa təriflərdən və öymələrdən ibarət deyil. Bu və ya digər şeri yazarkən ömrünün hansı mərhələsini yaşadığından asılı olmayaraq, Xaqani həmişə düz yol göstərməyə çalışmış, hökmdarlara nəsihət verməyi üstün tutmuş, onları insafa, ədalətə çağırmış, bəd əməllərdən uzaqlaşmağa dəvət etmişdir. İnsan talelərinin həll olunduğu çox məsul məqamlarda şair onlara hiss və duyğunu, şəxsi münasibətləri, casusların, xəbərçilərin böhtanlarını yox, ağlı, insafı, vicdanı, düzlüyü rəhbər tutmağı tövsiyə etmiş, hakimləri sərxoşluqdan bilmərrə uzaqlaşmağa çağırmışdır.
Xaqaninin babası, atası, anası, əmisi, özü haqqında bir sıra mülahizələrini əsas götürüb onu qeyri-təvazökarlıqda günahlandırmaq qəbahət olardı. Bu böyük istedad "tərəzinin gözünü əymədən", yeri gələndə öz nöqsanlarından da danışır, vaxtilə atdığı bu və ya digər xoşagəlməz addımı üçün özünü də kəskin tənqid edirdi. "Töhfətül-İraqeyn"də Cəmaləddin Mosuli ilə görüşündən bəhs edərkən şairin, mən deyərdim ki, yana-yana yazdığı bir etiraf, üzərindən yüzillər keçdiyinə baxmayaraq, bu gün böyük sənətkarın qədirşünas oxucularını da yandırıb tökür:
Biri deyir: - Xaslar məclisinə
get,
O birisi deyir: - Şahı tərif
et!
Mənsə bir döşəmə
üstə oturdum,
Nə irəli
getdim, nə geri durdum.
…Lakin möhtac qalıb
çörəyə, bəzən
Öydüm
bir alçağın süfrəsini mən.
Bəzi məclislərdə
çox utanmışam,
Qızıl tək, torpaqda
tapdalanmışam…
"Töhfətül-İraqeyn"
Xaqaninin tədqiqatçıları tərəfindən
müxtəlif çalar və yönlərdə yozulur. Bununla belə, onlar bir vacib
məsələdə yekdildirlər ki, şair bəzi digər
əsərlərində olduğu kimi, burada da gah tarixi hadisələrə,
gah da çağdaşı olan insanlara, onların konkret əməllərinə
istinad etməklə yenə də zəmanəsinin ictimai eyblərini,
gərdişi-dövranın ədalətsizliklərini
qamçılamış, yamanlamışdır:
Dövlət nə qüdrətin,
nə hünərindir,
Mənsəb də,
sərvət də nakəslərindir.
fələyin zatında qalmamış
nişan
İgidlik, sədaqət və
adamlıqdan!
Əsl
insanları xəcalətə batıran əxlaqi eybəcərliklər,
var-dövlətə, pula-qızıla əsaslanan münasibətlər
bu təkrarsız lirik poemada da şairin usanmaq bilmədən
ifşa etdiyi böyük ictimai qəbahətlərdir.
"Mədain
xərabələri" Xaqaninin müxtəlif dillərə dönə-dönə
tərcümə olunmuş ən populyar, dərin məzmunlu
qəsidələrindən biridir. Bu əsərdə
şair bizi inandırır ki, əsrlər boyu bir çox
dövlətlərə meydan oxumuş bir səltənətin
möhtəşəm saraylarının xərabələri təkcə
hökmdarlar üçün deyil, hər bir insan
üçün də ibrət dərsi olmalıdır.
Bir neçə il öncə prof. Qəzənfər
Paşayev, prof. İsrafil İsrafilov, işıqlı xatirələri
bizim üçün həmişə əziz olan İraq alimi
dr. Əbdüllətif Bəndəroğlu, şair,
telejurnalist, f.e.n. Ağalar Mirzə ilə birlikdə o tarixi
yerləri, Mədain xərabələrini ziyarət edərkən
Xaqani qəsidəsindən xalq şairi M.Rahimin tərcüməsində
hələ orta məktəb şagirdləri ikən
yadımızda saxladığımız ayrı-ayrı beytləri
vird edirdik:
Diqqətlə bax, ey
könül, qarşındakı bu eyvan
Ayineyi-ibrətdir, öyrən
onu, dərk et, qan!
…Der sən biz idin, biz sən,
torpaq olacaq hər şey,
Gəz
üstümüzü, ağla, göz yaşı
axıt bir an…
Yadıma düşür ki,
həmin İran-İraq səfərimizin ən gənc
iştirakçısı, Qəzənfər müəllimin
istedadlı oğlu, o zaman 8-ci sinifdə təhsil alan Murad böyüklərin susduğunu
görüb akademik Həmid Araslının VIII sinif dərsliyindən
öyrəndiyi həmin şeri əsərin ruhuna uyğun bir
ahənglə əzbər söylədi.
Ədəbiyyatımızın
nadir incilərindən olan bu əsər güclü bədii
təsvir və ifadə vasitələri, o cümlədən
də bəzən insanın tüklərini ürpədən
kontrastlar-təzadlar əsasında yazılmışdır. Sahibləri bir zaman
bütün ətraf ölkələrə amirlik etmiş bu
müəzzəm sarayın indi (yəni XII əsrdə) Xaqaninin
üzbəüz dayandığı çox pərişan
görkəmi, şən, gümrah, şıdırğı
musiqi əvəzinə yarımuçuq sütunlardan
eşidilən bayquş səsi məhz belə təsir
bağışlayır, onlara baxanda vaxtilə zorla, güclə
qəhr olunmuş məzlumların ah-naləsini dinləmiş
kimi olursan.
"Mədain
xərabələri"ndə əksini tapmış hər
bir təsirli epizod, tarixi hadisə dərin elmi ümumiləşdirmə
ilə yekunlaşdırılır. Təkcə elə bu beytin mahiyyətini
açmaq üçün təbiətşünas alim yəqin
ki, saatlarla davam edə biləcək əsaslandırma və
şərhlər verə bilər:
Bil, günəşdir məharətli
kimyagər
bu dünyada,
Salma başqa kimyaları,
iksirləri sən yada!
Ustad sənətkarın
müraciət etdiyi bütün şeir şəkillərində
yədi beyzası olduğunu hamı etiraf edir. Onun "Həbsiyyə"
silsiləsindən yazdığı nümunələrdən
birində çox maraqlı bir mənzərə təsvir
olunur.
Hər səhər qalxar
göyə ah ilə əfqanım mənim,
Qərq olar
qanda şəfəqtək çeşmi-giryanım mənim.
Boynuma Zöhhak ilanı
saldı ahəngər bu gün,
Çün
Firidun xəzinəsidir əqli-ürfanım mənim.
Oxşayar kündə
ayağımda dəyirman daşına;
Qanlı göz
yaşımla işlər bu dəyirmanım mənim…
Görmək
çətin deyil ki, bu çox ürəkgöynədən,
real, canlı mənzərənin mərkəzində
şairin özünün, ağır zülmə məruz
qaldığına baxmayaraq, vüqarını itirməmiş
obrazı təcəssüm edir. Nizami muzeyinin
ekspozisiyasında bu şerin oyatdığı təəssürat
əsasında Azərbaycanın xalq rəssamı
Böyükağa Mirzəzadənin çəkdiyi əla bir
kompozisiya nümayiş etdirilir. Mən orada
çalışdığım uzun illər ərzində
dönə-dönə şahidi olmuşam ki,
tamaşaçılar bu sərt məzmunlu əsərin
önündə həmişə ayaq saxlayır, dahi
şairin sənətkar vüqarı və iradəsi
önündə ehtiramla baş əyirlər…
Yaxın Şərqin
ilk intibah carçılarından olan Xaqani Şirvaninin məhz
bü vüqarlı, əzəmətli, iradəli obrazı
qarşısında baş əyir, bir daha onun ölməz
yaradıcılığına öz qədirşünas
münasibətimizi bildiririk.
Bəkir Nəbiyev
Ədəbiyyat qəzeti.- 2010. - 8 yanvar. - S.1, 2.