Azad Şərifov

 

Amansız ölüm yazıçı-publisist Azad Şərifovu aramızdan apardı.

Azad Ağakərim oğlu Şərifov 1930-cu il aprel ayının 7-də Bakıda anadan olmuşdur. 6 nömrəli Bakı şəhər orta məktəbində təhsilə başlamış, sonra musiqi məktəbinə dəyişilmiş, 1949-cu ildə bu təhsil ocağını bitirmişdir. 1949-1950-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1951-1954-cü illərdə "Azərbaycan idmançısı" qəzetində ədəbi işçi, 1954-1955-ci illərdə "Pionerskaya pravda" qəzetinin Zaqafqaziya üzrə xüsusi müxbiri olmuşdur. 1955-1964-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində ikinci ali təhsil almışdır. Eyni zamanda "Molodyoj Azerbaydjana" qəzetində şöbə müdiri, redaktor müavini redaktor vəzifələrində işləmişdir. 1956-1959-cu illərdə Ümumittifaq Komsomolu MK-nın nəzdində jurnalistika şöbəsində təhsil almışdır.1962-1965-ci illərdə Moskvada Komsomolun Mərkəzi Komitəsinin təbliğat şöbəsində təlimatçı, məsul təşkilatçı, 1965-1966-cı illərdə "Vokruq sveta" jurnalının baş redaktor müavini, 1966-1969-cu illərdə "İzvestiya" qəzetinin Türkiyə, İran Əfqanıstan üzrə xüsusi müxbiri, 1969-1979-cu illərdə Azərbaycan KP MK-nın mədəniyyət şöbəsinin müdiri, 1979-88-ci illərdə Azərbaycan Dövlət Kino Komitəsinin sədri, 1988-1992-ci illərdə Azərinformun baş direktoru, siyasi icmalçısı vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə tələbəlik illərində başlamışdır. İlk qələm təcrübələri mətbuatda işıq üzü görmüşdür. 1958-ci ildə "Yeni həyatın pionerləri" adlı hekayələr oçerklərdən ibarət ilk kitabı nəşr edilmişdir. Sonralar "Mahnı qəlblərə yol açdı", "Nuxa", "Mavi gəminin kapitanı", "Uzaq meridianlarda görüş", "Elan olunmamış müharibə - Azərbaycan əhalisinə qarşı erməni soyqırımı", "Erməni terrorizmi", "Bosfor üzərəində qağayılar", "İnformasiya blokadasının yarılması" s. kitabları çapdan çıxmış, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Dörd çağırış Azərbaycan Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir. Ədəbi-ictimai xidmətləri Qırmızı Əmək Bayrağı, iki Şərəf Nişanı ordenləri, Azərbaycanın əməkdar jurnalisti fəxri adı ilə qeyd edilmişdir.

İstedadlı yazıçı-publisist, təvazökar, səmimi insan Azad Şərifovun işıqlı xatirəsi qələm yoldaşlarının, oxucularının, onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.6.