Mafiyalar vesterni
Hekayə
Palermo və Trapani əyalətlərinin
sərhədində şəhər boyda böyük kənd.
Birinci Dünya müharibəsi gedir. Və sanki bu bəs
deyilmiş kimi, kəndin öz daxilində də müharibə
var: cəbhədə şəhid olan vətəndaşlarının
sayına bərabər ardıcıllıqla qurbanlar aparan
qanlı bir müharibə. İki mafiya klanı
çoxdandır ki, qan düşmənidir. Orta hesabla ayda iki
qətl. Hər dəfə də bütün kənd bilir ki,
luparadan açılan növbəti atəş hansı tərəfin
işidir və cavab luparanın qurbanı kim olacaq. Bunu
karabinyerlər də bilir, sanki oyun gedir, bütün
qaydalarına riayət olunan bir oyun; cavanlar hakimiyyətə
can atır, "qocalar" öz mövqelərini müdafiə
edirlər, birini onlardan vururlar, birini bunlardan. Ancaq
başçılar tələsmirlər: barışıq
olacağını gözləyirlər. Belə olduqda isə,
onlardan biri, - ya "qocaların", ya da cavanların
başçısı, - razılığa gəldikdən,
barışığa qatıldıqdan sonra dərhal
"vurulacaq"; "dostluq qədəhi"ndən içəcəyi,
içər-içməz, boğazında qalacaq.
Müəyyən bir məqamda
rəqabət get-gedə qızışaraq, yerli başçıların
səviyyəsinə çatır. Adətən belə
olduqda, onu qızışdıran tərəf münasib vaxt
seçir və sülh tələb edir: onda hər iki tərəfi
danışdırmaqdan, bir araya gətirməkdən
ötrü yaxın yerlərdən ağsaqqallar
axışıb gəlirlər, - cavanları başa
salırlar ki, onlar hər şeyə malik ola bilməzlər,
"qocaları" isə inandırmağa
çalışırlar ki, hər şeyi əldə saxlamaq
da qeyri-mümkündür. Barışıqlar,
danışıqlar başlayır. Nəhayət, tərəflər
birləşdikdən sonra hər iki klanın ümumi və
dinməzcə razılığı ilə
başçılardan biri aradan götürülür: ya
sürgün, ya istefa, ya da ölüm. Ancaq bu dəfə belə
deyil. Ağsaqqallar gəlir, klanların nümayəndələrini
görüşdürürlər: bununla belə, bütün
mövcud adətlərə və bəslənilən
ümidlərə baxmayaraq, qətllərin arası kəsilmək
bilmir; daha da qəddar, hətta amansız bir şəkildə.
Hər iki tərəf ağsaqqalların qarşısında
bir-birini xəyanətdə ittiham edir. Camaat nə baş
verdiyini anlamır. Karabinyerlər həmçinin. Xoşbəxtlikdən,
ağsaqqallar soyuqqanlı və ayıq adamlardır. Onlar hər
iki nümayəndə heyətini yenidən bir araya gətirirlər,
son altı aydakı qurbanların siyahısı tutulur və
"bunu biz vurmuşuq", "bunu isə biz", "bunu
biz öldürməmişik", ''bu isə qətiyyən
bizlik deyil" və s.-dən sonra belə bir
sarsıdıcı nəticəyə gəlirlər ki, qətllərin
üçdə ikisində nə bu, nə də o biri mafiyanın
əli var. Deməli, az qala rəsmi şəkildə
mövcud olan bu klanların aradan götürülməsinə
xidmət edən hansısa üçüncü, gözəgörünməz
, gizli bir klan da mövcuddur? Bəlkə tənha bir
qisasçı, bir yalquzaq, bir sərsəm manyak var ki, hər
iki tərəfin mafiozolarını
qırıb-çatmağı özü üçün
bir əyləncəyə çevirmişdir? Hamı
başını itirib. Karabinyerlər də həmçinin:
onlar meyitləri məlum məmnuniyyət hissi ilə
yığışdırıb aparırdılarsa da, (lupara ilə
qətlə yetirilən həmin o cinayətkarların meyitlərini
ki, sağlıqlarında sübutlar vasitəsilə güllə
qabağına gətirmək qeyri-mümkün olardı), o
vaxt həm də fərarilərin ucbatından çəkdikləri
başağrısına görə istədikləri və
arzuladıqları yalnız o idi ki, bu qardaş
qırğını tezliklə qurtarıb sona yetirəydi.
Ağsaqqallar işi
yoluna qoyduqdan sonra hər iki klana məsələni bitirməyi
tapşırıb, yavaşca aradan çıxırlar. Çünki
nə tərəflərdən biri, nə də hər ikisi
birlikdə onların toxunulmazlığına zəmanət
verə bilmir. Yerli mafiozolar öz təhqiqatlarina
başlayırlar: ancaq mənasız bir qisasın və ya sərsəm
bir özbaşınalığın qurbanına çevrilmək
qorxusu, onların ucbatından namuslu insanların daima
düşdüyü vəziyyətlərə indi, bir
anın içərisində özlərinin düşə
bilməsi xofu onları çaşdırır və vahimələndirir.
Nəhayət, onlar başqa bir çıxış yolu
tapmayaraq, öz siyasət adamlarını qısnamağa
başlayırlar ki, onlar da, öz növbələrində
karabinyerləri ciddi, dəqiq və mükəmməl bir təhqiqat
aparmağa tələsdirsinlər: ancaq həm də
şübhələnirlər ki, əgər karabinyerlər
mafiyanın kökünü qanuni yolla kəsə bilmirlərsə,
deməli bu qəddar və mütəşəkkil insan o v u n
u n təşkilatçısı elə onlar özləridir.
Əgər hökumət əhali artımının
qarşısını almaqdan ötrü hər dəfə
ortaya bir vəba mərəzi atırsa, onda niyə də
düşünməyəsən ki, mafiozoların gizli
qırğınına karabinyerlər özləri fitva verməyib?
Naməlum şəxsin və ya şəxslərin hədəfi nişan alması isə davam etməkdədir. Köhnə mafiyanın başçısı da qətlə yetirilir. Kənddə arxayınçılıq hissi ilə yanaşı, xof da var. Karabinyerlər bilmirlər daha hara baş vursunlar, mafiozolar - təşviş içində. Ancaq mafiya başçısının, bütün kəndin yalançı göz yaşları ilə iştirak etdiyi dəbdəbəli dəfn mərasimindən dərhal sonra, mafiozoların simalarindakı çaşqınlıq və qorxu hissi bir anın içərisində yoxa çıxır. Sən demə, onlar güllələrin kim tərəfindən açıldığını biliblər və artıq bu adamın hökmü oxunub. Başçı öləndə də başçı kimi ölür: necə olubsa, qoca canını tapşıranda nəyəsə işarə edib, nəyisə nişan verib və mafiozolar qatilin əlamətlərini dəqiqləşdirə biliblər. Söhbət əsla şübhə doğurmayan bir şəxsdən gedirdi: bu, ciddi, hamının hörmət etdiyi savadlı mütəxəssis, xasiyyətcə bir qədər qaraqabaq, tənha bir insan idi. Ancaq kənddə, - sözsüz ki, indi bunu bilən mafiozolardan başqa, - heç kim təsəvvür də edə bilməzdi ki, o, belə uzunsürən, amansız və sərrast müharibə aparmağa qadirdir və bu vaxta qədər elələrini o dünyaya göndərib ki, karabinyerlər onlardan hətta birini belə iki-üç saatdan artıq içəridə saxlaya bilməzdi. Mafiozolar bu qədər illər keçdikdən sonra onun bu adamlara olan nifrətinin belə soyuqqanlılıqla, aydın düşüncə və sərrast ölüm hökmləri ilə bu cür alovlanmasının səbəbini də xatırlayıblar. Sözsüz, deyilməsi artıqdır ki, bunun səbəbkarı qadın idi.
Hələ tələbə ikən, bu adam və
qədimliyi bir o qədər dəqiq olmasa da, çox varlı bir ailənin qızı bir-birlərini sevirlərmiş.
Universiteti bitirdikdən
sonra oğlan, sevgisinə sadiq qalaraq, evlənməkdən
ötrü qızın
valideynlərinə yaxınlıq
cəhdləri edir.
Onu rədd edirlər: çünki kasıb idi və kasıbçılıqla
başladığından bir
mütəxəssis kimi
gələcəyinə inamları
yox idi. Ancaq onun qızla
məktublaşması davam
edir, qarşılarina
çıxan çətinliklərlə
birlikdə hər ikisinin bu maneələri
dəf etmək istəyi də güclənirdi. Onda qızın varlı və adlı-sanlı qohumları
m a f i y a y a müraciət edirlər. Mafiyanın başçısı,
hamının qorxub-çəkindiyi
qoca mafiozo gənc mütəxəssisi
yanına çağırtdırır:
müxtəlif məsəllərlə,
öyüd-nəsihətlə onu istəyindən döndərməyə çalışır;
bundan bir şey çıxmadığını
gördükdə, keçir
birbaşa hədələrə.
Oğlana yenə heç
nə təsir etmir; qız isə əməlli-başlı
vahiməyə düşür.
Bu qaçılmaz təhlükənin əvvəl-axır
baş verəcəyi
qorxusundan o, nəhayət,
belə qərara gəlir ki, sevgiləri heç bir vəchlə baş tutan deyil və öz
mühitindən olan birisinə ərə gedir. Oğlan özünə qapanır,
ancaq üzüntüsünü
və qəzəbini büruzə vermir. Görünür, elə həmin
o vaxtdan da düşündüyü qisası
hazırlamağa başlayır.
İndi mafiya onu açıqlamışdı. O, məhkum
idi. Hökmün icrasını qoca başçının oğlu
öz üzərinə
götürür: bu haqqı ona atasının bitməmiş
yas mərasimi və mərhumun son vəsiyyəti verirdi. Məhkum olunmuşun bütün vərdişləri, yaşadığı
yerin ətrafı, hətta evinin içi belə təfsilatı ilə öyrənilir. Ancaq
bir şey nəzərə alınmır:
artıq bütün kənd başa düşmüşdü ki,
mafiozolar hər şeyi bilirlər, - onlar yenə əvvəlki həyasız
davranışlarına qayıtmışdılar
və artıq o naməlum təhlükədən
açıqdan-açığa qorxub-çəkinmirdilər. Bunu hamıdan
əvvəl məhkum
olunmuşun özü
başa düşmüşdü.
Gecələrin birində gənc qisasçı anasından
son xeyir-duasını alıb
evlərindən çıxır. Məhkum olunmuşun
evi uzaqda deyildi. Gənc mafiozo pusquda
durub, onun evə qayıtmasını
gözləyir. Bəlkə
də evdə olduğunu düşünərək,
yuxuda haqlamaq məqsədi ilə içəri girməyə
cəhd edir; və ya pəncərədən
boylanacağını, balkona
çıxacağını güman edərək, qapısını döyüb,
çağırır, - məlum
deyil. Təkcə o məlumdur ki,
vurmalı olacağı
şəxs onu qabaqlayır və aldadır. Başçının
arvadı, gənc qisasçının anası
atəş səsi eşidir: elə düşünür ki,
vendetta baş tutub, hər dəqiqə artan üzüntülü
həyəcanla oğlunun
yolunu gözləyir. Nəhayət, o, baş vermiş
müdhiş həqiqəti
anlayır. Evdən
çıxır: bütün
tədbirlərə və
ehtimallara görə həmin gecə vurulmalı olacaq adamın evi qarşısında öz
oğlunun meyitini tapır. Onu çiyninə alıb evə gətirir; yatağına uzadır və ertəsi gün elan edir
ki, oğlu öz yatağında güllə yarasından keçinib, - onu kim vurub,
nə vaxt vurub - məlum deyil. Onu kimin
vura biləcəyi barədə isə, karabinyerlərə - bircə
kəlmə də! Ancaq oğlanın dostları hər şeyi başa düşür və qisası daha da əsaslı
surətdə hazırlamağa
başlayırlar.
Yay günlərindən biri sona yetərkən, hamı axşam sərinində hava almaqdan ötrü meydandakı klub və qəhvəxanaların,
mağazaların qarşısındakı
stullarda özünə
yer etmişdi (İlk dəfə olaraq mafiyanın hökmündən yaxa qurtarmağı bacarmış
həmin o şəxs
də əczaxananın
qarşısında əyləşmişdi). Birdən kimsə
avtomobilin mühərrikini
işə salmağa başladı. Dəstək fırlanır, mühərrik
ona pulemyot qatarına bənzər dəmir cingiltisi və qıcırtı ilə cavab verirdi. Səs-küy kəsiləndə isə əczaxananın qarşısındakı oturacaqların
birində, ürəyi
karabin atəşi ilə parça-parça
edilmiş bir nəfərin, Siciliyanin ən qəddar mafiyalarından birinin sıralarına ölüm
və dəhşət
toxumu səpməyi bacarmış bir insanın meyiti qalmışdı.
Lupara - canavar ovunda istifadə olunan lüləsi kəsik tüfəng, bu tüfəngdən açılan
atəş.
Karabinyerlər - İtalyan jandarmları
Mafiozo - mafiyaçı,
mafiyanın üzvü
Vendetta -
qisas, qan qisası
Leonardo Şaşa
İtalyan dilindən çevirəni:
Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.5.