Totalitarizm dəhşətləri tarixin ibrətləri

    

  Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" - "Kvartirantı ada" mistik komediyasının Səməd Vurğun adına Rus Dram Teatrında premyerası haqqında təəssürat.

 

Etiraf edim ki, həmin əsəri əvvəlcədən oxumuş, yaşamışdım. Həm oxucu, həm tərcüməçi kimi. İlk tanışlıqda da sarsıdıcı təsirinə məruz qalmış, otuz yeddinci il, daha geniş ölçüdə totalitar rejimi, "işıqlı gələcək" vəd edən bolşevik iqtidarının törətdiyi cinayətlər, amansız qırğınlar haqqında Elçinin səhnə hekayəti öz orijinal baxımı, fəlsəfi-bədii yozumu, psixoloji sirayət yönümü ilə diqqətimi cəlb etmişdi. Xəyalımda bədii sözün bu mövzuda ortaya çıxardığı, mənə bəlli bariz örnəklər canlanır, Zamyatinin "Bizlər", Oruellin "1984", Soljenitsin, Bulqakov, Varlam Şalamov kimi sənətkarların əsərləri yada düşür, eləcə Anarın "Anlamaq dərdi"ni, " qoç, qara qoc"dan müəyyən fəsilləri xatırlayırdım.

Elçinin səhnə əsəri bu ağrılı-yaralı, cahanşümul bəla kəsb edən mətləbi özünəməxsus, təkrarsız tərzdə, həm fantasmaqorik, həm real, ola bilən, ola biləcək olaylar zəminində açıqlayır, yüksək amallar donunu geymiş əxlaqsız, allahsız, dinsiz, imansız quruluşun, qırmızı tiraniyanın, "oraqlı-çəkicli" istibdadın xislətini, insan ləyaqətini, mənliyini taptadan, insan varlığını yox edən, mənəviyyatını üyüdən dəhşətli dövlət dəyirimanını göstərir, təsirləndirir, sarsıdır düşündürür.

Hegel deyirdi, tarix öyrədir ki, bizi heç nəyə öyrətməmişdir. Bununla belə, həqiqi sənət heç vaxt susmamış, tarixin dərslərini var səsilə çağdaş gələcək nəsillərə çatdırmağa çalışmaqdadır.

Bilirdim ki, bu əsərin səhnə təcəssümü ağır təsir bağışlayacaq. Bilirdim, belə əsəri qurmaq, oynamaq qədər həssaslıq, ölçü həddini duymaq, hər bir personajın dəyişkən yaşantılarını çatdırmaq tamaşaçını inandırmaq qədər zəhmət, istedad, əzm tələb edir.

Bəri başdan deyim ki, tamaşa Elçin mətninin ruhuna, məğzinə tam uyğun, uğurlu şəkildə, müasir səhnə texnika imkanlarını ustalıqla işlədilməsi sayəsində gerçəkləşdirilmişdir. Burada quruluşçu rejissor Kamran Şahmərdan, quruluşçu rəssam Tatyana Tavakanova (Peterburq), işıq üzrə rəssam Rafael Həsənov, musiqi tərtibçisi Vladimir Neverov, Ruqiyyə Quliyeva (xoreoqrafiya), Aqil Quliyev (videoinstallyasiya) kimi teatr sənətçilərinin əməyinə alqış deyirəm.

Tamaşanı cəsarətlə səhnə həyatımızda, mədəni yaşamamızda yeni parlaq hadisə adlandırmaq olar.

Bu uğurun baş tutmasında, əlbəttə ki, Kişi rolunda çıxış edən Səfa Mirzəhəsənovun, Qadın - Mələk Abbaszadənin, Qonaq - zabit - Yuri Balıyevin, Qonağın oxşarı Ramil Əliyevin danılmaz xidmətləri var. Əsas "yük" üçlüyün - Kişi - Qadın - Qonağın üzərinə düşür adlarını çəkdiyim ifaçılar mürəkkəb psixoloji partituranı, rəngarəng təzadlı emosional qammanı - inandırıcı səhihlik can yanğısı, ehtiraslı oyunla verə bilmişlər.

Zahirən gözəl ailə, bir-birini sevən (biz buna inanırıq) ər-arvad faciəvi hadisələrin, amansız totalitar dəyirmanın daşları arasında qalaraq, çırpınaraq, canının, həyatının hayında qalaraq başqalaşır, əzilir, kimisə qaralamağa məcbur olur, öz mənəvi dəyərlərinə xilaf çıxmalı olur, xırdalaşır, çılızlaşır, - bəlkə bu istibdad maşınının törətdiyi ən dəhşətli bəladır.

Ər-arvad tərəfindən onların paxırlarını, zəifliyini, alçaq hərəkətlərini açan Qonağın (bəzən çekist donuna girən, lakin əsərin fəlsəfi qayəsində daha geniş funksiya daşıyan personajı) öldürülməsi onun yenidən dirçəlməsi, "xortdaması" məcazi məna daşıyır: yəni həqiqət qaçılmazdır, yəni "enkavede" məxluqları, fərraşları "odda yanmır, suda batmır" - qədər ki, cəmiyyət xəstədir, haqsızdır, yalan üzərində qurulmuşdur.

Bu müxtəsər qeydlərimi bitirərək Elçinə üz tutub onu yeni, çox önəmli uğurlarına görə təbrik edirəm. Bu səhnə əsərində "Qatil", "Şekspir", "Pətək" ("Arılar arasında"), başqa dramaturji əsərlərində olduğu kimi, sağdaş klassik dünya teatrının arsenalına yaxından bələd olan, bəhrələnən, bu zəngin bədii mənzərədə öz cığırını açan, öz yolunu salan, milli bəşəri varlığın məqamları haqqında öz sənətkar sözünü deyən Elçini görürəm.

Səməd Vurğun adına Rus Dram Teatrı (baş rejissor Aleksandr Şarovski) bu tamaşa ilə öz repertuarına daha bir dəyərli töhfə gətirmiş oldu.

 

 

Səyavuş MƏMMƏDZADƏ

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.2.