Aqata Kristinin "Tələ" pyesi

 

Akademik Milli Dram Teatrının səhnəsində

 

XX əsr dünya ədəbiyyatının nümayəndələrindən biri, ingilis yazıçısı Aqata Kristi detektiv ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınır. 80-dən çox romanın, onlarla pyesin müəllifi olan İngiltərənin bu xanım yazıçısının kitabları əsasında və onun öz həyatı haqqında filmlər çəkilmiş, əsərləri nəşr olunmaqla yanaşı nüfuzlu teatrların səhnəsində tamaşaya qoyulmuşdur. Kitabları ara-sıra Azərbaycanda da nəşr olunmuşdur. Bu günlər isə Akademik Milli Dram Teatrında onun "Siçan tələsi" pyesi "Tələ" adı ilə tamaşaya hazırlanmışdır. Bu tamaşa Aqata Kristinin Azərbaycan səhnəsində ilk əsəridir.

Pyesi əslindən, yəni ingilis dilindən Şaiq Cabiroğlu tərcümə etmişdir. Quruluşçu rejissor əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Tamaşanın tərtibatı Xalidə İsmayılovanın, musiqisi isə Aydın Əzimovundur. Rolları xalq artistləri Zərnigar Ağakişiyeva (Missis Boyl), Ramiz Məlik (Mayor Metkaf), Rafiq Əzimov, (Mister Paraviçini), əməkdar artistlər Sənubər İsgəndərova (Molli Relston), Elxan Quliyev (Çayls Relston), Abbas Qəhrəmanov (Serjant Trotter) və Vəfa Rzayeva (Miss Keysuel), Mətləb Abdullayev (Kristofer Ren) ifa edirlər.

Bu günlərdə "Tələ"nin ilk tamaşası olmuş, teatrın bədii şurasının üzvləri, mütəxəssislər əsər haqqında öz fikirlərini bildirmişlər.

 

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.6.