Universitetdə görüş

 

Xəzər Universiteti "Maraqlı insanlarla ünsiyyət" salnaməsinin ilk səhifəsini professor Qəzənfər Paşayevlə görüşlə açdı. Tədbirin aparıcısı, folklorşünas alim Bəhlul Abdullanın ürək sözlərindən sonra milli rəqs və mahnı nümunələri ifa olundu. Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı Q.Paşayev şəxsiyyətinin özəlliklərini incələyərək dedi: "Onun haqqında söz açarkən öncə yada Tovuzun təbiəti düşür. Qəzənfər müəllimin gözəl könlü o əsrarəngiz torpaqla, o suyla, havayla həmahəngdi. O, ömrü boyu ləyaqətli bir missiyanı yerinə yetirib - sözün keşiyində durub, sözün keşiyini çəkib. Bu gün İraq-türkman sözü işlənəndə öncə Qəzənfər Paşayev yada düşür. Onun adı bu mövzunun sinonimi, simvolu kimi səslənir. O, bizim filoloji fikir tariximizə İraq-türkman varlığını gətirib, İraq türkmanlarını Azərbaycan xalqının bir parçası kimi tanıtmaq missiyasını ləyaqətlə yerinə yetirib. Qəzənfər müəllim həm də xeyirxah ziyalı kimi Mikayıl Azaflı, Hüseyn Arif, Aşıq Əkbər, Rasim Kərimli, Tofiq Bayram, İsi Məlikzadə, Əlibala Hacızadə kimi görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi, kitablarının nəşri sahəsində önəmli işlər görüb. O, öz yerinin həsrətini çəkdirə bilən şəxsiyyətdi".

Xalq şairi Nəriman Həsənzadə də çıxışında Q.Paşayevin ədəbiyyatşünaslıq sahəsindəki dəyərli xidmətlərini önə çəkdi, ailəvi dostluğunu vurğuladı: "Bu ailə mənim üçün müqəddəsdi. Qəzənfər müəllimin tədqiqatları böyük alim ömrünün bəhrələridi. İnsan onunla ünsiyyəti zamanı müalicə olunur. O, ətrafında olan insanlara, cəmiyyətə və ədəbiyyatımıza xidmət göstərdikcə gümrahlaşır, dirçəlir".

Millət vəkili Qənirə Paşayeva vurğuladı ki, insan kökdən gəlir: "Qəzənfər müəllim köklü bir ailənin nümayəndəsidi. Öncə yaxşı oğul, yaxşı qardaş, yaxşı əmi-dayı, gözəl bir vətəndaşdı. Ona görə ki, millətini, vətənini, xalqını sevir. Atam mənə adətən cənublu bacı-qardaşlarımızdan söz açardı. Bu meridianı mənim üçün İraq-Kərkük arası Qəzənfər müəllim böyütdü. O, görkəmli İraq ədəbiyyatşünası Əbdüllətif Bəndəroğluyla yaradıcılıq əlaqələri qurdu. Gözümü açandan Qəzənfər müəllimi istedadlı insanların qayğıkeşi görmüşəm. O, mənsub olduğum nəslin milli tərbiyəsində böyük rol oynayıb."

Yazıçı-publisist Nahid Hacızadə çıxışında qeyd etdi ki, Qəzənfər müəllimin alimliyilə insanlığı vəhdət təşkil edir. "Onun simasında XIX-XX əsrin Qori Müəllimlər Seminariyasının məzunlarının ziyalılığı təcəssüm olunub".

Tədbirdə çıxış edən "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı vurğuladı ki, Qəzənfər müəllimlə onu 40 illik dostluq telləri bağlayır: "Bizim dostluğumuz ədəbiyyatdan gəlir. Onun "Altı il Dəclə-Fərat sahillərində" kitabı mənim ön sözüm və redaktorluğumla nəşr olunub. Deyə bilərəm ki, Qəzənfər müəllim İraq-Azərbaycan ədəbi əlaqələrinin inkişafında bir institut qədər iş görüb".

Qafqaz Universitetinin rektoru Hamlet İsaxanlı da alim həmkarının ədəbiyyatşünaslıq sahəsindəki uğurlarından söz açdı. Vurğuladı ki, ruh adamlarının bir araya gəlməsi çox gözəl işdi. "Qəzənfər müəllim maarifçi insandı. Belə insanlar işıqlı, ruhlu adamlardı. Qəzənfər müəllim həmkarları və cəmiyyət tərəfindən ona görə sevilir ki, o, özü də insanları qiymətləndirməyi, sevməyi bacarır".

Tədbirdə çıxış edənlərdən millət vəkili Nazim Məmmədov, kərküklü Seyfəddin Çaxmaqçı, Hakim Azaflı, professor Qəzənfər Kazımov, ilahiyyətçi alim, şair Qazi Hacı Mir Əziz Seyidzadə, f.e.n. Fəzail Miskinli, Gülarə Azaflı və başqaları alimlə bağlı fikirlərini açıqladılar.

Sonda çıxış edən Q.Paşayev onun əməyini yüksək dəyərləndirənlərə və universitet rəhbərliyinə minnətdarlığını bildirdi.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2010.- 8 yanvar.-S.6.