«Bizim toyumuz bir tarix idi»

  

  "…On altı yaşım olanda Səmədlə ailə qurduq. Bizim toyumuz bir tarix idi. Əhməd Cavad məclisin tamadası idiKimlər yox idi bu məclisdə? İndi adları xalqımız üçün çox əziz unudulmaz olan H.Cavid, A.Şaiq, Y.V.Çəmənzəminli, M.Müşfiq, M.K.Ələkbərli, M.Hüseyn, daha kimlər, kimlər…"

Görkəmli şairimiz Səməd Vurğunun unudulmaz Xavərinin xatirələrindəndi bu yazılanlar. Bu xatırlamaların dəyərli bir tarix olması şəksizdi. Təkcə ona görə yox ki, hər kəlmə, hər söz vəfalı, sönməz eşqin dilmancıdı. Bu, öz yerində. Ancaq deyilənlərin alt yapısında tariximiz, milli-mənəvi, ədəbi düşüncəmiz üçün daha bir önəmli həqiqətin pozulmaz təməli durur. 1934-cü ilin söhbətidi bunlar. Məşum 37-ci ilə vur-tut üç il qalıb. Siyasi qütbləşmələrin polyar qışı lap astanadadı. Ancaq dövrün ən görkəmli, müxtəlif məfkurə sahibləri bir yerdədilər, mənəvi birlik amacındadılar. unudulmaz Xavər xanımın bu xatirəsi əslində dövrün görkəmli ziyalılarının şəxsi münasibətlərinin yüksək mərtəbədə olması həqiqətinə etibarlı möhürbənddi.

Səmədinin "Dünyada hər anın bir hökmü vardır" təsəllisi həmişə Xavər xanımla oldu. Təkcə bir qadın, ana, xanım ömrü yaşamadıHəm əfsanəvi bir tarixin canlı nişanəsinə döndü. Səməd Vurğunun könül verib, ilqar bağladığı Xavər xanımın lap yaxın günlərimizəcən fiziki baxımdan (mənən həmişə bizimlədi) var olması, yaşaması adama möcüzə kimi gəlirdi. Bu baxımdan Xavər xanım ötən əsrin 80-90-cı illərinin maraqlı şəxsiyyətlərindən biri idi. S.Vurğununun "ağzı xeyir sözlü" dilbərinin müasiri olmağın reallığını qavramaq asan deyildi. Xavər xanım lap yaxın günlərimizdə haqq dünyasına qovuşdu. Ancaq elə bil o, dünənin, srağagünün, çağdaş tarixin yox, bir qədimliyin sakini oldu. Ona görə ki, onun "şairlər şahı" adlandırdığı "qara Səmədi"nin əfsanələşmiş ömürlüyü o silsilədən, o qədimlikdən gəlirdi. O öz cismində, ruhunda Səməd Vurğun qədimliyi, əfsanəsi yaşadırdı. Sağlığında:

 

Yusifin, Vaqifin görüm var olsun,

Aybəniz hamıdan bəxtiyar olsun,

Yüz il Vurğuna Xavər yar olsun,

Ən əziz sirdaşım, köməyim sənsən -

 

ilticası, təmənnası edirdi böyük şair. İndi bu sətirləri dilə gətirmək çox ağırdır. İndi dünyamız həm Yusifsizdi, Xavərsizdi, Aybəniz xanımsızdı...

İllər oldu ki, Səməd Vurğun ocağının həniri Xavər xanımın fədakarlığı, dözümü ilə öləzimədi, o ocağın başında Yusif, Aybəniz, Vaqif pərvazlandı.

...İndi o illərdi ki, yenə Xavər xanım "şairlər şahı" deyə fəxr etdiyi Səmədinin "Yüz il Vurğuna Xavər yar olsun" diləyində yaşayır. Yenə biz onu "qara Səməd"inin misralarıyla yad edirik:

 

Mənim Xavərə bircə sözüm var,

Var olsun Vaqifi doğan analar.

 

Soyuq bir yanvar günündə dünyaya göz açmış Xavər xanımın ömrünə əbədi bir Səməd Vurğün günəşi bahar şəfəqi saçmışdı. Bu şəfəq yenə parlaqdı, sönməz unudulmazdı. "Anam gəlini" şerində S.Vurğun onu elə bu cür vəsf edirdi: "İşıqda, qüvvətdə adın var sənin…"

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.4.