Mədəniyyətlərin
qovşağında
Rüstəm Müstafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində tanınmış yazıçı və sənətşünas
Sara Oğuzun (Nəzirovanın) ingilis dilində nəşr
olunmuş "Seçilmiş əsərləri"n
("Selected Works") təqdimat mərasimi
keçirilmişdir. Yığıncağı kitaba sponsorluq
etmiş "Qarabağ sement" ASC-in nümayəndəsi
Mehdi Mehdiyev açaraq bildirmişdir ki,
çalışdığı müəssisə ölkəmizdəki
fəaliyyətinin on illiyini orijinal şəkildə qeyd etməyi
qərara almışdır. Belə düşündük ki,
Azərbaycan adət və ənənələrinə incəsənətinə,
mədəniyyətinə ehtiram nişanəsi olaraq bu
mövzudan yazan bir yazıçının kitabını nəşr
edək. Buna görə tender elan etdik. Tenderin nəticəsi
olaraq Sara Oğuzun "Seçilmiş əsərləri"nin
ingilis dilində nəşri qərara alındı. Çünki
onun yaradıcılığında Azərbaycan mədəniyyətinin
və adət-ənənələrinin yaxşı cəhətləri
özünü lakonik şəkildə büruzə verir. Onu
da deyək ki, kitabı tenderə Yaradıcı Qadınlar
Assosiasiyası təqdim etmişdir.
Yığıncaqda yazıçı-dramaturq Əli Əmirli, tərcüməçi-publisist Emil Ağayev, professor Rəhman Bədəlov, YUNESKO-nun sabiq əməkdaşı Ramiz Abutalıbov, rəssam Elçin Axundov, tanınmış ziyalılar Toğrul Cuvarlı, Tamilla Zeynalova və b. çıxış edərək Sara Nəzirovanın ədəbi yaradıcılığından bədii əsərlərində qaldırdığı aktual problemlərdən, müasirliyindən, güzəranımızın əsərlərindəki əksindən söhbət açmışlar. Çıxışçılar yazıçının sənətşünas kimi fəaliyyətini də diqqətə çatdırmış, təsviri sənətimizin araşdırılmasında və təbliğində Sara xanımın zəhmətini qeyd etmişlər.
Tədbirin
sonunda Sara Oğuz çıxış edərək
kitabın tərcüməçiləri - ABŞ universitetlərinin
əməkdaşları Odri Alştada, Şölə Vətənabadiyə,
hollandiyalı Corles Vanderliqə, Azərbaycan Dövlət Dillər
Universitetinin müəllimləri Vahid Ərəbova
(Türksoya), Vaqif Qənbərova, kitabın redaktoru Ənn Tompsona,
rəssamları Elçin Axundova və Kəbirə
Haşımovaya, nasiri Ayna mətbuat evinə və toplunun ərsəyə
gəlməsində zəhməti olanların hamısına təşəkkürünü
bildirdi. Qeyd edək ki, 1000 nüsxə ilə nəşr
olunmuş, 816 səhifəlik bu əsərə
yazıçının povestləri, hekayələri, ssenariləri
və sənət haqqında esselərindən nümunələr
daxil edilmişdir. Əsərə ön sözü
yazıçı xanım Mənzər Eynullayeva
yazmışdır.
A.Xiləli
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.4.