Next-özgə millət
Povestdən parça
...Dəhlizdə pəncərə qabağında oturub bir az fikrimi dağıtmaq istədim. Qatar tüstülənə-tüstülənə gedir, vaqonun böyründən çıxan pəncərə işıqları da gecənin qaranlığında təklənməkdən qorxurmuş kimi, qatarla birlikdə qaçırdılar. Dərələrdən keçəndə, başı üstdəki qayaları titrətməyə salırdı. Körpülərdə təkərləri daşlığa düşən araba kimi şaqqıldayır, fitinin hay-harayı da səmanın boşluqlarına sovrulub yoxa çıxırdı.
Ağarza qaşqabaqlı gəldi. fanarı mıxçadan asıb oturdu. Əllərinin üstündəki damarlar ovunu görmüş kərtənkələlər kimi titrəyirdi. Alt dodaqlarının ortası sovrulmaqdan yetişmiş zoğal kimi qaralmışdı.
- Nooldu? Bəs bir tikə çörək yeməyək?
- Qoyullar ki? Sərnişin ki, girdi vaqona biz gərək nazınnan oynayaq. Dayə, nökər, qaravaş olaq qabağında. Nə deyirəm, qanun belədi, biz də qanun quluyuq. Bəs qanmayanı necə başa salaq?
- Qanmayanı düşürt aşağı.
- Olmaz! Sərnişin həmişə haqlıdı. Özü də sağ-salamat yerinə çatmalıdı. Amma biz də lalın dilini bilən ana olmalıyıq. Qatar briqadiri də, rivizor da bir yanadı, o zahı arvad bir yana. Yalvarırıq ki, ay bacı Mahaçqalada yaxşı doğum evi var, qoyaq səni ora. Deyir, tı çto?! Mədinə devçonka deyil, allanmaz! Allah qoysa, o da nənə olacaq. Amma Mahaçqalada yox. Heç Amerikada, Dubayda da yox, heç cənnətdə də yox. Toyuğun bir budu var, vəssalam. Çeçenkanın sözü kişi sözüdü, - deyib yumruğunu çırpdı stola Qudermesin baş prokuroruyam axı mən! - Zor göstərsəniz, za xuliqanstva hərəniz beş il alacaqsınız! - deyib bizi qovdu. Naçalnikim də mənə: - Başına bir iş gəlsə əlli-ayaqlı gedəcəksən, - deyib yaxasını qırağa çəkdi. Eh, Allah kərimdi. Məni ancaq indi görürmüş kimi üzümə baxdı. - Hansı stansiyada düşəcəksən?
- Tuanseyə getməliyəm, özü də çox təcili!
- Xeyir ola?!
- Bilirsənmi, - dedim, - iri addımlarla yeriyən Azərbaycanımız çoxunun gözünə iynə-iydir. Mən "Kompozitor Qara Qarayev" gəmisinə bağlı bir yazıçıyam. Arada söz gəzir ki, o gəmini bir yunan ermənisi frakta götürür. Matroslar qırmızı guşədə erməni bayrağını yandırıblar. Gəmidə ikitirəlik var. Göyərtə komandası kapitan Elçin Mirzəyevi eşitmir. Amma gəmi, admiral olmaq istəyən bütün dənizçilərin kosmodromudur. Yüzə yüz əminəm, "kompozitor" batmalı olsa, mexanik İlham Hacıyev, Şiyərkəranlı Ramiz, Rahil Mustafayev, firudin Ömərov da daşlar, qayalar kimi üst-üstə qalanıb dəniz dibini yuxarı qaldıracaqlar ki, gəmi batmasın. Yanacağı tükənmiş olsa, əllərini, qollarını kəsib dirəklər, zabaqlar kimi ocaqlara atacaqlar ki, qoy maşınlar sönməsin, mühərriklər dayanmasın.
- Yaxşı, başa düşdüm. Tuanseyə gedirsənsə, Armavirdə peresadka eləməlisən. Ora da qarışıqlıqdı çox!
- Ağarza müəllim, yəni soyğunçuluq, qətl-qarət ola bilər?
Narahat nəzərlərlə üzümə baxıb çiynini çəkdi: - Vallah, nə deyim?
Darıxdım. Yenə vicvicə düşdü canıma. "Axı nəyə işarədi, bu, nə deyim? Yəni ilişib, yubana bilərik biz? Deməli, gəmiyə çatmaya da bilərəm?"
Mısmırığımı, qaşqabağımı görən Ağarza:
- Əşi, Allah kərimdi. Sən də soğan başı deyilsən ki?! Cavan oğlansan. Əlin-ayağın yerində. Bir deyənə beş cavab verərsən!
- Hə, əlbəttə,
- dedim istər-istəməz. Ancaq ürəyimdən qara qanlar gedirdi.
- Bilirsən, bu Armavir də
ikidi. Bizim
- Elə ki, düşdün
qatardan papağını gözünün üstünə
bas, gödəkçənin boyunluğunu qaldır, kassalara
yaxınlaş. Birdən səni tanıyıb üstünə
gələn olsa, qorxma, qabağından qaçma. Hə,
"Ya Məhəmməd" deyib sən də üstünə
get! Yox, əgər qorxduğunu bilsələr, ayaqları yer
alacaq, bir az da güclənəcəklər. Ona görə sən
də ürəkli ol.
Fikir məni
çaşdırmışdı. Getdikcə yol yoxuşa dirənir,
enişi görünmür, çaylarından necə
üzüb-keçəcəyimi, cəngəlliklərindən
necə çıxacağımı təsəvvürə gətirə
bilmirdim.
- Nooldu sənə, yoldaş
moryak, gəmi batmır, ancaq sən "konesləri" verirsən?
- deyə ətəyimi çəkib məni ayıltdı. -
Kağız kimi ağarmısan! Üstünə gəlsələr
qorxma. Üstlərinə get. Birini vursan tarakan kimi səpələnəcəklər
ora-bura.
Axşam düşür,
hava qaralırdı. Böyük yolları, hündür
binaları olan bir şəhərə
yaxınlaşırdıq. Zavod bacalarından çıxan
tüstü zolaqları matros bezkazırkasının lentləri
kimi ora-bura çırpılırdı.
Barmaqçamı cibimin dərin
yerinə dürtmüşdüm. Qızıl dişim də
yoxdu, bu sarıdan sakitəm. Ancaq bəs Armavirdə
üstümə qıcanacaq o dişləri necə tökərəm?
Ağarzanın strateji əhəmiyyət daşıyan məsləhətləri
məni ayıq-sayıq etmişdi. "Üstünə gələn
olsa qorxma, sən də üstünə get!"
"Bəs ey comərdim,
silahlının üstünə lopuxnan gedim mən? Tir kimi
oğlanlar görmüşəm avtomatın qabağında
yumağa dönüblər. Pistolet görəndə
qoçu Qədirlərin, lotu Bəxtiyarların dili
tutulub".
Milis rəisinin qapısı
zərblə açıldı. Kupedən çıxan rəis
burulub - gərnəşib qulunclarını
şaqqıldatdı. Sonra o, pəncərə şüşəsinə
baxa-baxa ənsədə yumrulanmış
saçlarını bir-birindən ayıraraq, alnının
üstündəki daz yerlərə düzdü.
Dəhlizin o biri
başında vaqona ağ xalatlı bir oğlan girdi. O,
boynundan asılan səbəti yerə qoyub kefir bankaları,
peçenye qutuları arasından ikiüzü çap
olunmuş bir vərəq çıxartdı. Onu başı
üzərində yelləyə-yelləyə şad xəbər
xəbərini çatdırmağa tələsən bir
carçı kimi gümrah bir səslə:
- Xəbərdar, ay xəbərdar.
Bir Qudermes məktəblisi əl qumbarasıyla bir düşmən
tankını yandırıb, - deyə var gücüylə
qışqırdı. Oğlan Mədinəgilin qapısı
ağzından keçəndə içəridən Nəynə
arvadın titrək, quyunun dibindən gələn səsi
eşidildi.
- Hə, qurban olaram belə
cikit balaya mən! Kimdi, hansı bəxtəvərin
uşağıdı?
- Hə, Raqunanın
oğludu da, bir məhlədə böyümüşük!
- qürur duyuldu səsində satıcının. - Ancaq
atasını tutublar. Noolsun, özü qəhrəmandı
ki! Urus-Martanda partizanlar başına and içirlər.
"Amerikanın səsi", "Bibisi" radioları
canlı reportajlar verirlər onnan. Əlbəttə, əsl
çeçenlər bayrağımızı enməyə
qoymazlar!
Rəis oğlanı tərs-tərs
süzərək:
- Yalansa, atana lənət! -
dedi, - Belə görüm başınız batsın, avara
köpək uşağı. Qoymazsınız sakit yaşayaq.
Orda bomba, qaçaqov, burda müharibə kəsə-kəs. Əlinizdən
hara qaçaq?
Satıcı
ağzının üstünə tökülən
saçları üfürüb dağıtdı.
İşıldayan iki göz zilləndi rəisə:
- Amma biz heç yana
qaçan deyilik, - dedi. - Biz hökmən qalib gələcəyik.
Çünki evlərimiz bir-birinə dayaqdı.
Divarlarımız çiyin-çiyinə söykəkdi.
Birimizin həyəti o birinin damıdır. Arxa divarlarda ehtiyat
qapı, pəncərə olmur. Arxayınıq ki, divar
arxasında arxadaş yaşayır. Evlərimizin
daşları morze aparatıdı. Yumruqla döyüləndə
köməyə çağırır. Barmaqların
taqqıltısı məhəbbət məktubudur.
Böyük bir aul bir evdi sanki.
Əsl çeçenlər
heç vaxt diz çökməyəcək!
- Şuar danışma!
Boş-boşuna veyillənirsən bu vaqonlarda. Bəs əsl
çeçen deyilsən? Partizanlara niyə qoşulmursan bəs?
Satıcı alnını örtən
saçları barmaqlarıyla daraqladı.
- Neyləyim, - deyə
çiyinlərini çəkdi. Sonra da - ayağımda
sınıq var, şikəstəm. Buralarda da nə
qazanıramsa, müdafiə fonduna göndərirəm, - dedi.
Xeyri yoxdu, nahaq zəhmət
çəkib başınız girməyən yerə bədəninizi
dürtməyin!
- Hə, - dedi. Şeyx
Şamil otuz il vuruşdu. Yetim-yesirin qanını
axıtdı. Hə çıxdı ortaya? Heç nə.
Dağı yıxmağa gücənən
qursağını partladar ancaq.
Acizlərin, qorxaqların
sözüdü bu. Amma əslində, el gücü, sel
gücüdü. Qarabağ müharibəsində can qoyurlar
sizinkilər də. Burdan keçən qatarlarımızda sərnişinlər
azalıb. Təkəm-seyrək gedənlər də
yaşlılar, pensionerlər, yaralılardı. Bəlkə,
siz də müharibədə yaralanmısız?
- Yox, Allah eləməsin! -
deyə, rəis əllərini qarnının üstündə,
kürəklərində gəzdirib sağlamlığını
yoxladı. - Hə, bizim ordu ordu olsaydı mən birinci cərgədə
olardım. Cəbhədə it yiyəsini tanımır.
Komandir əsgərlərlə araq içir, qumar
oynayırlar. Cəbhənin ərzağı, pal-paltarı,
lap --- da ştablarda --- qovrulur. Generallar cəbhə xəritəsini
oxuya bilmir. Müdafiə naziri zabitlərlə "mən
ölüm, sən öl" danışır.
Qarabağı Bakıdakı başbilənlər uduzullar.
Bunların arasında ayıq başla yaşamaq mümkün
deyil.
Bəlkə arağın
ola? Oğlan pəncələri üstə qalxıb rəisin
qulağına - "Suxoy zakondu". İcazə vermirlər.
Amma bir şüşə varımdı, özü də,
yetmiş qradus. Tabulestma dağlarının zoğalınnan
çəkiləndi.
- Baxım, - deyə rəis
butulkanın ağzında daşa dönmüş xəmiri
ovub şüşəni başına çəkdi.
- Ə…Ə… Köpəy
uşağı, bu, lap bombadı ki! - deyə
dodaqlarını büzəndə bığlarının cod
tükləri burun pərlərinə doldu. - Ooxxay, əla!
Başqa cür yaşamaq mümkün deyil bu həyatda, - deyərək
çeşmək qabına oxşayan portmanatından
çıxardığı şax onluqları
satıcının cibinə dürtdü. - Uzaq getmə, nə
tapsan bura gətir! - deyə əlindəki sarı
qarğıdalını dodaqlarına yaxınlaşdırdı.
Rəisin sarı bığları bir az da
qalınlaşdı elə bil.
Dəhlizin
qurtaracağında: "Br az qaynar su", - deyən həyəcanlı
bir səs eşidildi. Bu, kəlağayısının bir ucu
boynuna dolanmış, o biri ucu ayaqlarının üstündə
yellənə-yellənə bələdçi kupesinə tərəf
gələn Nəynə arvadın səsiydi. O,
qarğıdalı gəmirən rəisə çatanda ayaq
saxladı. Rəis - "Köpəy uşağı, qoymaz
dincələk" - deyərək, qarnını pəncərəyə
söykəyib arvada yol verdi. Nəynə Ağarzaya
yetişincə:
- Ay bələdçi
qardaş, samovarda qaynar su var bəlkə?
- Necə? Mədinəçindi?
- deyib tez kupeyə girdim. İçi paraşok, sabun dolu
vannanı boşaldıb samovarın altına qoydum. Vedrəni
əlimdə hazır saxladım.
- Ağarza müəllim,
dayanma, deyəsən Mədinənin vaxtıdı.
- Ay Allah, gör nə
şirin balalarım var. fikir-zikirləri də ancaq mənim Mədinəmdir!
- deyə Nəynə vannanı samovarın altından
götürdü.
- Yox, yox! Çox sağ
olun! Bartol, bartol! Hələ heç nə yoxdu.
Ağrısı güc gələndə biləklərini
bişləyir. Sancı öldürür onu. Ancaq pişik
cinsi kimi dalın yerə vuran deyil.
Mən general arvadı, həm
də böyük bir vilayətin prokuroruna ağılsız
deyə bilərəmmi? Əsla, heç vaxt! Qəribəsi
burasındaydı ki, yol üstdəki doğum evlərinin
birində uşaqdan azad olmağa razılıq vermədi.
Özünü Qudlermesə saxlamaqda məqsədi nədi
görəsən? Eh, qadınların sirrindən kim baş
çıxarır?
Quşların dilini bilən,
ulduzların yolunu görən, ən düyünlü sirləri
açan Süleyman peyğəmbərimiz üç sirr
önündə aciz qaldı. Zirvədən qalxan qartalın
hansı səmtə uçacağını təyin edə
bilmədi. Qaya üzərində sürünən ilanın
izini axtardı, amma tapmadı. İlan iz qoymur. Yerin
altını da, üstünü də
gözübağlı oxuyan o müdrik insan qadınlardan
baş aça bilmədi. Onların ürəyini oxumaqda aciz
qaldısa mən Mədinənin sirrindən baş aça
bilərdimmi?
Nəynə arvad kəlağayısının
altında gətirdiyi qrelkanın qapağını
aça-aça:
- Bunu doldurun, sən Allah.
Ayaqlarının altına qoyum bədəni qızsın.
İşi də əsəbi işdi çox. Tez-tez stres
keçirir. Uşağa qala bilmirdi. Axırda Bakıya gəlirdim.
Ətağanın ocağında əlillərin, qocaların
qulluğunda durdu gecə-gündüz. Allah-taalanın yazığı
gəldi bizə. İndi övladı var. Amma yollar da
yaraqlılarla doludu. Qorxur! - Uşaq düşsə neylərəm?
- deyib, sızıldayır.
Marça-marçla
qarğıdalı gəmirən rəisin ət basmış
gözləri böyüyüb, açıldı: - Bəs
biz ölmüşük? - deyə başını geri
atdı. Sonra da qarğıdalının uzun kapını
şalvarının qabağında yelləyərək: -
Onlara bax, bunu verərəm mən!- deyib qamətini
şaxladı. - Arxayın olun, heç bir köpəy
uşağı sizə dəyib-dolaşa bilməz! - deyib
qapısını içəridən bağladı.
Kadıyurda konsert verməyə
gedən artistlər düşmüşdülər. Vaqon
quşları uçmuş yuva kimi məhzun
görünürdü. Qudermesə gedirdik.
Çeçenistanın ala-bula inəkləri otlayan Tebulestma
dağları, vəhşi ilxıları qaçışan
Kuma yaylaları, Terekin yaşıllıqlar içində
burula-burula gah görünən, gah da yoxa çıxan
qolları da arxada qalmışdı.
Bütün gecəni
oturduğu yerdə nehrə kimi yırğalanıb
mürgü döyən Ağarza, hər dəfə
stansiyalara çata-çatda paravoz fitlərinə yerindən
dik atılıb qapıya yüyürmüş, orda əli
fanarlı farağat dayanaraq vəzifə borcunu yerinə
yetirmişdi. Ancaq indi o, şirin yuxudaydı. Qatar bir neçə
saat dayanmadan Çeçenistan düzlərində
şütüyüb gedəcəkdi.
Dəhlizdə gəzişirdim.
Birdən vaqonun tamburunda güclü şaqqıltı qopdu. Diksindim.
Bu nədi belə? Küləkdi bəlkə? Ola bilməz!
Bayırda qasırğa yoxdur. Göydə ulduzlar
sayrışır. Qatar da əl tormuzuyla saxlanmayıb ki,
vaqonlar bir-birinə çırpıla. Bir az sonra
şaqqıltı vaqonun qapısında eşidildi. Amma bu dəfə
daha sərt, həm də elə əsəbi ki, samovarın
böyründəki dəm çaynikinin qapağı
oynadı. Padnosdakı stəkanlar cingildədi. Yarıqaranlıqdan
dirsəyə kimi çırmalı iki əl uzandı irəli.
Gələn, qayış yerindəki avtomatın
ağzını qabağa tutub, işıqlığa
çıxdı. Bığı, saqqalına
qarışmışdı. İri portağal dilimlərinə
oxşayan ətli dodaqları kip qapanmış,
çatılmış qaşları kirpiklərini
basırdı. Dəri gödəkçəsi it
ağzından çıxmışdı elə bil. Boynu,
dirsəkləri didik-didik, qəlpə-qəlpəydi. Alnında
cərgələnən uzun, milə-mil saçları, -
yelpic parçası!!!
Yerindən hövlnak qalxan
Ağarza mıxçadan fanarı
götürmüşdü ki, yaraqlı sinəsindən ikiəlli
yapışdı:
- Hara? İt balası - monde.
Nə yığmısan, çıxart! Tez, tez! Davay, davay,
bıstro! Dollar, rubl, axça, tez ol!
O, çiyniylə
Ağarzanı divara sıxıb kitelinin cibini çevirdi. Həmişə
üzü gülən Ağarzanın sifəti daş kimi bərkidi?
- Bayıra çıx
burdan! Monde özünsən ki, adam qapırsan! - deyə
yaraqlının sinəsindən geri basdı. Lakin lay divar tərpənmədi.
- Sənə borcludu xalq? Reketsən, qoçusansa, get qara
pullar yığılan bankları yar, haram mallar satan marketlərə
gir qarnını doldursunlar!
Yaraqlı qolunu
Ağarzanın boynundan aşırdı:
- Əsəbiləşmə,
brat! Gəl yaxşı qardaşım, voyeşim ol! Burda qala
bilmərəmXaricə getməliyəm. Amma cibimdə
siçan oynayır. Bu SV vaqonunda pullu raykomlar, prokurorlar gedir!
Qabağa düş, pul, qızıl, nə varsa, şmon eyləyək.
- Bura bax, qaranoy, - dedi
Ağarza. - Qızıl, daş-qaş, yerə tökülən
qoz-fındıqdı bəyəm? Kimdən yığım
axı? Vaqonda cəmi beş-altı sərnişin var. Onlar da
pensionerlər, xəstələrdi. Bəzi kupelər də
plomblu!
- Zaçem plomblu? Kim vurdu
plomb?
- Bilmirəm, deyirlər
hansısa bir nazir!
Yaxşı, qabağa
düş! Amma yalan danışıb mənə atmaq istəsən,
- deyərək yaraqlı avtomatı Ağarzanın qarnına
söykədi, - monde kimi gəbərdərəm səni! Reket,
qoçu yoxdu burda. Mən demokratam!
- Ay hay, demokrata bax ey - deyə
əlini yellədi Ağarza, - Sən məni xamlama! Əsl
demokrat bilirsən kim olub? - Karl Marks, Lenin. Onlar dünyada
kommunizm adınnan firəvanlıq yaratmaq istəyiblər. Ancaq
avtomat gəzdirməyib, silah işlətməyiblər.
Ağarza siyasi korluq nümayiş etdirirdi. "Ay Ağarza
müəllim, - demək istədim - bəs Oktyabr
İnqlabının başa gəlməsinə də pul
lazım idi. Leninin yaxın silahdaşı Yakov Sverdlovun
operativ dəstələri Odessada, Leninqrada, Lənkəranda,
Mozdakda da banklar yarıb, bir çox muzeylərin
daş-qaşlarını da inqilabın qələbəsinə
yönəldiblər. Bəs silah-sursat nəylə
alınsın? Əsgər saxlamağa da pul lazımdı, ya
yox? İndi bu demokrat da xarici ölkəyə yəqin bir
taprışıqla gedir. Qulpumuzdan çıxannan biz də
kömək eləməliyik bu demokrata:
Ağarza:
- Qatarda adam soymayıblar
demokratlar! - dedi və əmziyə oxşayan fıştırığının cırcırama səsi
yayıldı aləmə.
- Ax, podles! Sukalıq eləyirsən?
- deyə avtomatın qundağını Ağarzanın
başına çırpdı yaraqlı. Səs xırp kəsildi.
Ağarza səntirlədi. Qapının dəstəsinə əli
çatmadı. Arxası üstə yerə
çırpıldı. Yox, daha bu, ağ oldu. Demokrat
gedişi deyildi bu gediş! Əslində, demokratiya pərdəsinə
bürünmüş cəsusa, quldura oxşayırdı
qarşımdakı.
Yaraqlı Ağarzanı
ayaqlarından çəkə-çəkə kupeyə
sürüdü. O, havanı yumruqlayır,
bağırırdı:
- Razaq Raqunanın
sözü qanundu!
…Nə, necə? Raquna?
Qulağım cingildədi. Harda eşitmişəm bu adı?
Hə, tank yandıran məktəblinin atasının adı
belədir. Amma noolsun, çeçenlərdə Raquna, biz Məhəmməd
kimi çox yayılan addı. Üz-gözündən zəhər
tökülürdü yaraqlının.
Atamı yandıracaq! Cəngindən
necə çıxacam mən?!"
Arxaya boylandım. Dəhlizin
o biri başında ayaqlarını çiyni bərabərində
qoyub, saqqız çeynəyən topsaqqalı görəndə
"işimiz bitdi", - dedim öz-özümə. Ekstrimal
vəziyyətdən çıxmalıyam. Ancaq necə?
"Dayanma, tez bir fənd işlət, əməl qur! Artistlik
elə, cildə gir".
Gödəkçəmin
boyunluğunu qaldırıb, qara eynəyimi taxdım. Əlimdə
burulmaqdan sıxılıb kəndir ipinə dönmüş
qəzeti başımın üstündə tovlaya-tovlaya:
- Hello! Salyut! Qudbay, mister
Razaq Raquna! - deyə qətiyyətli addımlarla yaraqlıya tərəf
irəlilədim. Çaşqın Raquna təəccüblə
mənə baxır, susurdu. "Onun adını çəkən
bu əcnəbi kimdi görəsən?"
düşündü. Lakin gözlərində
qığılcımlar soyumamışdı. Qəti
hücuma keçməliydim.
- Ax… Nə gözəl təsadüf!
Çeçenistanın qəhrəman oğlu Raqunaya eşq
olsun! Yaşasın demokrat Raquna! - Dünyanın bütün
televizorları sizi göstərir. Əlbəttə, yerinizdə
mən olsaydım, o tupoy, savadsız bələdçinin
başına iki güllə çaxardım. O it oğlu -
monde sizi tanımadı. Amma bizim üçün hər
sözünüz qanundur. Baxın, bu qəzet də sizdən
yazır! Raqunanın ağzı aralı, şişman
gözləri bərələ qalmışdı.
- Kakoy qəzet? Sən kimsən?
- Sakitcə, ehtiyatla xəbər aldı. Raquna "Aha,
balıq qırmağı burunlayır. İlişməkdədi.
Səyimi bir az da artırmalıyam".
- Buyurun, baxın! Bu
İngiltərə qəzeti yadellilərə necə divan
tutmağınızdan yazır, - deyərək "Azərbaycan
gəncləri" qəzetinin qatlarını açıb
Raqunanın üzünə tutdum. O, qəzetə zilləndi,
amma heç nə oxuya bilmədi.
- Oçen xoroşo! Sluşay,
brat voyeş, sposibo tebe! Sağ ol, adıkeyla! No sən kim
olur?
- Yes jurnalist, pisatel. Tez
yazıçılıq biletimi açıb,
barmağımı şəklin üstünə qoydum - Eto
ya! No qospadin Raquna, sən əsl demokratsan! Düzdür, Lenin
avtomat gəzdirməyib. Ancaq ətrafındakı silahlı dəstələr
Oktyabr inqilabını pulla təchiz ediblər. Sən də
sağ ol ki, çeçenlərin azadlığı
üçün döyüşürsən. Ancaq tanksız,
pulemyotsuz nə qələbə? Ərzaq, pal-paltar da
lazımdı partizanlara. Bütün dünya sizə əl
yetirməlidi. Hündür evlər tikdirən milyonerlər
maşın tacirləri, banklardan güclü faiz götürənlər
də biri bir təyyarəylə, o biri bir tankla kömək
etməlidi sizə!
Sevinirdim, taktikam baş
tutmuş, qələbə qazanmışdım.
Çalışıb mıxın yerini möhkəmləndirməliydim.
- Sizin milli qəhrəmanınız
Baysonqur Koroğlunun ən yaxın dostu olub.
Yox, Razaq Raquna daha məni
eşitmirdi. O, qolundakı saata baxdı. Pəncərənin pərdəsini
aralayıb eşiyə boylandı. Sonra da iti addımlarla milis
rəisinin kupesinə yaxınlaşdı. Qəribədir,
içəridə boşalmaqda olan təkərin
fısıltısı yox, boğazı üzülən
cöngənin güclü xırıltısı
eşidilirdi. Raquna qapının dəstəsini
fırlatdı, açılmadı. Avtomatı cəftəyə
söykəyib atəş açdı. Döşəməyə
səpələnən metal qırıntıları titrəyib
söndülər.
"Rəis silahı
qapıb bu dələduzu oddayacaq", düşündüm.
Axı o, bayaq "belə asaram, belə kəsərəm"
danışırdı. Qapı açıldı. Ancaq
hanı? Rəis kupenin ortasında "əllər
yuxarı" dayanmışdı. "Bəlkə namaz
üstə təzimə getməyə qaldırıb əllərini?
Yox, təzimə qaldırılan əllər titrəməz,
dəyanətli, şax dayanar. Amma satqınların,
qorxaqların, zinaların dua-təzimləri yuxarılarda qəbul
olunmazdı", - düşündüm.
Yusif HƏSƏNBƏY
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.5, 6.