Sözün keşiyində

 

Rafiq Yusifoğlunun imzası ədəbi və elmi ictimaiyyətə yaxşı tanışdır. O, istər şair, istərsə də ədəbiyyatşünas kimi çoxşaxəli yaradıcılığında sözə, söz sənətinə böyük məsuliyyət duyğusu ilə yanaşır. Odur ki, R.Yusifoğlunun həm ədəbi, həm də elmi müstəvidə özünün oxucu auditoriyası var. O, belə bir auditoriyanı yaratmaqdan ötrü illərdən bəri əqli, ruhi potensialını, ilham və zəhmətini qoyub…

Pedaqoji təhsilini başa vurandan sonra Sumqayıtda tərbiyəçi-müəllim, müəllim işləyən Rafiq Yusifoğlu işləyə-işləyə təhsilini davam etdirmiş, aspiranturanı bitirmiş, Azərbaycan poemasının inkişaf problemi ilə bağlı namizədlik dissertasiyası yazıb müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1984). Sonralar elmi fəaliyyətini davam etdirən R.Yusifoğlu doktorluq dissertasiyasını da uğurla müdafiə etmiş, hazırda Sumqayıt Dövlət Universitetinin professoru kimi tələbə gənclərimizin yetişməyinə bir sıra dərslik və monoqrafiyaları ilə yardımçı olmaqdadır. Əlbəttə, biz 60 yaşını tamamlayan bir Azərbaycan ziyalısının - şair, alim, pedaqoq və publisistin indiyə qədər gördüyü işlərinə ayrı-ayrılıqda dəyər vermək imkanından məhrumuq, çünki bu, bir qəzet məqaləsinə sığışan yığcam olaylar təsnifatı deyil. Rafiq Yusifoğlu imzası öncə səmimi, büllur dilə, aydın düşüncəyə malik bir şairin varlığını təqdim edir. Yəni, əslində mən də bir çoxları kimi bu imzanın sahibini şair kimi tanımışam. Odur ki, daha çox onun poetik dünyaduyumuna özümüzü kökləməyimiz məqsədyönlüdür:

 

Biz köçəndə bu dünyada

Qalacaqmı ömrün izi?

Var-dövlət yığmaqdan ötrü

Xərcləyirik ömrümüzü.

 

Şairin qənaətinə görə (didaktik olsa da) "ömrün izi" var-dövlət yığmaqla qalmır. İz yaşatmağın yolu sözdən keçir, ömrün izi yalnız sözdə əbədiləşir. Odur ki, söz sahibəri var-dövlət sahiblərindən daha "uzun ömürlüdür". Şairlik, həyata şairanə baxış isə fərqli bir yaşam tərzidir:

 

Çılğın ilhamımız şahə qalxanda

Məst olduq bir qızın məhəbbətindən.

Biz qərib durnaya gendən baxanda

Kimsə kabab çəkdi durna ətindən.

 

R.Yusifoğlunun şeirlərində Azərbaycan türkcəsinin şirinliyi var. Misralar axıcı, rəvan, kəlmələr, ifadələr aydın, anlaşıqlı və yerli-yerində. Hiss olunur ki, o, uşaqlıqdan xalq ədəbiyyatı çevrəsində, folklor mühitində böyüyüb, boya-başa çatıb. İndi işğal altında gözləri yol çəkən Qubadlının el-oba adətləri, etnoqrafik dəyərləri, folklor mühiti Rafiq Yusifoğlunun şair, alim kimi yetişməyində təbii ki, az rol oynamayıb. İlkin qaynaq, yaddaşa ilk yüklənən informasiya bir ömür boyu insanı tərk etmir. Bu həqiqətin məntiqidir ki, şair yurd yanğısına səmimi etirafını da qoşur:

 

Yadıma dağların, düzlərin düşür,

Kül altda uyuyan közlərin düşür,

Yoluma dikilən gözlərin düşür,

Qubadlım, biz sənsiz sönmüş ocağıq,

Nə üzlə qoynuna qayıdacağıq?!

 

Mənim təsəvvürümdə yurd itkisindən, torpaq həsrətindən ağır dərd yoxdur. Şairin bu mövzuda yazdığı şeirlərdə kədərlə yanaşı, həqiqi vətəndaşlıqdan gələn bir üsyankarlıq da var. Bu üsyankarlıq isə "Vətənin haqq-sayında" ümumiləşdirilir:

 

Keşikdə durmuşam, zarafat deyil,

Hər vaxt sayıq olam gərək yerimdə.

Mənə ağır gələn avtomat deyil,

Vətənin haqqıdır çiyinlərimdə.

 

Rafiq Yusifoğlunun məhəbbət şeirlərində incə bir lirizm, təsirli bir ovqat var. Bu ovqat insanı sevgi aləminə, sevib-sevilmək dünyasına aparır. Belə şeirlər xüsusən gənc oxucularımıza saf məhəbbət, təmiz sevgi aşılayır:

 

Yenəmi ayrılıq yelləri əsdi? -

Baş-başa qalmışıq əzablar ilə.

Sevgidən təmənna ummaq əbəsdi,

Sevginin əvəzi sevgidir elə…

 

Mən də bu fikirlə razıyam ki, "sevginin əvəzi sevgidir elə". İnsanın mənəvi dünyasının bəzəyi eşqdir, məhəbbətdir. Bu ali hissin, duyğunun isə əvəzləyicisi, başqa sözlə, alternativi yoxdur. R.Yusifoğlunun sevgi şeirləri şablondan, süzülmüş və üzülmüş deyimlərdən uzaq olduğu üçün insanı tərpədir, duyğulandırır.

Şairin balalarımız üçün yazdığı şeirlərin də çağdaş poeziyamızda öz yeri, öz dəyəri var. İllərdən bəri "Göyərçin" dərgisinin nəşrinə rəhbərlik edən R.Yusifoğlu uşaqların həm də sevimli redaktorudur. Bu dərgidə dərc olunan yazılar baş redaktor kimi məhz onun ədəbi zövqündə qaynaqlanır.

R.Yusifoğlu bu illəri dolu sünbül kimi yola salıb. Onun çoxsahəli və çoxşaxəli yaradıcılığında ədəbiyyatımıza, elmimizə namusla xidmət edən bir ziyalının obrazı canlanır. 60 yaşının tamamında hesab edirik ki, R.Yusifoğlunun öyünməyə, qürrələnməyə haqqı var - çünki haqdan gələn sözün keşiyində illərdən bəri belə ləyaqətlə dayanmağın özü hər qələm adamına nəsib olmur…

 

 

Adil CƏMİL

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.4.