Çox qısa, lakin heç unuda bilmədiyim söhbət

 

         Məmməd Cəfər müəllim haqqında xatirələrimin tarixi mühazirələrini dinlədiyim Universitet illərimdən başlasa da, ilkin olaraq dissertasiya mövzusu götürdüyüm gün onun ayaqüstü mənimlə etdiyi çox qısa, lakin heç unuda bilmədiyim söhbəti barədə söz açmaq istəyirəm. Çünki səhv etmirəmsə, elə məhz həmin o azacıq söhbət məni ona bilmirəm necə, ancaq onu mənə əsl müəllim kimi daha artıq tanıtdı. Bunun üçün bir az əvvələ aid bəzi məlumatı xatırlatmağa ehtiyac duyuram.

60-cı illərin əvvəlləriydi. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun (o zamankı Dil və Ədəbiyyat İnstitutu) aspiranturasına qəbul olunmuşdum. Əksər hallarda aspirantlara yazılması nəzərdə tutulan mövzular müvafiq distansiyada qabaqcadan təsdiqlənmiş hazır siyahıdan təklif edilirdi.

Məndə isə məsələ tamamilə başqa cür idi. Hələ tələbəlik illərimdə, - bir məqaləmdə qeyd etdiyim kimi ("Bir saat - bir ömürlük dərs" - "Ədəbiyyat qəzeti", 29 dekabr 1995), - birinci kursun birinci ayında müəllimim Bəxtiyar Vahabzadənin o zaman Universitetdə apardığı ədəbiyyat dərnəyində elə ilk məşğələdə Füzuli şerinə məndə oyatdığı məhəbbət nəinki soyumadı, əksinə, getdikcə - öyrəndikcə, başa düşdükcə daha da artdı. Lap uşaq vaxtlarımdan sinəsi zərb-məsəl və bayatılarla dolu anamdan eşidib öyrəndiyim xalq şeri ilə bu böyük poeziya arasında qəribə bir doğmalıq duydum. Dahi şairin vəfatının 400 illiyi münasibətilə keçirilən tələbə elmi işləri müsabiqəsində ilk dəfə olaraq Füzuli poeziyasının xalq şeri ilə əlaqəsi mövzusunda yazı ilə iştirak etdim. Tələbə işim müəllimim Pənah Xəlilovun təqdiri ilə mükafata layiq görüldü. Ayrı-ayrı fənlərdən kurs işi yazanda da mən çalışırdım ki, Füzuli mövzusu ilə əlaqələndirim. Məsələn, yaxşı yadımdadır ki, Rayifə müəllimə XIX əsr ədəbiyyatımızdan bizə mövzu təklif edəndə, mən xahiş etdim ki, icazə versin, Füzuli poeziyasının Qasım bəy Zakirə təsirindən yazım. O çox məmnuniyyətlə razı oldu. Nəhayət, diplom mövzusu götürmək vaxtı çatdı. "Füzuli və folklor"u arzuma uyğun olaraq təsdiq etdilər. Professorlar Cəfər Xəndanın (kafedra müdiri idi), Feyzulla Qasımzadənin, M.H.Təhmasibin, Abbas Zamanovun, o zaman yaşca gənc, lakin səviyyə etibarilə gəncliyini hiss edə bilmədiyimiz Bəxtiyar Vahabzadə, Pənah Xəlilov və Əli Fəhminin iştirakı ilə keçirilən diplom müdafiəsində işim əla qiymətləndirilməklə bərabər, aspiranturada saxlanmağım qərara alındı. Onu da deyim ki, diplom rəhbərim M.H.Təhmasib, opponentim isə Əli fəhmi idi.

İndi güman edirəm, bir növ ricət təsiri bağışlayan məlumatı bilən oxucu, heç şübhəsiz, bu sətirlərin müəllifinin öz mötəbər müəlliminin çox ciddi mövzuda sualına dərhal və həm də inamla cavab verməsinin səbəbini asanlıqla başa düşəcək. Ədəbiyyat İnstitutu o zaman Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə eyni binada - üçüncü mərtəbədə yerləşirdi. Vaxtilə diplom rəhbərim olmuş Təhmasib müəllim özünün indi də "Füzuli və folklor" mövzulu dissertasiya işimdə elmi rəhbərim, Mirzağa müəllimin isə (professor M.A.Quluzadənin) opponentim olacağını bildirdi. Elə şöbədən - Təhmasib müəllimin yanından çıxmışdım ki, koridorda Məmməd Cəfər müəllimlə görüşüb salamlaşdıq. O, aşkar maraq içində məndən hansı mövzunu götürdüyümü soruşdu. - "Füzuli və folklor" - dedim. Özünə xas bir yumşaqlıqla, astadan və bir valideyn qayğıkeşliyi ilə dilləndi:

- Namizədlik üçün bu mövzu bəlkə çox ağır olar?!. Əvvəlcə bir müasir yazıçının yaradıcılığından - asan mövzu götürüb, tezliklə müdafiə et, maaşın artsın; bu mövzunu doktorluq üçün rahat işlərsən...

Mən bir tələbə ərkyanalığı ilə gülümsəyə-gülümsəyə:

- Xeyir, Məmməd Cəfər müəllim, - dedim, - mən zəhmətimin haqqını sonra başqasından yox, mövzunu yazdıqca elə füzulinin özündən alacağam. Onun mənə verəcəklərini heç kəs verə bilməz!.. Yükün yüngülünə öyrəşən ağırına tab gətirməz. Xəlqi ruhu ilə seçilən şerlər müəllifi Mixail İsakovskinin bir fikri məni çox düşündürüb: Hansı bayram günündəsə şeir yazmağı xahiş edirlər. İlk dəfə çətinliklə razılaşırsan. Bir neçə belə razılaşmadan sonra daha xahiş gözləmədən özün qeyri-ixtiyari olaraq təqvimi vərəqləyirsən ki, növbəti bayram gününə şeir yazasan...

Məmməd Cəfər müəllimin mənim bu sözlərimi necə bir fərəhlə dinlədiyini təsvir etməkdə çətinlik çəkirəm. Astadan: - Hə?.. Təbrik edirəm! - dedi.

Onun bir az da heyrətlə gülümsəyən gözləri, elə bil daha da nurlanmış siması yaddaşıma həkk olub qaldı...

İllər keçdi. Dissertasiya üzərində işimi başa çatdırıb müdafiə etdim. Həmin mövzuda kitablarım çap olundu. Birincisi belə adlanır: "Füzuli öyrədir". Burada onu qeyd edim ki, füzuli poeziyası Məmməd Cəfər müəllimi Puşkin poeziyası Belinskini əsir edən kimi əsir etmişdi. Bu əsirlik ilk olaraq, 40-cı illərin əvvəlində yazılmış məşhur "Füzuli sevir" (1941) məqaləsində öz ifadəsini tapdı. 50-ci illərin axırlarında isə müəllimim mənim stolüstü kitabım olan "füzuli düşünür" monoqrafiyasını (1958) və "Füzuli yaşayır"ı (1960) oxuculara təqdim etdi. Türk dünyasının qeyri-adi şəxsiyyəti olan dahi füzuli poeziyasının zəngin xalq yaradıcılığı ilə əlaqəsi mövzusunu araşdırarkən ölkəmizin və xaricin ən görkəmli tədqiqatçıları sırasında heç şübhəsiz, Məmməd Cəfər müəllimin əsərlərindən də imkanım qədər bəhrələnmişəm. Sonralar, Məmməd Cəfər müəllimin iki cildlik "Seçilmiş əsərləri" barədə yazdığım "Sənət, sənətkar və xalq" adlı məqalədə bu ustad köməyini minnətdarlıqla vurğulamağı özümə borc bilmişəm.

Həmin yazıdan kiçik bir parçanı misal gətirmək istərdim: "Füzuli sevir"də şairin eşqinin, kədərinin yüksək ictimai məzmunu publisist bir dillə, səmimi, hərarətli çağırışlarla təsdiq olunur; "qəm yükünün barkeşi" (F.B.Köçərli) Füzulidəki bəşəri kədərin qaynağının xalq həyatı, xalq sənət dünyası olduğu barədə haqlı hökmlər verilir: "Füzuli kədərini ancaq öz xalqını düşünən, elin dərdinə qalan həqiqi, kamil insanlar... anlamağa qabildirlər... Füzuli öz xalqını, onun keçmişini, gələcəyini, ...zəngin mədəniyyətini, ədəbiyyat, elm və sənətini, ...adət və ənənəsini, ...gözəl və şirin dilini dərin bir ehtirasla sevirdi. Füzulini sevin!"

Füzulinin gənc nəsil tərəfindən daha dərindən sevilməsində bu məqalənin, bu çağırışın da təsiri az olmamışdır".

Təbii ki, o böyük sevgi "Füzuli düşünür"ü, "Füzuli yaşayır"ı yaratdı və yaşatdı; Məmməd Cəfər müəllimin neçə-neçə tələbəsindən biri kimi mənə də "Füzuli öyrədir"i yazmağa qüvvət verdi. Onu da deyim ki, mərhum dostumuz Yaşar Qarayev vaxtilə çıxışlarının birində bu ardıcıllığı və uyğunluğu ilk dəfə, həm də mənim niyyətimi tamamilə doğru ifadə edərək xatırlatdı. Nəhayət, Füzulinin 500 illiyi İraqda böyük ehtişamla qeyd olunarkən (1994) nümayəndə heyətimizin unudulmaz Kərkük səfərində bir türkman ziyalı qardaşımızdan eşitdiyim minnətdarlıq sözlərini yada salmağım, güman edirəm, qeyri-təvazökarlıq sayılmaz. Çünki həmin minnətdarlıq hansı şəkildə ifadə edilməsinə baxmayaraq, şübhəsiz, əslində tamamilə Füzuliyə, sonra da müəyyən mənada həm də Məmməd Cəfər müəllimə aid olduğundan deməməyə özümü haqlı hesab etmirəm: Kərkük mehmanxanasında ikinci qata qalxan pilləkənin yanında Qəzənfər müləlim bizi bir-birimizə təqdim edərkən, türkman qardaşımız (adı, səhv etmirəmsə, İbrahim bəy idi) "Füzuli öyrədir"i yazan əlinizi öpürəm" - deyib əlimi dodaqlarına yaxınlaşdıranda, belə gözləmədiyim təşəkkürü elə dilinin ucunda saxlamaq istəyirmiş kimi, mən onu dərhal qucaqladım və: "Hər ikimiz o kitabı yazdıran Füzulinin əlindən öpək" - dedim. Əsəri necə əldə etdiyini soruşanda, bildirdi ki, bizim Akademiyanıın kitabxanasından kitab mübadiləsi yolu ilə Məhbubə xanım göndəribmiş...

Mənə elə gəlir, ürəkdən qopan bu böyük məhəbbət, bu böyük minnətdarlıq həm dahi Füzuliyə, həm də "Füzulini sevin" deyən - Füzulini dərindən dərk edərək sevən və biz tələbələrinə də sevdirən Məmməd Cəfər müəllimə əyan olar. Eyni zamanda bir vaxt - neçə illər əvvəl Nizami Muzeyinin üçüncü mərtəbəsində Füzuli mövzusunun ağırlığı ilə əlaqədar məndən nigaran qalmış unudulmaz müəllimimin sualına "bizə iraq olmayan İraq"dan verilən ən fərəhli cavab sayıla bilər.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.3.