Bir epizod, bir neçə söz
1936-cı ildə Y.V.Çəmənzəminlinin
tərcüməsində "Çapayev" filminin rus dilindən
Azərbaycan dilinə çevrilməsilə dublyajın əsası
qoyuldu və milli dildə bədii əsərlərin ssenariləşdirilməsi
üçün zəmin yarandı. "Mosfilm"
və "Azərfilm"in birgə istehsalı olan,
kinorejissorlar - Lev Kuleşovun tələbəsi, səsli film
sahəsində təcrübəsi olan
Boris Barnetlə (1902-1965) ÜDKİ-nin beşinci kurs tələbəsi,
Sergey Eyzenşteynin yetirməsi, ilk azərbaycanlı peşəkar
kinorejissor Səməd Mərdanovun birgə çəkdikləri
"Ən mavi dənizin kənarında" (ssenari müəllifi
K.B.Mints 1936) filmi kino tariximizin ilk səsli ekran əsəri
sayıldı. filmdə hadisələrin cərəyan
etdiyi Azərbaycan mühitinə, personajlarına
etinasızlıq bir çox ziyalılarımızı məyus
etsə də, dövrün keşməkeşlərinə
göz yummaqla arzu edilən şən, qayğısız,
xoşbəxt insan həyatının gözəlliyinin tərənnümü
kimi bədii yalan müəlliflərin əsas məqsədinə
çevrilir.
1 iyun 1936-cı il tarixli "Ədəbiyyat qəzeti"ndəki "Pis ssenaristin qalıb gəldiyi yerdə" məqaləsində baxdığı filmin ilk epizodunun məzmununu "Qara çadralı bir türk qadın, özündən başqa insan olmayan bir yerdə çadrasına bərk-bərk bürünüb oturmuş, ağzında uzun tənbəki çubuğu tüstüləyir, ruzigar qadının yamaqlı tumanını oynadır, qadının cılız baldırları görünür" cümləsini misal gətirməklə filmdə Azərbaycanın məsxərəyə qoyulmasına qarşı çıxan ədəbiyyatşünas-filosof Məmmədkazım Ələkbərli Yusifi öz dilini gülünc şəklə salmaqda, siyasi diqtəyə tabe olan müəllifləri isə milli siyasəti anlamamaqda, azlıqda qalan xalqları mədəniyyətsiz, cahil görməyə çalışmaqda təqsirləndirməsi, repressiyalara qədərki dövrdə hələ ki, ziyalıların ictimai fikrə müəyyən təsir imkanında olduğu gümanını yaradır. Qeyd etmək lazımdır ki, film ekranlara çıxdıqdan az sonra məhz bu məqalənin təsiri və Səməd Mərdanovun təkidi ilə haqqında söhbət gedən ilk epizod filmdən çıxarıldı.
Beləliklə, dənizdə tufana düşmüş, dənizçilərin güclü dalğalarla mübarizəsini əks etdirən kadrlarda qarşıdurmanın iki gün davam etməsi titrlərdə göstərildikdən sonra xilas edilən iki gəncin adaya çıxarılması ilkin hadisəni səciyyələndirir. Adadakı balıqçı torları, yelkənli gəmilər və balıq ovu mərasimi mühitin mənzərəsini yaratsa da, əsas diqqətin yalnız üç aparıcı personaja yönəlməsi nəzərdən qaçmır. Özü ilə birlikdə xilas etdiyi tara xüsusi qayğı göstərməsə də, əlindən yerə qoymayıb rusca çətinliklə danışan Yusiflə (Lev Sverdlin) Alyoşanın (Nikolay Kryuçkov) göndəriş vərəqələrinin yazıları suda pozulsa da, onların üç ay müddətinə adadakı balıqçılıq kolxozuna ezam edilmələri məlum olur. Hər iki dostun balıqçıların briqadiri Maşaya (Yelena Kuzmina) vurulması rus xalq mahnıları fonunda komik məqamlarla verilir. Mexanik Alyoşanın sevgilisinə hədiyyə almaq naminə özünü xəstəliyə vurması ilə balıqçıların planı yerinə yetirməsində vacib olan motorlu qayıqdan imtina edilməsi istehsal prosesində durğunluq yaradır.
Filmdəki üç əsas personajdan yeganə azərbaycanlı Yusifin "köpək oğlu" sözünü işlətməsi lüzumsuz mətn hesabına milli mənsubiyyəti göstərir. Sapı qırılıb dənizə düşmüş muncuğun əvəzinə, özünü xəstəliyə vurub işdən yayınaraq şəhərdən yenisini alıb gətirməklə Maşanın rəğbətini qazanmaq istəyən Alyoşadan fərqli olaraq "dərdimi dağa desəm, dağ əriyər" məsəlini, boğazını çəkib "mən ölüm" söyləyən Yusif milli mənsubiyyətini bu şəkildə bildirməkdə davam edir. Əsas dramaturji hadisədə kolxozda yeganə mexanik olan Alyoşanın işdən yayınmasının ictimai bəla kimi yığıncaqda müzakirəsi dövrün ruhuna uyğun idi. "filmdə Azərbaycan xalqının üçüncü nümayəndəsi yığıncaq zamanı ağzına su alıb oturmuş, adamdan çox kukla təsiri bağışlayan, meşşan tamaşaçıların zövqünə uyğun motal papaqlı və kim olması aydınlaşmayan bir adamdır" yazmaqla qənaətində haqlı olan Məmmədkazım Ələkbərli isə bir müddət sonra məhz belə bir iclasın fitvası ilə xalq düşməni sayılmaqla məhv edildi.
İclasda dostu Yusifin çıxışından sonra özünə bəraət qazanmaq istəyən Alyoşanın gözü qabağına Maşanın sapını qırdığı muncuğunun döşəməyə səpələnməsi vizuallığı artırmaqla yanaşı, cəmiyyətə yad ünsür saydığı mənfi personaja nifrətin təzahürünə çevrilir. İclasdan sonra gəmidə Yusiflə Maşanın yaxınlaşması fonunda güzəştə gedən Alyoşanın kənara çəkilib tum çırtlaması (hələ repressiya dövrü deyil) rəğbətin yalnız siyasi motiv üzərində qurulduğunu təsdiqləyir. Maşayla gələcək toyunu təsvir edən Yusifin əlini qulağının dibinə qoyaraq "Uca dağlar başında" adlı xalq mahnısının "Uca dağlar başında bir sürü qoyun, uzaqdan baxmaqla mən necə doyum" sətirlərini oxuması personajın milli mənsubiyyətini səciyyələndirir. Qasırğalı dənizdə dostların Maşa üçün savaşdığı məqamda gəmiyə suyun dolması məkan ziddiyyətini də qabardır. Dənizə düşən Maşanın həyatı uğrunda mübarizə bir nəticə vermədikdə yaranan matəm məqamında, artıq ezamiyyət müddəti bitən Alyoşa ilə Yusifin şəhərə qayıtmaqlarının gözlənilməsi ziddiyyəti artırır.
Adadakı gözlənilən məhsul bayramı üçün bəzədilmiş klubda keçirilən matəm mərasimində çıxış edən balıqçının kədəri fonunda, suda qərq olmuş Maşanın belindəki xilasetmə kəmərinin köməyi ilə üzüb sahilə çıxması gözlənilməzlik yaratmaqla fabulanı zənginləşdirir. Matəmdən sevincə keçidin suya baş vurub xırda balıqlar götürən qağayılarla, rəqs edənlərin paralel montajı canlanmanı attraksionların montajında yaradır. Xilaskar zənn edilərək əllər üstə atılıb-tutulan, başdan ayağa təzə geyimli Yusifin Maşanın Alyoşayla getdiyinə həyəcanlansa da, adamlardan xilas ola bilməməsi komizmi artırır. Rədd edilən Alyoşadan sonra Yusifə okeanda gəmidə xidmət edən nişanlısının fotoşəklini göstərərək başqasını sevdiyini, sədaqətini qoruyacağını söyləyən Maşa komizmi davam etdirir. Artıq qayıqla açıq dənizə çıxan Alyoşanın ardınca tarını da götürüb qaçan Yusifin yelkəni qaldırması, dənizçi nəğməsini oxuması və dalğalı dənizdə çıxan günəşin fonunda qağayıların uçuşu ilə film tamamlanır.
Kinoşünas Nelli Hacınskayanın "Ən mavi dənizin kənarında" haqqındakı "Qəhrəmanlardan birisi azərbaycanlı olsa da, beləliklə milli aidiyyət ancaq bununla bitdiyindən, film Azərbaycan kino sənətinə aid olunmadı" fikri əslində sovet kinosu kontekstindən kənarda qalır. Çünki xüsusən otuzuncu illərdə bütün hallarda milliliyə qarşı çıxan sovet kinosunda məqsəd milliliyin göstərilməsi ola bilməzdi. Kinoda milli təfəkkürün önə çəkilməsi əsas götürüldüyündən əsərdəki üç personajdan biri olan Yusif aktyorun - Meyerxoldun tələbəsi Lev Sverdlinin timsalında milli mənsubiyyətindən asılı olmayaraq, azərbaycanlılığı qorudu. İlk peşəkar təhsilli kinorejissorumuz Səməd Mərdanovun filmdə həmrejissorluğu milli ruhlu mətnin, mahnıların ifasına təsirsiz qalmadı.
Səməd Mərdanovla Moskvada Tretyakov qalereyasında tanış olub münasibətləri sonradan dostluğa çevrilən kinorejissor Mikayıl Mikayılovun yazdığı "Bu gənc rejissor hər sözünü, hər söhbətini sənətlə əlaqələndirirdi. Yüksək zövqə malik idi. Klassik və müasir Azərbaycan ədəbiyyatını müntəzəm surətdə oxuyar, bu və ya digər sənətkar haqqında mühakimələr yürüdərdi. Müşfiqlə dost idi. Bir neçə dəfə onların Nəsimi və Xəyyam haqqında söhbətinə qulaq asmışam" mülahizələri milliliyin təzahür səbəblərini təsdiqləyən məqamdır.
"Ən mavi dənizin kənarında" filmində Maşa rolunun ifaçısı Yelena Kuzminanın "Barnet xəstələndiyindən əsas səhnəni Səmədlə məşq edərkən işdən xüsusi zövq aldım" qənaəti də bunu sübut edir. filmin həmrejissoru Səməd Mərdanovu bəzən Mərdani soyadı ilə təqdim edən tədqiqatçı M.A.Kuşnirovun yazdıqları isə daha təfərrüatlıdır. Onun "Xüsusən Mərdanov yaradıcı mühitdə müsbət, xoş, ilhamverici əhval-ruhiyyə yaradırdı. Deyilənə görə Mərdanov qeyri-adi, işini bilən, həssas insan imiş. Nə qədər gülməli olsa da, qafqazlı olmasına baxmayaraq, qızğınlığı qasırğaya çevrilən Barneti özünün təmkini, səbri ilə o tarazlaşdırırmış" cümlələri Səməd Mərdanov haqqında daha dolğun təsəvvür yarada bilir.
Filmin yaranmasının əlli illiyi ərəfəsindəki tədbirdə, çəkiliş meydanında, Lənkəran ərazisindəki Sarı adasında olmuş kinoşünas Aydın Kazımzadənin "Nikolay Afanasyeviç (Alyoşa rolunun ifaçısı N.Kryuçkov) bu mahnını filmin yubiley gecəsində elə oxudu ki, hamımız heyran qaldıq. Axı ömrü boyu Rusiyada yaşayıb-yaratmış görkəmli rus aktyoru azərbaycanca mahnı oxuyurdu. Özü də 50 il bundan əvvəl öyrəndiyi xalq mahnısını" xatirəsi də maraqlı bir məqama toxunmuş olur. Özünün deyil, tərəf-müqabilinin yad dildəki mətnini xatırlamaqla aktyor sənət dostuna rəğbət oyadır. Səməd Mərdanovdan əlavə ikinci operator Mirzə Mustafayevin, rejissor assisenti Məmməd Əlilidən əlavə dramaturji funksiya daşımadıqlarından ekranda görünməsələr də, çəkiliş qrupu ətrafındakı mühitin təsirindən xəbər verir.
Aradan uzun bir tarixi dövr keçdikdən, "Pis ssenaristin qalıb gəldiyi yerdə" məqaləsində göstərilən iradın aradan qaldırılmasından sonra ötən əsrin kino klassikası sırasına daxil edilən "Ən mavi dənizin kənarında" filminin uğurunda ədəbiyyatşünas-filosof Məmmədkazım Ələkbərlinin və 75 illik yubileyi qeyd edilən "Ədəbiyyat qəzeti"nin hər mürəkkəb vəziyyətdə belə qorumağa çalışdığı sağlam mövqeyini görməmək mümkün deyil.
Aydın DADAŞOV
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.1.3.