Şəhidlər

 

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üç rəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

 

Zalım öyünməsin zülümləriylə,

Minbir böhtanıyla, minbir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.

 

O şənbə gecəsi, o qətl günü, —

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü

O gecə dağıdıb sökdü şəhidlər.

 

Tarixi yaşadıb diləyimizdə

Bir yumruğa döndük o gecə biz ;

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

 

...İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə;

Torpağın bağrına cəsədləriylə

Azadlıq tumunu əkdi şəhidlər.

 

 

Bəxtiyar Vahabzadə

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.1.