Milli poeziyanın inkişaf yolu
Azərbaycan ədəbiyyatı
tarixən qədimdir.
Bu zəngin mənəvi irs indiyədək ardıcıl
öyrənilməmişdir. Lakin bir sıra diqqətəlayiq
tədqiqat əsərlərindən
göründüyü kimi,
bədii ədəbiyyat
öz inkişafı yolunda müəyyən təsirlərə məruz
qalsa da, xalq həyatını bu və ya
digər dərəcədə
əks etdirə bilmişdir.
Ədəbi abidələr, klassik əsərlər, divan, cüng, təzkirə və şeir məcmuələri xalqın mənəvi aləmini, arzu-istəklərini, dünyagörüşünü və ideallarını hifz edərək nəsildən-nəslə çatdırmışdır. Zaman ötdükcə, xalq həyatı bədii ədəbiyyatda daha aydın, dolğun və ətraflı təsvir olunmuşdur.
XIX əsr Azərbaycan ədəbiyyatı bu cəhətdən yeni mərhələdir. Akademik Feyzulla Qasımzadə haqlı olaraq XIX əsri Azərbaycan ədəbiyyatı tarixində dönüş dövrü adlandırmışdır. Onun fikrincə, milli ədəbiyyatda demokratizm, xəlqilik və realizmin coşqun inkişafı bu dövrlə bağlıdır.
Yeni tarixi şəraitdə yaranan realist-demokratik ədəbiyyat həqiqi varisi olduğu qədim klassik ədəbi irsin qabaqcıl ənənələrinə istinad etsə də, orijinal milli ictimai məzmun kəsb etmişdir.
Avropada kapitalist münasibətlərin güclənməsi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda hakim feodal cəmiyyətinin əsaslarını sarsıdır, ictimai fikrin inkişafına səbəb olurdu. XIX əsrin birinci yarısında Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və Mirzə Şəfi Vazehin yaradıcılığından göründüyü kimi, ilkin maarifçiliyin yaranması yeni cəmiyyətin cücərtiləri ilə sıx əlaqədar idi. Mühafizəkar feodal məfkurəsi getdikcə öz təsir gücünü itirirdi. Bu dövrdə yeni realist ədəbiyyatda feodal cəmiyyətinin ictimai bəlaları ciddi tənqid hədəfinə çevrilirdi. Əliqələmli maarifpərvər gənclər öz əsərlərində cəhalətə, nadanlığa, dini fanatizmə və zülmə qarşı çıxırdılar. Ədəbi-ictimai prosesin yönümü gələcək realist-demokratik ədəbiyyatın yaranmasına təsir göstərirdi. Beləliklə, Azərbaycan ədəbiyyatı təqlidi, dini təriqət ideyaları ilə aşılanmış seyrçi empirik xarakterli realizm haləsindən uzaqlaşır, "kamil realizm sübhünə" daxil olurdu.
Bu ədəbi proses ədəbi məclislərdə yazıb-yaradan şairlərin poetik yaradıcılığına da təsirsiz qalmırdı.
Bildiyimiz kimi, ədəbi məclislər keçmişdə şah saraylarına mənsub olmuşdur. Lakin XIX əsrdə Bakı, Gəncə, Şamaxı, Şuşa, Quba və digər şəhərlərdə müstəqil fəaliyyət göstərən ədəbi məclislər xalqın ayrı-ayrı təbəqələrini əhatə etmişdir: "Divani hikmət", "Gülüstan", "Əncümənüş-şüəra", "Fövcül-füsəha", "Beytüş-Səfa", "Məclisi-üns", "Məclisi-fəramuşan", "Məcməüş-Şüəra" və sairə ədəbi məclislərdə əksəriyyəti zəhmətkeş kütlələrə mənsub olan şairlər toplanmışdı. Onların şeirlərində ictimai motivlər müəyyən yer tuturdu. Ancaq əsrin axırlarında yenilik meyli ciddi müqavimətlə üzləşirdi. Çünki "Azərbaycan poeziyası çox mürəkkəb bir dövr keçirirdi" (akad. F.Qasımzadə).
Mili mədəniyyətdə və mətbuatda nəzərə çarpan yüksəliş poeziya aləmində duyulmurdu. Köhnə sxolastik şerin forması və ənənəsi hələ güclü idi. Müasir mövzuya meyl edən, qabaqcıl fikirləri qələmə alan şairlər dini mərsiyə və təriqət şeirlərinin, qəzəl nəzəriyyəçiliyinin çərçivəsindən kənara çıxa bilmirdilər. Mürtəce dini fanatizmin hökmran olduğu yerlərdə mərsiyəçilik, növhə və sinəzənlər, təriqət poeziyası geniş yayılırdı.
Lakin ədəbi məclislərdə ustad şairlər də iştirak edir, məhdud, mühafizəkar poetik çərçivəni qırmağa, ictimai fikrə müəyyən dərəcədə təsir göstərəmyə çalışırdılar.
Feodalizm cəmiyyətinin dağılması prosesi dərinləşdikcə, ictimai fikir formalaşır, yeni məna kəsb edir, demokratizm və maarifçilik güclənirdi.
Mirzə Fətəli Axundovun öz ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını yeni dönüş zirvəsinə çatdırması, maarifçi realizmin əsasını qoyması bu cəhətdən təsadüfi deyildi. XIX əsrin 50-60-cı illərində realist-demokratik ədəbi cərəyanın inkişafı tarixində M.F.Axundovun xüsusi mövqeyi olmuşdur. Onun xəlqiliyə əsaslanan mütərəqqi relist yaradıcılığı dövrün mürtəce ideologiyasını təbliğ edən dini fanatizmi və cəhaləti yayan mərsiyə şairlərinə qarşı çevrilmişdi. M.F.Axundov təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində realist demokratik Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov və b. xələfləri onun açdığı cığırla irəliləyir, maarifçi realizmi yayırdılar. Bu dramaturqlar nəslinin yaratdıqları milli teatrın, eləcə də "Əkinçi", "Kəşkül" kimi qəzetlərin fəaliyyəti Azərbaycan poeziyasının realist yolla inkişafında ciddi rol oynayırdı. Bu dövrdə poeziyada qəzəl, mərsiyə və təriqət şeirlərinin geniş yayılmasına baxmayaraq Seyid Əzim Şirvaninin maarifçi realist və satirik şeirləri, Molla Pənah Vaqifin lirik şeirləri, eləcə də o taylı-bu taylı şairlərin müasir mövzularda qələmə aldıqları didaktik əsərlər anti-realist cərəyanı sıxışdırır, zaman keçdikcə poeziyanı xalq həyatına yaxınlaşdırırdı.
Ali məktəbin ədəbiyyat mütəxəssisləri və tələbələri üçün əlavə dərs vəsaiti kimi hazırlanmış "XIX əsr Azərbaycan şeri antologiyası" milli poeziyanın keçdiyi inkiaşf yolu, onun xarakteri, mahiyyəti və ictimai fikrə təsiri barədə müəyyən təsəvvür yaratmaq məqsədi ilə tərtib edilmişdir.
Burada ilk dəfə o taylı-bu taylı bütöv Azərbaycan ərazisində yaşayıb yaradan, öz dövrünün tanınmış şairlərinin əsərlərindən nümunələr verilmişdir.
Teymur Əhmədov
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.2.