Şair bəxtəvərliyi
Güneyin müasir poeziya
yolçularından olan Namvər Hüseynin "Sözü
bal dadır" kitabı imkan verir deyək ki, şair bir
poetik təfəkkür sahibi, özünəməxsus
yaradıcılıq nüanslarına malik olduğu kimi
gerçək aləmi, xüsusi cəmiyyət üzvləri
arasındakı münasibətləri qələmə almaqda
fərdi baxış sahibidir. O, həyatda şahidi
olduğu gerçəkliklərin poetik təqdimində də
seçilən zövq və səliqəyə malikdir. Oxucuya
elə gəlir ki, həyat və hadisələr şair ilə
təmasda olmaq üçün yeni və əlvan libasda təzahür
edirlər.
Tənqidçi və şair Məhərrəm Vəlipur topluya yazdığı müqəddimədə qələm dostunun yaradıcılığı barədə çox nikbin olduğunu açıq ürəklə etiraf edir. Müqəddimə müəllifi şairin uğurlarının başlıca qaynaqları sırasında Azərbaycan dilinin zəngin poetik nümunələr yaratmaqda ölçüyə gəlməz imkanlara malik olmasını inamla nəzərə çatdırır. O, yazır: "…Türk dili doğrudan da şeir dilidir. Şeir dili də hər dildən üstündür. Ancaq bu şirin sözlü şair yalnız güldən, çiçəkdən, bülbüldən söz demək istəməmiş, bir dilçi kimi üzərinə düşən vəzifəni uğurla yerinə yetirmişdir".
Dövrünün ictimai, siyasi, ədəbi mühitinin yetişdirməsi olan Namvərin cəmiyyətə, əhatəsində yaşadığı mühitə, təmasda olduğu insanlara, münasibətində müasir əhval-ruhiyyənin hakim olduğu diqqətdən yayınmır. Bu halın başlıca qayəsi bəşər üçün ağ günlər, dinc həyat, firavan yaşayış şəraiti yaratmaqda iştirak etməkdən ibarət olanı poeziya yaradıcıları üçün ən yüksək qayə, müqəddəs amal olduğu azacıq belə şübhə doğurmur. Bu arzu və dilək Hüseyn Namvərin misralarına da qol-qanad verən başlıca istəkdir. Bunun üçün müəllifin aşağıdakı misralarının ötdükləri nəğmələr tutarlı şahidlər olmağa çox layiqdirlər:
Bir dünya yaransın yenidən
yeni,
Olmasın çovğunu,
küləyi çəni.
O yaşıl qoynuna qonaq gələni,
Gözləsin, qorusun bəbəyim
kimi.
Bizim günlərdə
qaçqınlıq, köçkünlük, doğma yerlərdən
dərbədər düşmək əsrin salnaməsinin ən
yanıqlı, ən ağrılı səhifələrinə
çevrilmişdir. Bu əzablar xalqımızın həyatından
da yan keçməmişdir. Nankor erməni ekstrimistlərinin əli
ilə xarabaya çevrilən yurd-yuvaların
sızıltısı, söndürülən ocaqların
boğucu tüstüsü, ciyərparələri gözlərinin
qabağında qanına qəltan edilən anaların fəryadları
bu gün də əsrin ən əzablı səhnələrini
təşkil edir. Hüseyn Namvər həmin mövzuya həsr
etdiyi "Qaçqın" adlı şerində didərginlik
həyatının səhifələri dərin və odlu
etiraz, yeri-göyü qarsalayan nifrət, Tanrıdan ədalətin
qalib gəlməsinə yar olması təmənnası ilə
dil açır.
Namvər günəşin zərrin
tellərinin simasında yer üzünü isidən,
çiçəklərə can verən, dağların
qoynunda bulaqlara daşmaq eşqi aşılayan bir qüdrəti
tərənnüm edir. Hələ bu da hamısı deyil.
Günəşin hər doğuşu, hər gəlişinin
yer üzünə, onun insan ünvanlı ən qüdrətli
sakinlərinə toy-bayram elçisi olduğunu təsdiqləməyi
misralarına həvalə edir:
Aç dağıt, günəşim,
qızıl telləri,
Qoy artsın dünyanın
varı telindən.
Boylanıb hər yerə
işıq paylasın
Yaşam da canlansın,
barı telindən.
Yaradıcılığı
barədə söhbət açdığım Namvərin
"Sözü bal dadır" adlı şeirlər
toplusunda "Nəyə gərəkdir" ünvanlı bir
şerinə də yer verilmişdir. Qısaca olaraq
orasını qeyd etmək istərdim ki, müəllif bu əsərində
insanlıqla əlaqədar az qala müqəddəslik məqamına
layiq olan məsələlərə toxunur. Ötəri də
olsa xatırladım ki, şair yurdunu nə üçün
sevir sualına, həmçinin bir neçə
taleyüklü sorğulara cavab verməyi oxucunun öz öhdəsinə
qoyur:
Doğulduq yurdumda varam deməkdən,
Barındıq bol
Sevməsə yurdunu kimsə
ürəkdən
Nə üçün
yaşayır, nəyə gərəkdir?
Hey deyib danışsa özgə
adından,
Öz yurdu, öz adı
çıxsa yadından,
Yurd üçün yanmasa
ürək odundan,
Nə üçün
yaşayır, nəyə gərəkdir?
Açdıra bilməsə
öz diləklərin,
Köksündə közərən
göz diləklərin,
Analar laylası söz diləklərin,
Nə üçün
yaşayır, nəyə gərəkdir?
Vətən məhəbbəti
elə bir sərvətdir ki, ondan zirvəsi buludlarla
döyüşən saraylar, əbədi ömürlü
söz abidələri yaratmaq, qələm sahibinin
sorağını nəsillərə çatdıran qüdrətli
qanadlı qartallarla yan-yana qoymaq olar. Bu hissi bir də həyatın
öz sənətkar övladına bəxş etdiyi xəzan
tanımayan xəzinə adlandırmaq olar. Maraqlı burasıdır
ki, dünyanın ən zəngin dəfinələri belə
zaman keçdikcə öz sərvətləri ilə bu və
ya digər həddə vidalaşmalı olurlar. Lakin bu elə
bir qaynaqdır ki, işləndikcə öz
cah-calalını, sərvətini bir qədər də
artırır. Zənginləşdirir.
Əgər desəm ki, bu
möcüzəvari həqiqəti dərk etməkdə, onu
başqaları üçün əl çatan məsafəyə
çatdırmaqda söz ustaları qibtə ediləcək
qabliyyətə malik olmuşlar məncə, heç də
ayaqları yerdən üzülən mübaliğə
olmazdı. Onlar bu əzəli və əbədi sərvət
barədə söz açdıqca sanki bu xəzinədə
olan incilərin toz-torpağını silib təmizləyir,
onların saf-sadə təzahür etmələrinə meydan
açırlar. Qələm məhsulları barədə
söhbət açdığım Namvər bir qələm
sahibi kimi bu nemətdən geninə-boluna bəhrələnir.
Necə və nə səviyyədə? İstərdim bu
sorğunu cavablandırmağı müəllifin misraları
öz üzərlərinə götürsün:
Yurdum, sənin yaz gətirən
-
İllərinə qurban olum.
Hər boyada gül bitirən
Çöllərinə
qurban olum.
Ağ buludla arın-arın,
Şeh çiləyən
narın-narın,
Can dindirən yarın,
yarın -
Yellərinə qurban olum.
Şaqqıldayıb hay
qoparan,
Dənizlərə pay aparan,
Saramızı pak qurtaran -
Sellərinə qurban olum.
Bu, təbii bir haldır.
İlhamını və sözünün qüdrətini real
həyatdan alan şairin yaşadığı cəmiyyətin
problemlərinə laqeyd qalması mümkün deyildir.
Doğru inamdır, xalq öz şair oğlunu ona görə
fəaliyyət meydanına qovuşdurur ki, hadisələrə
nüfuz etmək qabliyyətinə malik olan övladı da
onun dərdləri barədə söz-söhbəti insanlara
çatdırsın.
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.5.