Nəriman Həsənzadə - 80

 

Aydan arı, sudan duru

        

 Martın 29-da M.F.Axundov adına Milli Kitabxanada xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirildi. Mərasimi kitabxananın direktoru Kərim Tahirov açaraq vurğuladı ki, o, sağlığında heykəlləşən, sevilən və klassiklər cərgəsində özünəməxsus yer tutan görkəmli şairdir: "Bu mərasim Mədəniyyət və Turizm Nazirliyinin silsilə tədbirlər sırasından keçirilir. Görkəmli şairin 80 illiyi münasibətilə keçirilən tədbirdə onun yeddi cildliyinin artıq işıq üzü görən dörd cildi və Nəriman müəllimin sənət yolunu, biblioqrafiyasını, əsərlərini, yadigar fotoşəkilləri əks etdirən elektron məlumat bazası da təqdim edilir…"

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək dedi ki, N.Həsənzadə ədəbiyyat sahəsində səmərəli fəaliyyət göstərib, müasir poeziyamızda özünəməxsus yeri var: "Nəriman müəllimin əsərlərində insan faktoru ön plandadı. O, müxtəlif illərdə çalışdığı məsul vəzifələrdə də özünü layiqincə doğruldub, əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Mədəniyyət və Turizm Nazirliyi Nəriman müəllimin yubiley tədbirlərini müxtəlif bölgələrdə layiqli şəkildə keçirməyi nəzərdə tutub…"

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev tədbirdə çıxış edərək dedi: "Nəriman Həsənzadə ilə uzun illərin dostuyuq. Ən müxtəlif münasibətlərlə Azərbaycanın bir çox bölgələrini qarış-qarış gəzmişik, xarici ölkələrdə dəfələrlə olmuşuq. Ən yaxın dostlarımızla birlikdə yığışıb Firəngiz xanımı Bakıdan Salyana, əzizimiz Xəlil Rzaya gəlin aparmışıq. Mən Nərimanın xarakterini, xasiyyətini, şakərini, gözəl insani keyfiyyətlərini dönə-dönə müşahidə etmişəm. Tanıyanlar da yaxşı bilir ki, ana dilimizin qədim nümunələrindən olan "aydan arı, sudan duru" deyimi elə bil Nəriman Həsənzadənin boyuna biçilib. Onun yaradıcılıq fəaliyyəti demək olar ki, gözlərimin qabağında keçib. İlk əsərlərini keçən əsrin 50-ci illərinin ortalarında çalışdığım "Azərbaycan gəncləri" qəzetində çap etmişəm, son pyeslərindən olan "Pompeyin yürüşü"nün Milli teatrımızdakı baxış tamaşasında çıxış edib təqdir eləmişəm, kitabları haqqında məqalələr yazıb çap etdirmişəm… Sənətkarı mən heç vaxt istedadsız təəsvvür etmirəm. Lakin Nəriman Həsənzadənin bir sıra müasirlərindən fərqi məhz ünsiyyət sahəsində də böyük istedad sahibi olmasıdır. Elə bil Allah onu ehtiyacı olanları dinləmək, qayğı göstərmək, sınıq könülləri tikmək, cəfakeşləri ovundurmaq üçün yaratmışdır… Çox əlamətdardır ki, Nəriman Həsənzadə əsərlərində də belədir. O, öz zərif şeirləri vasitəsilə xüsusi ədəb-ərkanla ürəklərin qapısını ehmallıca döyür hamı tərəfindən məmnuniyyətlə qəbul edilir. Hələ 1959-cu ildə bağışladığı ilk kitablarının birində çap olunan bir şeirdə Nəriman müəllim yazırdı:

 

…fikir ver şeirə, hələ sözə də,

Duyan kəs səssiz də gərək eşitsin.

Sıxılma, qulağın eşitməsə də,

Ürəyində oxu, ürək eşitsin!

 

Əlbəttə, ədəbi əsərin ən parlaq göstəricisi onun bədii təsir imkanlarıdır. Nəriman Həsənzadənin yaradıcılığının əsas keyfiyyəti də bu meyara verdiyi uğurlu cavabdadır. Mən Nəriman müəllimin yaradıcılığının əsasən ilk mərhələsi, gənclik illəri haqqında danışdım. Lakin 80 yaşlı şairin o çağlardakı təbiəti, ilhamı, yaradıcılığının bəzi xüsusiyyətləri haqqında dediklərim bu gün də eynilə qalmış və onun barlı-bəhərli ömrünün əsas göstəricisinə çevrilmişdir…"

Akademik Nizami Cəfərov günümüzün, ədəbiyyatımızın ən böyük hadisələrindən birinin də N.Həsənzadənin yubileyinin keçirilməsi olduğunu vurğulayaraq dedi: "Bir şair olaraq onun miqyası çox genişdi. Nəriman müəllimin elə bir şeiri yoxdur ki, bizim bədii təfəkkürümüz onun üstündən sükutla keçmiş olsun. Nəriman müəllimdə gözəl olmayan, idrakdan kənarda qalan şeir yoxdur. Böyük şairləri müasirləri ilə yox, mənsub olduğu xalqın ədəbiyyatı ilə müqayisə etmək lazımdır. Böyük sənətkarlar üçün bütövlükdə ədəbiyyat miqyasdı. Onu bu günə çəkmək olmaz, o, bütövlükdə tarixə bərabərdi. Azərbaycan ədəbi fikrini, mənəviyyatını və tarixini yaradanlardan biri kimi Nəriman müəllim enerjili və ehtiraslı bir sənətkardı; bütün dövrlər üçün eyni enerji, eyni fikir qılıqlığı onun qələminə xas olan xüsusiyyətlərdi. Şairləri ən çox səmimiyyətinə görə sevirlər və bu səmimiyyət Nəriman müəllimin yaradcılığında üst qatdadı".

Xalq şairi Zəlimxan Yaqub çıxışında vurğuladı ki, N.Həsənzadənin 80 illik yubileyi əslində çağdaş poeziyamızın, bədii sözümüzün bayramıdır: "Mən onu 35 il əvvəl necə, hansı mənəvi aurada görmüşəmsə, yenə də elədi. Nəriman müəllimin şair və şəxsiyyət işığı adama layla çalır. Onun şair qələmi həmişə xələflərinə və sələflərinə ehtiramla xidmət edib, o, bir şair olaraq dərin xalq, dövlət və el sevgisi qazanıb - səmimiyyətdən doğan poeziyası ilə…"

Tədbirdə akademik Budaq Budaqov, AYB-nin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, millət vəkili Aydın Mirzəzadə, professor Buludxan Xəlilov çıxış edərək N.Həsənzadənin çoxşaxəli yaradıcılığından söz açdılar, tanınmış şairlərdən İlyas Tapdıq onunla bağlı xatirələrini dilə gətirdi, Ramiq Muxtar şairə həsr etdiyi şeiri oxudu, Səyyarə kitabxana işçilərinin təbrikini şeirlə çatdırdı, xalq artistləri İlham Əsgərov və Laləzar xanımın, bədii qiraət ustası Xalidə Şəriflinin ifasında şeirləri səsləndi.

Sonda yubilyar çıxış edərək sənət yollarından, xeyirxahlıqlarını gördüyü insanlardan söz açdı, Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 aprel.- S.6.