Tənqid + ədəbiyyat
Əziz dostlar və
hörmətli həmkarlar!
Məruzəyə
başlamazdan öncə 11-12-ci qurultaylar arasında Tənqid
və publisistika seksiyasının həyata keçirdiyi layihələr
barədə qısa bilgi vermək istərdim.
Sözügedən
dövrdə seksiyanın xətti ilə "Mətbuatdan ədəbiyyata
azad söz axını" (2005), "Çağdaş tənqid:
problemlər, vəzifələr" (2007), "Rəsul Rza ənənələri
və çağdaş ədəbi proses" (2010)
mövzusunda üç konfrans keçirilmişdir. Birinci
konfrans "Azad söz" Beynəlxalq Mətbuat Fondunun təşkilati dəstəyi,
son iki konfrans isə Yeni Yazarlar və Sənətçilər
Qurumunun birgə layihəsi kimi gerçəkləşmişdir.
Fürsətdən
istifadə edərək bu layihələrdə yaxından
köməyinə görə gözəl şairimiz Musa
Yaquba, tənqidçi dostum Aydın Xana ürəkdən təşəkkürümü
bildirir və mərhum jurnalist həmkarım Məmməd
Nazimoğlunun ruhu qarşısında baş əyirəm.
Bir məlumatı
da diqqətinizə çatdırım ki, seksiyanın
dosyesində "Rəsul Rza: "Ömrün birinci yüz
ili" adlı fundamental bir kitab da var və Azərbaycan sərbəst
şeir məktəbinin banisi haqqında çağdaş ədəbi
tənqidin düşüncələrini əks etdirən həmin
nəşr yaxın günlərdə oxuculara təqdim
olunacaq.
***
2007-ci il mayın 14-də
keçirilmiş konfrans-hesabat diqqətə
alınarsa, Tənqid-publisistika seksiyası bu gün artıq ikinci hesabatını təqdim edir (maraqlananlar "525-ci qəzet"in arxivində (106-107 və 108-ci saylar) və
internetdə
2004-2007-ci illəri əhatələyən birinci hesabatın mətni ilə də tanış ola bilərlər).
Öncə ədəbi
prosesin mənzərəsini əks etdirən nəşrlər
barədə. Əsas mənzərənin yükü, təbii
ki, ilk növbədə AYB-nin nəşrləri olan "Azərbaycan",
"Literaturnıy Azərbaycan", "Ulduz"
jurnalları və "Ədəbiyyat qəzeti"nin
payına düşür. On birinci qurultaydan sonra təsis edilərək
ötən ilə qədər fəaliyyət göstərən
"Körpü" ədəbi tənqid dərgisi və
2009-cu ildən "Ədəbiyyat qəzeti"nin əlavəsi
kimi rus dilində, ayda bir dəfə cıxan "Mir
literaturı" qəzetlərinin fəaliyyəti ilə ədəbi
prosesin əhatə dairəsi bir qədər də genişlənmişdir.
Müstəqil mətbuat
orqanları arasında "525-ci qəzet" milli ədəbiyyata
birtərəfli mövqeyi, həm ənənəyə, həm
də yeniliyə optimal yanaşması, cari ədəbi prosesə
geniş yer ayırmasıyla öndə gedir və son dövr
fəaliyyəti ilə "Kaspi" qəzeti də bu
öncül mövqeni bölüşür.
Sözügedən
dövrdə "Azadlıq", "Ədalət",
"Yeni Azərbaycan", "Xalq qəzeti",
"Respublika" kimi ictimai-siyasi qəzetlər də ədəbiyyata
müəyyən yer ayırmış, mədəniyyət təmayüllü
"Kredo" və "Sənət qəzeti",
"Alatoran" və "Tənqid. net" ədəbi dərgiləri
ümumi prosesi diqqətdə saxlamışlar.
İnternetin həyatımıza
sıx daxil olmasıyla şəbəkə ədəbiyyatı
da aktuallaşıb və "kultaz. com",
"azadlıq.org", "lit.az", AYB-nin "ayb. org",
Yeni Yazarlar və Sənətçilər Qurumunun
"kitabxana.net.", Dünya Gənc Türk Yazarlar Birliyinin
"dgtyb.org." kimi elektron media vasitələri prosesi
müxtəlif mövqelərdən mütəmadi izləməklə
onun canlanmasında yaxından iştirak etmişlər.
***
Aydındır
ki, tənqidin predmeti ədəbiyyat, vəzifəsi isə
ümumi vəziyyəti və ayrı-ayrı nümunələri
izləməklə prosesi canlandırmaq, yaranan əsərlərin
tipologiyası, fəlsəfə, poetika və
problematikasını, istiqamət və meyllərin nəzəri
əsaslarını müəyyənləşdirmək, ədəbi
hadisələri dəstəkləməklə cəmiyyətin
problemlərini qabardan cəsarətli yazıçı ilə
həmrəylik nümayiş etdirmək və lazım gələndə
onu qorumaqdır.
Müasir tənqid
bu vəzifələri həm akademik, həm də praktik səviyyələrdə
həyata keçirməyə
çalışmışdır.
Məsələn,
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunda hər ilin ədəbi yekunları ilə
bağlı respublika miqyaslı geniş müşavirə
keçirilib. Artıq bir ənənəyə çevrilən
həmin müşavirələrdə müxtəlif tənqid
texnologiyaları, yeni yaranan ədəbiyyat, ümumi ədəbi
prosesin stixiyası və cari problemlərinədək bir
çox məsələlər müzakirə olunmaqla normal
inkişaf yolları aranıb.
Ümumiyyətlə,
müstəqillik dövrü akademik tənqidinin ədəbiyyata
yanaşmasında əvvəlki dövrlərin tədqiqi ilə
yeni dövr arasında tədrici bir balanslaşdırma və
elmi dildən elmi-populyar üsluba yaxınlaşma
müşahidə olunur ki, bu da cari proseslə canlı əlaqəyə
girməklə ona təsir imkanlarını genişləndirir.
Tənqidin
çağdaş ədəbi proseslə dinamik əlaqəsi
xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas
Elçinin də daimi diqqətində olmuşdur. Hər il mətbuatda
çap olunan geniş əhatəli ədəbi-tənqidi
icmalları, problematik məqalələriylə Elçin
prosesin canlanmasına böyük stimul vermişdir. Onun
"Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin
yaradıcılıq problemləri", "Bizim ədəbi
prosesdə bir lümpençilik yaranıb... dəhşət
budur", "Ədəbiyyatımızın Vaysman xəstəliyi",
"Azərbaycan ədəbi prosesində nə baş
verir" adlı məqalələri ədəbi mühitdə
ajiotaj yaratmaqla mətbuatda və kluarlarda uzunmüddətli
müzakirələrə səbəb olmuşdur.
AMEA-nın
müxbir üzvü, tənqidçi və ədəbiyyat
professoru Nizami Cəfərovun 2007-ci ildə çap olunmuş
beş cildlik "Seçilmiş əsərləri" isə
tənqidin elmi-nəzəri bazası, bədii mətnlərin
dil-üslub xüsusiyyətləri və ədəbiyyat tarixi
kontekstində öyrənilməsi baxımından çox əhəmiyyətli
mənbələrdir.
Ümumiyyətlə,
11-12-ci qurultaylar arasındakı dövrdə, yüvarlaq
götürsək, son onillikdə gedən ümumi ədəbi
proses həm akademik, həm də praktik ədəbi tənqid
tərəfindən izlənmişdir. Bu mürəkkəb vəzifənin
yerinə yetirilməsində ədəbiyyatşünas alimlər-
Bəkir Nəbiyev, Ağamusa Axundov, Gülrux Əlibəyli,
Kamal Abdulla, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə,
Akif Hüseynov, Rahid Ulusel, Asif Hacılı, Rüstəm
Kamal, Arif Əmrahoğlu, Telman Vəlixanlı, Tehran Əlişanoğlu,
Sabir Bəşirov, Xanverdi Turaboğlu, Aydın Talıbzadə
də, praktik tənqidin nümayəndələri - Vaqif
Yusifli, Cavanşir Yusifli, Əsəd Cahangir, Azər Turan,
Aydın Xan, Bəsti Əlibəyli, Nərgiz Cabbarlı,
İradə Musayeva, Elnarə Akimova da çiyin-çiyinə
çalışmışlar. AYB-nin ədəbi
orqanlarında və digər mətbuat vasitələrində
işləyən Adil Cəmil, Sərvaz Hüseynoğlu,
Südabə Ağabalayeva, Flora Xəlilzadə, Kəbutər, Əbülfət Mədətoğlu,
İlham Abbasov, Elçin Səlcuq, Ceyhun Musaoğlu, Sevinc
Mürvətqızı, Elnarə Tofiqqızı kimi bir
sıra qələm adamlarının da bu işdə əməyi
keçmişdir.
Əsas
ağırlığı isə təbii ki, praktik ədəbi
tənqidlə məşğul olan yazarlar çəkmişlər
və yeri gəlmişkən, bu kiçicik zümrə
üzvlərinin fəaliyyətini ayrı-ayrılıqda bir
neçə kəlmə ilə səciyyələndirmək istərdim;
Hesabat
dövrü də daxil olmaqla, ümumən, son 30-40 illik ədəbi
prosesin əsas zəhmətini çəkən Vaqif Yusiflinin
tənqid yaradıcılığı müasir ədəbiyyatımızda
təmsil olunan bütün nəsillərə hörməti,
eyni zamanda, bütün janrlara diqqəti, mətndən
çıxış etməsi və ədəbi-tənqidi
icmalları ilə seçilib.
Əsəd
Cahangir araşdırmalarını dünya ədəbiyyatı
ilə müqayisəli aspektdə qurması və dramaturgiyaya
digər həmkarlarından daha çox diqqət
ayırması ilə fərqlənmişdir.
Azər Turan əsasən
strateji planda, ümumtürk düşüncəsi
yönündə çalışaraq dəyərli tədqiqatlar
ortaya qoymuşdur.
Mətnə əsasən
kulturoloji planda yanaşan Aydın Xan kitabları və
çoxsaylı təhlil yazıları ilə yanaşı,
internet şəbəkəsində fəallığı, bu
məkanda kitabxana yaratması və hər il keçirdiyi
Respublika kitab bayramı ilə prosesə enerji vermişdir.
Müşahidələrini
əyalətdən aparan Sabir Bəşirov monoqrafik tədqiqatları
və müxtəlif nəsillərin nümayəndələrini
təhlilə cəlb etdiyi peşəkar yazıları ilə
yanaşı, həm də bir ziyalı nəcibliyi və səmimiyyəti
ilə seçilib.
Pərvanə Məmmədlidə
Güney ədəbiyyatını, Elnarə Akimova, İradə
Musayeva və Nərgiz Cabbarlıda çağdaş
poeziyanı tədqiq meylləri özünü daha qabarıq
göstərib.
Ədəbiyyat
elmi ilə ədəbi tənqidin mövqeyini
qoşalaşdıran yazarlardan Rahid Uluselin yazıları mətnin
ümumsənət kontekstində və fəlsəfi planda
araşdırılması ilə seçilib; daha çox mif
məntiqi ilə mətnə açar salan Rüstəm Kamal
pritçavari yazıları ilə milli tənqidin
formatını dünyəvi esse modelinə
yaxınlaşdırıb; Mətnlə bir neçə qatda
işləməyə və onun gizli qatlarını filoloji
açarla açmağa üstünlük verən
Cavanşir Yusifli həm də ədəbi-tənqidi fikrimizin
Bəkir Nəbiyev, Nizami Cəfərov, Arif Əmrahoğlu, mərhum
ədəbiyyatşünas Araz Dadaşzadə kimi nümayəndələri
haqqında portret yazılarıyla fərqli bir mövqe
nümayiş etdirib. Cavanşirin bu manerası, adətən
başqaları haqqında yazan və özlərinin də dəyərləndirilməsinə
ehtiyac duyan cəfakeş bir zümrəyə sayğı və
diqqət nümunəsi kimi hörmətə layiqdir. Və mən
həmkarımzla həmrəylik nümayişi olaraq Vaqif
Yusiflinin Bəkir Nəbiyev, Nizami Cəfərov, Aydın
Xanın mərhum ədəbiyyatşünas Şamil Salmanov,
məruzəçinin Sovet dövr tənqidinin görkəmli
simalarından olan Cəfər Cəfərov,
çağdaş dövr tənqidçilərindən Sabir
Bəşirov, Aydın Xan barədə portret
yazılarını da bu silsiləyə əlavə etmək
istərdim.
90-cı illərin
keçid dövrü də daxil olmaqla çağdaş ədəbi
proses tənqidin əsas diqqət mərkəzində
olmuşdur. Prosesi mütəmadi işıqlandıran cari təhlil
yazıları ilə yanaşı, xeyli monoqrafiyalar, fundamental
araşdırmalar da işığa çıxıb.
Vaqif Yusiflinin Rəsul
Rza, Fikrət Qoca,
Anar, Nərgiz Paşayevanın Elçin, Rahid Uluselin Rəsul
Rza, Asif Hacılının, Elçin Səlcuqun Kamal Abdulla,
Cavanşir Yusiflinin Əli Kərim, Ramiz Rövşən, Əsəd
Cahangirin Anar, Sabir Bəşirovun Sabir Rüstəmxanlı, Nəriman
Əbdülrəhmanlı, Əlabbas, Gülxani Pənahın
Fikrət Qoca, Mir
Cəlal, Fərhad
Mədətovun Sabir Əhmədli, Qurban Məmmədovun Əli
İldırımoğlu, Mübariz Məsimoğlunun Vaqif
Bayatlı haqqında yazdığı bu monoqrafiyalar, adlardan
da göründüyü kimi, yaşlı və orta nəsil
yazarlarının tədqiqinə həsr olunub. Sözügedən
nəsillər haqqında çoxsaylı mətbu
yazıları da (Rüstəm Kamalın Hüseyn Arif,
Nüsrət Kəsəmənli, Rəsul Rza haqqında
filoloji esseləri, məruzəçinin Yusif Səmədoğlu,
Anar, Sabir Əhmədli, İsa Muğanna, Əkrəm Əylisli,
Elçin, Kamal Abdulla, Məmməd Araz, Fikrət Qoca, Ramiz Rövşən,
Vaqif Bayatlı barəsində təhlil və dialoqları və
s.) bu sıraya əlavə edəndə
aşağıdakı nəticələrə gəlmək
olar:
a) tənqid
yaşlı və orta nəsil yazarlarının müasir ədəbiyyatımızda
təkzibedilməz rolu olduğunu kollegial şəkildə təsdiqləyir;
b) tədqiqatçı
bütöv yaradıcılıq sistemi, bəlirlənmiş
bədii-estetik konsepsiyası olan mətnlərlə işləməyə
üstünlük verir;
v) son on onilliyin ədəbi
prosesi 90-cı illərdəki xaosla müqayisədə daha
aydın bir axara düşdüyü kimi, ədəbi tənqidin
mətnə əvvəlki illərdəki fraqmentar, birtərəfli,
lokal yanaşması da nisbətən sistemli və prosessual
yanaşma ilə əvəzlənir.
***
Cari tənqid prosesində yazıçılar da yaxından iştirak etmişlər.
Ənənə
kimi ötən əsrin 50-60-cı illərindən başlayan
bu xeyirxah missiya yenə də Anar, Elçin başda olmaqla Fikrət Qoca, Ayaz Vəfalı,
İntiqam Qasımzadə, Adil Mirseyid, Tofiq Abdin, Vaqif Bəhmənli,
Rəşad Məcid, Əlirza Xələfli, Elcin Hüseynbəyli,
Səlim Babullaoğlu, gənc nəsildən Kənan Hacı,
Oqtay Hacımusalı, Günel Mövlud, Nərmin Kamal kimi
yazıcı və şairlərin timsalında davam etməkdədir.
Çingiz Əlioğlunun
"Fraqmentlər"
kitabı isə sözün həqiqi mənasında
professional tənqid toplusu sayıla bilər. Kitabda təqdim
olunan "Şerin bütöv fəzası", "Nar yanar
anar səni", "İstedad qanunları ilə yaşamaq
lazımdır","Vaxtla uzlaşmağı
bacarmayanda" və digər yazılar peşəkar tənqid,
yazıçı tənqidi və ya oxucu tənqidi kimi təsnifatların
şərtiliyini isbatlamaqla göstərir ki, savadlı
yazıçı bədii mətni görüb təhlil etməyə
istənilən tənqidçidən daha yaxındır. Fəhmli, həssas insan
canındakı ağrılara həkimdən daha yaxın
olduğu kimi.
Ümumən,
son illər yazıçı tənqidinin fəallaşması
müşahidə olunur. Praktik ədəbi tənqidlə məşğul
olan yazarların beş-üç nəfərlə məhdudlaşdığı
hazırkı şəraitdə bu meyl, elə bilirəm ki,
yaxşı haldır. Xüsusən ona görə
yaxşıdır ki, həmin o beş-üç nəfər
də cəfadan, bir-birini sinirməməkdən və qeyri
şeylərdən bıqıb kənara çəkilsə, əlahəzrət
ədəbiyyat diqqətsiz qalmayacaq.
***
Tənqidin, şəksiz ki, ciddi problemləri də mövcuddur. Onların çoxu 2004-2007-ci illər
üzrə hesabatda qeyd olunsa da, bir qismini təkrarlamağa məcburam:
Ədəbi tənqidin
ədəbiyyatın ayrı-ayrı janrları və istiqamətləri
üzrə ixtisaslaşmaması yenə də ciddi problem
olaraq qalmaqdadır. Bu problem həll olunmayınca təhlilin professional
səviyyəsinin və faydalılıq əmsalının
yüksəlməsi də arzu olaraq qalacaq.
Günümüzün
bəzi təhlillərində mətndən başqa hər
şeydən gen-bol bəhs olunur.
Məsələn,"izm"lərdən
bir qəlib düzəldilir və istənilən mətn,
uyğun gəldi-gəlmədi, həmin qəlibə tökülməklə
əyarlanır.
Bəzənsə
gerçək mətnin mahiyyətini anlamayan (və ya anlamaq
istəməyən) tənqidçi onu bir kənara qoyaraq
öz təxəyyülündə uydurduğu yapma mətnin
fəlsəfəsini "açmağa" girişir. Hər
iki halda orijinal itirilir, mətnətrafı gəzişmələr
isə gözə girir. Və aydındır ki, gerçək
mətnə əsaslanmayan təhlil ədəbiyyata xidmət
etmir.
Ən pisi isə
budur ki, tənqidçi sanki təhlildən çox, mətni
və müəllifi əzməyi qarşısına məqsəd
qoyaraq onu dünya ədəbiyyatına müncər etməklə
"plagiat ovu"na çıxır. "Ədəbiyyatımızın"
Vaysman xəstəliyi" məqaləsində Elçinin
söylədiyi aşağıdakı sözlər, elə
bilirəm ki, bu cür üzdəniraq tənqidə ən
yaxşı cavabdır: "Başqalarına səcdə etmək
də, milli ədəbiyyatı başqa ədəbiyyatların
xeyrinə, həmin ədəbiyyatlarla kor-koranə müqayisə
etmək də bir xəstəlikdir."
Tənqid
heç vaxt boş dayanmasa da, bir sıra ciddi ədəbi
faktlara professional yanaşmasında və münasibətində
boşluqlar olmuşdur. Məsələn, nəsrimizin nəhəngi
İsa Muğanna bir qərinədir ki, mühitdən
uzaqlaşıb öz hücrəsinə çəkilsə də,
yazı masasından uzaqlaşmayıb, əksinə, 80-ci illərə
qədərki yaradıcılığı ilə tam əkslik
təşkil edən "Əbədiyyət", "Gur
ünü", "Cəhənnəm", "İsa həq,
Musa həq", "Qəbiristan" kimi yeni əsərləri
ilə öz apogeyinə yüksəlib. Bəs Muğanna
fenomeninin fəlsəfi, ideya-estetik kök və mahiyyətində
nələr durur? Yazıçı hansı
yaradıcılıq metoduna, hansı məntiqə, hansı
genetik yaddaşa söykənir? Təəssüf ki, ədəbi-tənqid
milli bədii təfəkkürümüzdə misli olmayan bu
fenomeni aça bilməyib.
Rusiyada
yaşayan ixtiyar yazıçımız Çingiz Hüseynovun
dünyanın sonuncu peyğəmbəri həzrəti Məhəmmədin
həyatından yazdığı roman isə ümumən,
milli ədəbi-tənqid tərəfindən sükutla
qarşılanıb. Halbuki bu roman Rusiya mətbuatında
çox geniş rezonansa, mübahisə və müzakirələrə,
hətta qalmaqallara səbəb olmuşdur.
Sirr deyil ki, bu
gün ədəbiyyat yaratmaqdan çox, ədəbiyyatı
bir vasitəyə çevirməklə özü ətrafında
çevik reklam qurmaqda maraqlı olan işbazlar
çoxalıb.Tənqid ciddi ədəbiyyata dəxli olmayan
bu cür işbazlarla mübarizə aparmalı olduğu halda,
bəzən özü onların məqsədlərinə
xidmət edir.
Gəncliklə
bağlı neqativliyin artmasında isə həm tənqidçi,
həm də yazıçı qismi iştirak edir. Ədəbiyyatın
kandarına və ədəbi mühitə təzəcə
ayaq basan gəncləri hansısa gələcək məqsədlərdən
dolayı öz təsir dairəsinə almaq üçün
hər iki tərəfdən (təbii ki, bu cür neqativ
maraqlar əksəriyyətə aid deyil) canfəşanlıq
göstərilərək avans təriflər, silsilə məqalələrlə
onlardan saxta ədəbi vunderkindlər düzəldilir.
Aydındır ki, bu da gələcək yersiz iddialara və
başağrısına zəmin hazırlayır.
Vurğulanan məsələlər
də göstərir ki, ədəbi tənqid hesabat
dövrünü xeyli kəsir və problemlərlə
başa vurur. Lakin uğurlu əsərlərin az yaranması və
ya ədəbi hadisələrin olmaması tənqidin problemi
deyil. Bu artıq yazıçının istedad problemidir ki, nə
Belinski, nə də Borxes tənqidi onu həll edə bilməz.
Nəhayət,
bir mesaj:
Ölkədə
dərc olunan çoxsaylı nəşrlərdə və
internet portallarında yüzlərlə, bəlkə də
minlərlə ədəbi yazılar dərc edilir.
Şübhəsiz ki, onların əksəri həvəskar mətnlərindən
ibarətdir. Tənqidçi isə bütün bu
makulaturanı, qrafoman cızma-qaraları oxumağa heç də
borclu deyil. Nəzərə alsaq ki, AYB-nin bu gün 1500
üzvü var və bu qədər də
"yazıçı" AYB-dən kənarda "qələmin
qarası, kağızın ağı" deyibən
yazmaqdadır, onda tənqidçinin vəziyyətini təsəvvür
edin. Təkcə Birlik üzvlərinin " kütləvi
istehsalını" (bu ifadəni işlətməyə məcbur
qaldığıma görə bütün
varlığıyla ədəbiyyat adamı olan istedadlı,
mötəbər yazarlarımızdan üzr diləyirəm)
oxumağa tənqidçinin ömrü və vaxtı
çatmaz.
***
Dəyərli
toplantı iştirakçıları!
Ədəbi tənqid
ayrıca bir sahə olsa da, müstəqil
yaradıcılıq sahəsi deyil. Öndə qeyd etdiyim kimi,
tənqidin predmeti ədəbiyyatdır və bir sahə kimi də
ədəbiyyata görə mövcuddur. Bu faktoru nəzərə
alaraq məruzəni tənqid və ədəbiyyat olmaqla iki
bölümdə hazırladım. Lakin poeziya, nəsr və
dramaturgiya üzrə ayrıca hesabatlar olduğundan, məqsəd
ümumi ədəbiyyatın təfsilatını vermək
yox, yığcam bir xülasə ilə istiqamətlər,
meyllər və problemlərə münasibət bildirməkdir.
Poeziya
Müşahidələr
göstərir ki, müxtəlif dövrlər özüylə
bərabər, həmin dövrün yazı havasını,
başqa sözlə desək, ədəbiyyata sosial
sifarişi də müəyyənləşdirir. Məsələn,
ötən əsrin 60-cı illər liberallaşmasında cəmiyyətin
dərin və müstəqim yazıya daha çox ehtiyacı
olduğundan, İsmayıl Şıxlı, İsa Muğanna,
Çingiz Hüseynov, Yusif Səmədoğlu, Anar, Əkrəm
Əylisli, Elçin, İsi Məlikzadə, Maqsud İbrahimbəyov
kimi güclü nasirlərin timsalında epik ədəbiyyatın-
nəsrin mövqeyi qabardı. Və təsadüfi deyil ki,
indinin özündə də "60-cı illər ədəbiyyatı"
deyəndə daha çox o dövrün nəsri
xatırlanır. 70-ci illərin və sonrakı dövrün
emosional havasında isə Məmməd İsmayıl,
Çingiz Əlioğlu, Ələkbər Salahzadə, Ramiz
Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi,
Vaqif Bəhmənli və digər isimlərlə poeziyanın
təkrar qalxınması baş verdi.
Çoxəsrlik
tarixi ənənə, xalq olaraq şairlik ehtirası,
"atüstü" yazı imkanları, sosial faktorlar, məsələn,
deyək ki, biznesmen ola bilməyənlərin heç olmazsa
şair olmaq istəyi kimi ən müxtəlif səbəblərdən
indi şeirə daha total axın başlayıb. Son illərdə
yazılan ədəbi tənqid icmallarının əsasən
poeziya haqqında olması da faktı təsdiqləyir. Vaqif
Yusiflinin "2006-cı ilin poeziyası", "Poeziyamız
haqqında düşüncələr (2009-2010")
icmalları, "Poeziyanın yolları və illəri"
monoqrafik tədqiqatı, Tehran Əlişanoğlunun "Azərbaycan
şeirinə
rezüme", İradə Musayevanın "Şerimizin bu
günü, bu günümüzün şeri" icmal məqalələri,
Nərgiz Cabbarlının "Yeni nəsil poeziyası"
seriya araşdırmalarından ibarət olan bu ümumiləşdirici
təhlillərdə çağdaş şeirin ruhu, bədii-estetik keyfiyyəti
şərh edilməklə, bu sahəyə kütləvi
axına da müəyyən aydınlıq gətirilib.
Qısa şəkildə
mənim deyəcəklərim isə bunlardır:
Günün
poeziyası ənənəvi və sərbəst şeir
olmaqla iki əsas təmayülü və dirçəlməkdə
olan bir neçə meyli özündə ehtiva edir.
Yaşlı, orta və yeni nəsil nümayəndələrinin
birgə iştirak etdiyi prosesdə sonuncu iki nəsil daha fəal
və seysmikdir. Obrazlı desək, babalar akademik
külliyyatlar, oğullar seçilmiş əsərlər, nəvələrsə,
hələlik çeşidlənməmiş təzə-tər
şeirlər üzərində işləyir. Və kimilər
həm də ortaya yeni yaradıcılıq faktları qoyur,
kimilər yeni poetik yol tərcih edir, kimilərsə nəfəsini
dərdikdən sonra yenidən karvana qoşulur.
Məsələn,
Vaqif Bəhmənli, Əjdər Ol, Əlisəmid Kür, Adil
Şirin, Ağacəfər Həsənli, Paşa Qəlbinur,
Qəşəm Nəcəfzadə, Elçin İskəndərzadə,
Əlizadə Nuri, Salam, Qulu Ağsəs, Tofiq Qaraqaya,Vüqar Əlisoy,
Etimad Başkeçid, Şərif Ağayar, Aqşin, Kənan
Hacı, Əkbər Qoşalı, Qismət həm ənənəvi,
həm də sərbəst janrda maraqlı şeir silsilələri
və kitablarla çıxış etmişlər.
Sözügedən
dövrdə Səlim Babullaoğlunun "İlyas
Köçmənin şəkil dəftəri", Elxan
Zalın "Türk əsrinin türküləri" və
"Torqovı peyzajı", Zahir Əzəmətin
"Divar yazıları" kimi həm forma, həm də bir
sistem kimi orijinal poetik məcmuələr də
işığa çıxıb. Bu yenilik xalq
yazıçısı, tənqidçi-ədəbiyyatşünas
Elçinin də diqqətini çəkmiş və
o,"Azərbaycan ədəbi prosesində nə baş
verir" adlı məqaləsində "İlyas
Köçmənin şəkil dəftəri" ilə
"Torqovı peyzajı"na xüsusi münasibət
bildirmişdir.
Zirəddin
Qafarlının, Adil Cəmilin, Nazim Əhmədlinin,
İbrahim İlyaslının, İlham Qəhrəmanın, Sərvaz
Hüseynoğlunun şeirləriylə həm qoşmanın
imkanlarının tükənmədiyi, həm də bu vəznin
poeziyamızda həmişə yeri olduğu sərgilənib.
İmir Məmmədli,
Balayar Sadiq, Mahmud Vəli, Amil Avey, Fəxrəddin Meydanlı,...
dövri mətbuatda, ədəbi dərgilərdə yenidən
tez-tez görünməyə başlayıb.
60-70-ci illərin,
həm də günümüzün şerinin istedadlı təmsilçisi
Firuzə Məmmədli
başda olmaqla, Mahirə Abdulla, Məlahət Yusifqızı,
Fərqanə
Mehdiyeva, Həyat Şəmi, Gülnarə Cəmaləddin,
Günel Mövlud, Xuraman Hüseynzadə,Narıngül, Şəfəq
Sahibli kimi xanımlar şövqlə
yazıb-yaratmışlar.
Çağdaş
Türkiyə poeziyasında təsəvvüf şeri
artıq keçilib arxada qalmış bir mərhələ
olsa da, sovet dövrü Azərbaycan poeziyasında sönən
bu meyl yenidən dirçəlməkdədir. Bəlkə də
bu səbəbdən ki, irfan şeri mahiyyətcə
arınıb-durularaq Allaha, insana, mənəvi paklığa
qayıtmaqdır və yaşadığımız zamanın
belə bir durulmaya ehtiyacı var.
80-ci illərdən
etibarən Akif Səmədin, Səməd
Qaraçöpün, Murad Köhnəqalanın, Şaiq Vəlinin
şeirində
yavaş-yavaş puçurlayan irfan bu gün Barat Vüsal, Məhəmməd
Astanbəyli, Zahid Sarıtorpaq, Ədalət Əsgəroğlu,
Məmməd Dəmirçioğlu, Nisə Bəyim, Xanəmir
kimi istedadlı yazarların timsalında barlı ağaca
çevrilməkdədir.
Poeziya üzrə
məruzəçi Q.Ağsəs klassik şeirdən
danışarkən xeyli imzalarla yanaşı, "Şəms"
ədəbi məclisinin adını çəkdi. Onun qeydlərinə
ciddi əlavəmiz budur ki, Əlağa Vahid zirvəsindən
sonra klassik şeirin
ikinci dirçəlişi 1990-cı ildə Azərbaycan
Yaradıcılıq fondu nəzdində fəaliyyətə
başlamaqla ikinci ömrünü yaşayan və son illər
əhatə dairəsini genişləndirərək Dövlət
Televiziyasında həm nəzəri, həm praktik fəaliyyətini
davam etdirən "Məcməüş-şüəra"
ədəbi məclisinin adıyla bağlıdır. Rüstəm
Samit, Şahin Fazil
kimi qəzəl ustalarının rəhbərlik etdiyi məclisin
üstünlüyü bundadır ki, Həkim Qəni, Hacı
Mail, Ələmdar Mahir, Ələkbər Şahid, Ağaəmi
Buzovnalı, Şövkət İmami, Nurəddin Nur, Vaqif Əlirzalı,
Gülnigar Rəhimli, Mahcamal və digər klassik şeir
sevdalıları ilə birgə, tanınmış ədəbiyyatşünas
alimləri, tənqidçi və şərqşünasları
da başına toplaya bilmişdir. Ədəbiyyata əruz vəznində
şeirlərlə gələn və bu gün daha çox
nasir kimi tanınan İlqar Fəhmi də "Məcməüş-şüəra"nın
yetirməsidir.
Yaxınlarda mən
əruzun daha bir nümayəndəsinin - Əli Aslanoğlunun
qəzəlləriylə tanış olarkən bu qədim
şeirin heç zaman
köhnəlmədiyini bir daha yəqinləşdirdim. Ərəbcəni,
əruzun poetikasını və mövcud 19 bəhrini mükəmməl
bilən və rəcəz kimi ən çətin bəhrdə
belə qəzəl (həm də Azərbaycan ləhcəsində)
yaradan, eyni zamanda, bu klassik şeir vəzninə xeyli novatorluq
elementləri gətirən (baş qafiyəli, rədif qafiyəli
qəzəl, əruzlu gəraylı və s.) bu mahir söz
ustasının yaradıcılığı Nizami Cəfərov,
Teymur Kərimli, Məhərrəm Qasımlı kimi
tanınmış ədəbiyyatşünas alimlərin də
ciddi marağını cəlb etmişdir.
Deyirlər, əsl şeir 40 yaşda bitir.
Amma böyük qürbət şairimiz Məmməd
İsmayıl faktoru bu tezisin üstündən xətt çəkərək
ortaya yeni formula qoyur; ilham sönəndə nəinki 40, hətta
30 yaş da qocalıqdır, ilham çağlayanda həyatla
ölüm arası bütün ömür cavanlıqdır.
2007-ci ildə 450 səhifəlik "Yoxun
varlığı" kitabındakı yeni və tam başqa
qiyafəli şeirləriylə qürbətdən evinə gələn
70 yaşlı Məmməd İsmayıl bu kitabla sübut
etdi ki, o, müasir şeirimizin ən hissiyyatlı gəncliyidir.
Sözə səcdəsindən dolayı
özünün kosmik təfəkkürlü şeirlərinin
çapına belə cəhd etməyən Rəhman
Babaxanlı, bu gün əsl dədə-baba qoşmanın
gözəl nümunələrini yaradan Məmməd İlqar
da 40-dan sonra yenidən doğulanlardandır.
Bəs, ümumiyyətlə, şeir nədir?
Amerika modern şeirinin banilərindən olan Uitmen şeiri
insanı günahlardan arındırıb təmizləyən,
saflaşdıran məhşər alovu hesab edir və onun
gücünü də məhz bunda görürdü. Son
zamanlar Avropadan leksikonumuza daxil olan "şeir
ölür" antitezası da hərfi anlamda deyil, məhz bu
kontekstdə - şeirin energetik gücünü itirməsi
kimi anlaşılmalıdır. Çünki məhşər
funksiyası şerin zahiri formasında,
ölçü-biçisində deyil, batini energetik kütləsində
və o kütlənin mayasını təşkil edən
ağrı-hissiyyat ötürücülüyündədir.
Və əgər şeir bu doğal xassəsini itirirsə, məhşər
gücünü də itirir və onun ölümüylə
barışmaq lazım gəlir. Təəssüf ki,
çağdaş Azərbaycan şeirində də canı
incitməyən, sanki lazer üsuluyla -
qansız-ağrısız doğulan hissiyyatsız və
milliyyətsiz şeirlər artmaqdadır. Bunun əsas səbəblərindən
birini söylədik. Yəni:
1. Şeir iki əsas xassəsindən (hiss
və təfəkkür) birini və birincisini - emosional
yükünü qeyb edir; süni intellektuallıq, fəlsəfəçilik
hissiyyatı küncə sıxışdırır;
2. Şeirin milliyyətini təsdiqləyən
dil atributu sönür və beləliklə, dillə
daşınan energetika da sönür.
Nəticədə sanki
ikinci-üçüncü dildən naşıcasına tərcümə
edilmiş yalınqat bir mətn peyda olur ki, nə tükü
tərpədir, nə də bir şeylər
pıçıldayır. Bəs misal hanı? Misal kitablarda, dərgi
və qəzetlərdə, internet saytlarında. Oxusanız,
özünüz görəcəksiz. Mənim vəzifəm
sadəcə, onların halını-huyunu tanıtmaqdı.
***
Yeni çağ ədəbiyyatında
böyük mətnlər - poeziyada poema, nəsrdə roman,
dramaturgiyada çoxpərdəli pyeslər göz
önündə əriyir. Hətta XX əsr poeziyasında sənətkarın
çəkisini müəyyənləşdirən poema
janrına (burda dram janrını da qeyd etmək lazım gəlir
) yeni nəsil demək olar ki, müraciət etmir. Yaranan
nümunələr isə yaşlı və orta nəsil
nümayəndələrinə məxsusdur. Fikrət Qocanın
"Şəhidlər xiyabanı", "Azadlıq",
Musa Yaqubun "Dünyanın lələ dərdi", Ramiz
Rövşənin "Canavar ovu", Çingiz Əlioğlunun
"Diaspora", Ələkbər Salahzadənin
"Xocalı xəcilləri", "Qobustan", Zəlimxan
Yaqubun "Peyğəmbər", "Sürgün",
Nizami Zöhrabinin "Fateh", "Ulu türkün öndəri",
Adil Şirinin "Rekviyem", "Laçın şikəstəsi",
Ədalət Əsgəroğlunun "Dərdimizin qan rəngi",
Elxan Zalın "Anıt məzar" poemaları həm də
bu baxımdan qiymətlidir. Bəs əvvəlki nəsillərdə
vüsətini saxlayan mənzum romanın yeni nəsildə
sönməsi nəylə bağlıdır, bu məsələyə
nəsrlə yenidən qayıdaq.
Nəsr
Klassik format baxımından nəsrin roman
janrı da demək olar ki, süqut həddindədir.
"Çin mücrüsü" kimi bir-birinin içindən
çıxan monumental romanlar əriyərək yeni
çağ ədəbiyyatında böyük hekayə şəklinə
düşməkdədir. Təbii ki, bu vəziyyət təkcə
bizdə deyil, qlobal məkanda baş verir. Çağdaş
rus yazarlarından biri hətta janra hiper münasibət sərgiləyərək
bircə sözdən ibarət məchul mətnini roman
adlandırıb.
Belə bir ədəbi cırtdanın
dünya oxucusunu məhz romanla fəth edən böyük rus ədəbiyyatına,
Tolstoy, Dostoyevski, Şoloxov dühasına qəddar bir şarj
olduğunu söyləmək, yəqin ki, artıqdır. Və
ötən əsrdə Maleviçin "qara kvadratı"
sənət üçün hansı dəyərdə oldusa,
"sam sdelay" tipli bircə sözlük romanın ədəbiyyat
üçün həmin dəyərdə olduğunu söyləmək
də artıqdır.
Bununla belə, minimalist roman faktı
faktlığında qalır və tendensiyaya çevrilərək
tirajlanır.Təbii ki, mən mətni sıxmaqla janrın
formatını kiçiltməkdən danışmıram, əksinə,
sıxılmış mətni (Yaşarın hekayələri
kimi) yazıçı ustalığı hesab edirəm. Təhlükə
bundadır ki, çağdaş romanın onurğası itir.
Sadə bir müqayisə: genindən,
inkişaf potensialından asılı olaraq insan boyca nəhəng
də, liliput da, çəkicə şişman da, arıq da
ola bilər. Amma anatomik baxımdan bütün əzaları-başı,
ayağı, ürəyi, daxili orqanları yerində
olmalıdır. Yerində deyilsə, deməli, o normal insan
deyil. Bu gün roman janrında müşahidə olunan ərimə
də onun boy və çəki ölçüsündə
deyil, əzaların itməsindədir.
Böyük mətnin əriməsi bəzən
sosial sifariş kimi qələmə verilir. Yəni, vaxt
uçur, kosmik informasiya burulğanına düşmüş
oxucu qaçaqaçda 400-500 səhifəlik roman oxumaq
imkanını itirir. Yazıçı isə darmacal ritmli
oxucunu itirmək istəməyərək ona metrolar,
uçaqlar üçün nəzərdə tutulan
"putevoditel" tipli bir şey təklif etməklə həm
də özünü qoruyub saxlamağa
çalışır. Bəs əgər belədirsə,
onda Orxan Pamukun Tolstoy rekordunu təzələyən 600 səhifəlik
"Məsumiyyət muzeyi" romanını darmacal oxucunun
gözünə təpməsini necə başa düşək?
Yaxud, 60-cı illər dünya nəsrinin korifeyi Markesə
aclığı necə anlayaq?
Deməli, məsələnin kökü
yalnız sosial sifarişdə deyil, daha dərindədir;
çağın darmacal ritmində oxucu dərin mütaliə
vərdişini itirdiyi kimi, yazıçı da monumental mətn
təfəkkürünü qeyb edir.
Doğrudur, hələlik minimalist mətnlərlə
yanaşı, "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi" (Kamal Abdulla),
"Azadlıq" (Afaq Məsud), "Ölüm zirvəsi",
"Göy Tanrı" (Sabir Rüstəmxanlı), "Yanan
qar" (Hüseynbala Mirələmov), "Maestro" (Səfər
Alışarlı), "Dolu" (Aqil Abbas),
"Keçmiş döyüşçü və
oğlan" (Aslan Quliyev), "Qiyamçı" (Əlabbas)
kimi anatomik siqlətli romanlar da yaranmaqdadır.
Lakin belə nümunələrə
baxmayaraq, janrın təkamül və tənəzzül səbəbləri
çözümünü gözləyən ən aktual
problemlərdən biridir. Ayrı-ayrı əsərlərin təhlilinə
daha çox meylli olan tənqid bu köklü problemə və
ümumən, ədəbi janrların struktural
deqradasiyasına ciddi münasibət bildirməlidir.
Çağdaş nəsrin bəzi janr və
yönlərində də irəliləyiş və geriləmələr
müşahidə olunur. Məsələn, dünyada populyar
janrlardan sayılan dedektiv yazarları Azərbaycan ədəbiyyatında,
adətən, bir-iki nəfərdən o yana keçmir. Mərhum
dedektiv ustası Namiq Abdullayevdən sonra isə bu sahədə
Çingiz Abdullayev demək olar ki, tək qalmışdı.
Son bir neçə ilə qədər belə
görünürdü ki, bu məşhur yazıçı
milli dedektivin fenomeni olmaqla, həm də sonudur. Lakin gənc nəslin
nümayəndəsi İlqar Fəhmi "Qarğa
yuvası" və "Aktrisa" dedektivləri ilə
uğurlu debütlər etməklə hələ son
olmadığını göstərdi. Axırıncı əsərin
Azərbaycan kinematoqrafının diqqətini çəkməsi
və onun əsasında eyniadlı dedektiv-triller çəkilməsi
də İlqarın bu sahədə uğurunu təsdiqləməklə
yolu davam etdirəcəyinə ümidlər doğurur.
İsmayıl Şıxlı, İsa
Muğanna, İsi Məlikzadə, Əkrəm Əylisli, Vaqif
Nəsib, Sabir Əhmədli, Mövlud Süleymanlı, Seyran Səxavət
(sonuncu üç yazıçının
"Dünyanın arşını",
"Köç", "Yüz ilin kişisi" adlı
müəyyən əsərləri) kimi
yazıçıların timsalında 60-70-ci illər nəsrinin
sanbalını müəyyənləşdirən kənd nəsrinin
mövqeyi isə bu gün nəzərə çarpacaq dərəcədə
zəifləmişdir. Doğrudur, yaşlı və orta nəsil
yazarlarından Əli İldırımoğlu, mərhum Eyvaz Əlləzoğlu,
Nəriman Əbdülrəhmanlı bu mövzuda xeyli əsərlər
qələmə almışlar. Gəncliyin istedadlı təmsilçisi
Şərif Ağayar da ötən il işığa
çıxan "Kərpickəsən kişinin
dastanı" povestiylə sələflərinə
qoşulub. Bu əsərlə maraqlı nəsr təfəkkürü
sərgiləyən Şərifin uğurunu "Ədəbiyyat
qəzeti"ndə dərc olunan eyniadlı məqaləsində
Elçin də yüksək dəyərləndirib.
Lakin adda-budda faktlar fonu müəyyən qədər
genişləndirsə də, hələlik kənd nəsrinin
əsas yükü bir az öndə adları çəkilən
Əlabbasın və Aslan Quliyevin çiynində
qalmaqdadır.
Ümumiyyətlə, nəsrin
qaldırdığı problemləri sərf-nəzər eləyəndə
əsasən, ənənəvi və populyar mövzulara
üstünlük verildiyi məlum olur. Halbuki, dünyanın
qloballaşması və epoxal dəyişmə ekstremal həllini
gözləyən çox ciddi problemlər ortaya
çıxarmışdır. Yadlaşma, Şərq ailə
yapısının dağılması, qlobalizasiyanın
"dünya vətəndaşı" uydurmasıyla milli
kimlik, hətta milli məkan anlayışlarının öz
qutsallığını itirməsi məhz bu cür ekstremal
problemlərdəndir. Lakin "Macal" (Anar- astanamızı
döyən yadlaşma problemini bu uzaqgörən yazıçı
bir qərinə öncə ədəbiyyata gətirib),
"Yaşıl eynəkli adam" (Vaqif Səmədoğlu),
"Divar" (Yaşar), "Yol ayrıcında
qaçış" (Elçin Hüseynbəyli- bu roman
ötən ilin məhsuludur) kimi bir neçə nümunə
istisna olmaqla, ədəbiyyatımız hələ də bu
problemləri özününküləşdirə bilmir.
Halbuki bu problemlər üzləşdiyimiz müharibədən
heç də az təhlükəli deyil. Və həmin
mövzulara biganəliyə görə, təkcə
yazıçı deyil, onu yönləndirə bilmədiyinə
görə tənqidin də məsuliyyəti
böyükdür.
Yaradıcılıq
paralelləri
Yaşlı nəslin nümayəndələrində
(Fikrət Qoca, Vaqif Nəsib, Mövlud Süleymanlı, Ramiz
Rövşən, Eldar Baxış, Firuzə Məmmədli və
b.) zaman-zaman müşahidə olunan paralel
yaradıcılıq xətti çağdaş yazarlar
arasında ümumi tendensiyaya çevrilməkdədir. Bu
faktı Rafiq Tağı, Əjdər Ol, Rəşad Məcid,
Mahirə Abdulla, Şərif Ağayar, Etimad Başkeçid, Əkbər
Qoşalı, Aqşin və digər yazarların həm
şeir, həm də nəsr yaradıcılığı ilə
məşğul olması da təsdiqləyir.
Və belə bir paralellik tənqidçilərdə
də müşahidə olunur. Doğrudur, bu meyl də yeni
deyil. Mehdi Hüseyn, Mikayıl Rəfili, Mir Cəlal, Kamal
Abdulla kimi görkəmli ədəbiyyatşünaslar təfəkkürün
sərhəddi olmadığını çoxdan görkləmişlər.
Günümüzün tənqidçi-ədəbiyyatşünas
alimlərindən Nizaməddin Şəmsizadənin nəsr və
poeziya, Rahid Uluselin dramaturgiya (mən onun
"Burulğanlar" pyesini son dövr dramaturgiyamızda
yaxşı debütlərdən hesab edirəm) nümunələri,
Əsəd Cahangirin poemaları, Cavanşir Yusiflinin şeirləri,
Gülxani Pənah, Sona Xəyal və Aydın Xanın həm
şeir, həm nəsr yaradıcılığı artıq
tənqidçi və yazıçı məfhumu arasında
bərabərlik işarəsi qoyulmasını zərurətə
çevirir. Çünki yaranan bədii nümunələrin
xeyli qismi intellektual mətnlərin intuitiv mətnlərdən
geri qalmadığını isbatlayır.
İntellektual mətn savadı Adil Mirseyid,
Həmid Herisçi, Elxan Zal, Səlim Babullaoğlu, İlqar Fəhmi,
Nərmin Kamal kimi şair və yazıçılarda da
müşahidə olunur. Və mən mətnin bədii dəyərinə
xələl gətirməyən, əksinə, onu ədəbi
texnologiya baxımından cilalayan bu cür savadı
yazıçı üçün yaxşı göstərici
hesab etməklə ədəbiyyatımızın həmin mətnlərdən
qazandığını düşünürəm.
İntellektual mətn savadı
yazıçını həm də qarışıq
estetikaların tuzağından qoruya bilər.
Məsələn, son 15 ildə ədəbiyyatı
başına götürən postmodern estetikanın nəzəri
bazası, onun kinayə, hibridləşmə,
karnavalçılıq, fraqmentallıq kimi müxtəlif
prinsipləri özündə birləşdirməsi ədəbi
düşüncədə möhkəm oturuşsaydı, bu
proses daha itkisiz və daha uduşlu ola bilərdi. Fəqət,
istəsək də, istəməsək də keçməli
olduğumuz bir yolu keçdik. Və dünya postmodern
estetikadan Umberto Ekonun "Qızılgülün adı",
Patrik Züskindin "Parfümer"i, Orxan Pamukun "Qara
kitab"ı kimi iki cüt bir tək qiymətli əsər
qazandığı kimi, Azərbaycan ədəbiyyatı da bir
qiymətli əsər qazandı. Söhbətin Kamal
Abdullanın "Yarımçıq əlyazma"sından
getdiyi, yəqin ki, aydın oldu. "Yarımçıq əlyazma"nı
dünyanın beş-üç örnəyi sırasına
çıxaran faktorlardan biri müəllifin yazı
istedadıdırsa, ikinci faktor postmodern estetikanın prinsiplərini
və incəliklərini dərindən bilməsidir. Təbii
ki, bu sırada bir neçə yazıçının da
adını çəkmək olardı. Lakin məqsəd ad
çəkmək deyil. Məqsəd bunu xatırlatmaqdır
ki, postmodernizm, sürrealizm kimi surroqat estetikalar nəzəri
hazırlığı olmayan yazıçı
üçün bir tuzaqdır. "Otel odası",
"Qırmızı limuzin", "Vahimə" (Anar),
"Qatar. Pikasso. Latur. 1968", "Sarı pencək"
(Elçin), "Yarımçıq əlyazma" kimi
uğurlu əsərlər yaratmaq istəyən
yazıçı həmin estetikaları yaxşı bilməlidir
ki, tuzaqda çabalamasın.
***
Nəhayət, yeni ədəbi gənclik
barədə. Qismət məruzəsində Elxan Qaraqan, Taleh
Şahsuvarlı, Cavid Zeynallı, Aysel Əlizadə,Vüsal
Nuru, Zərdüşt, Elvin Bakiroğlu, Mövlud Mövlud və
digər nəsildaşları barəsində aydın bədii
xarakteristika verdiyindən, mən bu nəslə başqa
prizmadan baxıram. Hesab edirəm ki, ədəbiyyata yeni gələn,
xüsusən, "Gənc ədiblər" məktəbinin
müdavimləri olan yazarların hamısı AYB-nin gənclər
üzrə katibi, yazıçı-publisist Rəşad Məcidin
yaradıcılıq faktıdır. Həm də bütün
müsbət-mənfisiylə birgə. Bu gənclik Rəşadın
vaxt darlığından, ya tənbəlliyindən
yazmadığı şeirlər, hekayələr, publisistik
nümunələrdir. Çünki Rəşad yaza biləcəyi
vaxtı onlara xərcləyib. Arzu edirəm ki, hamısı
"On sentyabr" taleli olsun. Amma bu gənclik bilməlidi ki,
gördüyü qayğı qədər də məsuliyyəti
var. 80-ci illərdə ədəbiyyatımıza istedadlı
bir nəsil gəlmişdi. Azacıq qayğı görsəydilər,
çox şeylər edə bilərdilər. Amma bəxtlərinə
gün doğmadı. Dövranın çox pis vaxtına
düşdüyündən, qayğısızlıqdan,
tavanasızlıqdan çoxu qırılıb batdı. Rəşadın
himayəsinə aldığı və Yazıçılar
Birliyi sayəsində hər cür qayğıyla bəslədiyi,
yazılarının mürəkkəbi qurumamış
kitablarını çap eləyib təntənəli təqdimatını
keçirdiyi bu atalı, bəxtəvər gənclik həm də
80-ci illər nəslini incik salan bir məsələyə -
yazıçının ədəbi taleyində
qayğınınmı, ya istedadınmı əsas faktor
olduğuna aydınlıq gətirəcək. Təkcə bu
eksperimentə görə də gözləməyə dəyər.
Nəticə
Son 10 ildə Azərbaycan oxucusuna
"Ağ qoç, qara qoç" (Anar), "Bayraqdar"
(Elçin),"Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi" (Kamal Abdulla), "Nəfəs"
(Ramiz Rövşən), "Dopdolu bir eşq ilə" (Vaqif
Bayatlı), "Yazı"(Afaq Məsud),
"Qiyamçı", "Qaraqovaq çölləri"
(Əlabbas), "Keçmiş döyüşçü və
oğlan" (Aslan Quliyev), "Çərxi-fələk"
(Sara Oğuz), "Ucaboy liliput", "Şahzadə
Dipendranın məhəbbəti" (Rafiq Tağı), "Tərs
kimi" (Məqsəd Nur), "Altıncı" (Günel
Anarqızı), "Akvarium" (İlqar fəhmi), "Kərpickəsən
kişinin dastanı" (Şərif Ağayar), "A"(
Elxan Qaraqan), "İlyas Köçmənin şəkil dəftəri"
(Səlim Babullaoğlu), "Torqovı peyzajı" (Elxan
Zal), "Panoptikum" (Etimad Başkeçid) və vaxt
darlığından adlarını çəkə bilmədiyim
neçə-neçə dəyərli əsər və
kitablar təqdim olunub. Bunların hamısı müasir ədəbiyyatımızın
göstəricisidir.
Milli məkanda hadisəyə çevrilən
"Yarımçıq əlyazma" artıq qonşu sərhədləri
aşaraq "magik realizm" ölkələrini fəth etməkdədir.
2006-cı ildə Kolumbiyada nəşr olunan Beynəlxalq
şeir antologiyasının üz qabığı Ramiz
Rövşənin "İlan balası" şeriylə
reklam olunub. Çingiz Əlioğlunun "Çərçivə"
kitabı ötən il Moskvada keçirilən MDB ölkələri
7-ci Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin
"Qran Pri" mükafatı qazanıb. Aqil Abbasın
"Dolu", Elçin Hüseynbəylinin "Don Juan"
romanları Azərbaycan Mədəniyət və Turizm
Nazirliyi tərəfindən "Qızıl kəlmə"
buker mükafatına layiq görülüb. "Manas"
eposunu tədqiq edərək Azərbaycan türkcəsinə
çevirməsi və ümümtürk ədəbiyyatına
xidmətinə görə Adil Cəmil Çingiz Aytmatov
adına Akademiyanın fəxri akademiki seçilib. Qəşəm
Nəcəfzadə Hollandiyada keçirilən 38-ci Beynəlxalq
poeziya festivalında iştirak edib. Akif Əhmədgil iki il
öncə Moskvada "Drujba narodov" jurnalında dərc
olunan şeirlərinə görə Nikolay Rubtsov adına Beynəlxalq
şeir mükafatına layiq görülüb. Məruzə
boyu qeyd olunan əhəmiyyətli faktlar da daxil olmaqla, bu
uğurlar milli ədəbiyyatımızda məqbul bir ədəbi
proses getməsindən xəbər verir. Böyük ədəbi
mərhələlərə gəlincə, belə şans əlli-yüz
ildə bir olur. Tələsməyək, biz ki yeni yüzilliyə
yeni başlamışıq.
Qısaca olaraq
publisistika barəsində
Fikrimcə, günümüzün bədii
publisistikasının səviyyə göstəricisi Rafael
Hüseynovun imzasıyla müəyyənləşir. Rafael
Hüseynov həm də Sabir Rüstəmxanlı, Səyavuş
Sərxanlı kimi yazarların timsalında parlaq dövr
yaşamış 70-80-ci illər publisistikasının bu
gün təklənmiş nümayəndəsidir. Onun son bir
neçə ildə Türk coğrafiyasının sənət
dühaları barəsində yaratdığı silsilə (
mənbə:"525-ci qəzet") daha öncələrdə
Hüseyn Cavidə, Rəsul Rzaya, Nigar Rəfibəyliyə
ucaltdığı heykəllərin davamıdır. Rafael
Hüseynov bədii publisistikanın heykəl ustasıdır və
təhkiyəsiylə, predmetiylə, sözün tam mənasında
ədəbiyyatın faktıdır.
Yazıçı-publisist İntiqam
Mehdizadənin "Karvanın sarvanı", Tofiq Abdinin
"Ah, İstanbul, İstanbul", Azər Abdullanın
"Qapıları bir-bir döydüm", Elçin
Hüseynbəylinin " Cənab XXI əsr ", Qulu Ağsəsin
"Nabran novellası" kitablarında toplanan bədii-publisistik
yazılar, esselər ədəbiyyatla jurnalistika arasında
körpü olan bu janrın dəyərli nümunələrindəndir.
Son çağ publisistikasında parlayan
imza isə İradə Tuncayındır. Ədəbi və
siyasi publisistikanın hər iki qolunu birləşdirən (mənbə:
"Sarı odalar" kitabı-2010) bu istedadlı xanım bir
yaradıcı fərd kimi öz iqtidarını sərgiləməklə
yanaşı, Məmməd Araz poeziyasının mətləbini
davam etdirir.
Mən sıraya əyalətdən
qoşulan Vəsilə Usubovanın, "Ulduz"un yazarı
Hicran Hüseynovanın da imzasına hörmətimi bildirir və
ən nəhayət, təvazödən kənar sayılmazsa,
bəndənizin 2010-cu ildə Azərbaycan
Yaradıcılıq Fondunun sifarişi ilə qələmə
aldığı "Sönməyən ulduzlar"
kitabını (kitabda XX əsr mədəniyyətimizin
görkəmli simaları haqqında 27 sənət oçerki
toplanmışdır) son dövrün publisistika mənzərəsinə
bir ştrix kimi əlavə edirəm.
Siyasi publisistikanın daha sürətli
inkişafda olduğu, üstəlik, bu ciddi janrın prinsiplərindən
xəbərsiz bir çoxlarının öz imzasına
"publisist" titulu qoşduğu çağda ola bilər
ki, bu mənzərə yarımçıq
görünsün. İradlarla bəribaşdan
razılaşıram. Amma tutalqam da var: biz bu körpu- janra
yalnız onun ədəbiyyat tayından baxdıq.
***
10 il öncə yazılarımdan birində
demişdim ki, biz Qarabağdan öncə kitaba dönməliyik.
Bu sözə görə məni topa tutdular. Amma yenə həmin
fikrimdə israrlıyam və çox geniş anlamda işlətdiyim
"kitab" məfhumunu konkretləşdirərək bu
gün ikinci tezisimi səsləndirirəm: Söz səmtini
itirən, şoumenləşən, maddiləşən
dünyanın həm əvvəlinci, həm də sonuncu fikir
zadəganıdı. Söz üçün İsgəndəriyyə
kitabxanasının yanması da, qədim əlyazmaların itməsi
də, zövqləri korlayan total makulatura istehsalı da
kiçik fəlakətdi. Söz üçün
böyük fəlakət meyarsızlıqdı (indiki
çağda bu söz bütün müstəvilərdə
keçərlidi). Yunus İmrəylə hansısa Molla
Qasım bir tərəziyə qoyulanda bəşərin mənəvi
xəzinəsi olan İsgəndəriyyə kitabxanası və
ən qiymətli əlyazma da, Şekspir və Füzuli
dühası da öz gerçək dəyərini itirir və
sözün, ədəbiyyatın qiyaməti yetişir.
Allah şahiddi ki, məruzə boyu bəzən
dostdan, bəzən də mühitdən keçəmmədim.
Allah buna da şahiddi ki, mən ondan da, bacardığım qədər
meyarlardan-əyarlardan da keçmədim. Çünki
sözün qiyamət körükçüsü olmaq
Söz adamının işi deyil. Allah ilham və istedad
payını artırmaqla hamınıza böyük söz
qismət etsin!
Bəsti ƏLİBƏYLİ
Martın 29-da Yazıçılar
Birliyinin Natəvan klubunda nəsr üzrə keçirilən
müzakirələrdə yazıçı İlqar Fəhmi
əhatəli məruzə ilə çıxış etdi. Məruzə
qəzetimizin yaxın saylarında dərc olunacaq.
Ədəbiyyat
qəzeti.- 2011.- 1 aprel.- S.4-6.