Rəsul Rza - dünənin, bugünün, gələcəyin şairi

  

Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində Rəsul Rza fenomeninin mövcudluğu mütləq həqiqətdir və bu həqiqəti qəbul etməyənlər Əli Kərim demişkən, günün qızıl gözlərinin içinə düz baxa bilməyənlərdir. Çox təəssüf ki, bu gün Anarla şəxsi münaqişədə olan bir çoxları bu münaqişəni Rəsul Rza müstəvisinə də keçirirlər.

Dahi bəstəkar Qara Qarayev yazırdı ki: "Rəsul Rza elə şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur". Və bir də Məmməd Arazın Rəsul Rzaya həsr elədiyi şerindən bu misra: "Zaman bir də çətin doğa o planeti".

Məncə, R.Rza haqqında bu söhbət-düşüncənin epiqrafı üçün dediklərim yetər.

XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza kimdir? - sualı ilk baxışda çox sadə, hətta primitiv görünür. Axı bir sıra monoqrafiyalarda, dərsliklərdə, ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş, əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli sferada qalmamışdır. Böyük Nazim Hikmətdən tutmuş dünyanın bir çox görkəmli sənətkarları R.Rza poeziyasına məhəbbətlərini gizlətməmişlər. Burada həmin faktları xatırlatmağa lüzum yox. Ancaq bircə faktdan yan keçə bilmərəm: "Kanadada poeziya ilə az maraqlanırlar və şeir kitabları çox nadir hallarda təkrar nəşr olunur. Lakin Rəsul Rzanın şeirlərində o qədər yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları minlərlə oxucu alıb oxuyur və aydan-aya oxucuların sayı artır" ("Sovetskaya literatura" jurnalının ingilis dilində nəşriyyatının məsul redaktorunun məktubu. Moskva, 21. Vl. 1965. Qreyvernkers Ontario, Kanada). Deməli, Rəsul Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə olduğunu açıqlayan onlarla, yüzlərlə faktı ortaya qoymaq olar. Ancaq bütün bunları bir kənara qoyub XX əsr şairi Rəsul Rzanın yaradıcılığına təkcə XX əsr poeziya hadisəsi deyil, bir qədər daha geniş və qlobal zaman hadisəsi kimi baxaq. Böyük poeziya zamanında yaşamağa Rəsul Rza sənətinin enerjisi çatacaqmı? Tutaq ki, XXll, ya XXlll əsrdə yazılacaq bir ədəbiyyat tarixində Rəsul Rzadan necə danışacaqlar: yoxsa "zaman çətin bir də doğa o planeti" misrası yüz minlərlə unudulan mədhiyyə misralarının birinə çevriləcək? Yox, mən belə düşünmürəm. Çünki böyük Rəsul Rzanı gələcəyə bağlayan tellər o qədər güclüdür ki, bu mümkün deyil.

Sənətkarı yaşadan ilk növbədə, onun hansı bir cəmiyyətdə yaşaması deyil, onu yaşadan əsərləridir. Rəsul Rza müdriklik çağlarından birində yazmışdı:

 

Sabirdən səkkiz yaş böyüyəm,

Koroğludan on dörd yaş.

Ancaq hələ

nə Sabir deyəni

deyə bilmişəm,

nə Koroğlu eləyəni

eləyə bilmişəm.

Deyirəm, bəlkə

çatanda Nizami yaşına

mən də bir şey verə bildim

insanlığın

səadət uğrunda savaşına.

 

İndi qətiyyətlə demək olar ki, Rəsul Rza öz əsərləri ilə "insanlığın səadət uğrunda savaşına" çox şey verə bildi. Milli-mənəvi düşüncənin formalaşmasında digər böyük şairlərimiz kimi, R.Rza da öz sözünü deyə bildi.

 

Bizeni, Motsartı sevən ellərin

Yastı balabanı, tarı bol olsun.

 

Bu sətirlərin müəllifi Rəsul Rzadır. Vaxtilə onu kosmopolitizmdə, nihilizmdə, milli-mənəvi dəyərlərə etinasızlıqda təqsirləndirənlər də olub. Ancaq gün kimi aydındır ki, Rəsul Rza öz xalqına, bu xalqın mənəviyyatına bütün varlığıyla bağlı idi, nəinki "Xalq, Vətən" deyib qışqıranlardan… Mənhus 37-ci ildə və sovet totalitar rejimin qorxusunu hələ də canında, qanında yaşadanlar olub, indi də var. Amma Rəsul Rza "Qızılgül olmayaydı" poeması ilə xalqın varlığına hopmuş qorxuya və vahiməyə müharibə elan etdi.

XX əsr Azərbaycan şeirində (söhbət sovet ədəbiyyatı mərhələsindən gedirsə) novatorluq hadisəsini yalnız Rəsul Rza yaradıcılığı ilə bağlayanlar böyük yanlışlığa yol verirlər. Bu cür düşünənlər ustad tənqidçi Məmməd Cəfərin təbirincə desək, şeirdə novatorluq məsələsinə formalist münasibət bəsləyirlər. Heç şübhəsiz, 30-cu illərin əvvəllərində "sərbəst şeir" yazanları ucdantutma novator şair hesab edirdilər, ancaq unudulurdu ki, novatorluğu şeirin bütün formalarında həyata keçirmək olar. O zaman bu baxımdan Səməd Vurğun şeiri yeniliyilə seçilirdi, Rəsul Rza şeiri . Ancaq Rəsul Rza şeirindəki novatorluğu dünya poeziyasında gedən yeniləşmənin milli ədəbi prosesdə əks-sədasıydı. Bu əks-səda təkcə gənc Rəsul Rzanın yox, həm də M.Rəfilinin, S.Vurğunun və digər gənc şairlərin ilk şeirlərində də qabarıq nəzərə çarpırdı.

Ancaq bu ilk "sərbəst şeir" nümunələri milli poeziyada yad və gəlmə, təsir və təqlid nümunələri kimi qəbul olunurdu. Təsadüfi deyil ki, Mikayıl Rəfili sonralar şeirdən əl çəkdi. Səməd Vurğun isə öz ruhuna doğma olan heca vəzninə üz tutdu. Lakin Rəsul Rza bu yoldan dönmədi, XX əsr dünya poetik hadisəsini Azərbaycan şeirində təbii, qanunauyğun hadisəyə çevirdi. Rəsul Rza bu yolda çoxlu qınaqlarla üzləşdi, tənqidlərə ürcah oldu, kosmopolitizmdə, nihilizmdə günahlandırıldı. Lakin zaman keçdikcə az qala təkbaşına həyata keçirdiyi bu novatorluq cərəyanına sadiq qaldı.

 

Qafiyə var, vəzni var,

Aparın, sizin olsun.

Umu-küsü, ahu-zar!

Aparın sizin olsun!

Bəs mənə?

Mənə də hərdən-hərdən

qoşmabazlar əlindən

təqlidçilər selindən

qafiyəsiz, vəznsiz

yazmağa izn olsun!

 

Rəsul Rza poeziyasında sərbəst şeir bir günün, bir ayın, bir ilin içərisində öz parlaq ifadəsini tapmadığı kimi, şeirdə Rəsul Rza novatorluğu da yalnız müəyyən aylarla, illərlə ölçülü deyil. Mənim fikrimcə, Rəsul Rza novatorluğu onun bütün yaradıcılıq dövrünün hamısına xasdır, lakin 60-70-ci illərdə bu novatorluq öz apogeyi həddinə çatır. Ümumiyyətlə, Rəsul Rza poeziyasındakı novatorluğun mahiyyətini belə ümumiləşdirmək olar.

Rəsul Rza XX əsr Azərbaycan şeirində ilk modernist şairdir. Bu gün qətiyyətlə demək olar ki, o, Azərbaycan şeirində təkcə sərbəst şeirin ilk yaradıcılarından biri kimi deyil, həm bu cür şeirin milli poeziyada ənənəsini yaradan baniyi-kardır, daha doğrusu, o, Azərbaycan şeirində "Rəsul Rza sərbəsti" yaratdı. Və bu yolda Rəsul Rza qətiyyən bəzilərinin düşündüyü kimi, ənənələrə arxa çevirməmişdir, lakin öz yaradıcılığı timsalında davamlı bir ənənə yaratmışdır. Bu məqamda mən Rəsul Rzanın ənənə ilə bağlı bir fikrini xatırlatmaq istəyirəm: "Ənənələri hərarətlə müdafiə edən adamlar nədənsə çox zaman onları yalnız keçmişdə axtarırlar. Keçmişin məişət və ədəbi ənənələrinin hamısını bizim müasir həyatımız və sənətimizin silahı eləmək meyllərinin düzgün olmadığını hələ demirəm. Belə bir sual ortaya çıxır: Ənənə yaratmaq məgər yalnız keçmişin əldəyməz hüququdur? Nə üçün bizim keçmişdən qat-qat maraqlı və zəngin olan həyatımız yeni ənənələr yarada bilməz və yaratmamalıdır? Milli kolorit, şeirin üslubu və cümlələri haqqında da haman sözü demək olar. Belə düşünmək ki, "millətlər nə yarada bilərlərsə, artıq yaratmışlar, sənətdə milli xüsusiyyət isə çoxdan tapılmışdır, burada axtarmalı bir şey yoxdur" - məncə, bu, tamamilə səhvdir.

Bizim həyatımızda, müxtəlif xalqların həyatının bu qədər bir-birilə yaxından bağlı olduğu bir dövrdə, bu xalqların böyük tarixi əməlləri birgə mübarizədə həyata keçirdikləri bir zamanda, onlar elə xüsusiyyətlər kəsb edirlər ki, milli olduqları halda əvvəlkindən daha çox beynəlmiləl ünsürlər daşıyırlar". Məsələ burasındadır ki, vaxtilə Rəsul Rza yaradıcılığından söz açan bir sıra tənqidçilər ancaq forma məsələsindən yapışır, onun məlum 1-2 şeirini xatırladaraq ənənəyə zidd şair kimi qələmə verirdilər. Əslində, Rəsul Rza heç bir zaman heca şeirini gözdən salmağa (onun özü qədər heca şeiri yazıb bunun əksinə, sərbəst şeiri modern, müasir şeir forması kimi üstün hesab etməyə cəhd etməmişdir. Ancaq Rəsul Rza illər boyu poeziyada şablonun, poetik inkişafa mane olan epiqonçuluğun əleyhinə mübarizə aparmışdır.

Rəsul Rza və Azərbaycan poetik ənənələri ayrıca bir söhbətin mövzusudur. Ancaq Rəsul Rza özü də şeirdə bir ənənə yaratmışdır və mənim fikrimcə, Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı ən böyük xidməti - novatorluğu bu ənənə ilə bağlıdır.

Rəsul Rzanın müasiri, unudulmaz İlyas Əfəndiyev yazırdı: "Rəsul Rzanın poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. O, heç bir zaman zahiri gözəlliyə, heç bir zahiri effektə aludə olmayıb. Onun hisslərində bəzən Sabirin incə qəlbi duyulur. O, sözün həqiqi mənasında inqilabçı, novator bir sənətkardır". Rəsul Rza novatorluğunun mahiyyətini həm bu "qılınc kimi kəskin həqiqətlər"də, Füzuli incəliyində Sabir hünərində axtarmaq lazımdır. Əgər füzuli klassik formada - qəzəldə misilsiz bir ustalıq göstərmişsə, lirik "mən" - aşiq obrazının sevgi dünyasından böyük dünyaya bir pəncərə açmışsa, Sabir elə klassik formalarda oyanan əsrin ruhunu ifadə etmişsə, Rəsul Rza həm formada, həm də məzmunda novatorluq etmişdir. Dahi rus tənqidçisi Belinski Puşkinə həsr etdiyi məqalələrinin birində yazırdı: "Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətidə ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin, ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır".

 

Mən istəyirəm:

buludlar ağlasın,

uşaqlar ağlamasın;

analı ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın,

amanlı ya amansız.

Mən istəyirəm:

qapılar qapanmasın,

soyuq olanda hava

gözlər qapanmasın.

Mən istəyirəm

yanğınlar sönsün,

ümüdlər sönməsin.

Meyvələr dəysin öz fəslində

Ürəklərə söz dəyməsin.

… hər şey insana baxsın

insan ələ baxmasın.

…mən istəyirəm

sevinc, səadət bol olsun

Ürəkdən-ürəyə,

ölkədən-ölkəyə

Açıq yol olsun.

 

Bu şeirdə Rəsul Rza şəxsiyyəti XX əsrin böyük humanisti obrazı ilə həmahəngir. Bu böyük humanist "mən kökümlə bu torpağa bağlıyam" - deyir - onun 25 yaşında gəldiyi bu qənaət bütün yaradıcılığı boyu dəyişilməz qaldı. Və beləcə, Azərbaycan torpağı bütün rəngləri, çalarları ilə Rəsul Rza şeirində görünməkdə idi. O, "Qarabağ - baba yurdum" silsiləsində yazırdı:

 

Adım qədimdir,

Xalqımın mübarizə tarixi kimi.

 

Çünki o, erməni tarixçilərinin və millətçilərinin məkrli niyyətlərindən xəbərdar idi. R.Rza bir şeirində Androniki lənətləmişdi, başqa bir şeirini Stepanakertdə "məhkəmədən" sonra vəhşicəsinə diri-diri yandırılmış üç nəfər azərbaycanlıya həsr etmişdir:

 

Burda torpaq yanmışdı qapqara,

Tonqal tüstüsü yayılmışdı

yaxınlara, uzaqlara.

… Keçdi bir neçə gün,

Tonqal yerində çicək əkdilər.

Ancaq deyən olmadı, burda

qırmızı qərənfillər

Tonqaldan qabaq gərəkdilər,

yanıq ət qoxusundan qabaq,

qurbanlıq qoxusundan qabaq.

Soruşan olmadı,

Tonqalı kimlər qaladı,

çicəkləri kimlər əkdi?

 

Bu gün Rəsul Rza poeziyasının "qılınc kim kəskin həqiqətləri" ifadə etdiyindən söz açarkən istər-istəməz onu dahi Sabirlə ruhən doğmalaşdıran mənəvi tellər haqqında fikirləşirsən: "Sabiri çox sevirəm. Bəlkə də, "sevirəm" sözü, hər dəfə bu əziz adı çəkdiyim zaman duyduğum həyəcanı ifadə edə bilmir. Sabir bütün ömrü boyu mənim müəllimim və dostum olmuşdur. Onun şeirlərində elə cəsarət, elə mətanət, elə kədər, elə ağrı, elə təsir gücü var ki, bəzən heyrət edirsən" - Rəsul Rza böyük şairə heyrət və məhəbbətini belə ifadə edir və bu heç də təəccüblü deyil ki, Sabirdən sonra bəlkə də ruhən Sabirə ən yaxın şair Rəsul Rza olmuşdur.

Rəsul Rza poeziyasında dünya necə görünür? Bu sualın ardınca daha bir sual: Rəsul Rza poeziyası dünya poeziyasında necə görünür? Təbii ki, bir-birindən fərqli suallardır. Bu gün poeziyamızda bir dünya obrazı var, lakin əksər hallarda bu obraz mücərrəddir, dumanlıdır. Lakin Rəsul Rza şeirində dünya obrazı bütün görüntüləri ilə canlanır. Rəsul Rza hələ 30-cu illərdə böyük dünyamızda gedən ictimai-siyasi proseslərə laqeyd və biganə qalmırdı, o dövrün inqilabi poeziyasının təsirilə "Çapey", "Almaniya", "Madrid", "Cəlladları durdur" əsərlərini yazdı (təbii ki, oxuduğu yazılardan təsirlənirdi). Lakin böyük dünyamız bütün mənəvi-psixoloji, ictimai-siyasi durumuyla 50-ci illərdən başlayaraq Rəsul Rza şeirində bütün çalarları ilə əks olundu. "Təyyarədə düşüncələr", "Hindistan dəftərindən", "Suriya dəftərindən", "İraq xatirələri", "Yaponiya motivləri", "Praqa xatirələri"… və beləliklə, Azərbaycan şerində Hindistan obrazı, Suriya obrazı, Yaponiya obrazı yarandı. Ancaq Rəsul Rza heç bir şeirində fakta, informasiyaya, məlumata boyun əyən, bu faktları şeirin özəyinə çevirən şair olmamışdır. Rəsul Rza faktı dəyərləndirən, adi bir informasiyanı poeziya həqiqətinə çevirməyi bacaran şair idi. Ədəbiyyatımızda, xüsusilə poeziyada Xirosima faciəsindən az yazılmayıb, ancaq Rəsul Rza bircə "Gözlərin matəmi" şeiri ilə Xirosima obrazını yarada bildi:

 

Nəfəsi qaynar,

Göyləri ulduzlu bir yaydı.

Uşaq pəncərədə oturmuşdu

ana otaqdaydı.

Bir gurultu eşitdilər;

sonra dərin sükut oldu.

Nə göydə bulud,

Nə yarpaqlarda külək…

Tıp, tıp, tıp…

Həyəcanla döyündü iki ürək.

Qız əli ilə ovuşdurdu gözlərini,

dedi: - Ana!

Niyə söndürdün çırağı?

… Ana dinmədi,

dinə bilmədi.

Uşaq qışqırdı:

- Hardasan, ana?

Su tök, qoyma gözlərim yana!

O gündən,

sanki badam gözlərin yaşı,

qara bir matəm olub

çökdü bütün cahana.

Bu qaranlıqda itirdi bir-birini

bala, ana.

… Kəsin, atom sınaqlarını, kəsin!

Bir cüt gözün matəmi

Min-min gözə çökməsin!

 

Dünyanın XX əsr mənzərəsi Rəsul Rza poeziyasında bütün təzadları, fəci və dramatik məqamları ilə əks olunmuşdur desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hətta şairin ayrı-ayrı misraları var ki, bu misralar bütövlükdə dünyanın nəhəng panoramının ayrı-ayrı cizgilərini gözlərimiz qarşısında canlandırır. "Əllər iş istəyir, ağızlar çörək. Ürəyim şan-şan olur belə işsiz əllərlə gördükcə Hindistanı", "Hanı adı dillərdə gəzən qədim Palmira! Hanı uzaq keçmişin ölümsüz abidərəri!" - "Yerdən göyə sükut, kömür, kül qaldı: kündə-kündə filiz, daş, torpaqdan yoğrulmuş eybəcər sima - Xirosima" - "Üfüqdə göy gözlərinin sarı həsrəti. Bir səs: - Oğlum, oğlum! - deyə çağırır Məməti" - "Rotterdamda, meydanda tunc bir heykəl var. İnsan heykəli. Yüz belə heykəl əvəz olarmı bir körpənin qana bulanmış telinə" - "Ağlama, Şərq, ağlama!" Yanğıları göz yaşı söndürməz" - "Bu gecə yenə yatmamışam. Nə başım ağrıyıb, nə xəstəyəm. Məni yatmağa qoymur dünyanın dərdi, torpağın ağrısı" - "dünyanın ortasında … ən böyük meydana da dar ağacı qurulsun, dara çəkilsin burda Mars - müharibə allahı. Kəsilsin yer üzündən insan fəryadı, insan ahı!"

XX əsr Azərbaycan şeirində yalnız üç ədəbi məktəbdən söz açmaq olar: Sabir - "Molla Nəsrəddin" ədəbi məktəbi, Səməd Vurğun və Rəsul Rza ədəbi məktəbləri. Rəsul Rza ədəbi məktəbi 60-cı illərdə formalaşmışdır. Qeyd edək ki, 60-cı illərdə Azərbaycan poeziyası zamanın inkişaf meyllərini, aparıcı tendensiyalarını dərk edib özünü yenidən qururdu. Bu yenidənqurma prosesində təbii ki, eksperimentlər də müəyyən rol oynayırdı. Əlbəttə, eksperimentlərin özünü doğrultmayanları tez bir zamanda sıradan çıxır, dəyərliləri isə ədəbi təcrübə üçün nümunəyə çevrilir. Əgər poeziya öz inkişafının müəyyən mərhələsində artıq bəzi şablonlardan, forma yeknəsəqliyindən, trafaret halına keçmiş bədii təsvir vasitələrindən xilas ola bilirsə, yeni təsvir üsullarına üz tutursa və bu xüsusyyətlər yaşarılıq kəsb edirsə, bunun özü novatorluq deyilmi? Təbii ki, bu yolda müxtəlif maneələr də mövcuddur. Keçmiş ənənədən dördəlli yapışanlar güclü müqavimət göstərir, yeniliklə heç cür barışmaq istəmirlər. 60-cı illər poeziyası sözün yeni ifadə çalarını, obrazlı deyim tərzinin rəngarəng üsullarını aşkarladı. Məlum oldu ki, məsələn, sevginin toranı ola bilərmiş, ölüm sözünün polyar qışı o qədər də əcaib ifadə deyilmiş, necə ki, insan anının bir dost bağında ağaca dönməsi kimi. Məlum oldu ki, gümüşü rəng ilə köpüklü lalələr və dəbdən düşmüş kişi bığı arasında bənzəyiş varmış. Yaxud kabab qoxusu, gecənin tabutuna salınmış örtük, qəssab baltası altına düşmüş kötük, yaralı ov izində qarla sumağı rəng arasında da belə assosiativ bağlar tapmaq olar. Yağış gölməçəsinə "sərçələrin soyuq hamamı" demək heç də qəbahət sayılmamalıdır. Hətta "milyon kilometrlərlə ömür sürmüşəm" ifadəsi də diqqət yetirəndə anlaşılmaz və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən xilas olub əşyalar və hadisələr arasında ilk baxışda nəzərə çırpmayan bu bənzəyişləri görmək və duymaq lazımdır.

Poetik təfəkkür əşyanın və hadisələrin yalnız məlum qatları ilə kifayətlənməyib, burada müxtəlif anımları, bənzəyişləri qavramırsa, bütün bunlar get-gedə şüurda özünə yer tapa bilirsə, onun heç bir qorxusu yoxdur. Albert Eynşteyn bədii təxəyyülün yeganə meyarı kimi abstraksiyanı əsas götürürdü.

60-cı illərin şeirində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. fərdi üslub get-gedə püxtələşir, poeziyada rəngarənglik yaranırdı. Zamanın yeni inkişaf meyllərini, onun aparıcı tendensiyalarını da 60-cı illərdə yazıb-yaradan şairlər eyni üsulla qəbul edə bilməzdilər, zaman hər bir şairin dünyasında eyni cür əks-səda verə bilməz. Məsələn, Rəsul Rza kimi böyük sənətkar 60-cı illərdə bir şair kimi sanki yenidən doğuldu. 50-ci illərdə insana, onun şəxsiyyətinə, mənəvi dünyasına böyük maraq göstərən şair, "altmışıncı illərdə öz poetik ideyasının ifadəsi üçün daha dəqiq və yeni vasitələr tapmaq ehtiyacı duyur" (G.Əlibəyova). Və Rəsul Rza 60-cı illərdən başlayaraq poeziyanın yeni bir tendensiyasını yaradır, cavan şairlərin bir çoxu - Əli Kərim, Fikət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Abbas Abdulla, Camal Yusifzadə - daha sonralar Vahid Əziz, Ramiz Rovşən, Vaqif Bayatlı bu tendensiya ətrafında birləşirlər.

Mürəkkəb ifadə formaları, qeyri-adi və "gözlənilməz poetik obrazlar və assosiasiyalar" - Rəsul Rza poeziyasından söz açan əksər müəlliflər bu qənaətdədirlər. Bu yığcam və son dərəcə dürüst qənaətin Rəsul Rzanın bütün modern şeirlərinə aidiyyatı var. Modern şeir dünyanı, gerçəkliyi yeni poetik təfəkkürlə qavramaq deməkdir. Və modern şair bir əşyaya boylanarkən, hamımızın min dəfə seyr etdiyi bir mənzərəyə, görüntüyə dalarkən bizim üçün tamamilə yeni bir naməlumluq kəşf edə bilər. Rəsul Rzanın müxtəlif illərdə yazdığı şeirlərindən istənilən qədər misal gətirə bilərik ki, onun poetik metaforaları, təşbeh və obrazları yeni idi, təzə idi. Başlayaq "Rənglər" silsiləsindən. Böyük Nazim Hikmət yazırdı ki, "Rənglər" silsiləsində Rəsul Rza bir şair kimi özü-özünü ötüb keçmişdi. Qırx yaşına qədər o, sadəcə yaxşı şair idi. İndi isə böyük şairdir. Daha sonra Nazim Hikmət yazırdı ki, ola bilər onun şeirləri sizin xoşunuza gəlsin, ya gəlməsin, bu sizin öz işinizdir - ancaq onu başqa bir şairlə qarışıq sala bilməzsiniz". Şair (Rəsul Rza - V.Y.) sadə və gündəlik məsələləri elə təsvir edə bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü işığına qərq olur. Axtaran şair xoşbəxtdir. O, həyatın və bizim özümüzün səadətini kəşf edir".

Doğrudan da bu poeziyaya baş vurduqda səndə elə bir inam yaranır ki, XX əsr tarix kitablarından öncə Rəsul Rzanı (eləcə də bizim digər böyük şairləri) oxumaq lazımdır. Təkcə XX əsr yox, bəşəriyyətin keçmişi, bu keçmişin bütün ictimai-siyasi mənzərələri, insanlığın keçdiyi yol Rəsul Rza poeziyasında öz əksini tapmışdır.

 

 

Vaqif YUSİF

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 aprel.- S.2-5.