Sosrealizmə elmi baxış
Ötən
sayımızda xəbər verdiyimiz kimi, Bakı Slavyan
Universitetində xalq yazıçısı Elçinin
"Sosrealizm bizə nə verdi?" kitabının təqdimat
mərasimi keçirilmişdir. Mərasimi universitetin rektoru,
professor Kamal Abdulla açaraq bildirmişdir ki, bu tədbir
"525-ci qəzet"lə birlikdə keçirilir. Slavyan
Universitetinin "Mütərcim" nəşriyyatında
çap olunan, həcmcə kiçik, məzmunca sanballı
bir əsərin təqdimat mərasiminin təəssüratı
inanıram ki, uzun müddət yaddaşlarda qalacaq. Artıq
bir neçə müddətdir ki, kitab çap olunub.
Elçin müəllim görkəmli yazıçı, tənqidçi
olmaqla yanaşı, açıq disputa, açıq
müzakirəyə hazır olan bir insandır. Elçin eyni
zamanda Azərbaycan ədəbiyyatını dünyada təmsil
edən şəxsiyyətdir. O, çoxsaylı əsərləri
ilə oxucuların qəlbini çoxdan fəth edib.
K.Abdulla onu da
diqqətə çatdırdı ki, bu kitab ədəbiyyatımızın,
mədəniyyətimizin, humanitar elmimizin çox böyük
bir dövrünün bugünkü və sabahkı
günümüzə nəyi verdiyini və nəyi verə
bilmədiyini, yəni vermək istəmədiyi ətrafında
diskussiya açır, müəllif həmin məsələləri
şərh edir. O, "Sosrealizm bizə nə verdi?"
kitabını dərs vəsaiti kimi də yüksək dəyrələndirdi.
Dedi ki, kitabda Azərbaycan sovet ədəbiyyatının
şah damarı tutulub, burada bu ədəbiyyatın geniş
panoramı, mənzərəsi var.
İlk söz
universitetin rus ədəbiyyatı və onun tədrisi
metodikası kafedrasının müdiri, ədəbiyyatşünas
Məmməd Qocayevə verildi. M.Qocayev dedi: "Sosrealizm bizə
nə verdi?" kitabında çox vacib bir problem
qaldırılır və onun həlli yolları göstərilir."
Amma bu böyük bir problemdir. Problem ondadır ki, ədəbiyyatşünaslıq
sosrealizmi sovet dönəmində tam qəbul etmişdi. Amma
sovet hökuməti dağıldıqdan sonra sosrealizm tam şəkildə
inkar olundu. İndi bu cərəyana elmi münasibət
lazımdır. Elçin müəllim də bu məsələyə
həmin cəhətdən yanaşır. Əsərdə
qaldırılan məsələlər gələcəkdə
ədəbiyyatşünaslıq tərəfindən
araşdırılmalıdır. Kitabın
üstünlüyü ondadır ki, bu mövzunu
araşdırmaq üçün tədqiqatın səmti,
yönü müəyyənləşdirilib. Elçin müəllimlə
bir məsələdə xüsusilə razıyam ki, sosrealizm
ədəbi metod deyil, bu ədəbiyyata inzibati, siyasi təsir
vasitəsidir. Mən müəlliflə o fikirdə də
razıyam ki, bu səpkili realizm ədəbiyyatımızda
1924-1956-cı illərdə hökm sürmüşdür.
Ali təhsil aldığımız illərdə bizi
inandırmağa çalışırdılar ki, bu realizm az
qala XIX əsrin sonu, XX əsrin əvvəli yaranmış,
sovet dövründə formalaşmışdır.
1924-cü ildən
sonra yaranan sosrealizm ədəbiyyata inzibati, siyasi təsir vasitəsi
olsa da, ədəbiyyat öz gözəlliyini saxlaya bildi. XX əsr
ədəbiyyatı böyük nailiyyətlər qazandı.
Bəs bu nailiyyətlərin mənbəyi harada idi?! Kitab bu
sualı da işıqlandırır."
Universitetin Azərbaycan
ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə
Qeybullayeva çıxışında bildirdi ki, sosrealizm
dövründə çoxlu sayda qəzet və jurnallar
çıxırdı. Onlar vasitəsilə
yazıçlıarımız başqa ölkələrdə
tanınır, xarici yazıçıların əsərləri
isə Azərbaycanda yayılırdı. Sovet İttifaqı
dağıldıqdan sonra isə yazıçı və
şairlərimizin əsərlərini tərcümələr
vasitəsilə yaya bilən və geniş tirajı olan ədəbi
orqan yox dərəcəsindədir.
Çıxışçının fikrincə sosrealizm həm
1920-50-ci illəri, repressiya dövrünü, həm də
60-90-cı illər ədəbiyyatını ehtiva edir. O, sovet
dövrünün müsbət cəhətlərindən biri
kimi uşaq və gənclər ədəbiyyatına göstərilən
qayğıdan söhbət açdı. R.Qeybullayeva
"Sosrealizm bizə nə verdi?" kitabının tələbələrlə
müzakirəsindən də danışdı. Bildirdi ki,
müəllifin bu mövzunu dərindən bilməsinin əsas
səbəblərindən biri də onun hər iki
dövrün - sosializmin və müstəqilliyin şahidi
olmasıdır.
"525-ci qəzet"in
redaktoru Yaşar Əliyev çıxışında dedi ki,
mən "Sosrealizm bizə nə verdi" kitabını bir
neçə dəfə oxumuşam. Onu da qeyd etdi ki,
oxuduğum bir çox romanlar düşüncə
üçün heç bir stimul vermir: "Amma kiçik həcmli
bu kitab bizi günlərlə düşündürür. Mən
onu da deyim ki, Azərbaycanda ən çox oxuyanların
müsabiqəsi keçirilsəydi bəlkə də birinci
yeri Elçin müəllim tutardı. Çünki o, mətbuat
orqanlarında çıxan ədəbiyyatla bağlı
bütün yazıları oxuyur. Neçə-neçə
romanını mütaliəyə itirdiyi vaxta qurban verir. O hətta
bizim haqqımızda yazdığı yazılarında
özümüzə, qələm dostlarımıza məlum
olmayan bəzi məqamları da açıqlayır. Məsələn,
o mənim hekayələrim haqqında yazmışdı ki,
onlarda Vsevolod Qarşinin əsərlərindəki ab-havanı
görürəm. Bu fikir doğrusu məni tutdu.
Çünki, Qarşin mənim xoşladığım
yazıçılardandır. Bunu mənim özümdən
başqa heç kəs bilmirdi. Amma Elçin müəllim
bunu həssaslıqla, ustalıqla duymuşdu. Kitaba gəlincə
isə demək istəyirəm ki, "Sosrealizm bizə nə
verdi?" əsəri çox əhatəli
araşdırmadır.
Əsərdə
təkcə Azərbaycan ədəbiyyatının deyil, sovet ədəbiyyatının
mənzərəsi canlanır. Sosrealizm dedikdə mənim
gözümdə Çernobl hadisələri canlanır. Məlum
olduğu kimi bu hadisədən sonra təbiətdə unitasiya
baş verdiyindən qanadlı pişiklər peyda olmuşdu.
Amma bunlarla yanaşı normal pişiklər də vardı.
Sosrealizm də ədəbiyyatda baş verən unitasiyadır.
Ancaq bayaq dediyim kimi ədəbiyyatda da baş verən hadisələrdə
normal "pişiklər" - çox gözəl ədəbi
əsərlər vardı ki, onları bu gün sevə-sevə
oxuyuruq.
Kitab haqqında
mənim ayrıca qeydlərim var. Bu haqda
danışsam, çox vaxt aparar. Amma bugünkü məclisdə
gəncliyə örnək olan bir məsələyə
toxunmaq istəyirəm. 60-cı illər nəsli bizdə
özündən əvvəlki nəslin, demək olar ki, 180 dərəcə
əksi olub. Tamamilə fərqləniblər. 60-cılar bizdə
ədəbiyyatı ilkin missiyasına - insanı insana
qaytardılar. Ədəbiyyatı ideologiyadan kənarlaşdırdılar.
Amma o da var ki, Azərbaycan ədəbiyyatının
60-cıları özlərindən qabaqkı nəsli həmişə
müdafiə ediblər. Yazıçı həmrəylini
qoruyub saxlayıblar. Ondan sonrakı nəsildə də bu ənənə
olub. Bu mənada həmin kitab da istisna təşkil etmir.
Vaxtilə "525-ci qəzet"də
Elçin müəllimin ədəbi düşüncələri
dərc olunurdu. Mən bu fikirdəyəm ki, "Ədəbi
düşüncələr" 2-3 universitetin verdiyindən
artıq bilik verə bilər. Düzdür,
yazıçını yaratmaq olmaz. Amma ilkin rüşeym, fəhm,
istedad hər bir insanda var. Bu cəhətdən Elçin
müəllimin "Ədəbi düşüncələr"i
yazıçılıq üçün verilən
yığcam, konkret istiqamətlərdir. Çox istərdim
ki, həmin silsilə yazılarla da əlaqədar bir diskussiya
təşkil olunsun. İnanıram ki, "Sosrealizm bizə nə
verdi?" kitabı biz yazıçılara çox şey
verdi."
Universitetin dosenti, tənqidçi Rüstəm
Kamal bildirdi ki, görkəmli yazıçı Elçin
müəllim Azərbaycan ədəbiyyatının problemlərini
zaman-zaman sistemli şəkildə qaldırır,
çünki bu gün Azərbaycan ədəbiyyatı qədər
özünə qayğı istəyən ikinci mənəvi
sərvətimiz yoxdur:
"Elçin müəllimin müzakirəsi
keçirilən bu kitabdan çıxan nəticə də
budur ki, ədəbiyyatımız xalqımızın milli sərvətidir,
onu öyrənmək, onun təsnifatını vermək, onu təftiş
etmək, onu oxumaq lazımdır. XX əsr Azərbaycan ədəbiyyatı,
daha dəqiq sovet ədəbiyyatı, sovet dövrü ədəbiyyatı
adlanır. Roma ədəbiyyatını da bu imperiyaya daxil olan
xalqlar yaradıb. Ona görə də bu ədəbiyyat Roma ədəbiyyatıdır.
İndi bu sovet ədəbiyyatına daxil olan xalqlar və
onların yaratdığı ədəbiyyat sovet ədəbiyyatı
adlanmalıdır. Burada heç bir qəbahət yoxdu. Yəni
Azərbaycan sovet ədəbiyyatı ədəbi dəyər
tariximizin tərkib hissəsidir. O cümlədən ədəbi
keçmişimizə, ədəbi əcdadlarımıza
qayğı ilə yanaşmaq lazımdır. Bu cəhətdən
"Sosrealizm bizə nə verdi?" kitabı ədəbiyyat
tariximizə dialektik yanaşmanın örnəyidir, desəm,
səhv etmərəm. Sovet ədəbiyyatı haqqında
çox deyilib. Bəli, ədəbiyyatın, söz sənətinin
bədəninə sosrealizm adlı bir metod pərçim
olunub. Amma o dövrdə yazıçıların
ödül imkanları, qonorar imkanları da olub. Oxucularla
ünsiyyəti böyük olubdur. İndiki dövr ədəbiyyatımızın
oxucularla ünsiyyəti demək olar ki, sıfra enibdir. Sovet ədəbiyyatını
yaradan şəxslərin, Azərbaycan
yazıçılarının isə Azərbaycan insanı,
toplumu ilə əlaqəsi sıx olubdur. Mən başqa
çıxışçılardan fərqli olaraq,
Elçin müəllimin bu kitabındakı fikirlərlə
dialoqa girərək sovet ədəbiyyatının
işıqlı, müsbət cəhətini görmək istəyirəm.
Çünki onun əyər-əskiyini hamı bilir. Sovet ədəbiyyatı
bir fenomendir - ədəbi fenomen, sosial fenomen, ictimai fenomen.
İndi bu fenomendən öyrənmək lazımdır. Bu tədbirə
gəlməzdən əvvəl İtaliya intibahı ilə
bağlı bir kitabı vərəqlədim. Nə
üçün? Çünki sovet ədəbiyyatı, sovet
mədəniyyəti ilə, intibah ədəbiyyatı
arasında eyniliklər çoxdur. İtalya intibahının ən
böyük ideyası yeni insan ideyası idi. Sovet ədəbiyyatının
da, sovet mədəniyyətinin də ən böyük
ideyası yeni insandır. Gələcəyə yönəlmək,
istiqamət vermək intibah mədəniyyətinin də əsasıdır,
sovet ədəbiyyatının da. Şəxsiyyətin hərtərəfli
inkişafı ideyası intibaha da şamil olunur, sovet ədəbiyyatına,
mədəniyyətinə də şamil olunur. İntibah
estetikasında da kosmoloji və s. ənənələri
güclü idi, sovet ədəbiyyatında da.
Orta əsrlər intibah mədəniyyətində
də yaradıcılıq, yaratmaq təşəbbüsü
yüksək qiymətləndirilir, sovet mədəniyyətində
də elmi-texniki inqilab və s. məsələləri
xatırlasaq sovet mədəniyyətində onu görəcəyik.
Elmlə maarifin sıx əlaqəsi sovet mədəniyyətinə
də, intibah mədəniyytəinə də xasdır. Hətta
başqa oxşarlıq da var. Orta əsirlərdə də
inkivizisiya vardı. Sovet dövründə isə kütləvi
repressiya mexanizmi işləyirdi. İntibah dövründə,
mənim oxuduğum kitablara görə 150 min iblis
("vedma") yandırılmışdı, sovet intibah
dönəmində kütləvi şəkildə insanlar
öldürülmüşdür. Qəribə bir
oxşarlıq ortaya çıxır.
Mən Elçin müəllimin
kitabını oxuyanda belə nəticəyə gəldim ki, ədəbiyyat
tarixi eyni zamanda emosiyaların, obrazların dəyişməsi
tarixidir. Orta əsrlərdə nikbin emosiyalar mədəniyyətin
aparıcı qüvvəsidir. Sovet ədəbiyyatında da
nikbinlik emosiyası mədəniyyət, ədəbiyyat
üçün əsasdır. Hətta, vaxtilə jurnalda
oxumuşdum ki, Qriqori Çukray "Əsgər haqqında
ballada" filminin sonunda qəhramanın ölümünü
təsvir etdiyinə görə onu partiyadan
çıxarmışdılar. Yəni nikbinlik həmin ədəbiyyatın
emosionallıq obrazı idi. Emosiyalar dəyişdiyi
üçün mədəniyyəti, ədəbiyyatı
qavrama da dəyişir. Biz bu məsələlərə bir qədər
qayğı ilə yanaşmalıyıq.
Sonda bir məsələni də
vurğulamaq istəyirəm. Sovet ədəbiyyatına yenidən
baxmaq lazımdır. Çünki oradakı insan dəyişən
insan idi, dövrün insanı idi. BAM-ı, Maqnitaqorskini tikən
insan idi. O cümlədən də, əsərlərin qəhrəmanını
tamaşaçı, oxucu öz qəhrəmanı kimi
yaşayırdı. Özünü onun yerinə qoyurdu.
Sistem kimi yanaşsaq, deyərdim ki, orta əsrlərdə
məlikşüəara vardısa, onun məkanı
saraydısa sonra isə xalq şairi titulu ortaya
çıxdı.
Beləliklə, mən bu qənaətimdən
və "Sosrealizm bizə nə verdi?" kitabından
çıxış edərək demək istəyirəm ki,
ədəbiyyat tariximizi, ədəbi dövrləri sistemli
şəkildə araşdırmaq lazımdır."
Yaradıcılıq fakültəsinin tələbəsi
Günel Rüstəmova bildirdi ki, sovet hökuməti
dağıldıqdan sonra sosializm realizmi inkar olunmağa
başladı. Yəni bu dövrdə əvvəllər qəbul
olunmuş fikirlərə alternativ fikirlər yaranmağa
başladı. Elçinin bu kitabında sosrealizmin mənfi cəhətləri
ilə yanaşı müsbət cəhətləri də
araşdırılır, irəli sürülür. Amma biz
sosrealizmin müsbət cəhətlərini araşdıranda
son dərəcə diqqətli olmalıyıq. Sosrealizm Azərbaycan
ədəbiyyatının genində olmasa da həmin dövrdə
kitaba böyük maraq vardı. Amma deyilir ki, sovet rejimi
dağıldıqdan sonra kitaba maraq ölüb. Bizi onda
günahlandıra bilər ki, az oxuyuruq. Bu cəhətdən
bugünkü tədbir böyük əhəmiyyət
daşıyır və göstərir ki, sovet rejimi
dağıldıqdan sonra kitaba maraq heç də ölməyib.
Bakı Dövlət Universitetində təcrübə
keçən rusiyalı tələbə Dəmir
İzmayılov bildirdi ki, belə görüşlər onda və
tələbə yoldaşlarında Azərbaycanın zəngin
mədəniyyəti və ədəbiyyatı ilə
tanış olmaq üçün böyük imkan yaradır.
Universitetin professoru Bədirxan Əhmədov
çıxışında dedi: Müzakirəsinə
toplaşdığımız "Sosrealizm bizə nə
verdi?" kitabını ayrı-ayrı auditoriyalarda artıq
bir neçə vaxtdır ki, müzakirə edirik. "Tələbələrimiz
bu əsərlə tanışdırlar. Qeyd etmək istəyirəm
ki, bu əsər ciddi əsərdir, Elçin müəllim də
uzun müddətdir ki, ədəbi tənqiddə,
yazıçı kimi də ədəbi prosesdədir. Bu sənətkar
haqqında danışarkən yazıçı-tənqidçi
terminini, istilahını işlətmək zəruridir.
Elçin müəllim daim mübahisəyə, müzakirəyə
səbəb olan məqalələrlə mətbuatda
çıxış etməkdən çəkinmir. Bu məqalə
mövzunun qoyuluşuna görə, nəzəri üslubuna
görə, problemlərin həllinə görə müzakirə
obyektinə çevrilir.
"Sosrealizm bizə nə verdi?" əsərinə
gəldikdə isə demək istəyirəm ki, kitabda
postsosializm dövründə sosializm ədəbiyyatına
münasibət bildirilir. Mənə elə gəlir ki, sosrealizmə
elmi baxışda bu əsər bizə çox şey verir.
"Sosrealizm bizə nə verdi" əsərində
sosrealizm bir kompleks halında götürülür, eyni
zamanda burada sosrealizmin ayrı-ayrı mərhələ və
dövrləri nəzərdən keçirilir. Sovet sistemi ilə
sosrealizmin bir-biri ilə adekvat olmadığı aşkara
çıxır. Bu cəhətdən də əsər
böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, demək
istəyirəm ki, sosrealizmin ilk mərhələsində,
yaxud da son mərhələsində xeyli dərəcədə
səhvlər olub. Bunlar da kitabda öz əksini tapıb.
Mənə elə gəlir ki, "Sosrealizm
bizə nə verdi" əsəri bir çox tədqiqatlara,
araşdırmalara bir stimul, yeni istiqamətlər verdi. Bu cəhətdən
mən "Sosrealizm bizə nə verdi" kitabını
müasir dövr ədəbiyyatşünaslığımızın
ən yaxşı əsərlərindən biri hesab edirəm.
İnanıram ki, bundan sonra sosrealizm haqqında tədqiqatlar
daha geniş araşdırılacaq."
"525-ci qəzet"in əməkdaşı
Şəfəq çıxışında qeyd etdi ki,
Elçin müəllimin yazdığı bu kitabla sovet
dövründə yazılan ədəbiyyata birmənalı
fikirlər, birmənalı neqativ münasibət dəyişildi.
Bir məsələyə də toxunmaq istəyirəm
- sovet dönəmində tərcümə məsələsinə.
Çünki həmin dövrdə tərcümə əsərləri
kifayət qədər böyük auditoriyalara çata
bilirdi. Elçin müəllimin bundan əvvəl dərc
olunmuş "Azərbaycan ədəbiyyatında nə
baş verir?" məqaləsi də "Sosrealizm bizə nə
verdi" kitabındakı kimi suallar üzərində qurulub,
dəqiq diaqnozlarla həll olunub.
Tərcümə kafedrasının
müdiri Etimad Başkeçid Rüstəm Kamalın
çıxışına münasibət bildirərək
dedi ki, düzdür müəyyən anlarda tarix təkrarlanır.
İntibah dövrünün prinsipləri ilə sovet
dövrünün prinsipləri arasında müəyyən
oxşarlıq var. Amma Sovetlər Birliyi dağılandan sonra
biz sosrealizmə birmənalı şəkildə mənfi qiymət
verdik. İndi qorxum odur ki, birdən-birə deyək ki,
sosrealizm ədəbiyyatımıza, mədəniyyətimizə
gözəlliklər bəxş edib. Şübhəsiz bu da
yanlış qiymət olardı.
Çıxışçının
fikrincə sosrealizmə birtərəfli deyil
araşdırıb mənfi və müsbət cəhətləri
ilə qiymət vermək lazımdır. Bu cəhətdən
o, "Sosrealizm bizə nə verdi" kitabının müəllifi
ilə həmrəy olduğunu bildirdi.
AMEA-nın birinci vitse-prezidenti Arif
Haşımov 60-70-ci illərdə fəal oxucu olduğunu, əksər
yazılanlara inandığını diqqətə
çatdırdı. Bildirdi ki, indiki gəncliyin də həmin
dövrdə yazılmış əsərlərin
hamısına inanmadığından, dövrü hiss edə
bilməyəcəklərindən çəkinirdim. Amma
çıxışlardan hiss etdim ki, o dövrü hərtərəfli
görə bilirlər.
Prof. Rəhilə xanım Quliyeva qeyd etdi
ki, "Sosrealizm bizə nə verdi" əsərində
vacib, unikal məsələlərə toxunulub, sosrealizmin
ideoloji qurumla münasibəti araşdırılıb.
Elçin müəllim bildirir ki, sosrealizm birmənalı
baxış deyil. Bunun ədəbiyyatımızda təzahürü
də birmənalı olmayıb. Sosrealizm mövzuya müəllifin
mövqeyini irəli çəkirdi. Müəllifə
yanaşma mövqeyindən də bu əsər mühüm əhəmiyyət
kəsb edir. Bu cəhətdən bizim nəzəriyyə
fakültəsi üçün bu kitab böyük əhəmiyyət
kəsb edir."
Ədəbiyyatşünas alim Tehran Əlişanoğlu
çıxış edərək dedi: "Sosrealizm bizə nə
verdi" kitabındakı problemlərlə tədris prosesində
həmişə üzləşməli oluruq. Bu gün
sosrealizmə qayıdıb onu yenidən araşdırmaq
problemi aktuallıq kəsb edir. Ancaq biz bu müzakirələrə
diqqət etsək bir məqamda diqqətli olmalıyıq. Bu
da ondan ibarətdir ki, sosrealizm bir hadisə kimi keçən əsrin
20-30-cu illərində XX əsrin inqilabi stixiyasından yeni ədəbiyyat
yaratmaq stixiyası kimi daxil olub. Bir də ondan sonrakı
30-50-ci illərdə olan sosrealizm adını almış bir
məslək var. Burada elmi səhvə yol vermək olmaz.
Rüstəm Kamalın intibah dövrü ilə müqayisəsini
ötən əsrin 20-ci 30-cu illərin ortalarına kimi olan
illərlə müqayisə etmək olar. 30-cu illərin
sonundan 50-ci illərin ortalarına kimi isə inkvizisiya qalib gəlirdi
və başqa bir sovet ədəbiyyatı meydana
çıxırdı. Müzakirə olunan kitabda ədəbiyyata
qayıdış dövrü olan 60-80-ci illər çox
doğru olaraq sosrealizm çərçivəsidən
çıxarılır. Bu dövrdə
Yazıçıların qurultaylarında "Sosrealizm" kəlməsi
yalnız ideologiya kimi səslənmişdir.
Yazıçılar əsərlərini yazanda sosrealizmi
görmürdülər. Elçin müəllimin əsərində
qaldırılan məsələlər universitetlər
üçün zəruridir. Amma əvvəl dediyim fikri bir
daha təkrarlayıram ki, bu məsələ
Yazıçılar Birliyində də müzakirə olunsa
idi daha yaxşı olardı. Çünki bu Birlik canlı ədəbi
proseslə məşğuldur.
Professor Flora Hacıyeva dedi ki, məni ilk
növbədə kitabın adı cəlb etdi. Müəllif
"Sosrealizm bizə nə verdi" - deyir. Amma bəziləri
"sosrealizmə görə nə itirdik" - deyirlər. Mən
ədəbiyyat nəzəriyyəsindən dərs deyən
bir müəllim kimi belə bir fikirlə razıyam ki,
sosrealizm realizmin bir hissəsidir. Ondan qabaq maarifçi realizm
olub, ondan sonra postrealizm olub. Daha dəqiq desək sosrealizm min
illər tarixi olan realizm metodunun bir hissəsidir. Ona görə
sosrealizmi bütünlükdə silib atmaq olmaz. Bu cəhətdən
bu kitabın bizə böyük köməyi olacaq. Bizim
magistraturada ədəbi-tənqid proqramı var. Onun bir sahəsi
də yazıçı tənqididir. 20 əsrin
yazıçı-tənqidi fənninin tədrisində
"Sosrealizm bizə nə verdi?" kitabının
böyük köməyi olacaq.
Ədəbiyyatşünas Nizami
Tağısoy çıxışında qeyd etdi ki, bu
kitabın maraqlı məqamları var. Həmin məqamlardan
bizim ədəbiyyatşünaslığımız, fikir tariximiz
də bundan sonra istifadə edəcək. Kitabda sosrealizmin bizə
nə verdiyini və aldığını çox
yerli-yataqlı, konkret faktlarla sübut edilir. Əsərdən
aldığım təəssürat belədir ki, sosrealizmin ədəbi-estetik
metod kimi bizdən aldığı daha çoxdur.
"525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid dedi: - Bizim qəzetlə Elçin müəllim
arasında sıx əməkdaşlıq mövcuddur. Hər
dəfə Elçin müəllim bizə əsər
göndərəndə onu oxuyub hədsiz zövq alıram. Bu
əsərlər həm də Azərbaycan ədəbiyyatına,
ədəbiyyatşünaslığımıza çox
lazımdır. Xüsusən, gənclərə. Elə
bugünkü məclis də bunu təsdiqləyir. Mən
hesab edirəm ki, təqdim olunan kitabda çoxlu informasiya var və
düşünürəm ki, gənc ədəbiyyatşünasların
ondan bəhrələnməsi vacibdir. Özü də
informasiya o dövrün mənzərəsini verir. Məsələn,
sovet dövrü haqqında bədii əsər yazan bir
yazıçı öldürülür, sürgünə
göndərilir, o birinə orden verilir. Və yaxud sovet
dövründə yaranmış hansı ədəbiyyatı
oxumaq, hansı bədii-estetik meyarlarla kitablara yanaşmaq yolunu
göstərir. "Molla Nəsrəddin" və "Fyuzat"
məktəblərinin bu gün bizə gəlib çıxan
müzakirələrini də çox vacib, maraqlı hesab edirəm.
Müzakirələr açmaq üçün "Sosrealizm
bizə nə verdi" kitabı böyük imkanlar
açır.
Elçin müəllim elə bir şəxsiyyətdir
ki, həm ədib, həm dövlət məmuru kimi öz sahəsində
gördüyü işə nüfuz gətirir. Mən onun ədəbiyyatşünaslıqla,
filologiya ilə bağlı yazılarını oxuyanda
içərimdə gənclik illərimlə bağlı bir
nisgil keçir. Mən filoloq olmaq istəyirdim, amma jurnalist
oldum. Bu əsəri oxuyandan sonra gənclik illərindəki həmin
o hissi keçirdim ki, bu dünyada ən gözəl sənət
filoloq olmaqdır.
Sonda xalq yazıçısı Elçin
mərasimə toplaşanlara və təşkilatçılara
təşəkkürünü bildirərək dedi: - Elanda
bu məclis təqdimat kimi verilmişdi. Amma gedişat göstərdi
ki, bugünkü məclis daha artıq müzakirə kimi
keçdi. Bu gün mənim içimdə rahatlıq hissi ilə
yanaşı fəxarət hissi də var. Yadıma
düşür ki, 70-ci illərin ortaları idi,
Yazıçılar İttifaqının katibi idim. Məsələ
qaldırmışdım ki, nəşriyyatlarda ədəbiyyatla
bağlı kitablar bizdə müzakirə olunub sonra nəşriyyatların
planına daxil edilsin. O zaman mən mətbuatda maraqlı
yazılar müəllifinə rast gəldim. Axtarıb o
adamı tapdım. Həmin cavan oğlan mənim təklifimlə
məqalələrini yığıb gətirdi. Biz o
kitabı çapa məsləhət bildik. O kitabın
redaktoru oldum, həmin kitaba ön söz də yazdım. O
imzanın sahibi tənqidçi, bu gün Bakı Slavyan
Universitetinin rektoru, hörmətli Kamal müəllim idi. Buna
görə də insani fəxarət hissi keçirirəm.
Çünki Kamal müəllim bu gün artıq görkəmli
bir yazıçı, tənqidçi, tədris təşkilatçısıdır.
Eyni zamanda bir-iki il bundan əvvəl
eşidəndə ki, əziz dostum Rəşad Məcidin
oğlu artıq universiteti bitirib - mən zamanın sürətinə
heyrət etdim. Rəşad mənim təsəvvürümdə
həmişə cavan, gənc, beyni, düşüncəsi ədəbiyyat,
sənət sövdası ilə dolu bir insan, ədəbiyyat
sənət təəssübkeşidir. Mən sevinirəm ki,
o, bu gün Yazıçılar Birliyinin gənclər üzrə
katibidir, "525-ci qəzet"i nəşr edir, Yaşar kimi
istedadlı gəncləri ətrafına toplayır. Mən bu
iki dostumun ikisinə də təşəkkürümü
bildirirəm ki, bu müzakirəni təşkil ediblər.
Mənim bu kitabım "525-ci qəzet"də
və "Ədəbiyyat qəzeti"ndə silsilə məqalələr
şəklində nəşr olunandan sonra elmi-ədəbi əhval-ruhiyyə
yaratdı. Mən bu yazılara olan marağı onun keyfiyyətindən,
ehtiva dairəsindən, səviyyəsindən daha artıq dərəcədə
bu mövzunun aktuallığı ilə izah edirəm. Öz
aləmimdə düşünürəm ki, düz eləyib
yazmışam, düz eləyib vaxt sərf etmişəm. Bu
mövzu doğrudan da son dərəcə aktual bir mövzudur.
Onu da deyim ki, kitabın ilk müzakirəsi Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutunda keçirildi.
Mənim fikrimcə, sosrealizm ədəbiyyata
təbii şəkildə gəlməyib. O, ədəbiyyata,
sənət aləminə inzibati yollarla gətirilib.
İnzibati yollarla da yüksək ideoloji mərtəbəyə
qaldırılıb. Mütəxəssislər bilirlər ki,
sosrealizm termini bir qədər sonra yarandı. İlk əvvəllər
ona inqilabi realizm, proletar realizmi, ideyalı realizm deyilirdi.
1932-ci ildə Qorkinin evində Stalinlə Qorkinin
görüşü olur. O görüşə Aleksey Tolstoyu
və dövrün digər görkəmli
yazıçılarını dəvət edirlər. Orada ilk
dəfə Stalinin dilindən "Sosializm realizmi"
sözü çıxır və sonradan bu söz ədəbi
terminə çevrilir. Yəni ilk dəfə bu söz
diktatorun dilindən çıxır. Daha doğrusu, bu termin sənətdən
gəlməyib, sənət adamlarının təfəkküründən
doğmayıb. Ona görə də bir-biri ilə simvolik surətdə
səsləşirlər. Sovet İttifaqı sizə məlum
olduğu kimi qapalı, birpartiyalı cəmiyyət idi. Bu
birpartiyalılıq prinsipi sosrealizmi ədəbiyyata gətirdi.
Yəni özündən başqa digər ədəbi cərəyanı
yaxına buraxmadı. Burada çıxış edənlər
bunu qeyd etdilər. Mən bunu Azərbaycan ədəbiyyatı,
incəsənəti üçün bir itki hesab edirəm. Məlum
olduğu kimi ədəbiyyatımız qədim olsa da,
dramaturgiyamız XIX əsrdə yarandı. M.F.Axundov
dramaturgiyası Azərbaycan ədəbiyyatının milli
faktoruna çevrildi və Axundovdan sonra gələn az
yazıçı tapmaq olar ki, dramaturgiya sahəsində qələmini
sınamasın. Və sosrealizm dövründə bu janr
çox inkişaf etdi. Müxtəlif dramlar, böyük əsərlər
yarandı. Amma tutaq ki, absurd teatr tamamilə kənarda
qaldı. Bu ümumi bir naqislik gətirirdi. Bunun səbəbi
ondan ibarət idi ki, meyarlar dəyişmişdi. Yəni bədii
ədəbiyyata verilən qiymət bədiiyyatın,
estetikanın meyarları deyildi. Siyasi-inzibati meyarlar idi.
Bu səbəbdən də sosrealizmdə
eybəcər hadisələr baş verirdi. Sosrealizm hakim
ideologiyanın başının üzərində duran
qüvvə kimi təyinatlar aparırdı. Məsələn
sən türkmən Verdi Kerlabayev, deyək ki, böyük
sovet yazıçısı vəzifəsinə təyin
olunursan. Yaxud sən özbək yazıçısı Kamil
Yaşen istedadlı sovet dramaturqu vəzifəsinə təyin
olunursan və s. Düzdür, bunun özündə də bir
paradoks vardı. Məsələn, hakim idelogiya Səməd
Vurğunu görkəmli şair vəzifəsinə, Mixail
Soloxovu və Çingiz Aytmatovu görkəmli
yazıçı vəzifəsinə təyin etdi. Amma Səməd
Vurğunun, Şoloxovun, Aytmatovun istedadı bu təyinatların
çərçivəsini dağıtdı, ondan kənara
çıxdı. Onların öz istedadları özlərinin
böyüklüyünü təsdiq etdi. Bu baxımdan, mən
yazıram ki, "Azərbaycan" şeri dillər əzbəri
oldu, sosrealizm bunun qarşısını almadı.
Düzdür, "Azərbaycan" şerinin ilkin
variantında partiyanın da, Stalinin də adı var və s.
Amma, "Azərbaycan" oxucusu bu şeri ona görə əzbərləmirdi
ki, orada partiyanın adı, ya Stalinin adı çəkilir.
Azərbaycan oxucusu bu şeri ona görə əzbərləyirdi
ki, burada söhbət milli varlıqdan gedir, söhbət Azərbaycandan
gedir. Sosializm realizmi bunun qarşısını almadı,
dözdü. Halbuki bunun qarşısını ala bilərdi.
Məsələn, Mikayıl Müşfiq Stalin haqqında
poema yazdı. 1937-ci ildə Yazıçılar
qurultayında Əli Nazim çıxış edərək
bildirdi ki, Müşfiq Stalin mövzusu arxasında gizlənib.
Sosrealizmin paradoksu onda idi ki, istedadlı şair Mikayıl
Müşfiqi də, istedadlı tənqidçi Əli Nazimi
də həbs edib, güllələdilər. Dediyim ondan ibarətdir
ki, burada hamı o fikirə gəldi ki, sosrealizmə birmənalı
qiymət vermək olmaz. Bunu nə tam şəkildə qara
boyalarla boyamaq olar, nə də tam şəkildə cəhrayı
boyalarda göstərmək olar. Burada yaxşıya
yaxşı, pisə pis demək lazımdır. Sosrealizmin
unutduğu meyarlarla sosrealizm dövrünün ədəbiyyatına
qiymət vermək lazımdır. O meyarla ki, onu sosrealizm
işlətmirdi. Sosrealizmin klassik əsəri elan olunmuş "Sakit
Don"a biz sosrealizmin işlətmədiyi meyarlarla
yanaşanda görürük ki, bu roman təkcə XX əsr
rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının
şedevrlərindən biridir. Amma sosrealizmin qəbul etmədiyi
"Peterburq" və "Master və Marqarita"
romanlarına baxanda görürük ki, bunlar da böyük
bir rus romanlarıdır. Bunu bu gün biz qiymətləndirməyi
bacarmalıyıq.
Bu gün Rüstəm Kamalın sosrealizmi
intibah dövrü ilə müqayisə etməsi mənim
üçün gözlənilməz idi. Amma mən prinsip
etibarı ilə o fikirlə razıyam ki, sosrealizmdə bir
intibah əhval-ruhiyyəsi də vardı. Sosrealizm
dövründə nailiyyətlərimizi mən kitabda
yazmışam. Amma sosrealizmdə ən böyük nailiyyəti
Azərbaycan ədəbi-bədii dilinin formalaşması oldu.
Onun bu günkü səviyyəsi oldu. Görün 50 ildə ədəbi-bədii
dilimizdə nə qədər inkişaf var. Ötən əsrin
20 -ci illəri ilə 70-ci illər ədəbiyyatının
dilinə leksik baxımdan, sintaksis baxımdan baxsaq, nə qədər
inkişafın şahidi olarıq. Bir sözlə sosrealizmə
bir mənalı yanaşmaq olmaz. Sosrealizm bir paradoksdır.
Burada sovet ədəbiyyatı termini
işləndi. Əgər sovet ədəbiyyatı varsa, onda
sovet dili hanı? Ədəbiyyatın ən başlıca
faktoru, meyarı dildir və yaxud sovet ədəbiyyatı
dedikdə bu nə dərəcədə o dövrdəki ədəbiyyatı
ehtiva edir. Əgər sovet ədəbiyyatı varsa onda eston ədəbiyyatı
ilə Azərbaycan ədəbiyyatının koloriti bir-biri ilə
nə dərəcədə uyğun gəlir? Halbuki sovet ədəbiyyatı
deyilən bir şey varsa onda onun ümumi bir kaloriti
olmalıdır, ümumi bədii-estetik aurası
olmalıdır. Bu haqda fikirləşmək lazımdır...
Mən Kamal müəllimin çıxışındakı
nikbinlik məsələsi haqqında da demək istəyirəm.
Bu nikbinlik o zaman məni qane edərdi ki, bu təbii nikbinlik
olaydı. Yəqin siz bilirsiniz ki, XIX partiya qurultayında
Malenkov məruzəsində şişirdilmiş tiplərdən
danışırdı. Yəni ədəbiyyata nikbinlik gətirmək
lazımdır. Sosrealizm elə bir hadisədir ki, bunu oturub
axıra qədər mübahisə etmək olar. Və bəzi
hallarda kimin doğru olduğunu, yaxud olmadığını,
mübahisə edənlərin səviyyəsindən
asılı olmayaraq, təyin etmək çətindir. Ona
görə bizim ədəbiyyatşünaslıq elmimiz, ədəbi
tənqidimiz bunu ciddi şəkildə öyrənməlidir.
Bütünlükdə, ədəbiyyat
istedadın ifadəsidir. Yazıçı ağ vərəqdə
özünü ifadə edir. Əgər istedad
güclüdürsə onda yazıçı özü ilə
birlikdə xalqını ifadə edir. Yəni ədəbiyyat
eyni zamanda xalqın özünün ifadəsidir.
Yazıçı
çıxışının sonunda sosrealizm dövründə
istedadsız müəlliflərin mövzu arxasında gizləndiklərini
bildirdi. Təəssüf hissi ilə qeyd etdi ki, bu həmin
proses bu gün də mövcuddur.
"Sosrealizm bizə nə verdi"
kitabının müəllifi, Xalq yazıçı
Elçin çıxışını gənclərin həqiqətə
qovuşması, onu tapması üçün kitab oxumağa,
mütaliəni sevməyə səslədi.
Müzakirəni BSU-in rektoru Kamal Abdulla
yekunlaşdırdı.
Hazırladı:
Atababa İsmayıloğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 1 aprel.-S.3.