Yenə yada düşdü bizim tərəflər

         

Unudulmaz Səməd Vurğunun anadan olmasının 105-ci ildönümü münasibətilə sənətsevərlər Fəxri xiyabanda böyük şairin məzarını ziyarət etdilər. Yenə də ilk olaraq yada düşən ustadın, sənətkarın könül pıçıltıları oldu:

 

Hər fikirli qəbir daşı

Elə bil ki, bir insandır.

Göz yumaraq yerə, göyə -

Qərq olmuşdur düşüncəyə…

 

Təsəlli o idi ki, yazdıqları ağız-ağız, el-el, ölkə-ölkə dolanır, könüllərdə yaşayır.

Səməd Vurğunun ev muzeyi Səməd Vurğun Fondunun təşəbbüsü ilə keçirilən mərasim şairin ev muzeyində davam etdirildi. Tanınmış şairlərdən İlyas Tapdıq, Oqtay Rza ustad sənətkarın bənzərsiz şəxsiyyətindən, ölməz sənətindən söz açdılar.

Xalq şairi Nəriman Həsənzadə S.Vurğun dühasının, fəhminin qüdrətini dilə gətirdi: "Ömrünün cavan çağlarında Səməd Vurğun sanki gələcəkdə dünyaya göz açacaq nəvəsi Aygünün mübarizə, tale durumunu fəhmlə yaşaya-yaşaya "Aygün" poemasını yazdı. Hələ dünyaya göz açmamış nəvənin adına sənət heykəli yapdı. İndi baxıram, bir vaxt xəyalən adı qoyulan nəvə - Aygün xanım Səməd Vurğun ocağına, Səməd Vurğun sənətinə sahiblik edir. Bu, Yaradanın və sənətkar duyumunun heç cür izahı mümkün olmayan harmoniyası, qanunauyğunluğudu".

Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy mərasimdə S.Vurğun yaradıcılığının özəlliklərindən ətraflı söz açdı, məktəblilərin dilində şairin şeirlərindən nümunələr səsləndi. Səməd Vurğun ev muzeyinin direktoru, şairin nəvəsi Aygün Vəkilova babasının xatirəsini əziz tutan Türk dünyasına, Azərbaycan xalqına dövlətinə, "Qazax" Xeyriyyə Cəmiyyətinə dərin təşəkkürünü bildirdi.

Ertəsi gün - martın 22-də anım mərasimi böyük şairin ana yurdunda - Qazaxda davam etdirildi. AYB-nin Qazax bölməsinin sədri, şair Barat Vüsal, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy professor Qurban Bayramov, şair Ələmdar Bayramov Yuxarı Salahlıdakı Poeziya evinin qarşısında çıxış edərək şairin ölməz sənəti ilə bağlı fikirlərini bölüşdülər, Yuxarı Salahlı kənd orta məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya səsləndirildi, telli saz dilə gəldi.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 aprel.- S.1.