Nəsildən nəslə - nəsrdən
nəsrə...
Ötən sayımızda AYB-nin Natəvan
klubunda keçirilən nəsr üzrə müzakirələrdə
yazıçı İlqar Fəhminin məruzə ilə
çıxış etdiyini xəbər vermişdik. Məruzə
ətrafında AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca,
Yazıçılar Birliyinin katibi, xalq
yazıçısı Çingiz Abdullayev, Birliyin gənclər
üzrə katibi Rəşad Məcid, "Azərbaycan"
jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi
Əsəd Cahangir və başqaları çıxış
edərək fikirlərini bölüşmüş, məruzəni
əhatəliliyinə görə dəyərləndir-mişlər.
Müzakirələri AYB-nin sədri,
xalq yazıçısı Anar
yekunlaşdırmışdır.
Qloballaşma və...
Yeni
minilliyin başlanmasından artıq on il keçsə də,
ədəbiyyatımızda iyirmi birinci əsr
ab-havasının hiss olunması məhz 2005-ci ildən sonra
başladı. Bu, ilk növbədə ölkənin sürətlə
internetləşməsi, virtual məkanın cəmiyyətimizin
bütün təbəqələrin əhatə etməsinin nəticəsiydi.
Qlobal hörümçək toru Azərbaycan ziyalısına
heç bir senzuranın filtrindən keçmədən
birbaşa dünya mədəniyyəti və əbədiyyatıyla
tanış olmaq imkanı verdi. Düzdü, bu proses hələ
yeni minilliyin ilk illərindən başlanmışdı, lakin
məhz son 4-5 ildə əyalətlərdən tutmuş
paytaxta qədər ölkənin bütün təbəqələrini
əhatə edə bildi. Bununla da əvvəlkilərdən
köklü şəkildə fərqli ədəbiyyatın
yaranmasına doğru böyük bir addım
atılmış oldu. Lakin bu fərqli ədəbiyyatın əvvəlkindən
üstün, yaxud əskik olacağını indidən demək
çətindir. Bunu zaman göstərəcək.
Bu dövrdə
yaranan irili-xırdalı nəsr nümunələrini təqribi
olaraq bir neçə istiqamətdə araşdırmaq
mümkündür. Yuxarıda haqqında
danışdığımız dəyişikliklərin
başlanmasına baxmayaraq, hələ də bizim nəsrimizdə
realizm hakim mövqedə duraraq qalır. Postmodern, modern,
sürreal, absurd və sair bu kimi cərəyanlara mənsub qələm
sahibləri hələ də kəmiyyət baxımından azlıq
təşkil edir ki, bunun da obyektiv səbəbləri var. Avropada bu düşüncə sistemlərinin
yaranması və ədəbiyyata da sirayət etməsi
iyirminci əsrdə Qərbdə gedən ictimai-siyasi təbəddülatlarla,
qısa zaman kəsiyində iki dağıdıcı dünya
müharibəsiylə, milyonlarla insanın ruhən və cismən
şikəst olmasıyla və sair bu kimi proseslərlə
bağlı idi. Lakin Azərbaycan həmin dövrdə
bütün bu proseslərdən müəyyən mənada kənarda
qalmışdı. Dünyanı bizim ziyalıların nəzərində
absurd, sürreal həddə çatdıran ictimai-sosial hadisələr
baş verməmişdi.
Amma bu o demək
deyil ki, bizdə sadəcə səthi, birtərəfli realizm
hökm sürüb. Yox, bizim ədəbiyyatda psixoloji realizmdən
tutmuş magik realizmə qədər bu janrın demək olar
ki bütün istiqamətlərində dəyərli əsərlər
yaradılıb.
Bu
məruzə məhz son beş ilin nəsrinə həsr
olunduğuna görə bu dövrdə yaranan realist əsərləri
nəzərdən keçirəndə görürük ki,
nisbətən yaşlı nəslə mənsub olan realist
nasirlərimiz daha çox ənənə mühafizəçisi
kimi çıxış edərək realizmin bütün
kanonlarını cidd-cəhdlə qoruyub saxlamağa və gələcək
nəslimizə çatdırmağa çalışır,
orta nəsil realist yazıçılarımız isə
realizmin müxtəlif istiqamətlərində qələmlərini
sınayır, istər mövzu, istər süjet, istərsə
də stilistika baxımından çoxsaylı
eksperimentlər yoluyla realizmin yeni çalarlarını kəşf
etməyə çalışırlar.
Mövzu
baxımından da müasir psixoloji nəsrdən tutmuş
tarixi tematikaya qədər müxtəlif mövzuları əhatə
edən dəyərli əsərlər yaradılıb. Əvvəlki
illərlə müqayisə edəndə görürük ki
vətənpərvərlik mövzusu, Qarabağ faciəsi və
bu faciənin konkret
insan talelərində, xarakterlərində əksi yenə də
nəsrimizdə əhəmiyyətli yer tutur. Lakin bu mövzu
daha çox orta və yaşlı nəslin əsərlərində
özünü qabarıq göstərir. Gənc
nəslin yaradıcılığında isə əsasən
sosiumdakı mənəvi-ruhani boşluq, qloballaşma şəraitində
və istehlak cəmiyyətində insan həyatının, ələlxüsus
da düşünən bir insan həyatının mənasızlığı,
çıxılmazlıq hissi daha çox özünü
büruzə verir.
Ümumilikdə
haqqında danışacağım əsərlərin nə
qədər uğurlu, yaxud uğursuz olduğunu, hansı bədii
keyfiyyət dərəcəsinə malik olduğunu müəyyənləşdirmək
tənqidçilərin, ən əsas da zamanın işidi. Mənsə
yalnız ümumi mənzərəni canlandırmağa
çalışacağam.
Adlar, əsərlər
Bəs son
beş ildə Azərbaycan oxucusu ədəbi mətbuatda
realist nasirlərimizin hansı əsərlərilə
tanış olmaq imkanı əldə edib?
-
İyirmi il əvvəl "İdeal" romanında ortaya
qoyduğu kosmoqonik-mistik fərdi
dünyagörüşünü yenə də müxtəlif
formalarda davam etdirən İsa Muğannanın son dövrlərdə
dərc olunan "Cəhənnəm", "Qəbiristan"
, "Gür-ün" povestləri və hekayələri;
-
indiki nəsil üçün uzaq görünsə də,
altmışıncı illərdə bizim
ziyalılarımıza çox doğma olan,
xalqımızın şüurunda türklüyün,
türkçülüyün bir simvolu kimi qalan Nazim Hikmətlə
bağlı xatirələrini və onun ümumilikdə bu
böyük şairin, bu mübariz şəxsiyyətin xarakteri barədə
düşüncələrini ümumiləşdirib çox
maraqlı bir bioqrafik xatirə romanı yaradan Anarın "Kərəm
kimi" kitabı;
-
istər əbədi və əzəli eşq mövzusuna, istərsə
də iki dünya arasındakı zərif sərhəddə
baş verən mistik hadisələrə müdrik, dünyagörmüş
bir ağsaqqal münasibətini işıqlandıran Fikrət Qocanın "Süzen Dark
və ya məhəbbət piri", "Dayanacaqda görüş" povestləri;
-
vətənpərvərlik, Qarabağ tematikasına
özünəməxsus yazıçı
baxışını əks elətdirən
"Bayraqdar", "Qarabağ şikəstəsi" və
sair kimi dəyərli nəsr əsərlərindən sonra,
daha çox dramaturji fəaliyyətlə məşğul
olsa da, mətbuatda dərc etdirdiyi ədəbi tənqidi
yazılarla ədəbiyyatımızdakı açıq və gizli proseslərin
dəqiq analizini verən Elçinin çoxqatlı simvolik fəlsəfə
üzərində qurduğu "Canavarlar" hekayəsi və
"Nağıllar" silsilə hekayələri;
-
müasir oxucuları otuz-qırx il əvvələ aparan, hələ
həmin nisbi sakitlik dövrlərində ermənilərin məkrli,
mənfur xarakterlərini, azərbaycanlılara qarşı
onların içindəki nifrəti, kin-küdurəti
bütün dərinliyi ilə açıb göstərən
Mövlud Süleymanlının "Erməni adındakı hərflər"
romanı;
-
müasir dünyanın qlobal ictimai-siyasi məsələsinə
öz fərdi yazıçı münasibətini qeyri-adi təbiət
obrazlarının, özünəməxsus bədii
simvolikanın süzgəcindən keçirərək oxucuya
çatdıran və realizmlə simvolikanın gözəl
bir sintezini yaradan Seyran Səxavətin "Yəhudi əlifbası" romanı və
"Qaçaqaç", "Rəmiş", "Cəhənnəm",
"Persona non qrata" əsərləri;
-
Qarabağ savaşını şərti olaraq bir şəhər
çərçivəsində çox canlı şəkildə
təsvir edən, müharibə dövründə baş verən
daxili çəkişmələri, gizli siyasi oyunları,
müxtəlif xarakterli insanlar arasındakı gərgin
psixoloji qarşıdurmaları bütün
çılpaqlığıyla müasir oxucuya
çatdıran Aqil Abbasın "Dolu" romanı;
-
erməni məkrinin yaxın tarixini, İrəvan bölgəsində
yaşayan ziyalılarımızın çətin şəraitdə
olsa da, ermənilərlə ideoloji mübarizəsini
işıqlandıran, bu mübarizə şəraitində
bir xalqın və konkret insanların xarakterlərini
ustalıqla açıb göstərən Azər
Abdullanın "Sarı tağ" povesti və hekayələri;
-
vaxtilə Azərbaycanda milli təfəkkür tərzinin bərqərar
olması yolunda böyük xidmətləri olmuş,
xalqımızın tarixi köklərini cəmiyyətimiz
üçün açan ziyalılarımızın ən
öncüllərindən olan Sabir Rüstəmxanlının
uzaq tariximizə diqqət yönəldən tarixi-mifoloji "Göy
Tanrı", Cavad xandan bəhs edən tarixi-publisistik
"Ölüm zirvəsi" və ötən əsrin əvvəllərində
milli şüurumuzun oyanış prosesini
işıqlandırdığı "Difai fədailəri"
sənədli-tarixi romanları;
- insanlar
arasında yaş fərqini itirən saf məhəbbətin dərinliklərinə
enən Vidadi Babanlının romantik "Qəribə məhəbbət"
romanı və öz həyatının maraqlı məqamlarını
əks elətdirdiyi "Gizlinlər" avtobioqrafik romanı;
-
müstəqillik dönəmində xalqımızın
rastlaşdığı ağır həyati problemlərə
fəal müdaxiləsi və mövzu aktuallığı ilə
seçilən, Qarabağ savaşı şəraitində
xalqın döyüş ruhunu, vətənpərvərliyini
yüksəltməyə çağıran, qloballaşma
dövründə milli-mənəvi dəyərlərimizin
aşınmasına cəmiyyətin diqqətini yönəldən
Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə",
"Qırxıncı otaq", "Yanan qar", "Cəza"
və sair realist romanları;
-
uzun müddət siyasi fəaliyyətlə məşğul
olsa da, son bir neçə ildə ciddi şəkildə ədəbi
yaradıcılığa başlayan və nəsrin ən
çətin sahəsi olan tarixi romançılığa
üz tutaraq Azərbaycanın çox əhəmiyyətli
tarixi şəxsiyyətlərini müasir oxuculara daha
geniş tanıtdırmağa çalışan Yunus Oğuzun "Nadir şah",
"Təhmasib şah" tarixi romanları;
- ədəbi
mühitdə əvvəllər daha çox ironik hekayələri,
modernist absurd pyeslərilə tanınsa da, son beş-altı
ildə həm müasir, həm tarixi mövzularda irihəcmli
romanlar yazan və realizmi mistikayla, düşüncə
axınıyla, naturalizmlə, siyasi publisistika ilə sintez edən,
dünyada uzun illər əvvəl yaranmış sintetik nəsr üslubunu
bizim ədəbiyyata da gətirən Elçin Hüseynbəylinin
"Yovşan qağayılar", "Don Juan", "Metro
vadisi", "Şah Abbas", "Yolayrıcında
qaçış" romanları və hekayələri;
-
publisistik düşüncələri estetik formada bədii nəsrlə
uzlaşdıran və bu günümüzün bir çox
aktual məsələlərini, cəmiyyəti narahat edən
problemləri məhz bu orijinal üslubda geniş oxucu kütlələrinə
çatdıran Rəşad Məcidin "10 sentyabr",
"Əlvida və salam" kitablarında toplanan hekayə və bədii-publisistik
esseləri;
-
milli poeziyamızda çox istedadlı şair kimi tanınsa
da, son illərdə nəsr sahəsində də qələmini
sınayan və nəsrdə, esseistikada da maksimum poetikliyi,
şeriyyəti saxlamaqla başqa qələm sahiblərimizdən
seçilən Qulu Ağsəsin "Nabran novellası"
kitabında toplanan hekayə və esseləri;
-
yazıçı təxəyyülündə çox
güclü şəkildə yer tutmuş yaddaş faktorundan
maksimum istifadə etməklə uzun illər əvvəl
baş vermiş real hadisələri müxtəlif maraqlı
bədii formalarda oxucuya çatdıran Kamil Əfsəroğlunun
roman, povest və hekayələri;
- maraqlı
süjetlər quraraq qəhrəmanlarını qeyri-adi, bir
çox hallarda komik situasiyalara salan və bu situasiyalar vasitəsilə
onların xarakterlərini özünəməxsus şəkildə
açan İmir Məmmədlinin povest və hekayələri;
-
tanınmış şair olsa da, son vaxtlar mətbuatda nəsr
əsərlərilə də çıxış edən,
müasir cəmiyyətimizdəki müxtəlif ictimai problemləri
və psixoloji əhval-ruhiyyəni özünəməxsus
ironik-realist çalarlarla təsvir edən, eyni zamanda ədəbi
mühitimizdəki bir çox qələm sahiblərinin
maraqlı bir
üslubda bədii portretlərini yaradan Əjdər Olun
"Ölümlə zarafat" kitabındakı hekayələri;
-
son onilliklərdə xalqımızın başına gətirilən
faciələri, Qarabağ savaşının bir çox
qaranlıq məqamlarını, bu müharibənin konkret
insan talelərində, xarakterlərdə əks
olunmasını bəzən realist, bəzən sürrealist
üslubda ədəbiyyata gətirən, ümumiyyətlə,
xalqın mənəvi sarsıntılarını, erməni təcavüzünün
ağrı-acısını bütün varlığıyla,
ruhuyla hiss eləyib, həm də oxucuya hiss elətdirməyə
nail olan Mahirə Abdullanın "Əvvəl-Axır",
"Ürəkkeçmə" romanları,
"Qarabağsız namələr" silsiləsi;
- baş qəhrəmanının
yaddaş faktorundan istifadə edərək keçmişə
ekskurs edən, bu bədii priyomla Qarabağ savaşının
yaxın tarixini, altqatda qalan həqiqətlərini oxucuya
çatdıran Əlabbasın "Qaraqovaq çölləri"
romanı;
- insan münasibətlərini
sırf qadın kontekstindən işıqlandıran, milli
qadın xarakterimizi nəsrdə müxtəlif bədii vasitələrlə
qabarıq şəkildə canlandıran Firuzə Məmmədlinin nəsr əsərləri;
-
daha çox fərdi-psixoloji problemlər içində
boğulan, ağır mənəvi durumda olan obrazları
işləməyə üstünlük verən, belə
situasiyalara düşən insanların daxili aləminin dərinliklərinə
enməyə çalışan Nəriman Əbdürrəhmanlının
"Yalqız", "Yelçəkən" və sair
psixoloji nəsr əsərləri,
"Könül elçisi" tarixi romanı;
-
hətta yuxularda belə Qarabağ itkisiylə barışa
bilməyən, bu itkinin ağrı-acısını
yaşayan insanların indiki ovqatını, fikir və
düşüncələrini, daxilindəki iztirabları
böyük yanğıyla təsvir edən Mustafa Çəmənlinin
"Ruhların üsyanı" povesti və "Fred Asif" sənədli romanı;
-
artıq uzun illər əvvəl başqa qələm sahiblərimizdən
seçilən çoxqatlı fərdi yazı üslubunu
tapmış, realizm çərçivəsində sərt
ironikliyi, acı gülüşü ilə həm ictimai, həm
də psixoloji problemləri bütün
çılpaqlığı ilə işıqlandıran
Rafiq Tağının hekayələr toplusu;
-
dövrümüzçün aktual mövzuları oxucuya təqdim
edərkən milli nəsrimizin rəngarəng dil
qatlarını, bədii təsvir və poetik ifadə vasitələrini
müasir kinovari kəskin süjetlərlə çox
maraqlı şəkildə uzlaşdıra bilən Aslan
Quliyevin povest və hekayələri;
-
milli təfəkkürdən gələn magik realizm
üslubunda yazan, müasir mənəvi problemlərin həllini
çoxəsrlik milli dəyərlərimizin qorunmasında
görən Natavan Dəmirçioğlunun "Yetim",
"Səbət" povestləri... və sair əsərləri
nümunə gətirmək olar.
Son
bir neçə ildə daha çox ictimai fəaliyyətlə,
dramaturji yaradıcılıqla, ədəbi tərcüməylə
məşğul olduqlarına görə, əfsuslar olun ki, Əkrəm
Əylisli, Maqsud İbrahimbəyov, Afaq Məsud, Məmməd
Oruc kimi nüfuzlu nasirlərimizin mətbuatda dərc
olunmuş nəsr əsərlərinə rast gəlmədim, lakin əminəm ki,
yaxın müddətdə onlar da oxucularımızı yeni,
dəyərli nəsr əsərlərilə sevindirəcəklər.
Realizm çərçivəsində
olsa da, mövzu baxımından spesefikliyinə görə bir
çox hallarda ayrıca istiqamət kimi təqdim olunan kriminal
janrda da son illərdə maraqlı nəsr nümunələri
çap olunub.
Bu
baxımdan kriminal hadisələrlə üzləşən,
həbsxana həyatı yaşayan qəhrəmanların daxili
psixoloji vəziyyətini, eyni zamanda insanları bu yola gətirən
ictimai-sosial ədalətsizliyin görünməyən
qatlarını, insanı cinayətə gətirən səbəbləri
açıb göstərməyə çalışan Əyyub Qiyasın, Oqtay Əhmədovun,
Faiq Balabəylinin,
Vahid Məmmədlinin və sair müəlliflərin nəsr əsərlərini
nümunə gətirmək olar.
Son illər ədəbi
mətbuatda daha çox realist hekayə və esselərlə
çıxış edən maraqlı nasirlərimiz də
var ki, onların yaradıcılığı da öz
dinamikliyi, çevikliyi ilə seçilir. Kiçik həcmli
olduğuna görə gündəlik mətbuatda və internet
səhifələrində yayımlanması rahat olan bu janrda
son illər müxtəlif aktual mövzularda və
üslublarda yüzlərlə nəsr nümunəsi oxuculara
təqdim olunub. Bu sahədə daha
ardıcıl və məhsuldar fəaliyyət göstərən
qələm sahiblərindən isə Kamran Nəzirlini, Eyvaz
Zeynalovu, Əkbər Qoşalını, Zakir Sadatlını,
Bilal Alarlını, Meyxoş Abdullanı, Kənan
Hacını, Oqtay Hacımusalını, Eyvaz Əlləzoğlunu,
Nurəddin Ədiloğlunun, Aydın Tağıyevi qeyd
etmək olar.
Satira-yumor sahəsində
də Xeyrəddin Qocanın, Əli Səmədlinin, Atababa
İsmayıloğlunun yazıları mətbuatda daha çox
yer alır.
Eyni zamanda son illər
ədəbi mühitimizdə qadın nəsrinin də
uğurlu nümunələri yaradılmışdır.
Qadın nasirlərimizin ən fərqli keyfiyyəti isə ədəbiyyata
məhz Azərbaycan qadını obrazını gətirməyə
çalışmaqlarıdır. Müasir cəmiyyətimizdə
azərbaycanlı qadınının
qarşılaşdığı problemlər, kütləvi qərbləşmənin
qadın psixologiyasında yaratdığı təbəddülatlar,
ailədaxili problemlər, qadın kişi münasibətləri,
gender siyasəti və sair mövzular son illər qadın
nasirlərimizin əsərlərində daha çox rast
gəlinir. Daha məhsuldar fəaliyyət
göstərən qadın yazarlarımızdan isə Almaz
xanımı, Günel Anarqızını, Sara Nəzirovanı,
Hicran Hüseynovanı, Aləmzar Sadıqqızını,
Gülxani Pənahı, Şiringül Musayevanı,
Narıngülü, Lətifə Nuranı, Xumar Ələkbərlini
misal göstərmək olar.
Neqativ pozitiv
İndi isə
müasir realist nəsrimizdəki bəzi məqamlara toxunmaq
istərdim. Bu üslubda yazanların bədii məziyyətlərindən
əlavə, məncə, ən üstün cəhəti - bəzi
istisnaları çıxmaq şərtiylə - heç bir
xarici ədəbi cərəyanın təsiri altına
düşməməsi, heç kimi təqlid etməməsi,
iyirminci əsr Azərbaycan nəsr ənənələrini
yeni minillikdə də davam etdirməsi, zamanla
ayaqlaşaraq ölkədəki müxtəlif ictimai-siyasi
hadisələri, sosial problemləri geniş oxucu kütləsinin
rahat başa düşə biləcəyi bir formada ortaya
qoymasıdır. Məncə, bu, düzgün
yoldur, çünki hətta bütün dünya mədəniyyətinə
bayraqdar seçilən Avropada da, son yüz ildə müxtəlif
ədəbi cərəyanların yaranmasına baxmayaraq, məhz
iyirmi birinci əsrdə yenə də realizmə
qayıdış müşahidə olunur. Oxşar proseslər
Amerika və Rusiya ədəbiyyatında da baş verir.
İyirminci əsrdə yenilikçi, avanqard, müasir
sayılan ədəbi cərəyanların, yazı
üslublarının bir çoxu artıq uğursuz
eksperimentlər kimi kənara atılır. Deməli, əslində,
bu cərəyanların bizim ədəbiyyatda geniş yayılmamasını,
heç də bizim geri qalmağımız kimi dəyərləndirmək
olmaz. Belə demək olarsa, dünya ədəbiyyatı
böyük eksperimentlərdən sonra yenə də realizmə
qayıdır, biz isə geniş anlamda heç realizmdən
çıxmamışdıq.
Amma bu, o demək
deyil ki, bizim indiki realist ədəbiyyatımız çox
ideal vəziyyətdədir. Belə düşünsək,
özümüz özümüzü aldatmış
olarıq.
Bəli,
Avropa yenidən realizmə qayıdır, lakin indiki realist əsərlər
müasir dövrün tələblərinə uyğun olan
müxtəlif nəsr texnologiyalarıyla, insanı televizordan,
internetdən ayıra biləcək intriqalı süjetlərlə,
mətni oxucuya asanlıqla "yedizdirən" maraqlı
yazı maneralarıyla zənginləşib.
Lakin bizdə
realist üslubda yazanların çoxunun məncə, ən
çatışmayan cəhəti, bir çox hallarda, əllinci,
altmışıncı illər nəsrimizin süjet modelini,
yazı manerasını təqlid etməsidir. Düzdür,
mövzular zamanla ayaqlaşır, qəhrəmanlar müasir
insanlardır, təsvir olunan hadisələr də bu
günümüzün aktual hadisələridir. Lakin istər
süjet quruluşu, istər obrazların seçilməsi, istər
xarakterlərin açılması üsulları, istərsə
də bədii ifadə və təsvir vasitələri bir
çox hallarda əvvəlki nəsr ənənələrimizin
sadəcə təkrarıdır.
Əminəm ki,
qısa zamandan sonra bu çatışmazlıq da aradan
qalxacaq. Realist nasirlərimiz ortaya yeni dəyərli əsərlər
qoyacaqlar.
Modernizm
Müasir
Azərbaycan ədəbiyyatında modernizm, simvolizm, absurd,
sürrealizm, düşüncə axını, fantasmaqoriya ənənələrini
qoruyub saxlayan azsaylı müəlliflərin demək olar ki,
hamısı yaradıcılığa səksəninci illərin
sonunda gələn qələm sahibləridir.
Düzdü, səksəninci
illərin sonuna qədər də Azərbaycan ədəbiyyatında
modernizmin çalarları özünü büruzə
verirdi, lakin yanılmıramsa, Afaq Məsudu çıxmaq
şərtilə bu cərəyan daha çox poeziyamızda
özünü göstərirdi. Səksəninci illərin
sonundan etibarən isə nəsrimizdə də modernist
axın müşahidə olunmağa başladı ki, bu da
ölkədə baş verən gərgin ictimai-siyasi hadisələrlə
bağlı idi. Məhz belə hadisələr
yazıçı təfəkküründə
dünyanın dərkini absurd, sürreal, fantasmaqorik bir həddə
gətirir. Lakin bizdə bu keşməkeşli dövr qısa
sürdüyünə görə adıçəkilən
düşüncə sistemləri də geniş
yayılmadı.
Bu
dövrdə yaradıcılığa qədəm qoyan ədəbi
nəslin bir çox nümayəndələri sonradan realizmə
keçsələr də, Orxan Fikrətoğlu, Fəxri Uğurlu, Məqsəd Nur,
Sadıq Elcanlı, Mübariz Cəfərli və bir neçə
başqa yazıçılarımız tam mənada olmasa da, əsasən
modernizm ənənələrinə sadiq olduqlarını son
illər dərc olunan əsərlərilə bir daha
nümayiş etdirdilər.
Bu baxımdan:
-
müasir nəsrimizdə daha çevik forma və daha
maraqlı dil texnikası tapan, müxtəlif üslubları
öz nəsrində uğurla sintez edən, müasir cəmiyyətimizdəki
problemlərə fərqli baxış bucağı
nümayiş etdirən Məqsəd Nurun "Tərs
kimi" kitabında toplanan hekayələrini və daha sonra mətbuatda
dərc etdirdiyi yeni
nəsr əsərlərini;
-
yüzillik tarixçəsi olan milli satira məktəbimizin ənənələrini
müasir modernist təfəkkür tərzinin süzgəcindən
keçirən, özünəməxsus söz oyunu üzərində
qurduğu poetik dil və milli şüurumuzdan gələn fərqli
metaforalar sistemi vasitəsilə bu günümüzün problemlərini əks elətdirən
Orxan Fikrətoğlunun
bir neçə il əvvəl çapdan
çıxmış "Vaxt" kitabında toplanan povest və
hekayələrini;
-
son dövrdə çap olunan hekayələrində müasir
Avropa modernist yazı tərzi ilə Şərq ürfan-sufi fəlsəfəsini
özünəməxsus yolla uzlaşdırıb fərqli nəsr
nümunələri yaradan, qədim mistik təfəkkürümüzün
alt qatlarında olan məqamları müasir bədii dillə oxucuya çatdıran fəxri
Uğurlunun son dövrlərdə çap olunan hekayələrini;
-
zülmətlə işıq, reallıqla irreallıq
arasında sərhədi silərək, insan xarakterindəki
ikiləşməni və bunun nəticəsində yaranan
psixoloji gərginliyi, insan ruhundakı ziddiyyətlərdən
doğan daxili mübarizəni sürrealist və mistik bir
formada oxucuya çatdıran Sadıq Elcanlının
"Zülmət"
romanını;
-
psixoloji realizmi modernizmlə, düşüncə
axınıyla, bəzən də sürrealizmlə sintez edən,
bəzən də kriminal hadisələr fonunda öz qəhrəmanlarının
daxili dünyasını açmağa çalışan
Mübariz Cəfərlinin son illərdə çıxan
"Bərpaçı", "Şahid qatar",
"Uydurma", "Bənna" povestlərini; ...nümunə gətirmək olar.
Özgə dildə öz
sözümüz
Azərbaycan xalqı
öz mədəni irsini, ədəbi təfəkkürünü
nəinki öz dilində, hətta başqa dillərdə də
çatdırmaq bacarığını əsrlər boyu
sübut etmişdir. Yüzilliklər əvvəl ərəb
dilində, sonradan fars dilində və nəhayət, rus dilində
yazıb-yaratmaqla böyük şöhrət qazanan şair və
yazıçılarımız əlbəttə ki, bizim ədəbiyyatın
böyüklüyünü göstərir. Bu ənənə
iyirmi birinci əsrdə də davam etməkdədir.
Çingiz Hüseynov, Çingiz Abdullayev, Natiq Rəsulzadə,
Samid Ağayev, gənc nəsildən Nərgiz Bağırzadə,
Yana Kandeva, Aleksandr Xakimov kimi nasirlər Azərbaycan milli təfəkkürünü,
Şərq düşüncə tərzini rus dilində də
çox gözəl şəkildə əks etdirib və
rusdilli arealda geniş oxucu kütlələrinə yüksək
səviyyədə təqdim edə biliblər.
Rusdilli
müəlliflərimizdən danışarkən, təbii ki,
bu yaxınlarda səksən illiyi qeyd olunan Çingiz
Hüseynovu xüsusi qeyd etmək lazımdır. Çingiz
Hüseynovun bir neçə il əvvəl Moskvada çap
etdirdiyi və hələlik son əsəri olan "Merac"
romanı bu il Bakıda da dərc olundu. Xatırladaq ki, roman İslam
peyğəmbərinin həyatının Quranla paralel şəkildə
təsvir olunması üzərində qurulub. Bu roman da
Çingiz müəllimin özünəməxsus yazı
manerası üzərində qurulub - düşüncə
axınıyla bədii təsvirlərin, xarakterlərin
naxış kimi hörülməsi; reallıqla bərabər
şüurlarda gedən proseslərin
uzlaşdırılmış şəkildə təsviri;
konkret vaxt anlayışının aradan qaldırılması
və oxucunun sırf fikir-düşüncə
zamansızlığına salınması; İslam fəlsəfəsinə, Məhəmməd
peyğəmbərin şəxsiyyətinə və İlahi
missiyasına özünəməxsus yanaşma - bütün
bunlar çox maraqlı, dəyərli bir əsərin yaranmasıyla
nəticələnib. Çingiz müəllimin bütün əsərləri
kimi, bu roman da sıravi oxucu üçün bir qədər
ağırdır, nəinki səhifələr, hətta
cümlələr, sözlər də həddən artıq
yüklənib. Lakin bu ağırlıq
heç də naşılıqdan, bacarıqsızlıqdan
irəli gəlmir, sadəcə, bu əsər "tez
kitabın axırına çıxmağa
çalışan" yox, sözün həqiqi mənasında
kitab oxumağı bacaran və düşünmək istəyən
oxucular üçündür. Şəxsən mənə elə
gəlir ki Çingiz müəllimin bütün əvvəlki
yaradıcılığı bu əsər üçün
bir hazırlıq mərhələsiydi. Bu sahədə
müəyyən qədər məlumatlı olduğuma
görə əminliklə deyə bilərəm ki,
"Merac" romanı istər Qərbdə, istərsə də
Şərqdə bu vaxta qədər İslam peyğəmbərinə
həsr olunan ciddi nəsr əsərləri içində bədii
cəhətdən ən güclüsü, ən dəyərlisidir.
Son iyirmi ildə
öz siyasi detektivləriylə dünya şöhrəti
qazanmış Çingiz Abdullayev iyirmi birinci əsrdə də
əvvəlki məhsuldarlıqla çalışmaqdadır.
Onun istər Dronqo, istərsə də başqa
qəhrəmanlarının fəaliyyətinə həsr
olunmuş maraqlı detektivləri yenə də oxucu diqqətini
özündə saxlayır, nəinki keçmiş SSRİ məkanında,
müxtəlif Avropa və Asiya dillərinə tərcümə
edilərək böyük tirajlarla çap olunur.
Rus dilində
yazan tanınmış yazarlarımızdan Natiq Rəsulzadə
də son beş ildə məhsuldarlığı ilə diqqəti
çəkib. Onun istər kino sahəsində, istərsə
də ədəbi müstəvidəki fəaliyyəti
oxucular tərəfindən maraqla qarşılanıb. Natiq müəllimin həm rus dilində
çıxan, həm də Azərbaycan dilinə tərcümə
olunan kitablarındakı müxtəlif mövzulu povest və
hekayələr onun indiyə qədər özünəməxsus
yazıçılıq texnikasını, fərdi yazı
manerasını qoruyub saxladığından xəbər
verir.
Moskvada
yaşayan həmyerlimiz S.Ağayevin
yaradıcılığı da son illərdə Azərbaycan ədəbi
mühitində maraqla qarşılanıb. Onun
hekayələri, romanları, ələlxüsus da şiəliyin
İsmaililik təriqətinin yaranması dövrünü əhatə
edən "Yeddinci kamil" romanı
yazıçının Şərq tarixini, Şərq fəlsəfəsini
çox dərindən bildiyini və bu bilikləri çox
yüksək səviyyəli ədəbiyyat nümunəsinə
çevirmək bacarığını sübut edir. "Yeddinci kamil" romanı şiəliyin bir qolu
olan İsmaililik təriqətinin yaranmasına həsr olunsa
da, müəllif öz düşüncələrilə
oxucunu sadəcə bir təriqət çərçivəsindən
çıxarır, ilahi məqamlara - insan-Allah münasibətlərinə,
iman-əqidə məsələlərinə qədər
yüksəldə bilir.
Son bir neçə
ildə rus dilində yazan müəlliflərin içində
daha bir gənc yazar oxucuların diqqətini çəkib ki,
bu da Nərgiz Bağırzadədir. Onun son illərdə mətbuatda
dərc etdirdiyi hekayələri bir neçə ay əvvəl
çapdan çıxan "Ertəsi gün" kitabında
toplanıb. Nərgizin hekayələrində zənnimcə, ən
maraqlı cəhət onun dərin psixologizmi və müasir
Avropa nəsrindən qaynaqlanan özünəməxsus
yazı manerasıdır. Onun Moskvada kinossenaristika üzrə
təhsil alması və kino sahəsindəki təcrübəsi
hekayələrindəki maraqlı kinematoqrafik situasiyalarda,
canlı təsvirlərdə də açıq-aşkar hiss
olunur.
Bunlardan
əlavə, qürbətdə yaşasa da, ürəyi Azərbaycanla
döyünən, əsərlərində də məhz
Şərq xarakterlərini yaratmağa çalışan
Gülşən Lətifxanın "Azər və Aida"
romanı, "Pıspısa" povesti və sair əsərlərini,
azərbaycanlı xarakterini, Azərbaycan ailəsi mövzusunu,
ailədaxili münasibətlərdə inteqrasiya məsələlərini
maraqlı bədii üslubda yazan Cəmilə Mansurovanın
(M firA) "Ruhən güclü" romanını, iyirminci əsr
elmi fantastika ənənələrini bizim ədəbi müstəvidə
də uğurla davam etdirən Aleksandr Xakimovun "Avalona
ekskursiya", "Meymunsuz həyat" və sair romanları,
dünyadan vaxtsız köçsə də,
bir onilliyə sığışan qısa
yaradıcılıq dövründə bir neçə nəsr
toplusu çap etdirərək rusdilli oxucularımızın rəğbətini
qazanmış yazıçı-fantast, "Cənub
üçbucağı" ədəbi klubunun yaradıcısı
Yana Kandevanın nəsr nümunələrini də qeyd etmək
istərdim.
Post... post...
İndi isə
son illərdə ədəbi mühitdə haqqında
çox dartışmalar gedən postmodernizm və
ümumilikdə ədəbiyyata yeni gələn qələm
sahiblərinin yazıları barədə bir-iki kəlmə
demək istərdim. Məruzənin əvvəlində bu
mövzuya ötəri də olsa toxunmuşdum və yenə də
həmin fikirlərin üstünə qayıdaram. Hər
xalqın yaratdığı mədəniyyət, ədəbiyyat
nümunələrini onun gen yaddaşından və
yaşadığı ictimai-siyasi hadisələrdən
doğur. Sürrealizm də, absurd da, modernizm də,
postmodernizm də məhz Avropanın yaşadığı
ictimai-siyasi hadisələrin, sosiumun daxili əhval-ruhiyyəsinin
doğurduğu ədəbi cərəyanlardır. Əgər
bizdə Avropada baş verənlər təkrarlanmayıbsa, deməli,
bizim ədəbiyyatda da həmin cərəyanların
geniş təşəkkül tapmaması təbiidir. Məhz
buna görə də "Avropada filan üslubda yazırlar,
bizdə isə yaza bilmirlər" - deyərək bizim ədəbiyyatın,
incəsənətin geridə qaldığını elan eləmək
gülüncdür. Biz özümüzü
yazırıq, özümüzü də yazmalıyıq! Əfsuslar
olsun ki, bəzi yazarlarımız məhz Avropadakı cərəyanları
kor-koranə təqlid etməklə guya müasir Azərbaycan ədəbiyyatını
yaradırlar, lakin onların yaratdığının saxta
olduğu o saat nəzərə çarpır. Oxuyan kimi
hiss olunur ki, bunu yazan qələm sahibi öz içindəki
hissləri yazmır, sadəcə, "Avropada belə
yazırlar, orda belə dəbdi" - deyə bu üsluba
üz tutub. Son illər yeni sayılan ədəbiyyatımızda
postmodern adı altında baş alıb gedən
dağıdıcılıq, nihilizm, erotizm, hətta
pornoqrafiya elementləri də məhz bu istəkdən, yəni
yeni görünmək, müasir görünmək cəhdlərindən
doğur. Evdə uşağına
çox ağıllı şəkildə tərbiyə verən
bir Azərbaycan qadını əlinə qələm alanda
Amsterdam fahişələri kimi yazır, gündəlik
davranışda çox tərbiyəli, əxlaqlı olan bir
oğlan yazanda özünü Paris mavilərinə bənzədir,
normal ailə başçısı olan abır-həyalı
bir kişi ədəbiyyata üz tutanda Bruklin
xuliqanlarını xatırladır və sair və ilaxır. Təkrar edirəm, bütün bunlar onların
içindən gəlmir, sadəcə dəb xətrinə, fərqli
görünməkçün edilir, məhz ona görə də
təqlid etdikləri qələm sahiblərindən fərqli
olaraq bizimkilərin bu cür yazıları, bir neçə əsəri
istisna etməklə, əsl sənət nümunəsi səviyyəsinə
çıxa bilmir, sadəcə ağ-qara kserokopiya təsiri
bağışlayır. Saxta olduğuna görə də cəmiyyətə
geniş mənada təsir edə bilmir. Çünki oxucu nə
qədər sadəlövh olsa da, səmimiyyətlə
saxtalığı o saat hiss edir. Yenilik axtarışları əsl
sənət çərçivəsindən
çıxmamalıdır.
Əlbəttə,
biz yeni formalar, yeni üslublardan qaçmalı deyilik, lakin kənardan
gələn istənilən üslub, janr öz
düşüncə tərzimizə
uyğunlaşdırılmırsa, əsl sənət statusu
ala bilməz. Vaqif Mustafazadənin cazı ona görə əsl
sənət nümunəsinə çevrildi ki, bizimkiləşə
bildi, Vaqif müəllim Qərbdəki cazdan fərqli olan
öz cazımızı yarada bildi. Lakin onunla paralel fəaliyyət
göstərən təqlidçi cazmenlərin heç
birinin əsərləri o səviyyəyə qalxa bilmədi.
Onlarla başqa nümunə də gətirmək olar, lakin məruzənin
formatı buna imkan vermir.
Bayaq bir neçə
istisna barədə danışdım. Zənnimcə,
bunların üzərində bir qədər geniş
dayanmağa ehtiyac var.
Azərbaycan ədəbiyyatında
postmodernist düşüncə tərzindən
danışanda, təbii ki, ilk olaraq, öz
konseptuallığı ilə seçilən Kamal
Abdullanın "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi", "Tarixsiz gündəlik"
və başqa nəsr əsərləri yada düşür.
Yazıçının
beş il əvvəl dərc olunan "Yarımçıq əlyazma"
əsəri ədəbi mühitdə daha çox əks-səda
doğurmuşdu. Bu əsər barədə xeyli dəyərli
yazılar yazılıb, müxtəlif əks mövqeli fikirlər
deyilib. Bütün bunlara nəsə əlavə eləməyimə
ehtiyac yoxdur, çünki mən nə desəm, yenə də
təkrar eləmiş olacam. Amma şəxsən
mənim zənnimcə, bu əsər bizim milli ədəbi
müstəvidə postmodernist dekonstruksiyanın nə formada
inkişaf edə biləcəyini göstərən bir
düsturudur. Əsərin həm detektiv üzərində
qurulan struktur quruluşu, həm də daxili fəlsəfəsi
bunu deməyə əsas verir.
Yazıçının
Şərq mistik sufi təfəkkürünü postmodern bədii
priyomlarla müasir oxucuya çatdırdığı,
dünyanın özü qədər əbədi və əzəli
olan "ilkin günah" mövzusunu tam yeni istiqamətdən
işıqlandırdığı "Sehrbazlar dərəsi"
romanı və müasir gəncliyin romantik hisslərini təsvir etdiyi "Tarixsiz gündəliklər"
əsəri də geniş oxucu kütlələri tərəfindən
böyük maraqla qarşılanmışdı.
Həmid
Herisçinin artıq on ildən çoxdur ki,
yazdığı və deyəsən hələ də bitirmədiyi
"Nekroloq" romanını da bu istisnalardan hesab edirəm.
Məncə, bu əsərin əsas məziyyəti müəllifin
ruhunda gedən proseslərin yazıda olduğu kimi əks
etdirilməsidir. Həmidin yazısındakı
dağıdıcılıq ehtirası, nihilizm məhz onun
içindəki nifrətdən doğur, bu nifrət onun hər
cümləsində, yaratdığı obrazlara, təsvir
etdiyi hadisələrə münasibətində açıq,
aşkar hiss olunur. Özündən əvvəlkiləri
dağıtmaq, məhv etmək - onun əsərini
qidalandıran yeganə ehtiras məhz budur. Lakin yenə də
təkrar edirəm, bu ehtiras onun içindən gəldiyinə
görə əsəri də o biri saxta postmodernistlərin
yazılarından fərqlənir.
Nəsr
yaradıcılığına son üç-dörd ildə
başlayanların fəaliyyəti məndən əvvəl gənc
yazarımız Qismətin məruzəsində
işıqlandırılmışdı, ona görə də
yeni yazarlar barədə təkrar danışmayacam, lakin
yaş baxımından mənim məruzəmin formatına daxil olan bir neçə
yazıçı barədə fikirlərimi bildirmək istəyirəm.
Bu müəlliflər Şərif Ağayar, Pərviz və
son yeddi-səkkiz ildə adları müxtəlif qalmaqallı
yazılarla hallanan Seymur Baycan və Əli Əkbərdir.
Postmodernist
düşüncə tərzinə yaxın da olsalar, kor-koranə
təqlid yolu seçənlərdən fərqli olaraq, həm
Şərif Ağayar, həm də Pərviz ədəbiyyatda
öz yolunu, öz fərdi yazı manerasını axtaran qələm
sahiblərindəndir. Əgər Şərif postmodern təfəkkür
tərzini klassik Şərq mədəniyyəti elementlərilə uzlaşdırmaq
yolu tutubsa, Pərviz fərdi çoxqatlı bədii dil
sistemi yaratmaqla haqqında danışdığı hadisələri
oxucuya fərqli şəkildə çatdırmağa
çalışır.
Seymur Baycanla Əli
Əkbərin qələmindən çıxan əsərlərə
nəzər yetirəndə isə Avropada, Amerikada, Rusiyada son
onilliklərdə geniş yayılan və "kontrkultura"
adı altında təqdim olunan ədəbiyyatının təsiri
açıq-aydın görünür. Cəmiyyət
tərəfindən yekdilliklə qəbul olunan mənəvi dəyərlərin
məqsədli şəkildə inkarı və bu dəyərlər
sisteminin dağıdılmasına yönələn cəhdlər,
pornoqrafiyanın, naturalizmin, hətta narkomaniyanın təbliği,
hər əsər ətrafında hay-küy, ajiotaj
yaratmaq cəhdləri - bütün bunlar Avropada və
Rusiyadakı eyni düşüncə sahiblərini
müşayiət edən hadisələrdir ki, Seymurla Əli Əkbər
də onların ardıcılları kimi, eyni addımları
təkrar edirlər. Lakin Həmid Herisçinin
nihilizmindən və dağıdıcılığından
fərqli olaraq, Seymurla Əli Əkbər öz
"kontrkultura"larını nədənsə, ədəbiyyat
nümunəsinə çevirməyə
çalışmırlar, hətta gündəlik mətbuatda
dərc etdirdikləri publisistik yazılara əl gəzdirib
romanların içinə yerləşdirirlər, qısası, sadəcə, kəmiyyətə
üstünlük verərək bədii keyfiyyətə
barmaqarası baxırlar ki, bu da onların kitablarının
oxunandan sonra çox tez unudulmasına gətirib
çıxarır. Əlbəttə, bu iki
yazıçı bundan sonra yazılarındakı bədii
keyfiyyət məsələsinə daha çox diqqət
yetirsələr, postmodern nəsrin daha yüksək nümunələrini
yaradarlar.
***
Sonda isə ədəbiyyatımızda
yaşanan "Yeni ulduz" xəstəliyi barədə
bir-iki kəlmə danışmaq istərdim. Son illərdə
ədəbi mühitimizdə yerli kitab bazarının
olmaması barədə çoxsaylı şikayətlər
eşidilirdi. Və məhz indi kitab bazarının
formalaşdırılması yolunda müəyyən
addımlar atılır. Lakin əfsuslar olsun ki, hələ bu
kitab bazarı sözün həqiqi mənasında bazara bənzəyir.
Heç bir bədii dəyəri olmayan,
heç bir ədəbi kriteriyalara uyğun gəlməyən,
bəzən orta məktəb şagirdlərinin
inşalarını, bəzən də müxalifət qəzetlərinin
köşə yazılarını xatırladan
cızmaqaraların nəsr əsəri adı altında
çap olunub cəmiyyətə sırınması, əlbəttə
ki, normal oxucularda bir çaşqınlıq yaradıb. Bu əsərlərin
çoxuna nəzər salanda adama elə gəlir ki, bunu
yazanların ümumən Azərbaycan ədəbi dili barədə
anlayışları yoxdur. Azərbaycan sözlərinin gah
osmanlı, gah rus, gah da ingilis qrammatikasının
qaydalarına uyğun sıralanması bu romanların
çoxu üçün xarakterikdir.
Lakin
bütün bunlara rəğmən, hər ay onlarla
dırnaqarası roman çap olunur, mətbuatda, internetdə
təriflənir, hansısa mükafatlar alır və bir aydan
sonra unudulur, yerini başqaları tutur.
Bu proses nə qədər
ağrılı da olsa, yəqin ki, bizdə hələ də
başa çatmayan keçid dövrünün tələbidir.
Avropada və Amerikada kitab bazarının
yaranması tarixçəsinə baxanda görərik ki, eyni
mərhələ onlarda da yaşanıb, belə desək,
qapılar açılan kimi bazarı ilk olaraq ucuz və
yüngül məhsullar doldurub, normal, keyfiyyətli kitab
bazarının yaranması üçünsə müəyyən
qədər vaxt lazımdır.
Biz istəsək
də, istəməsək də, artıq
qloballaşmış bir dünyanın sakinlərinə
çevrilmişik və bütün cəmiyyətimizdə
baş verən hadisələr kimi ədəbiyyatımızda
gedən proseslər də dünyadakıların əksidir.
Bu baxımdan nəsrimizdə də bayaq haqqında
danışılan neqativ hadisələr barədə qəti
hökm vermək bir qədər çətindir. Axı ədəbiyyatın bazarlaşması, nəsrdə
publisistikanın baş alıb getməsi, pornoqrafiyanın,
naturalizmin ədəbi dəyərlər səviyyəsinə
qaldırılması, "keyfiyyətli sənət"
anlayışının deqrodasiyası - bütün bunlar
bizdən də əvvəl Avropa və Amerika ədəbiyyatında
təzahür eləmişdi və indiyə qədər
də onlar bu fəlakətdən xilas olmaq yolları üzərində
baş sındırırlar. Problemlər
eynidir - orda da, burda da. Lakin həlli müxtəlif ola bilər. Çünki
dünya nə qədər qloballaşsa da, hələ ki
xalqlar, millətlər arasında düşüncə sərhədi
itib getməyib. Deməli, biz də qlobal
"istehlak cəmiyyəti"ndəki bazarlaşmanın
yaratdığı və təbii ki, ədəbiyyatımıza
da sirayət bu mənəvi boşluqdan xilas olmaqçün
öz yollarımızı axtarmalıyıq. Tapa bilməsək, deməli bir xalq olaraq gələcək
mövcudluğumuz da şübhə altında qalacaq.
Yekun nəticə
Məruzənin sonunda yəqin ki,
bütün deyilənlərə bir yekun vurub nəticə
çıxarmağa ehtiyac var. Lakin ədəbiyyat elə bir
sahədir ki, burada heç vaxt heç nəyə yekun
vurulmur və əvvəlcədən çıxarılan nəticə
də doxsan faiz hallarda yanlış olur.
Zamanın sınağına ehtiyac var. İndiki ədəbiyyatımız
barədə ən düzgün nəticəni yalnız otuz-qırx
il sonra çıxartmaq
mümkündür. Lakin bir neçə
detalı mütləq qeyd etmək istərdim.
Son on ildə bizim qələm sahiblərinin
ən böyük qayğısı dünyaya
çıxmaqdı. Əlbəttə, bu
barədə düşünmək lazımdı, lakin ifrata
varmamaq şərtilə. Əsasən də
gənc qələm sahibləri üçün bu
düşüncələr artıq beyinə, şüura
qeyri-ixtiyari təzyiq edən, normal fəaliyyətdən qoyan
bir presə çevrilib. Ələ qələm alan kimi, əsər yazmamışdan əvvəl
Nobel nitqini hazırlayırıq ki, sabah, işdi-şayəd
lazım olsa, əlimizin altında hazır olsun.
Bütün bu düşüncələrdən
məncə, azad olmaq lazımdı. Yoxsa
dünyaya çıxmaq eşqilə alışanlar elə
hesab edir ki, biz bu vaxtacan dünyada deyildik, hansısa başqa
bir məkanda yaşayırdıq, təzəlikcə burda
peyda olmuşuq. Əgər ümumilikdə tarix boyu
dünya mədəniyyəti xəzinəsinə verilən
töhfələrə nəzər salsaq, görərik ki, bu
sahədə dünyadakı irili-xırdalı yüzlərlə
xalqın beşindən az da olsa, onundan
artıq xidmətlərimiz olub. Deməli,
"natamamlıq kompleksi" keçirməyimizə,
özümüzü başqa xalqlardan əskik hesab eləməyimizə
əsas yoxdu.
Əlbəttə, mən "Biləcəri
sindromu"nu təbliğ eləmirəm. Bizim yazılarımız da - bütün sənət
nümunələrimiz kimi - təbliğ olunmalıdı,
dünyada tanınmalıdı. Lakin sənətkar,
ələlxüsus da söz adamı əlinə qələm
alanda bunları düşünməməlidi. Çünki bütün bu düşüncələr
Molla İbrahimxəlil kimyagərin meymun məsələsi
kimi əslində insan ruhunu müvazinətdən
çıxarır, yaradıcılıq enerjisini lazım
olmayan istiqamətə yönəldir. Yazıçı
əsərini fikirləşməlidi. Dünyaya
çıxacaq, ya çıxmayacaq - bu
yaradıcılıqdan sonrakı mərhələdi. Sənətkar bütün bunlardan üstün
dayanmalıdı, ələlxüsus yazı prosesi zamanı
bu düşüncələri özünə yaxın
buraxmamalıdı. Çünki əsl
sözün qiymətini Nobel komitəsi yox, Allah verir. Yazar üçün də ən birinci yerdə
söz dayanmalıdı. Təmiz söz,
saf söz, ilahi söz. Allah dünyanı
bir sözdən yaratdı, bir sözlə də
dağıdacaq. Qələm sahiblərinin
yazdıqları isə bu iki sözün arasındakı zəncirin
halqalarıdır. Gəlin bu iki ilahi
sözə layiq halqalar yaratmağa çalışaq. Buna nail ola bilsək, onda bütün dünya
bizim böyük sözümüzün qarşısında
baş əyəcək.
İlqar FƏHMİ
Aprelin 6-da AYB-nin Natəvan
klubunda uşaq ədəbiyyatı üzrə müzakirələr
keçirildi. Şair Qəşəm Nəcəfzadə
məruzə ilə çıxış etdi. Məruzə yaxın sayımızda dərc olunacaq.
Ədəbiyyat
qəzeti.- 2011.- 8 aprel.- S.4-6.