Əli Kərim – 80
Əli Kərim sevgisi
Bu gün böyük Azərbaycan şairi
Əli Kərimin 80 yaşı tamam olur. "Milli şair
kimdir?" -sualına cavab verərkən birincilər
arasında Əli Kərimin adını çəkə bilərik
və heç kəsin ürəyində xal qalmaz ki, niyə
bu ad bu sırada çəkilir. Millətin şairi olmaq bir an
məsələsi deyil, bu məsələni biz yox, zaman həll
eləyir və o zaman artıq öz işini görüb. Millətin
şairi olmaq sevgi qazanmaq, sevgiyə tuş gəlmək deyil,
daha çox sevgi oyatmaqdır, insanları
yaxınlaşdırmaq və qışqırıqla onun əsəblərini
korlamamaqdır.
Əli Kərim haqqında elə olur ki,
saatlarla danışıram, ancaq yazı məqamı gələndə
ya uzun-uzadı şəklinə baxır, ya da sadəcə
yazmaqdan vaz keçirəm. Halbuki, danışıq zamanı
deyilən fikirlər bəzən yazdıqlarımızdan daha
canlı və həqiqi olur.
Əli Kərim bizim şairlər
arasında ilk sevgidən daha çox yazan, bəhs edən, bəlkə
onun şah damarına daha incə şəkildə toxunan bir
şairdir.
Sevgisi də
soyuq idi, qalın əkini
Hər bəladan
hifz eləyən qalın qar kimi...
Şeir mətni,
nəsrdən fərqli olaraq bütün potensial və
mümkün dilləri bir məcrada birləşdirir, bizdə
çox zaman poeziyaya bu rakursdan baxılmır; belə
olsaydı, təkcə bədii təfəkkürün deyil,
həm də "şairin ölçüsü"
haqqında əsaslı ideyalar ortaya qoymaq olardı.
Bizdə bəzən şairə son
söz deyən, mübahisəni həll eləyən bir fiqur
kimi baxılır, halbuki, bu məqamda artıq şairdən
deyil, ideoloji aparatdan söz gedə bilər. Əli Kərim
bütün bunların fövqündə duran bir insan kimi bizə
çox kiçik, ancaq heç zaman yaddan çıxara bilmədiyimiz
mətləblərdən danışır.
Sənə hücum çəkir qəm
qoşunları -
Hamısı köhnəli, həm də
təzəli.
Tapılsa hər dərdə milyonca məlhəm,
Yenə yaşamağa yoxdur təsəlli.
Əli Kərimin bu fotosuna baxın,
üzündəki təbəssüm, bəlkə də son
şeiridir, ya bəlkə onun haqqında yazılanlara, deyilənlərə
ironiyadır, ancaq... məncə, istəyir ki, bu gözəl
şeirin sirrini açaq.
Bir də:
- Başının üstünə bax!
- Durna qatarıdımı?
- Yoxsa heç nə görmədin?
- Uçdumu, qurtardımı?
Gözlə görünmür onlar;
Keçir başımız üstdən
Günlər...
Saatlar...
Aylar...
Qarşılanmamış səhər,
Nəfəs dəyməmiş gecə
Necəsən, başın üstdən
Sözsüz, xəbərsiz keçə...
Saçlarımda dünənin
Ayaq tozları qalmış.
Görən deyir, gənc deyil,
Yaşa dolub qocalmış.
Nə oldu, nə tutuldun
Tərlədin puçur-puçur?
Başının üstünə bax,
- Köçəri günlər
uçur!
Köçəri
günlər uçur!
Klassika poeziyada
bir şair özündən əvvəl gələn şairlərin
ənənə içində qurub-yaratdıqları
metaforanın "məsafədən
görünüşünü" dəyişdirir, məsələ
təkcə ədəbi, poetik oppozisiya yaratmaqla bitmir, ədəbi
ənənənin təkamül perspektivi dəyişir, uzaq gələcəkdə
yetişəcək, dünyaya gələcək şairlərin
taleyi dəyişir. Səməd Vurğun və Rəsul Rzadan
sonra Əli Kərim olmasaydı, XX əsr poeziyası, poetik
irsi bu məsafədən belə, bu koordinatlar daxilində
görünə bilməzdi. Əli Kərim adı çəkilən
ənənə vektorunda həm də mənalandırıcı
həlqədir, Əli Kərim təqdim etdiyi sistemlə
özünəqədərki ənənənin ən uzaq
küncünə qədər "uzanmaqla" XX əsr
poeziyasının dərinlik ölçüsünü dəqiq
göstərir. Diqqət yetirin: Əli Kərimin
tapdığı, kəşf etdiyi mövzularda bir sıra
şeirlər yazıldı, ancaq bütün bu eyniadlı
nümunələr həmin mətləbi zərrə qədər
də ifadə edə bilmədi. Təkcə fərdi üslub
fərqlərinə görə yox, həm də fərdi
üslub anlayışına görə (Dostumla bayaqdan bir qoca
haqda // yenə nə bilirik deyirik bir-bir// oğlumun çərtdiyi
rəngli karandaş// bizim kəlmələri göydə dənləyir//
- bu görüntü qəribə ovqat yaradır, detala,
açılan bucağa baxış oxucunun oxuma vərdişini
dəyişdirməyə hesablanıb). Bu kiçik
parçadan da göründüyü kimi, Əli Kərim
üçün əksər şairlərdə olduğu kimi
çevrilmə, transformasiya anı yox, detalın hansı
bucaqdan görünməsi maraqlıdır. Bəxtiyar Vahabzadənin
çox sonradan yazdığı: Sən getdin elə bir
dünya boşaldı /// yaz da köçüb getdi yeri
boş qaldı // ...mən yaza vurğunam, qışı neynərəm
// mətləli şeiri də nə qədər təsirli olsa da, təəssüf,
hicran, firqət anını nə qədər dolğunluqla
göstərsə də, yuxarıdakı həndəsi
metaforanı (daha doğrusu, metaforanın həndəsə
ölçüsünü) əks etdirmir, əksinə,
"qayıt, sahmana sal bu kainatı" misrasında və
bütövlükdə bədii mətndə dünya, necə
deyərlər, "sərxoş olub
yıxıldığı anda",
"saçlarının dərddən
ağardığı məqamda" tutulur, dünya bir daha bu
görkəmdə olmayacaq, bu baxış bucağından
görünməyəcək, bu elə bir andır ki,
bütün həyatı, gərdişi dəyişdirməyə
qadirdir.
Başqa bir
şeir:
Nə vaxt
görüşmüşük?
Harda? Nə
zaman?
Doğrusu, elə
bil yadımdan çıxıb.
Təbəssüm
səhəri doğdu üzündə,
Dayandın,
ehmalca əlimi sıxıb.
Sözlərin
qırıldı, töküldü bir-bir;
Çırpdı
divarlara, daşlara külək.
Kəlmələr
dağıldı sahil boyunca
Yonulmuş bir
gülün ləçəkləri tək.
Əynində
sevincdən biçilmiş ağ don,
Gözündə
çaşqınlıq ala-toranı.
Əllərin
qonmağa bir yer tapmadı,
Sındırdın
az qala barmaqlarımı.
Bu şeir obraz
daxilində sükut və səssizliyin ifadəsinin ən
mükəmməl forması sayıla bilər. Gözlə,
baxışla, qeyri-iradi hərəkətlərlə (əslində
min illərin həqiqətini ifadə edən məntiqlə!)
danışmağın şeirdə şeirə paralel olaraq
qurduğu mətn iki ömrün içində təkcə
bir anın qocalmaması, ötüb keçməməsini
qabartmaq üçündür. Həyatın bütün mənası
həmin o anla bağlıdır, o an yox olsa, bir saatın
içində hər şey mənasızlaşar, hər
şey vərdişə dönər. Yaddaşın
içində bircə anın hər şeydən fərqlənməsi,
ömrün "altı və üstü" ilə daimi
bağlantısı poetik obrazın fövrən
qavranılmasını şərtləndirir. Bu -
yaddaşın huşsuzluğa keçidini bəlirləyən
çox kritik bir həlqədir.
Hər yeni
görüşlə ilk görüş gəlir,
Bütün
görüşlərə nur saçır bir-bir.
İlk
görüş həmişə arxada deyil,
İlk
görüş bəlkə də gələcəkdədir.
Nəzəri
baxımdan, poetik obrazın təşkilində
"huşsuzluq" elementini görməmək mümkün
deyildir. Huşsuzluq yaddaşla mübarizə perspektivi
doğurur. Bu yaddaş mənə zaman içində
özümü unutmağa imkan verir. Obrazın təşkilində
elə proseslər baş verir ki, yaddaş - "mən"
özünü oda atıb yandırır, külə
dönür və bunun hesabına təkrarsız münasibət
tipi yaranıb-formalaşır.
Əli Kərim
bizim şairlər arasında ilk sevgidən daha çox yazan,
bəhs edən, bəlkə onun şah damarına daha incə
şəkildə toxunan bir şairdir. Qəribədir, Əli
Kərim şeirində
bizim hamımızın, bəlkə bütün millətin ilk sevgisi var, aydan
arı, sudan duru...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2011.- 8 aprel.- S.5.