Tanrıya gedən yolda
Şövkət Zərin Horovlunun
imzası şeirsevərlərə yaxşı
tanışdır. Ədəbi aləmə bir qədər
gec gəlməsinə baxmayaraq, Şövkət xanım son
illərdəki fəallığı ilə diqqəti cəlb
edən şairlərimizdəndir. Yurda məhəbbət, vətənə,
torpağa sevgi, insanlığa insani münasibət, həqiqi
vətəndaş mövqeyi onun
yaradıcılığının leytmotivini təşkil
edir. Elə "Vətən" şeirində olduğu kimi:
Dönük çıxsam başım
üstdən qayğını çək,
Yovşan kimi çöldə bitir,
düzündə ək.
Əgər canım şəhidliyə
olsa gərək
Götür onu, - təki məndən
dönmə, Vətən!
Şövkət xanım Araz boyunda,
Xudafərin yaxınlığında boya-başa çatan,
erkən yaşlarından ikiyə bölünmüş vətənin
faciəsini yaşayan və zaman keçdikcə onu
yaddaşından yazıya köçürən, şeirə
çevirən istedadlı şairlərimizdəndir. Bir
vaxtlar keçilməz Xudafərindən o taya keçmək
istəyən, Təbrizi, Ərdəbili, Zəncanı,
Marağanı ziyarət etmək həsrətilə
çırpınan müəllif indi doğma Cəbrayılını
itirərək Xudafərin körpüsünün özünə
yaxın düşmək iqtidarında deyil:
Əcəl də girləyir
düşüb izimə,
Yaxınlar, doğmalar dəymir
gözümə.
Dar ağacı qurun bu daş
dözümə,
Yetirin siz məni Xudafərinə.
Ömür-gün qəhri bir yana, bəzən
yaşın da ovqatı Şökvət xanımı
duyğulandırır. Təbiidir ki, hər yaşın
öz gözəlliyi olduğu kimi, öz ovqatı da var. Amma
bu yerdə demək istərdim ki, şairlər anadan
"qocaman" doğulur. Çünki hər kəsin
düşüncəsindən yüksəkdə dayanmaq
özünüdərkin və dünyaduyumunun, fikir və
duyğunun "qocamanlığından" xəbər verir.
Bu mənada, Ş.Horovlunun "Bir payız ovqatı,
yaşayır ürək" şeiri xüsusi maraq
doğurur:
Bağların pərişan, solğun
vaxtıdır,
Solur göz önündə yenə
gül-çiçək.
Yaşıl duyğuların yorğun
vaxtıdır,
Bir payız ovqatı yaşayır
ürək.
Şövkət xanım dərin
müşahidələrini şeirə çevirərkən
yanılmır. Onun yazılarında həyat olduğu kimi,
natural görüntüsündə təqdim olunur. Elə sənətkarlıq
da həyat həqiqətini bədii həqiqətə
çevirmək bacarığındadır. Şairin poetik qənaəti
isə budur ki, "Tanrıya gedən yol sevgidən
keçir".
Məhəbbət suyunu ürəkdən
içir,
Gah sevinc becərir, gah da qəm
biçir.
Tanrıya gedən
yol sevgidən keçir,
O Tanrı yoluna dönək təzədən.
Nə deyirəm!
Hər kəs Tanrıya tapınsa, özünü tapar, sözünü tapar! Tanrı sizi qorusun, Şövkət xanım! Ömrün yetmişinci pilləsində
dayandığınız bu
günlərdə sizə
möhkəm cansağlığı
və yeni-yeni yaradıcılıq uğurları
diləyirəm.
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2011.- 8 aprel.-S.5.